Allah insanlara var-dövlət vəd edirmi?
«Allah istəyir ki, siz varlı olasınız — qarajda maşınlarınız, yaxşı işiniz olsun. Sadəcə olaraq, Ona inanın və pul kisənizi açıb, olanınızı Ona verin».
BRAZİLİYADA nəşr olunan qəzetə əsasən, Braziliyada fəaliyyət göstərən bəzi dini qruplar yuxarıdakı sözlərlə xalqa müraciət edir. Çoxları bu sözləri ciddi qəbul edir. Birləşmiş Ştatlarda məsihçi olduğunu iddia edən insanlar arasında aparılan sorğunun nəticələrinə dair «Taym» jurnalında deyilir: «Sorğuda iştirak edənlərin 61 faizi inanır ki, Allah insanların varlı olmasını istəyir, 31 faizi isə razıdır ki, əgər pulunu Allaha versən, O, sənin başından tökəcək».
Çox vaxt firavanlıq nəzəriyyəsi adlanan bu cür ideologiya xüsusilə Latın Amerikası ölkələrində, məsələn, Braziliyada geniş yayılmaqdadır və insanlar Allahın maddi cəhətdən xeyir-dua verəcəyini vəd edən kilsələrə axışırlar. Bəs doğrudanmı Allah Ona xidmət edənlərə var-dövlət vəd edir? Allahın keçmişdəki xidmətçilərinin hamısımı varlı olub?
Düzdür, İbranicə Müqəddəs Yazıları oxuyanda tez-tez Allahın xeyir-duasının maddi firavanlıqla əlaqələndirildiyinin şahidi oluruq. Məsələn, Qanunun təkrarı 8:18 ayəsində yazılıb: «Unutmayın ki, bu sərvəti qazanmaq qabiliyyətini sizə verən Allahınız Rəbdir». Bu israilliləri əmin edirdi ki, əgər onlar Allahın itaətində qalsalar, Allah onları varlı xalq edəcək.
Bəs Allahın ayrı-ayrı xidmətçiləri haqda nə demək olar? Sadiq Əyyub həddindən artıq dövlətli insan idi. Şeytanın onu yoxsulluğa düçar etməsindən sonra isə, Yehova ona «ikiqat artıq var-dövlət verdi» (Əyyub 1:3; 42:10). İbrahim də çox varlı idi. Yaradılış 13:2 ayəsində deyilir ki, «onun çoxlu sürüsü və qızıl-gümüşü» var idi. Dörd şərq padşahının birləşmiş ordusu İbrahimin qardaşı oğlu Lutu əsir aparanda o, «evində doğulmuş, döyüş təlimi keçmiş üç yüz on səkkiz nökərini götürüb düşmənləri Dana qədər təqib etdi» (Yaradılış 14:14). Döyüş təlimi keçmiş 318 nəfəri olan İbrahimin ailəsi ehtimal ki, çox böyük idi. Onun belə böyük ailəni dolandıra bilməsi göstərir ki, o, çoxlu sürüyə və mal-qaraya sahib olan varlı insan idi.
Bəli, Allahın keçmişdəki sadiq xidmətçilərinin çoxu, məsələn, İbrahim, İshaq, Yaqub, Davud, Süleyman və başqaları zəngin insanlar idi. Bəs bu o deməkdirmi ki, Allah Ona xidmət edən hər kəsə var-dövlət bəxş edəcək? Digər tərəfdən, kiminsə kasıb olması Allahın ondan narazı olduğunumu göstərir? Növbəti məqalədə bu sualların cavabını araşdıracağıq.