Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • nwt Vaiz 1:1—12:14
  • Vaiz

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Vaiz
  • Müqəddəs Kitab
Müqəddəs Kitab
Vaiz

VAİZ

1 Vaizin*,+ Yerusəlimdə padşahlıq edən+ Davud oğlunun sözləri.

 2 «Puçun puçu! — dedi vaiz.

Puçun puçu! Hər şey puçdur!»+

 3 Günəş altında çəkdiyi ağır zəhmətdən,

Əziyyətdən insana nə fayda?+

 4 Bir nəsil gedir, o biri nəsil gəlir,

Amma Yer əbədi durur.+

 5 Günəş çıxır, günəş batır,

Sonra təzədən doğacağı yerə tələsir.+

 6 Külək cənub səmtinə əsir, sonra şimal səmtinə dönür;

Elə hey dövr edir. Külək təkrar-təkrar dövr edir.

 7 Bütün çaylar axıb dənizə tökülür, amma dəniz heç vaxt daşmır.+

Çaylar başladıqları yerə qayıdır ki, təzədən axsın.+

 8 Hər şey yorucudur;

Hər şey barədə danışmağa söz çatmaz.

Göz görməkdən doymaz,

Qulaq eşitməkdən.

 9 Nə olubsa, yenə olacaq;

Nə edilibsə, yenə ediləcək;

Günəş altında yeni heç nə yoxdur.+

10 Məgər elə bir şey var ki, deyəsən: «Bax, bu, yeni bir şeydir»?

O da çoxdan var imiş,

Zəmanəmizdən əvvəl mövcud imiş.

11 Keçmişdəki insanlar xatırlanmır.

Sonradan gələnlər də elə olacaq,

Onlar da daha sonra gələnlər tərəfindən xatırlanmayacaq.+

12 Mən vaiz Yerusəlimdə İsrailin padşahıyam.+ 13 Səma altında+ edilən hər şeyi — Allahın bəşər övladlarına məşğul olmaq üçün verdiyi miskin işləri öyrənib hikmətlə+ araşdırmaq istədim.

14 Günəş altında edilən bütün işləri seyr etdim,

Gördüm ki, hər şey puçdur, külək dalınca qaçmağa bənzəyir.+

15 Əyrini düzəltmək olmaz,

Olmayan şeyi saymaq olmaz.

16 Ürəyimdə dedim: «Bax! Mən böyük hikmət qazandım, məndən qabaq Yerusəlimdə yaşayanlardan qat-qat çox hikmətə yiyələndim.+ Ürəyim böyük hikmət, elm qazandı».+ 17 Ürəyimi hikmətin, dəliliyin, axmaqlığın nə olduğunu öyrənməyə verdim.+ Bu da külək dalınca qaçmağa bənzəyir.

18 Hikmət çoxalanda kədər də çoxalır,

Elmini artıran dərdini artırır.+

2 Sonra ürəyimdə dedim: «Gəl zövq-səfanın dadına bax, gör necədir». Amma gördüm ki, bu da puçdur.

 2 Gülmək haqda: «Dəlilikdir!»

Zövq-səfa barədə: «Nə faydası var?» — dedim.

3 Qərara aldım ki, şərabın ləzzətini dadım,+ görüm ondan nə fayda var, amma ağlımı ayıq saxladım. Hətta səfehliyi qoynuma aldım ki, görüm səma altındakı bir neçə günlük ömürlərində insanlar üçün ən yaxşı şey nədir. 4 Böyük işlər gördüm.+ Özümə evlər tikdim,+ üzümlüklər saldım.+ 5 Bağçalar, bağlar saldım, cürbəcür meyvə ağacları əkdim. 6 Su hövzələri düzəltdim ki, meşəliyi suvarıb ağaclar böyüdüm. 7 Qul-qarabaş aldım,+ evimdə nökərlərim doğuldu. Mal-qaram, sürülərim Yerusəlimdə yaşamış sələfləriminkindən çox idi.+ 8 Özümə qızıl, gümüş yığdım,+ padşahlarda, əyalətlərdə olan xəzinələrdən topladım.+ Kişi və qadın xanəndələr gətirdim, bəşər oğullarına böyük zövq verən çoxlu qadınım oldu. 9 Yüksəldim, məndən qabaq Yerusəlimdə yaşayanların hamısından əzəmətli oldum.+ Ancaq hikmətimi itirmədim.

10 Ürəyimin heç bir istəyinə yox demədim.+ Özümü heç bir ləzzətdən məhrum etmədim, çünki əlimin bütün zəhməti könlümü şad edirdi. Bu, əməyimin mükafatı idi.+ 11 Amma dönüb əllərimin gördüyü bütün işlərə, çəkdiyim zəhmətə baxanda+ gördüm ki, hər şey puçdur, külək dalınca qaçmağa bənzəyir.+ Əslində, günəş altında heç nəyin dəyəri yoxdur.+

12 Sonra hikmət, dəlilik və ağılsızlığın nə olduğuna diqqət verdim.+ Öz-özümə düşündüm: «Padşahdan sonra gələn indiyədək görülən işlərdən artıq nə edə bilər ki?» 13 Anladım ki, işıq qaranlıqdan üstün olduğu kimi, hikmət də ağılsızlıqdan üstündür.+

14 Hikmətlinin gözləri yerindədir,+ axmaq isə zülmətdə gəzir.+ Bir şeyi də başa düşdüm: hər ikisini eyni aqibət gözləyir.+ 15 Sonra ürəyimdə dedim: «Mənim də aqibətim axmağınkı kimi olacaq».+ Bəs onda bu qədər hikmətin mənə nə faydası var? Odur ki, ürəyimdə dedim: «Bu da puçdur». 16 Nə hikmətli, nə də axmaq həmişəlik yaddaşlarda qalmayacaq.+ Gələcəkdə hamı unudulacaq. Hikmətli eynən axmaq kimi öləcək.+

17 Beləcə, həyata nifrət etdim,+ çünki günəş altında edilən hər şey mənə cansıxıcı gəldi, çünki hər şey puçdur,+ külək dalınca qaçmağa bənzəyir.+ 18 Günəş altında əmək sərf etdiyim hər şeyə nifrət etdim,+ çünki onları özümdən sonra gələnə qoyub gedəcəyəm.+ 19 Özü də kim bilir, o, hikmətli olacaq, yoxsa səfeh.+ Di gəl, mənim günəş altında ərsəyə gətirmək üçün ağıl işlədib can qoyduğum hər şeyə sahiblik edəcək. Bu da puçdur. 20 Günəş altında çəkdiyim bütün zəhmətə görə ürəyimdə məyus oldum. 21 Çünki adam hikmət, ağıl və bacarığını sərf edib çalışır, amma qazandığı heç bir zəhmət çəkməmiş adama qalır.+ Bu da puçdur, böyük dərddir.

22 Günəş altındakı bütün zəhmətindən, onu bu zəhmətə sövq edən istəklərindən insana nə fayda?+ 23 Çünki gördüyü iş bütün ömrü boyu ona kədər və məyusluq gətirir,+ heç gecələr də ürəyi rahat olmur.+ Bu da puçdur.

24 İnsan üçün yeyib-içməkdən, zəhmətindən zövq almaqdan yaxşı şey yoxdur.+ Gördüm ki, bu da Allahdandır.+ 25 Məgər məndən yaxşı yeyib-içən var?+

26 Allah razı qaldığı adama hikmət, elm və sevinc bəxş edir,+ günahkara isə var-dövlət toplamaq zəhmətini verir ki, sonra yığdığını Allahın razı qaldığı bəndəyə saxlasın.+ Bu da puçdur, külək dalınca qaçmağa bənzəyir.

3 Hər şeyin öz vaxtı var,

Səma altında hər işin

öz vaxtı var:

 2 Doğulmağın öz vaxtı, ölməyin öz vaxtı;

Əkməyin öz vaxtı, əkiləni çıxartmağın öz vaxtı;

 3 Öldürməyin öz vaxtı,

şəfa verməyin öz vaxtı;

Sökməyin öz vaxtı, tikməyin öz vaxtı;

 4 Ağlamağın öz vaxtı, gülməyin öz vaxtı;

Fəğan etməyin öz vaxtı, rəqs etməyin öz vaxtı;

 5 Daş atmağın öz vaxtı, daşı bir yerə yığmağın öz vaxtı;

Qucaqlamağın öz vaxtı, qucaqlamamağın

öz vaxtı;

 6 Axtarmağın öz vaxtı, itki ilə barışmağın öz vaxtı;

Saxlamağın öz vaxtı, atmağın öz vaxtı;

 7 Cırmağın öz vaxtı,+ tikməyin öz vaxtı;

Susmağın öz vaxtı,+ danışmağın öz vaxtı;+

 8 Sevməyin öz vaxtı, nifrət etməyin öz vaxtı;+

Müharibənin öz vaxtı, sülhün öz vaxtı var.

9 Çəkdiyi zəhmətdən insana nə fayda?+ 10 Allahın bəşər övladlarına verdiyi məşğuliyyəti gördüm. 11 O, hər şeyi vaxtında və gözəl etdi.+ İnsanların ürəyinə əbədiyyət qoydu. Hərçənd onlar heç vaxt Allahın işini əvvəldən axıra kimi dərk etməyəcəklər.

12 Başa düşdüm ki, onlar üçün ən yaxşı şey ömür boyu sevinmək və yaxşı iş görməkdir;+ 13 həm də hər kəs yeyib-içməli və zəhmətindən həzz almalıdır. Bu, Allahın bəxşişidir.+

14 Gördüm ki, Allahın etdiyi hər şey əbədilikdir. Ona nə bir şey artırmaq olar, nə də əskiltmək. Allah Özü bunu belə edib ki, insanlar Ondan qorxsun.+

15 İndi nə olursa, artıq olub, nə olacaqsa, indiyədək olub.+ Amma Allah axtarılanı axtarır*.

16 Günəş altında bunu da gördüm: ədalətin yerində şər, salehliyin yerində pislik durur.+ 17 Ona görə ürəyimdə dedim: «Allah salehləri də, pisləri də mühakimə edəcək,+ çünki hər iş və hər hərəkət üçün bir vaxt var».

18 Mən həm də ürəyimdə dedim ki, Allah bəşər övladlarını sınayacaq və onlara göstərəcək ki, heyvandan fərqli deyillər. 19 Çünki insanın da axırı var, heyvanın da. Hər ikisinin sonu eynidir.+ Necə ki bu ölür, elə də o biri ölür. İkisi də eyni ruha malikdir.+ Beləliklə, insan heyvandan əsla üstün deyil! Çünki hər şey puçdur. 20 Hamı bir yerə gedir.+ Hamısı torpaqdan yaranıb,+ torpağa da qayıdır.+ 21 İnsanın ruhu yuxarımı qalxır, heyvanın ruhu aşağımı, yerəmi enir?+ Bunu kim deyə bilər? 22 Gördüm ki, insan üçün əməyindən zövq almaqdan yaxşı heç nə yoxdur,+ çünki bu, onun mükafatıdır. Axı ondan sonra nə olacağını kim ona göstərə bilər?+

4 Mən yenə günəş altında edilən zülmlərə fikir verdim, məzlumların göz yaşını gördüm, onlara təsəlli verən yox idi.+ Güc zalımların əlində idi, onlara təsəlli verən yox idi. 2 Onda ölüləri dirilərdən xoşbəxt sandım.+ 3 Amma onlardan da xoşbəxt o adamdır ki, hələ dünyaya gəlməyib,+ günəş altında çəkilən əziyyətləri görməyib.+

4 Həm də gördüm ki, insanlar arasındakı rəqabət nə qədər zəhmət, nə qədər məharət hasil edir.+ Bu da puçdur, külək dalınca qaçmağa bənzəyir.

5 Axmaq əlini əlinin üstünə qoyub oturur və canı quruyur.+

6 Bir ovuc istirahət iki ovuc zəhmətdən və külək dalınca qaçmaqdan yaxşıdır.+

7 Mən günəş altında puç olan başqa bir şeyə diqqət yetirdim: 8 biri var, tək-tənhadır, nə övladı var, nə qardaşı, nə bir yoldaşı. Amma elə hey əlləşib-vuruşur, gözü dünya malından doymur.+ Heç özündən soruşmur: «Görəsən, kimin üçün zəhmət çəkirəm, niyə özümü zövq-səfadan məhrum edirəm?»+ Bu da puçdur, böyük dərddir.+

9 İki nəfər bir nəfərdən yaxşıdır,+ çünki çəkdikləri zəhmətin mükafatı gözəl olacaq. 10 Əgər biri yıxılsa, digəri yoldaşını qaldıracaq. Amma kimsə yıxılanda qaldıranı olmasa, halı necə olar?

11 İki nəfər bir yerdə yatarsa, bir-birini isindirər. Bəs tək yatan necə isinsin? 12 Tək adamı kimsə məğlub edə bilər, iki nəfərsə onun hücumuna tab gətirər. Üçqat ip tez qırılmaz.

13 Kasıb, amma ağıllı cavan daha məsləhət qəbul etməyən qoca, səfeh padşahdan yaxşıdır.+ 14 O*, məmləkətdə kasıb doğulsa da,+ zindandan belə, çıxıb padşah olar.+ 15 Mən günəş altında gəzib-dolaşan bütün adamlara və padşahın yerinə gələn cavan xələfin hal-əhvalına fikir verdim. 16 Onun tərəfdaşları çox olsa da, sonrakılar onu bəyənməyəcək.+ Bu da puçdur, külək dalınca qaçmağa bənzəyir.

5 Allahın evinə gedəndə addımlarına fikir ver.+ Oraya qulaq asmaq+ üçün girmək axmaqlar kimi qurban gətirməkdən yaxşıdır.+ Onlar anlamırlar ki, etdikləri pis hərəkətdir.

2 Qoy dilin tələsməsin. Allahın hüzurunda söz deməyə ürəyin tələsməsin.+ Çünki Allah göydədir, sən isə yerdə. Ona görə də nə dediyinə fikir ver.+ 3 Çoxlu qayğı yuxu gətirir,+ söz çox olanda isə sərsəm söhbət alınır.+ 4 Allaha nəzir deyəndə yerinə yetirməyə yubanma,+ çünki Onun ağılsızlardan xoşu gəlmir.+ Nəzirini yerinə yetir.+ 5 Nəzir deməmək nəzir deyib onu yerinə yetirməməkdən yaxşıdır.+ 6 Qoyma dilin səni günaha batırsın.+ Allahın mələyinə: «Səhv etmişəm», — demə.+ Axı nəyə görə Allah sözlərinə qəzəblənib əllərinin işini məhv etsin?+ 7 Çünki çoxlu qayğı yuxu gətirdiyi kimi,+ çoxlu söz də puçluq yaradır. Sən Allahdan qorx.+

8 Əgər görsən ki, yaşadığın vilayətdə məzluma zülm edilir, haqq-ədalət tapdalanır, təəccüb etmə.+ Hər mənsəb sahibinə ondan böyüyü nəzarət edir, onların da başında onlardan böyüklər var.

9 Torpağın gəlirini bu adamlar bölüşür, padşahın da yeməyi tarladan gəlir.+

10 Gümüş sevən gümüşdən doymaz, var-dövlət sevən də qazancdan.+ Bu da puçdur.+

11 Var-dövlət çoxaldıqca yeyənlər də çoxalır.+ Sahibinə baxmaqdan savayı nə qalır?+

12 Zəhmətkeş az da yesə, çox da yesə, yuxusu şirin olur, amma varlının dövləti onu yatmağa qoymur.

13 Günəş altında böyük bir dərd gördüm: sahibinin ziyanı üçün qorunan sərvət. 14 Bu sərvət bədbəxt hadisə ucbatından itir, onun oğlu olanda ona miras qoymağa heç nəyi olmur.+

15 İnsan anasının bətnindən lüt gəlir, lüt də gedir.+ Əməyinin bəhrəsindən özü ilə heç nə aparmır.+

16 Bu da böyük dərddir: insan necə gəlirsə, elə də gedir. Külək üçün əlləşib-vuruşmağın nə xeyri var?+ 17 Yediyi yeməyin dadını bilmir, ömür boyu yeməyini məyusluq, xəstəlik içində, əsəbi halda yeyir.+

18 Gördüm ki, ən yaxşı və düzgün şey budur: insan gərək Allahın ona verdiyi bir neçə günlük ömründə yeyib-içsin və günəş altında çəkdiyi zəhmətdən həzz alsın,+ çünki bu, onun mükafatıdır.+ 19 Əgər Allah insana var-dövlət və mal-mülklə+ yanaşı onlardan zövq almaq qabiliyyəti də veribsə, insan öz mükafatını almalıdır və zəhmətindən sevinc duymalıdır. Bu, Allahın bəxşişidir.+ 20 Allah onun başını sevinclə qarışdırdığı üçün ömrünün necə keçdiyindən xəbər tutmayacaq.+

6 Günəş altında gördüyüm bir dərd də var ki, insanlar arasında çox yayılıb: 2 kimisinə Allah var-dövlət, mal-mülk, hörmət-izzət nəsib edir, o, heç nədən korluq çəkmir. Di gəl, Allah ona bunların ləzzətini duymaq imkanı vermir, yadın biri onun malı ilə kef edir. Bu da puçdur, ağır əzabdır. 3 Əgər insan yüz uşaq atası olur, uzun ömür sürüb ahıl yaşına çatır, lakin həyatdan ləzzət almayıb qəbrə gedirsə, məncə, ölü doğulmuş uşaq ondan yaxşıdır.+ 4 Çünki o uşaq boş yerə doğulur, zülmət içində itib-gedir, adı da zülmətə qərq olur. 5 O, nə günəşi görür, nə də bir şey bilir, amma həmin adamdan daha rahatdır.+ 6 Adam iki dəfə min il yaşasın, lakin həyatdan ləzzət almasın, bundan nə fayda? Məgər hamı eyni yerə getmir?+

7 İnsan qarnı üçün əlləşib-vuruşur,+ amma heç vaxt doymur. 8 Hikmətlinin ağılsızdan nə üstünlüyü var?+ Yoxsul adam yaşamağın təhərini bilsə də, bunun ona nə xeyri? 9 Gözlə görmək xəyal dalınca düşməkdən yaxşıdır. Bu da puçdur, külək dalınca qaçmağa bənzəyir.

10 Nə varsa, adı çoxdan qoyulmuşdur, insanın da xisləti məlumdur. İnsan özündən güclüsü ilə çəkişə bilməz. 11 Söz çoxluğu* puçluğu çoxaldır. Bunun insana nə faydası var? 12 Görəsən, kim bilir, kölgə kimi keçən qısa, puç həyatında insan üçün ən yaxşısı nədir?+ Kim insana deyə bilər ki, ondan sonra günəş altında nələr olacaq?

7 Yaxşı ad+ əla yağdan, ölüm günü də doğum günündən yaxşıdır. 2 Yas evinə getmək ziyafət evinə getməkdən yaxşıdır,+ çünki hər kəsin axırı budur. Hər bir yaşayan bunu yadında saxlamalıdır. 3 Qəm gülüşdən yaxşıdır,+ çünki çöhrənin qəmi ürəyi gözəl edir.+ 4 Hikmətlinin ürəyi yas evindədir, ağılsızın ürəyi isə şənlik evində.+

5 Hikmətlinin məzəmmətini+ eşitmək axmaqların nəğməsinə qulaq asmaqdan yaxşıdır. 6 Çünki ağılsızın gülüşü qazan altında yanan tikanın çırtıltısına bənzəyir.+ Bu da puçdur. 7 Amma zülm hikmətlini dəli edər, rüşvət ürəyi korlayar.+

8 İşin axırı əvvəlindən yaxşıdır. Səbirli olmaq təkəbbürlü olmaqdan yaxşıdır.+ 9 Küsəyən olma,+ inciklik axmaqların köksündə yuva salır*.+

10 Demə: «Əvvəlki günlər indikindən yaxşı idi». Müdrik adam belə deməz.+

11 Hikmət mirasla qoşa olanda gözəldir, günəş işığı görən hər kəs üçün faydalıdır. 12 Çünki hikmət də pul kimi insanın sipəridir.+ Amma elmin və hikmətin üstünlüyü bundadır ki, onlar öz sahibinin həyatını hifz edir.+

13 Allahın işinə diqqət yetir, Onun əydiyini kim düzəldə bilər?+ 14 Yaxşı günündə sən də şad-xürrəm ol,+ pis gündə isə bunu bil: hər cür günü Allah verir+ ki, insan sabah başına nələr gələcəyini bilməsin.+

15 Bu fani həyatımda+ hər şey görmüşəm — salehliyinə baxmayaraq, məhv olan salehi+ də, pisliyinə baxmayaraq, uzun ömür sürən pisi də.+

16 Həddən artıq saleh olma,+ özünü həddən artıq müdrik göstərmə.+ Axı nəyə görə özünü məhv edəsən?+ 17 Həddən artıq pis olma, nə də axmaq olma.+ Axı nəyə görə vaxtından tez öləsən?+ 18 Yaxşı olar ki, bu nəsihətdən bərk yapışasan, o birisini də əldən buraxmayasan.+ Çünki Allahdan qorxan hər ikisinə əməl edər.

19 Hikmət müdriki şəhərdəki on güclüdən də güclü edir.+ 20 Dünyada elə saleh adam yoxdur ki, heç vaxt günah etməsin, ancaq yaxşılıq etsin.+

21 Hər deyilən sözə fikir vermə.+ Yoxsa nökərinin səni yamanladığını eşidərsən. 22 Axı ürəyin yaxşı bilir ki, özün də başqalarını dəfələrlə yamanlamısan.+

23 Bunların hamısını hikmətlə sınadım, «hikmətli olacağam» dedim. Amma bacarmadım. 24 Keçmişdə olanlar əlçatmazdır, çox-çox dərindir. Kim onları dərk edə bilər?+ 25 Ürəyimdə qərar verdim ki, hikməti, hər şeyin səbəbini öyrənim, axtarıb araşdırım, axmaqlığın pisliyini, dəliliyin səfehliyini başa düşüm.+ 26 Bir şeyi anladım: ovçu tələsinə bənzəyən qadın ölümdən də betərdir. Onun ürəyi sanki tor, əlləri qandaldır. Allahı razı salan adam qaçıb canını ondan qurtarar,+ günahkar isə ona əsir düşər.+

27 Vaiz+ dedi: «Bax bunu öyrəndim, nəticə çıxartmaq üçün hər şeyi bir-bir araşdırdım, 28 axtardım, amma axtardığımı tapmadım. Min nəfərin içindən bir kişi* tapdım, amma onların arasından bir qadın tapmadım. 29 Bir bunu başa düşdüm ki, Allah insanları kamil yaratmışdı,+ amma onların hərəsi bir niyyətin dalınca düşdü.+

8 Hikmətli adama kim tay ola bilər? Müşkülün həllini kim tapa bilər? İnsanın hikməti çöhrəsini nurlandırar, sərt üzünü yumşaldar.

2 Bax, deyirəm: «Allaha içdiyin anda görə padşahın fərmanına qulaq as».+ 3 Padşahın hüzurundan çıxmağa tələsmə.+ Pisliyin tərəfində durma.+ Çünki padşah istədiyini edə bilər, 4 axı onun sözü mütləqdir,+ kim ona: «Nə edirsən?» — deyə bilər.

5 Əmrə əməl edən zərər görməz.+ Hikmətli ürək vaxtı və qaydanı bilir.+ 6 Çünki hər şeyin öz vaxtı və öz qaydası var,+ axı insanların dərd-bəlası çoxdur. 7 Nə olacağını heç kim bilmir, bəs onda kim deyə bilər, nə necə olacaq?

8 Necə ki heç kimin ruh üzərində hökmü, ruhu tutub saxlamağa iqtidarı yoxdur, ölüm günü üzərində də heç kimin hökmü yoxdur.+ Müharibə zamanı heç kim tərxis olunmadığı kimi, pislik də qoymaz ki, pislik edənlər canlarını qurtarsın*.

9 Günəş altında edilən bütün işləri ürəyimdə götür-qoy edəndən sonra bunları öyrəndim. Bütün dövrlərdə insanın insana ağalıq etməsi insanın zərərinə olub.+ 10 Bir vaxtlar müqəddəs məskənə girib-çıxan pislərin dəfnini gördüm, amma bu cür davrandıqları şəhərdə tezliklə yaddan çıxdılar.+ Bu da puçdur.

11 Pis əmələ görə cəza tez verilmədiyi üçün insanların ürəyi pislik etməyə cürətlənir.+ 12 Bunu bilirəm ki, günahkar yüz dəfə pislik edib uzun ömür sürsə də, yenə Allahdan qorxanlar xeyir tapacaq, çünki onlar Allahdan qorxurlar.+ 13 Amma pis adamın axırı yaxşı olmayacaq.+ O, kölgəyə bənzər günlərini uzada bilməyəcək,+ çünki Allahdan qorxmur.

14 Yer üzündə puç bir şey var: elə insan var ki, salehdir, amma onunla şər iş görən adam kimi davranırlar,+ elə insan da var ki, pisdir, amma insanlar ona salehlərə layiq münasibət bəsləyirlər.+ Dedim ki, bu da puçdur.

15 Ona görə də sevinib-şadlanmağı tövsiyə etdim,+ çünki günəş altında insan üçün yeyib-içməkdən və şad olmaqdan yaxşı şey yoxdur. Bu, Allahın günəş altında verdiyi həyatda insanın çəkdiyi zəhmətlə qoşa olmalıdır.+

16 Mən ürəyimdə niyyət etdim ki, gecə-gündüz yuxu bilmədən hikmət qazanım, yer üzündə edilən işləri görüm*.+ 17 Sonra Allahın bütün işlərinə fikir verdim və başa düşdüm ki, insan günəş altında baş verənləri dərk edə bilməz.+ İnsan nə qədər əlləşib-vuruşsa da, bunu dərk edə bilməz. Hətta müdrik olduğunu, bunu dərk edəcəyini desə də, yenə dərk edə bilməz.+

9 Bütün bunları ürəyimdə araşdırdım. Bu qənaətə gəldim ki, salehlər də, müdriklər də, onların işləri də Allahın əlindədir.+ İnsanlar özlərindən öncə olmuş sevgidən və nifrətdən xəbərdar deyillər. 2 Hamının aqibəti birdir:+ salehin də, pisin də,+ yaxşının da, təmizin də, natəmizin də, qurban gətirənin də, qurban gətirməyənin də. Yaxşı adamın sonu günahkarınkı kimi olacaq; and içənin də sonu and içməkdən qorxanınkı kimi olacaq. 3 Günəş altında mövcud olan bir dərd var: hər kəsin aqibəti eyni+ olduğu üçün insanların ürəyi pisliklə doludur. Nə qədər ki yaşayırlar, ürəklərində dəlilik var. Sonra isə ölüb gedirlər.

4 İnsan nə qədər ki sağdır, onun üçün ümid var, necə ki diri it də ölü şirdən yaxşıdır.+ 5 Dirilər öləcəklərini bilir,+ lakin ölülər heç nə bilmir.+ Artıq onlara heç bir muzd verilmir, çünki onların xatirəsi də unudulub.+ 6 Onların sevgisi də, nifrəti də, paxıllığı da yox olub. Günəş altında görülən heç bir işdə artıq payları yoxdur.+

7 Get şad-xürrəm çörəyini ye, şən ürəklə şərabını iç,+ çünki Allah sənin işlərindən razıdır.+ 8 Qoy həmişə paltarın ağ* olsun, başından ətirli yağ əskik olmasın.+ 9 Allahın günəş altında sənə verdiyi fani ömründə, fani həyatının bütün günlərində sevgili arvadınla həyatdan kam al.+ Çünki bu, sənin həyatda payın, günəş altında çəkdiyin zəhmətin mükafatıdır.+ 10 Əlindən nə gəlirsə, var gücünlə et, çünki gedəcəyin Məzarda* nə iş, nə niyyət, nə elm, nə də hikmət var.+

11 Günəş altında bir şey də gördüm: qaçışı həmişə bərk qaçanlar udmur, döyüşdə həmişə igidlər qalib gəlmir.+ Çörək həmişə müdriklərə, var-dövlət həmişə ağıllılara nəsib olmur,+ uğuru da həmişə bilikli adam qazanmır.+ Çünki hamısının qabağına vaxt və təsadüf çıxır. 12 İnsan öz vaxtını bilmir.+ Balıq amansız tora, quş tələyə düşdüyü kimi, insan övladını da qəfil gələn fəlakət günü o cür yaxalayır.

13 Günəş altında hikmətlə bağlı bir şey gördüm, mənə çox təsir etdi: 14 əhalisi az, balaca bir şəhər vardı. Bir güclü padşah hücum çəkib şəhəri mühasirəyə aldı, ətrafında böyük mühasirə qurğuları qurdu. 15 Həmin şəhərdə kasıb, amma ağıllı bir adam var idi. O, öz hikməti ilə şəhəri xilas etdi. Lakin heç kəs bu kasıbı xatırlamadı.+ 16 Öz-özümə dedim: «Hikmət qüdrətdən üstündür,+ lakin kasıbın hikmətinə həqarət edilir, onun sözlərinə məhəl qoyulmur».+

17 Hikmətli adamın sakit-sakit dediyi sözlərə qulaq asmaq axmaqların arasındakı başçının qışqırığına diqqət verməkdən yaxşıdır.

18 Hikmət hərb silahından üstündür, lakin tək bir günahkar çoxlu gözəl şeyləri məhv edə bilər.+

10 Ölü milçəklər ətirdüzəldənin yağını iylədib xarab etdiyi kimi, kiçik ağılsızlıq da hikmət və hörmət sahibini gözdən salır.+

2 Hikmətlinin ürəyi düz yola yönəlir, axmağın ürəyi isə əyri yola.+ 3 Axmaq hansı yolla gedirsə-getsin, axmaqdır ki, axmaqdır.+ O, səfehliyini hamıya göstərər.+

4 Əgər hakim sənə qəzəblənsə, yerindən tərpənmə,+ çünki dinc durmaq böyük xətaları sovuşdurar.+

5 Günəş altında bir dərd gördüm, o da hakimiyyət sahiblərinin etdiyi səhvdir:+ 6 axmaqlar yüksək vəzifəyə qoyulur, layiqli insanlar isə yerdə qalır.

7 Nökərləri at belində, əsilzadələri nökər kimi pay-piyada gördüm.+

8 Quyu qazan, özü o quyuya düşər,+ divar sökəni ilan çalar.

9 Daş yaran özünü yaralayar, odun yarana odun xətər yetirər*.

10 Balta kütdürsə, ağzı itilənmirsə, çoxlu güc tələb olunar. Hikmət isə uğur gətirər.

11 İlan ovsundan əvvəl çalarsa, daha mahir ovsunçuya ehtiyac olmaz.

12 Müdrik adamın dilindən çıxan sözlər ona rəğbət qazandırar,+ axmağın isə dili onu məhv edər.+ 13 Sözünün əvvəli səfehlik olar,+ axırı müdhiş bir dəlilik. 14 Di gəl, axmaq hey danışar.+

Heç kim nə olacağını bilmir. Ondan sonra nə olacağını adama kim deyə bilər?+

15 Axmaq əlləşib-vuruşar, haldan düşər, çünki heç şəhərə gedən yolu da bilmir.

16 Əgər padşah uşaqdırsa, əyanlar səhərdən ziyafətə başlayırsa, vay ölkənin halına!+ 17 Xoş o məmləkətin halına ki, padşahı əsilzadədir, əyanları da əyyaşlıq üçün yox, güc toplamaq üçün öz vaxtında süfrəyə oturur.+

18 Tənbəllikdən evin damı çökər, əllərini sallayıb oturanın tavanı damar.+

19 Çörək üzü güldürər, mey həyatı şən edər,+ pul isə hər ehtiyacın haqqını ödəyər.+

20 Hətta ürəyində* belə, padşaha lənət demə,+ yataq otağında belə, varlı adamı lənətləmə. Çünki quşlar səsini aparar, qanadlı məxluqlar sözlərini çatdırar.

11 Çörəyini suya burax,+ günlər keçər, onu yenidən taparsan.+ 2 Ondan yeddi, lap səkkiz nəfərə pay ver,+ çünki bilmirsən yer üzünə hansı fəlakət gələcək.

3 Buludlar su ilə dolanda yerə yağış tökür; ağac istər cənub, istər şimal tərəfə yıxılsın, oradaca qalır.

4 Küləyə baxan toxum səpməz, buluda baxan biçin biçməz.+

5 Ana bətnindəki uşağın sümüklərində ruhun necə işlədiyini bilmədiyin kimi,+ hər şeyi edən Allahın da işini bilmirsən.+

6 Toxumunu səhər çağı səp, axşama qədər qoy əlin boş durmasın,+ çünki bilmirsən əvvəlki cücərəcək, sonrakı cücərəcək, yoxsa hər ikisi.

7 İşıq gözəldir, gözlər üçün günəşi görmək xoşdur. 8 İnsan uzun ömür sürürsə, qoy ömrünün bütün illərindən həzz alsın.+ Amma unutmasın ki, qara günləri də çox olacaq. Nə olacaqsa, puçdur.+

9 Sevin, ey cavan, nə qədər ki cavansan! Qoy cavanlıq günlərində ürəyin şad olsun! Könlünün istədiyi, gözünün gördüyü yolla get. Amma bil ki, Allah bütün bunlara görə səndən haqq-hesab istəyəcək.+ 10 Odur ki, zərərli şeyləri ürəyindən çıxart, şəri cismindən uzaqlaşdır. Cavanlıq da, ömrün bahar çağı da puçdur.+

12 Cavanlıq günlərində Ulu Yaradanını xatırla.+ Əziyyətli günlər gəlməzdən qabaq,+ «həyatdan həzz almıram» deyəcəyin illər yetişməzdən əvvəl, 2 günəş, işıq, ay, ulduzlar qaralmazdan,+ leysandan sonra buludlar* qayıtmazdan əvvəl Onu xatırla. 3 O gün gələndə evi qoruyanlar titrəyəcək, güclü kişilər büküləcək, qadınlar azaldığından dən üyütməyəcək, pəncərədən baxan xanımların gözü qaranlıq görəcək;+ 4 onda küçəyə açılan qapılar bağlanacaq, dəyirmanın səsi azalacaq, adam quş səsinə oyanacaq, mahnı oxuyan bütün qızların səsi zəifləyəcək.+ 5 Hündürlük qorxudacaq, küçə vahiməyə salacaq. Badam ağacı çiçəklənəcək,+ çəyirktə özünü güclə sürüyəcək, yerqulağının tumurcuğu partlayacaq. Çünki insan daimi məskəninə yol alacaq+ və təziyədarlar küçə ilə gedəcəklər.+ 6 Gümüş ip qırılmamış, qızıl cam sınmamış, bulaq başındakı kuzə qırılmamış, quyunun çarxı sınmamış; 7 torpaq əvvəlki yerinə qayıtmamış,+ ruh* onu verən Allaha dönməmiş Yaradanını xatırla.+

8 Vaiz+ deyir: «Puçun puçu! Hər şey puçdur».+

9 Vaiz hikmətli olmaqla yanaşı, bildiklərini həmişə xalqa öyrədirdi.+ O düşünür, dərin axtarışlar aparır, çoxlu məsəllər tərtib edirdi.+ 10 Vaiz çalışırdı ki, lətif kəlmələr+ tapsın və həqiqət sözlərini düzgün yazsın.

11 Müdriklərin sözləri çomağa bənzər,+ topladıqları deyimləri möhkəm vurulmuş mıxlar kimidir; hamısını bir çoban vermişdir. 12 Bunlardan artıq nə varsa, oğlum, özünü gözlə: çoxlu kitab yazmağın axırı yoxdur, onlara aludə olmaq canı taqətdən salar.+

13 Xülasə, deyilənlərin məğzi budur: Allahdan qorx,+ Onun əmrlərini yerinə yetir.+ İnsanın vəzifəsi budur.+ 14 Çünki Allah hər işi, hər gizli şeyi — yaxşını da, pisi də mühakimə edəcək.+

İbr. qohelet. Mənası: yığıncaq çağıran.

Digər variant: Allah ötüb-keçənləri axtarır.

Ehtimal ki, kasıb cavan.

Digər variant: çoxlu şey.

Digər variant: inciklik axmağın nişanıdır.

Yaxud bir dürüst kişi.

Digər variant: pislik yiyəsinin canını qurtarmaz.

Digər variant: mən ürəyimdə niyyət etdim ki, hikmət qazanım, yer üzündə edilən işləri, insanların gecə-gündüz yuxu bilmədən etdiyi işləri görüm.

Yəni yas paltarı yox, şən ovqata işarə edən açıq rəngli paltar.

İbr. şeol. Lüğətə bax.

Digər variant: odun yaran da özündən muğayat olmalıdır.

Digər variant: yatağında.

Digər variant: leysanla buludlar.

Yaxud həyat qüvvəsi.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş