«Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr
AVQUST
*** w07-E 15/7 s. 32 ***
«Səmadakı vəfalı şahid»
Təxminən 3000 il bundan öncə Yehova Allah qədim İsrailin padşahı olan Davudla padşahlıq əhdi bağlamışdı (2 İşmuil 7:12—16). Bu əhd Davudun varisinə, İsa Məsihə əbədi taxta sahib olmaq üçün qanuni əsas verirdi (Əşiya 9:7; Luka 1:32, 33). Davudun «övlad»ının taxtı barəsində məzmurçu demişdi: «Səmadakı vəfalı şahid kimi, ay kimi, əbədilik bərqərar olacaq» (Zəbur 89:36, 37).
Gecəyə hökm edən cisim, yəni ay Məsihin rəhbərliyinin əbədi olacağını xatırladır (Yaradılış 1:16). Dənyal 7:14 ayəsində Məsihin idarə edəcəyi Padşahlıq haqda deyilir: «Onun hakimiyyəti sona yetməyəcək əbədi hakimiyyətdir, padşahlığı əsla dağılmayacaq» (Dənyal 7:14). Ay bir şahid kimi bizə Padşahlıq və onun bəşəriyyətə gətirəcəyi nemətlər haqda xatırladır.
*** w07-E 15/9 s. 32 ***
«Saçları ağaranda da bar verəcəklər»
Aralıq dənizi ölkələrində insanlar həyətlərində xurma ağacları əkirlər. Təxminən yüz il bar verən bu ağaclar çox gözəl olur və dadlı meyvə gətirirlər.
Qədim İsrailin padşahı Süleyman peyğəmbər poetik dillə Şulam qızının qamətini xurma ağacına bənzətmişdi (Nəğmələr nəğməsi 7:7). «Müqəddəs Kitabda adları çəkilən bitkilər» adlı kitabda deyilir: «İbrani dilində xurma ağacı tamar adlanır... Yəhudilərdə bu ağac gözəlliyin və zərifliyin simvoludur və əsas etibarilə, qadınlara aid işlənir» («Plants of the Bible»). Misal üçün, Süleymanın gözəl bir bacısı var idi, onun adı Tamar idi (2 İşmuil 13:1). Bəzi valideynlər indi də qızlarına bu adı verirlər.
Amma gözəl qadınlarla yanaşı, saleh insanlar da xurma ağacına bənzədilir. Zəbur 92:12—14 ayələrində yazılıb: «Salehlər xurma ağacıtək çiçəklənəcək, Livandakı sidr ağacıtək uca olacaq. Onlar Yehovanın evində əkilib, Allahımızın həyətində çiçək açır. Saçları ağaranda da bar verəcəklər, sapsağlam, təravətli olacaqlar».
Qoca yaşlarında Yehovaya sədaqətlə xidmət edənlər gözəl xurma ağacına bənzəyirlər. Müqəddəs Kitabda deyilir: «Salehlik yolunda ağaran saçlar gözəllik tacıdır» (Məsəllər 16:31). Bu yaşlı bacı-qardaşların fiziki gücləri get-gedə tükənsə də, onlar müntəzəm olaraq Allahın Kəlamını oxuyub araşdırmaqla ruhani cəhətdən möhkəm qala bilərlər (Zəbur 1:1—3; Ərəmya 17:7, 8). Ahıl yaşında olan Allahın bu sadiq bəndələrinin xoş sözləri və gözəl nümunələri başqalarını ruhlandırır və onlar ilbəil bar gətirirlər (Titusa 2:2—5; İbranilərə 13:15, 16). Xurma ağacı kimi yaşlı insanlar hətta qocalanda da çiçək açır.
*** it-1-E s. 857, 858 ***
Gələcəyi görmək, gələcəyi müəyyən etmək
Yehova Allah əvvəlcədən müəyyən etmişdi ki, İsanı Yəhuda satacaq?
Yəhuda İskəryutun İsa Məsihi satması ilə peyğəmbərlik yerinə yetdi və bu, onu göstərdi ki, Yehovanın, həmçinin İsa Məsihin gələcəyi görmək qabiliyyəti var (Zb 41:9; 55:12, 13; 109:8; Hv 1:16—20). Amma bu o demək deyil ki, Yehova Yəhudanın satqın çıxacağını qabaqcadan müəyyən etmişdi. Peyğəmbərlikdə deyilmişdi ki, İsa Məsihin dostlarından biri satqın çıxacaq. Ancaq konkret olaraq hansı dostunun onu satacağı deyilməmişdi. Əgər Allah İsanı məhz Yəhudanın satacağını qabaqcadan müəyyən etsəydi, bu, Müqəddəs Kitab prinsiplərinə zidd gedərdi. Allahın tələbini həvari Bulus belə ifadə etmişdi: «Heç kəsin üzərinə tələm-tələsik əl qoyma, başqalarının günahlarına əlbir olma, paklığını qoru» (1Tm 5:22; müqayisə et: 1Tm 3:6). İsa Məsih 12 həvarisinin seçiminə çox ciddi yanaşmışdı: o, bütün gecəni Allaha dua etmişdi və sonra öz qərarını şagirdlərinə bildirmişdi (Lk 6:12—16). Əgər Yehova Yəhudanın satqın olacağını qabaqcadan müəyyən etmiş olsaydı, O, Öz verdiyi rəhbərliyə və göstərişə zidd gedər və yuxarıda xatırlanan tələbə əsasən, Yəhudanın günahına şərik olardı.
Beləliklə, bundan aydın görünür ki, Yəhuda həvari seçiləndə onun ürəyində satqın olacağına hansısa əlamət yox idi. Lakin o yol verdi ki, «zəhərli kök» boy atsın; nəticədə, o, Allahdan üz döndərdi və Şeytana uyaraq oğru və satqın oldu (İb 12:14, 15; Yh 13:2; Hv 1:24, 25; Yq 1:14, 15; müqayisə et: YƏHUDA, 14). Bir müddət sonra Yəhuda elə həddə çatdı ki, hətta İsa onun ürəyinin vəziyyətini gördü və onu satacağını dedi (Yh 13:10, 11).
Yəhya 6:64 ayəsinə deyilir ki, İsanın təlimlərinə görə bəzi şagirdləri büdrəyəndə «İsa kimlərin inanmadığını və kimin onu satacağını qabaqcadan bilirdi». «Qabaqcadan», «başlanğıcdan» (yun. arxe) sözünə 2 Butrus 3:4 ayəsinin orijinal mətnində də rast gəlinir. Bu söz yaradılışın başlanğıcına aid işlənsə də, onu başqa dövrlərə aid də işlətmək olar (Lk 1:2; Yh 15:27). Məsələn, həvari Butrus: «Onlara, lap başlanğıcda bizə verildiyi kimi, müqəddəs ruh verildi» deyərkən, görünür, özünün şagird və ya həvari olduğu vaxtın başlanğıcını yox, xidmətinin vacib məqamını, müqəddəs ruhun eramızın 33-cü ilinin Əllinci gün bayramında müəyyən məqsədlə verilməyə başladığı dövrü nəzərdə tuturdu. (Hv 11:15; 2:1—4). Gəlin görək bir mənbədə Yəhya 6:64 ayəsinə dair nə deyilir: «[Arxe] sözü altında metafizikaya (təbiətin və dünyanın strukturu haqqında fəlsəfənin bölməsi) əsasən, hər şeyin başlanğıcı yox... Onun [İsanın] onların hər biri ilə tanış olmasının başlanğıcı yox... şagirdlərini toplamasının və ya xidmətinin başlanğıcı yox... [bəzi şagirdlərin büdrəməsinə səbəb olan] imansızlığın ilk cücərtisi nəzərdə tutulur. Beləcə, o, lap başlanğıcdan bilirdi ki, Onu kim satacaq» (P. Şaffın tərcüməsi və redaktəsi. Müqayisə et: 1Yh 3:8, 11, 12).
*** w87-E 15/3 s. 24 ***
Xoşbəxt Allah, xoşbəxt xalq!
Zəbur 116:3 — «Ölüm ipləri» nədir?
Sanki, ölüm məzmurçunun əl-qolunu elə bağlamışdı ki, qurtulmaq qeyri-mümkün idi. İnsanın əl-qolunu iplərlə möhkəm bağlayanda bu onu incidir, əzab verir. Bu səbəbdən ibrani dilində istifadə olunan «ip» sözü yunanca Septuagintada «əzab» kimi tərcümə edilib. İsa Məsih öləndə ölüm ipləri ona dolandı, başqa sözlə desək, ölüm əzabı onu ağuşuna aldı. Yehova isə onu dirildərək «ölüm əzabından» xilas etdi (Hv 2:24).
*** w98-E 1/12 s. 24 ***
Daha böyük fəaliyyətin astanasında
Daha sonra məktəbin üç müəllimi çıxış etdi. İlk olaraq Karl Adams «Yehovaya nə verə bilərsiniz?» adlı məruzə ilə çıxış etdi. Onun çıxışı 116-cı məzmura əsaslanırdı. Ehtimal ki, İsa ölümündən qabaq bu məzmuru oxumuşdu (Mətta 26:30, haşiyə). Görəsən, İsa: «Mənə etdiyi yaxşılıqların əvəzində Yehovaya nə verə bilərəm?» — sözlərini oxuyarkən nə haqda fikirləşirdi? (Zəbur 116:12). Ola bilsin, o, Yehovanın onun üçün hazırladığı kamil bədən haqqında düşünürdü (İbranilərə 10:5). Növbəti gün o, öz bədənini fidyə olaraq qurban verməli idi, bununla da o, məhəbbətinin nə dərəcədə böyük olduğunu sübut edəcəkdi. 105-ci sinfin məzunları beş ay ərzində Yehovanın onlara göstərdiyi xeyirxahlığı öz üzərlərində hiss ediblər. İndi isə onların xüsusi təyinatlı müjdəçi kimi xidmət edərək Allaha məhəbbətlərini göstərmək imkanları var.