İsa sönməz cəhənnəm odunumu nəzərdə tuturdu?
CƏHƏNNƏM odu təliminə inananların bəziləri İsanın Mark 9:48 (yaxud 44, 46) ayəsində yazılmış sözlərini sübut kimi gətirirlər. İsa burada ölməyən qurdlardan və sönməyən atəşdən danışır. Əgər kimsə sizdən bu sözlərin mənasını soruşsaydı, necə izah edərdiniz?
İstifadə etdiyi Müqəddəs Kitabdan asılı olaraq, insan 44, 46 və ya 48-ci ayəni oxuya bilər, çünki onlar bəzi tərcümələrdə eyni cür yazılıblara. «Yeni Dünya Tərcüməsi»ndə oxuyuruq: «Əgər gözün səni büdrədirsə, onu çıxarıb at; sənin üçün tək gözlə Allahın Padşahlığına girmək iki gözlə Gehennaya atılmaqdan yaxşıdır. Orada onların qurdu ölməz və atəş sönməz» (Mark 9:47, 48).
Hər necə olsa da, bəziləri iddia edirlər ki, İsanın bu sözləri pislərin ruhunun ölümdən sonra əbədilik işgəncə çəkməsi fikrini təsdiqləyir. Məsələn, Navarra Universitetinin ispanca «Sagrada Biblia» tərcüməsindəki şərhdə deyilir: «Rəbbimiz cəhənnəm əzabına istinad etmək üçün [bu sözlərdən] istifadə etmişdi. Çox vaxt ‘ölməz qurd’ cəhənnəmdəkilərin əbədi vicdan əzabı kimi, ‘sönməz atəş’ isə onların çəkdiyi ağrı kimi izah olunur».
Ancaq İsanın sözlərini Yeşayanın peyğəmbərliyinin son ayəsi ilə müqayisə edinb. İsanın Yeşayanın 66-cı fəslinin bu ayəsinə əsaslandığı aydın görünmürmü? Peyğəmbər burada, görünür, «Yerusəlimdən yaxınlıqdakı Hinnom dərəsinə (Gehenna), bir vaxtlar insanların qurban gətirildiyi (Yer 7:31), axırda isə şəhər zibilliyinə çevrildiyi yerə» getməkdən danışır («The Jerome Biblical Commentary»). Yeşaya 66:24 ayəsindəki simvolik sözlər əzab çəkən insanlara aid deyil; orada cəsədlərdən danışılır. Bu ayədə canlı insanların, yaxud ölməz ruhların deyil, qurdların ölməməsindən danışılır. Bəs belə isə İsanın sözlərinin mənası nədir?
Bir katolik kitabında Mark 9:48 ayəsinə verilən şərhə diqqət yetirin: «[Bu] ifadə Yeşayadan (66, 24) götürülmüşdür. Peyğəmbər adətən cəsədlərin məhv olmasının iki üsulunu göstərir: çürümə və yandırılma... Qurdun və atəşin bir yerdə işlənilməsi məhvolma fikrini gücləndirir... Hər iki məhvedici qüvvə tükənməyən (“sönməyən, ölməyən”) kimi təsvir olunur: onlardan qaçmaq qeyri-mümkündür. Bu parçada mövcudluğuna davam edən insan yox, qurd və atəşdir və onlar birlikdə gücləri çatan hər şeyi məhv edirlər. Buna görə də, burada əbədi işgəncə deyil, birdəfəlik məhvolma təsvir edilir, belə ki bu cür məhv edilənlər heç vaxt dirilməyəcəklər, onların ölümü əbədidir. Beləliklə, [atəş] birdəfəlik məhvolmanın simvoludur» («El evangelio de Marcos. Análisis lingüístico y comentario exegético», II cild).
Həqiqi Allahın məhəbbətli və ədalətli olduğunu bilən hər kəs İsanın sözlərini belə başa düşməyin nə qədər məntiqəuyğun olduğunu anlamalıdır. O, pislərin əbədi işgəncəyə məruz qalacağını demirdi. Əksinə, onlar dirilmə ümidi olmadan birdəfəlik məhv olmaq təhlükəsi qarşısındadırlar.
[Haşiyələr]
a Bir çox etibarlı Müqəddəs Kitab əlyazmalarına 44 və 46-cı ayələr daxil deyil. Alimlər bu iki ayənin çox ehtimal ki, sonradan əlavə edildiyini etiraf edirlər. Professor Arçibald Robertson yazır: «Ən qədim və ən əsas əlyazmalarda bu iki ayə yoxdur. Onlar şərq və Suriya (Vizant) qruplarından gəlir və sadəcə olaraq 48-ci ayənin təkrarıdır. Buna görə biz mötəbər olmayan 44 və 46-cı ayələri buraxırıq».
b «Onlar eşiyə çıxanda Mənə qarşı asi çıxanların meyitlərini görəcək. Meyitləri yeyən qurd ölməyəcək, onları yandıran alov sönməyəcək. Bütün bəşər onlardan iyrənəcək» (Yeşaya 66:24).