Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • bsi06 s. 14—19
  • Müqəddəs Yazıların kitabı nömrə 19 Zəbur

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Müqəddəs Yazıların kitabı nömrə 19 Zəbur
  • «Hər Müqəddəs Yazı» doğru və faydalıdır 2006
«Hər Müqəddəs Yazı» doğru və faydalıdır 2006
bsi06 s. 14—19

Müqəddəs Yazıların kitabı nömrə 19 Zəbur

Yazan: Davud və başqaları

Yazıldığı yer: Müəyyən edilməyib

Yazılması başa çatıb: b. e. ə. təx. 460-cı ildə

«ZƏBUR» kitabı Allahdan ilham almış və Yehovanın həqiqi xidmətçilərinin qədim dövrdə istifadə etdikləri nəğmələr toplusudur. «Zəbur» musiqi üstündə yazılmışdır və Yerusəlim mə’bədində Yehova Allaha ibadət üçün tə’yin olunmuş 150 ruhani nəğmədən, yə’ni məzmurdan ibarətdir. Məzmurlarda — Yehovanın izzətinə oxunan həmd nəğmələri olmaqla yanaşı, mərhəmət və kömək üçün yalvarışlar, e’tibar və ümidin ifadə olunması da var. Bu nəğmələrdə çoxlu minnətdarlıq və şadyanalıq sözləri, sevinc sədaları öz əksini tapmışdır. Məzmurların bə’ziləri Yehovanın xeyirxahlığının və möhtəşəm işlərinin tarixi xülasəsini nəzərdən keçirir. Əksəriyyəti valehedici formada yerinə yetmiş peyğəmbərliklər külliyyatı da diqqəti özünə cəlb edir. Məzmurlarda, oxucunun qəlbinin dərinliklərinə tə’sir edən yüksək bədii dil ilə söylənilmiş çoxlu ibrətverici nəsihətlər var. Bəli, ləziz yeməklərlə dolu süfrə kimi, məzmurlar da bizim ruhani iştahamızı artırır.

2 «Zəbur» kitabının adının mə’nası nədir və onu kim yazmışdır? Kitab qədim ibrani dilində Sefer tehillim, yə’ni «Həmd nəğmələri kitabı» və ya sadəcə Tehillim, yə’ni «Həmd nəğmələri» mə’nasını verir. Bu, Tehillah isminin cəm forması olub, 145-ci məzmurun başlığında rast gəldiyimiz «həmd» və ya «həmd nəğməsi» sözünü bildirir. «Həmd nəğmələri» adı olduqca müvafiqdir, çünki kitabın əsas məğzi Yehovaya həmd etməyə yönəlmişdir. «Məzmurlar» sözü yunanca Septuaqintada işlədilən Psalmoi sözündən əmələ gəlir və bu söz musiqinin müşayiəti ilə oxunan mahnılara aiddir. Bu sözə Yunanca Müqəddəs Yazılarda da bir neçə dəfə rast gəlinir — Luka 20:42 və Həvarilərin işləri 1:20 ayələri buna misaldır. Məzmur — Allaha ibadətdə və Onu izzətləndirmək üçün istifadə edilən ruhani nəğmə və ya poemadır.

3 Məzmurların bir çoxunda yazıçılarının adının qeyd olunduğu başlıqlar və ya müqəddimələr var. Qədim ibrani mətnində yetmiş üç başlıq «İsrailin sevimli məzmur şairi» Davudun adını daşıyır (2 Şam. 23:1). 2, 72 və 95-ci məzmurları da Davudun yazdığına şübhə yoxdur. (Həv. iş. 4:25; Məz. 72:20 və İbr. 4:7 ayələrinə baxın.) Bundan əlavə, 10-cu və 71-ci məzmur, 9-cu və 70-ci məzmurun davamı olduğu üçün onlar da Davuda məxsusdur. On iki məzmur Asafa aid edilir, çox güman ki, burada söhbət Asafın ailəsindən gedir, çünki bir neçə məzmurda xatırlanan hadisələr Asafın günlərindən sonra baş vermişdir (Məz. 79 və 80; 1 Saln. 16:4, 5, 7; Ezra 2:41). On bir məzmuru Qorahın oğulları tərtib etmişdirlər (1 Saln. 6:31-38). 43-cü məzmur 42-nin davamı olduğu üçün onu da Qorahın oğullarının adına yazmaq olar. 88-ci məzmurun müqəddiməsində «Qorah övladlarının məzmuru» sözləri ilə yanaşı Hamanın adı, 89-cu məzmurda isə tərtibçisi kimi Etanın adı çəkilir. 90-cı məzmur Musaya aid edilir və ehtimal ki, 91-ci də ona aiddir. 127-ci məzmuru Süleyman yazmışdır. Bununla da məzmurların üçdə iki hissəsinin kimlər tərəfindən yazıldığını müəyyən etmək mümkündür.

4 «Zəbur» Müqəddəs Kitaba daxil olan kitabların ən böyüyüdür. 90, 126 və 137-ci məzmurlardan göründüyü kimi, bu kitab çox qədim vaxtdan, ən azı Musanın yazdığı vaxtdan (b. e. ə. 1513-1473) başlayaraq, yəhudilərin Babil əsarətindən qayıtdıqları vaxta kimi və hətta Ezranın günlərinə (b. e. ə. 537-təx. 460) kimi olan bir dövr ərzində tərtib olunmuşdur. Bu səbəbdən demək olar ki, kitabın yazılması təxminən min il çəkmişdir. Bununla belə, kitabın məzmunu kifayət qədər geniş bir vaxt müddətini — bütün hər şeyin yaranmasından axırıncı məzmurun yazıldığı vaxta kimi, Yehovanın Öz xidmətçiləri ilə münasibətlərinin tarixi icmalını əhatə edir.

5 «Zəbur» — təşkilati quruluşa aydınlıq gətirən kitablardan biridir. Davud xatırlayır: «Ey Allahım, Padşahım, müqəddəs yerə gəlişin görünür, öndə ilahi oxuyanlar, arxasından isə çalğıçılar, aralarında dəfçalan qızlar gəlir: cəmiyyət içində Allahınız Rəbbə [«Yehovaya», YD] alqış edin» (Məz. 68:24-26). Bu sözlərin sayəsində, məzmurların müqəddiməsində tez-tez «Musiqi rəhbəri» ifadəsinin, həmçinin çoxlu miqdarda poetik və musiqi terminlərinin istifadə edilməsinin səbəbi aydın olur. Bə’zi məzmurların müqəddiməsində həmin məzmurun məqsədi, eyni zamanda musiqiçilərin və ifa edənlərin tapşırığı qeyd edilir. (6, 30, 38, 60, 88, 102 və 120-ci məzmurların müqəddiməsinə baxın.) Davudun məzmurlarının ən azı 13-ündə, məsələn, 18 və 51-ci məzmurlarda, onların məzmununu təşkil edən hadisələrin gedişatı, başlıqda qısaca şərh edilir. Otuz dörd məzmurda ümumiyyətlə müqəddimə yoxdur. Əsas mətndə qısa Sela sözünə 71 dəfə təsadüf olunur və onun dəqiq mə’nası bilinməsə də, musiqi və ya bədii oxu sənətində xüsusi termin kimi qəbul olunmuşdur. Ehtimala görə bu söz oxu zamanı fasiləni bildirir, ya da eyni vaxtda sözlərin və musiqinin ifasına aiddir. Hər necə olursa-olsun, oxu zamanı bu söz tələffüz olunmur.

6 Qədim vaxtlardan «Zəbur» kitabı beş ayrı-ayrı kitaba və ya cildə bölünüb: 1) məzmur 1—41; 2) məzmur 42—72; 3) məzmur 73—89; 4) məzmur 90—106; 5) məzmur 107—150. Nəğmələrin birinci toplusunu Davud tərtib etmişdir. Görünür «Zəbur» kitabının tam tərtibatını, Yehovanın rəhbərliyi altında, kahin və ‘Musanın Qanununu yaxşı bilən ilahiyyatçı’ Ezra etmişdir

7 «Zəbur»un tərkib hissəsinin get-gedə artmasını, ayrı-ayrı məzmurların və ya onların hansısa hissələrinin, məsələn, 14-cü və 53-cü məzmurun; 40:13-17 ayələrinin və 70-ci məzmurun; 57:7-11 və 108:1-5 ayələrinin müxtəlif hissələrdə təkrar olunması ilə izah etmək olar. Beş hissənin hər biri Yehovanı mədh edən sözlərlə bitir. İlk dörd hissə xalqın alqış sədaları ilə sona çatır, axırıncı hissənin həmd nəğməsi isə bütövlükdə 150-ci məzmurdur (Məz. 41:13; YD, haşiyə).

8 Doqquz məzmurda akrostix adlanan və mətnin əlifba sırası düzülüşünü tələb edən xüsusi poetik kompozisiya üsulu istifadə olunmuşdur (9, 10, 25, 34, 37, 111, 112, 119 və 145-ci məzmurlar). Bu cür quruluşda birinci bəndin ayə və ya sətri ibrani əlifbasının birinci hərfi olan alef (א) ilə, növbəti bəndin ayəsi (sətri) ikinci hərf olan bet (ב) ilə başlayaraq axıra kimi, yaxud təxminən ibrani əlifbasının sonuna kimi davam edir. Bu üsul, mətni yadda saxlamağa kömək edirdi. Təsəvvür edin, 119-cu məzmur kimi uzun nəğmələri əzbərləmək üçün mə’bəd ilahiçiləri necə çalışmalı idilər! Onu da qeyd etmək lazımdır ki, Məzmur 96:11 ayəsində Yehovanın adını təşkil edən akrostix yerləşir. Qədim ibrani mətnində bu ayənin birinci hissəsi dörd sözdən ibarətdir və samitlə başlanan bu sözləri sağdan sola oxuduqda YHVH (יהוה) tetraqrammatonunu əmələ gətirir.

9 Bu ruhani lirik poemalar, hecalarının gözəlliyi və fikirlərin vəznlə ifadə edilməsi ilə fərqlənən, bununla belə qafiyəyə ehtiyacı olmayan qədim ibrani poeziyası üslubunda yazılıb. Məzmurlar şüura və qəlbə müraciət edir və aydın təsəvvür yaradır. Heyranedici zənginliyi, ifadə edilən mövzunun dərinliyi, hisslərin verilməsi və bir çox məzmurda Davudun şəxsi narahatçılığının öz əksini tapması qismən onun qeyri-adi həyat təcrübəsindən xəbər verir. Həyatda bu qədər müxtəlif rollarda olmaq çox az insana nəsib olmuşdur: Qolyatla təkbətək döyüşə çıxan gənc çoban, saray musiqiçisi, məcburi sürgün həyatı yaşayan, sədaqətli dostların və satqınların əhatəsində olan, padşah və qalib, ailəsindəki parçalanmadan iztirab çəkən sevən bir ata, iki dəfə ciddi günahın acısını dadmış, lakin hər zaman Yehovanın Qanununu sevən fədakar xidmətçi. Buna görə heç də təəccüblü deyil ki, məzmurlar insan hisslərinin müxtəlif çalarlarını aşkara çıxarır. Qədim ibrani ayələrindəki poetik bənzətmələr və təzadlar isə, məzmurlara bəzək verib, ifadə olunmasını daha da gücləndirir (Məz. 1:6; 22:20; 42:1; 121:3, 4).

10 Yehovanı mədh edən bu ən qədim nəğmələrin doğruluğunu, onun Müqəddəs Yazıların digər hissələri ilə tam uzlaşması təsdiq edir. Yunanca Müqəddəs Yazıların yazıçıları da «Zəbur» kitabına dəfələrlə istinad etmişlər (Məz. 5:9 [Rom. 3:13]; Məz. 10:7 [Rom. 3:14]; Məz. 24:1 [1 Kor. 10:26]; Məz. 50:14 [Mat. 5:33]; Məz. 78:24 [Yəh. 6:31]; Məz. 102:25-27 [İbr. 1:10-12]; Məz. 112:9 [2 Kor. 9:9]). Davud öz sonuncu nəğməsində demişdir: «Rəbbin Ruhu mənim vasitəmlə söylədi, Onun sözü dilimin ucundadır». Bu ruh, Şamuelin onu məsh etdiyi gündən e’tibarən Davudun «üzərinə» enmişdi (2 Şam. 23:2; 1 Şam. 16:13). Həvarilər də məzmurlardan sitatlar gətirmişlər. Peter «Müqəddəs Ruhun, Davudun ağzı ilə əvvəlcədən bəyan etdiyi Yazı» haqqında xatırlamış, «İbranilərə məktub»un yazıçısı isə Allahın sözü kimi məzmurlara bir neçə dəfə istinad edərək onlara «Müqəddəs Ruhun dediyi kimi» sözləri ilə xəbərdarlıq etmişdi (Həv. iş. 1:16; 4:25; İbr. 1:5-14; 3:7; 5:5, 6)

11 Yekun olaraq, məzmurların mö’təbər olmasına ən güclü sübut dirilmiş İsa Məsihin öz şagirdlərinə dediyi sözlərdir: «Mənim haqqımda Musanın Qanununda, peyğəmbərlərin yazılarında və Məzmurlarda... söylədiyim sözlər bunlardır». Bununla da İsa İbranicə Müqəddəs Yazılar külliyyatını yəhudilərə yaxşı tanış olan və onların qəbul etdikləri formada qruplaşdırdı. O, məzmurları Agioqraf (yə’ni Müqəddəs Yazılar) adlanan Yazıların üçüncü hissəsi kimi nəzərdə tuturdu. Bu, İsanın bir neçə saat qabaq Ammausa gedən iki şagirdinə ‘bütün Müqəddəs Yazılarda Özü haqqında olan şeyləri onlara izah edərkən’ dediyi sözlərlə təsdiq olunur (Luka 24:27, 44).

BİZƏ FAYDASI

23 Gözəlliyinin və stilinin mükəmməlliyi sayəsində, Müqəddəs Kitabın məzmurları dünya ədəbiyyatının inciləri sırasına daxil edilir. Ancaq onlar daha çox dəyərə malikdir. Məzmurlar Kainatın Hökmdarı olan Külli-İxtiyar Yehova Allahdan gələn canlı xəbərdir. Bu kitab bizə Müqəddəs Kitabın əsas tə’limlərini dərindən başa düşməyə kömək edir, ən əsası isə onun Müəllifi olan Yehova haqqında mə’lumat çatdırır. Orada Kainatın Yaradanının Kimliyi və Onun yaratdığı bütün hər şey aydın təsvir edilir (8:3-9; 90:1, 2; 100:3; 104:1-5, 24; 139:14). Şübhəsiz, «Zəbur» Yehovanın adını ucaldır və burada bu ada 700 dəfə rast gəlinir. Bundan əlavə, adın qısaldılmış «Yah» forması 43 dəfə istifadə edilir və orta hesabla hər məzmurda Allahın adı 5 dəfə istifadə edilir. Bundan başqa, Yehova 350 dəfə Elohim, yə’ni Allah adlanmışdır. Yehovanın ucalıq mövqeyi «Zəbur»un bə’zi məzmurlarında xatırlanan «Xudavənd Rəbb» titulu ilə də aydın görünür (Məz. 68:20; 69:6; 71:5; 73:28; 140:7; 141:8).

24 Əbədi var olan Allahdan fərqli olaraq, sonu ölüm olan insan, günah içində doğulan və fidiyəyə ehtiyac duyan, ölən və «torpağa» dönüb «ölülər diyarına» — bəşəriyyətin ümumi məzarına gedən varlıq kimi təsvir olunur (Məz. 6:4, 5; 49:7-20; 51:5, 7; 89:48; 90:1-5; 115:17; 146:4). «Zəbur» kitabı, Allahın qanunlarına diqqət yetirməyin və Yehovaya e’tibar etməyin çox vacib olduğunu qeyd edir (1:1, 2; 62:8; 65:5; 77:12; 115:11; 118:8; 119:97, 105, 165). Kitab təkəbbürdən və ‘gizli təqsirlərdən’ çəkinməyə (19:12-14; 131:1) və dürüst, sağlam düşüncəli insanlarla ünsiyyətdə olmağa təşviq edir (15:1-5; 26:5; 101:5). Orada göstərilir ki, düzgün davranışla Yehovanın lütfünü qazanmaq olar (34:13-15; 97:10). «Zəbur» kitabı «qurtuluş Rəbdəndir» deməklə və Allahdan qorxanlara, Allahın ‘onları ölümdən qurtaracağını’ və’d etməklə parlaq ümid verir (3:8; 33:19). Bu, məzmurların həm də peyğəmbərlik kitabı olduğunu göstərir.

25 «Zəbur» kitabında, «Davud Oğlu» İsa Məsihdən, Yehovanın Məsh edilmişi və tə’yin edilmiş Padşah kimi tutacağı mövqedən bəhs edən çox peyğəmbərliklər vara (Mat. 1:1). B. e. 33-cü ilinin Pentikost günündə məsihçi yığıncağı yarananda, müqəddəs ruh həvarilərə bu peyğəmbərliklərin yerinə yetdiyini açmağa başladı. Elə həmin gün Peter öz məşhur çıxışının məğzinə aydınlıq gətirərkən, bir neçə dəfə «Zəbur» kitabına istinad etdi. Bu istinadlar bir şəxsə — «Nazaretli İsa»ya aid idi. Peter nitqinin ikinci hissəsini, İsa Məsihin Böyük Davud olduğunu, Yehovanın İsanın canını hadesdə qoymayacağını və onu dirildəcəyini sübut edən məzmurlardan gətirdiyi sitatlara əsaslandırdı. Xeyr, «Davud göylərə qalxmadı», ancaq Məzmur 110:1 ayəsində özünün dediyi kimi, onun Ağası qalxdı. Ağa dedikdə Davud kimi nəzərdə tuturdu? Peter öz nitqinə yekun vuraraq əminliklə cavab verir: «Çarmıxa çəkdiyiniz [«dirəyə mismarladığınız», YD] bu İsanı» (Həv. iş. 2:14-36; Məz. 16:8-11; 132:11).

26 Peterin «Zəbur» kitabına əsaslanan nitqi fayda gətirdimi? 3 000 nəfərin vəftiz olunaraq həmin gün məsihçi yığıncağına qoşulması bu suala müsbət cavabdır (Həv. iş. 2:41).

27 Bu hadisədən az sonra xüsusi bir görüşdə şagirdlər Yehovaya dua edib, Məzmur 2:1, 2 ayələrindəki sözləri sitat gətirdilər. Onlar dedilər ki, bu sözlər yerinə yetdi, çünki padşahlar həqiqətən də Allahın ‘Məsih tə’yin etdiyi müqəddəs Qulu İsaya qarşı’ birləşmişdilər. Sonra deyildiyi kimi, «hamı müqəddəs ruhla dolmuşdu» (Həv. iş. 4:23-31).

28 İndi «İbranilərə məktub»a diqqət yetirək. İlk iki fəsildə Allahın Oğlu İsanın mələklər qarşısında üstünlüyünü, yə’ni səmavi taxta yüksəldilməsini göstərən məzmurlardan çoxlu sitatlara rast gəlirik. Pavel, Məzmur 22:22 ayəsinə və digər dəlillərə əsaslanaraq, İsanın İbrahimin zürriyyətinin bir hissəsini təşkil edən və ‘səmavi də’vətə ortaq olan’ «qardaş»lar yığıncağının olduğunu göstərir (İbr. 2:10-13, 16; 3:1). Sonra həvari, İbranilərə 6:20 ayəsindən başlayaraq 7-ci fəslin sonuna kimi İsanın ‘əbədiyyətə qədər Məlkisedeq rütbəli Baş Kahin’ rolu üzərində təfsilatı ilə dayanır. Bu, Məzmur 110:4 ayəsində Allahın and içərək dediyi və’d ilə, yə’ni İsanın kahinliyinin Harununku ilə müqayisədə üstün olduğunu göstərmək üçün Pavelin dönə-dönə qeyd etdiyi fikir ilə birbaşa əlaqəlidir. Pavel izah edir ki, Yehovanın və’di sayəsində İsa yerdə yox, göydə kahin olur və «kahin kimi əbədi qalır» və onun kahinliyinin faydası əbədi olacaq (İbr. 7:3, 15-17, 23-28).

29 Daha sonra biz, İbranilərə 10:5-10 ayələrindən öyrənirik ki, İsa, Allahın iradəsinin həyata keçməsi üçün özünü qurban verəcəyini aydın başa düşürdü və buna hazır idi. Bu ayələr Davudun Məzmur 40:6-8 ayələrindəki sözlərinə əsaslanır. Bu nümunəvi sədaqətlilik ruhunun üzərində düşünmək və onu təqlid etmək, Allahın lütfünü qazanmaq üçün bizə çox faydalı olar. (Məz. 116:14-19 ayələrinə də baxın.)

30 İsanın yer üzündəki həyatı, o cümlədən işgəncə dirəyində çəkəcəyi ağır sınaq «Zəbur» kitabında hərtərəfli deyilmişdi. Burada, həmçinin ona turş şərab içmək təklif olunacağı, paltarları üçün püşk atılacağı, əlləri və ayaqları deşiləcəyi, ələ salınacağı və daha ağır can ağrısına dözəcəyi, ölümqabağı işgəncədə «Allahım, Allahım! Nə üçün məni tərk etdin?» deyərək nalə çəkəcəyi də bildirilmişdir (Mat. 27:34, 35, 43, 46; Məz. 22:1, 7, 8, 14-18; 69:20, 21). Yəhya 19:23-30 ayələrindən göründüyü kimi, Müqəddəs Yazılarda bildirilən bu şeylərin tam şəkildə yerinə yetməli olduğunu anlayaraq İsa, hətta bu anında da «Zəbur» kitabından böyük təsəlli və rəhbərlik tapırdı. O, məzmurlardan diriləcəyini və yüksəldiləcəyini də bilirdi. Şübhəsiz, ölümündən qabaqkı gecə həvariləri ilə birlikdə «dini mahnı», məzmurlar oxuyarkən o, bunları xatırlayırdı (Mat. 26:30).

31 Beləliklə, «Zəbur» kitabı aydın surətdə göstərir ki, «Davud Oğlu» və Padşahlığın Zürriyyəti, indi səmavi Sionda Padşah və Kahin kimi yüksəldilmiş İsa Məsihdir. Yehovanın Məsh edilmişi üzərində həyata keçən «Zəbur»da olan bütün ayələri və onları şərh edən Yunanca Müqəddəs Yazılardakı ayələri təfsilatı ilə müzakirə etməyə yer çatmazdı. Buna dair bir neçə nümunə: Məz. 78:2—Mat. 13:31-35; Məz. 69:4—Yəh. 15:25; Məz. 118:22, 23—Mark 12:10, 11 və Həv. iş. 4:11; Məz. 34:20—Yəh. 19:33, 36; Məz. 45:6, 7—İbr. 1:8, 9. Bundan əlavə, məzmurlarda əvvəlcədən deyilmişdir ki, İsanın həqiqi davamçılarından — tək-tək adamlardan yox, Yehovanın adının izzətlənməsində iştirak etmək üçün Allahın xeyir-duası altında bütün xalqlardan qruplar şəklində yığıncaq təşkil olunacaqdır (Məz. 117:1—Rom. 15:11; Məz. 68:18—Efes. 4:8-11; Məz. 95:7-11—İbr. 3:7, 8; 4:7).

32 Məzmurları araşdırdıqca, Yehova Allahın Öz izzəti və bəraəti naminə və’d olunmuş Zürriyyət və Padşahlığın Varisinin vasitəsi ilə padşahlıq hakimiyyətini necə həyata keçirdiyini biz daha dərindən başa düşürük. Gəlin, həmişə Yehovanın «əzəmətindən, izzətindən, şərəfindən» valeh olan və «Davudun həmd nəğməsi» olan 145-ci məzmurda haqlarında bu sözlər deyilən sadiqlərin arasında olaq: «Padşahlığının əzəmətindən deyəcəklər, qüdrətindən danışacaqlar. Qoy bəşər övladları Sənin qüdrətini, Padşahlığının izzətini, əzəmətini bilsin. Sənin padşahlığın əbədi padşahlıqdır, səltənətin nəsildən-nəslə qədər uzanır» (Məz. 145:5, 11-13). Peyğəmbərlik məzmurlarının yerinə yetməsi üçün, indi bütün xalqlardan olan «canlı varlıqlar», İsa Məsihin rəhbərliyi altında olan Allahın Padşahlığının həşəmətindən xəbərdar edilirlər. Biz bu Padşahlığa və onun Padşahına necə də minnətdar olmalıyıq! Məzmurların yekun sözləri necə də yerindədir: «Ey bütün canlı varlıqlar, Rəbbə [«Yaha», YD] həmd edin! Rəbbə [«Yaha», YD] həmd edin!» (Məz. 150:6).

[Haşiyələr]

a «Müqəddəs Yazıların dərk edilməsi», c. 2, s. 710, 711, (ing.).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş