Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w12 15/6 s. 3—6
  • Müqəddəs xidmətdən öyrəndiyimiz «sirr»

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Müqəddəs xidmətdən öyrəndiyimiz «sirr»
  • Gözətçi qülləsi 2012
  • Başlıqlar
  • Oxşar material
  • SƏYYAR XİDMƏT
  • UZAQ ƏRAZİLƏRDƏKİ QRUPLARA BAŞ ÇƏKİRİK
  • NƏQLİYYATLA BAĞLI ÇƏTİNLİKLƏR
  • BAŞQALARINI TAMMÜDDƏTLİ XİDMƏTƏ TƏŞVİQ EDİRİK
  • Xidmətinizi necə genişləndirə bilərsiniz?
    Allahın iradəsini yerinə yetirən təşkilat!
  • Bulus Allaha şükür etdi və ürəkləndi
    Məsihi həyatı və ibadəti iş dəftəri 2019
  • Hamımız qarşılıqlı olaraq ruhlanaq
    Müqəddəs ibadətimiz 2007
  • Yehova haqda öyrənməyi və öyrətməyi sevirəm
    Gözətçi qülləsi 2022
Gözətçi qülləsi 2012
w12 15/6 s. 3—6

Bioqrafiya

Müqəddəs xidmətdən öyrəndiyimiz «sirr»

Nəql etdi Olivye Randriamora

«Mən korluq çəkməyin də, firavan yaşamağın da nə olduğunu bilirəm. Mən hər şeydə və hər şəraitdə tox və ac olmağın... sirrini öyrənmişəm. Çünki mənə qüvvət verənin sayəsində hər şeyə gücüm çatır» (Filip. 4:12, 13).

HƏVARİ PAVELİN bu sözləri artıq neçə illərdir ki, mənə və arvadım Uliyə böyük dəstəkdir. Madaqaskarda Yehovaya xidmət etdiyimiz müddətdə Ona tamamilə güvənməklə, Pavel kimi, biz də bu «sirri» öyrəndik.

1982-ci ildə Yehovanın Şahidləri Ulinin anası ilə Müqəddəs Kitabı öyrənməyə başlayanda Uli və mən nişanlı idik. Mən də Müqəddəs Kitabı öyrənmək qərarına gəldim, sonradan Uli də mənə qoşuldu. Biz 1983-cü ildə evləndik, 1985-ci ildə vəftiz olduq və bundan dərhal sonra köməkçi pioner xidmətini götürdük. 1986-cı ilin iyul ayında daimi pioner xidmətinə başladıq.

1987-ci ilin sentyabr ayında bizi xüsusi pioner təyin etdilər. İlk təyinatımız Madaqaskarın şimal-qərbində yerləşən və bir dənə də olsun yığıncağı olmayan kiçik bir şəhərə idi. Burada təxminən 18 əsas etnik qrup, həmçinin saysız-hesabsız tayfalar yaşayır. Onların adət-ənənələri əhəmiyyətli dərəcədə fərqlənir. Madaqaskarın rəsmi dili malaqasi dili olsa da, hər ərazidə sakinlər özünəməxsus dialektdə danışırlar. Ona görə də biz təyin olunduğumuz ərazinin dialektini öyrənməyə başladıq və bu, bizə yerli əhali tərəfindən daha yaxşı qəbul olunmağımıza kömək edirdi.

İlk vaxtlar mən hər bazar açıq məruzə söyləyirdim, sonda isə Uli adət üzrə əl çalırdı. Yığıncaq görüşlərində yalnız ikimiz iştirak edirdik. Üstəlik, biz Teokratik Xidmət Məktəbinin bütün bəndlərini keçirirdik, Uli, sanki, ev sahibinə təbliğ edirmiş kimi səhnəcik qururdu. Bizə baş çəkən rayon nəzarətçisi görüşlərimizin keçirilməsində dəyişiklik etməyi təklif edəndə işimiz necə də yüngülləşdi!

Poçt xidməti pis işlədiyindən aylıq müavinətimizi vaxtlı-vaxtında ala bilmirdik. Beləliklə biz aza qane olmağı öyrəndik. Bir dəfə 130 kilometr uzaqlıqda keçirilən rayon konqresinə getmək üçün kifayət qədər yol pulumuz yox idi. Həmin an bir qardaşın verdiyi yaxşı məsləhət yadımıza düşdü. O demişdi: «Problemlərinizi Yehovaya danışın. Axı siz Onun işini görürsünüz». Dua etdikdən sonra biz piyada getmək qərarına gəldik. Evdən çıxmağa hazırlaşırdıq ki, bir qardaş gözlənilmədən bizə baş çəkdi və hədiyyə olaraq bizə pul verdi. Bu, yol xərclərimizi ödəmək üçün kifayət edirdi!

SƏYYAR XİDMƏT

1991-ci ilin fevral ayında mən rayon nəzarətçisi təyin olundum. Artıq o vaxt bizim kiçik qrupumuz böyümüşdü və təbliğçilərin sayı 9-a çatmışdı, onlardan 3-ü vəftiz olunmuşdu və orta hesabla, yığıncaq görüşlərində 50 nəfər iştirak edirdi. Təlim aldıqdan sonra biz paytaxt Antananarivuya təyin edildik. 1993-cü ildə bizi başqa teokratik rayona — ölkənin şərqində yerləşən əraziyə göndərdilər. Burada həyat şəraiti şəhərdəkindən olduqca fərqlənirdi.

Yığıncaqlara və ucqar ərazilərə səpələnən qruplara baş çəkmək üçün bəzən sıx meşəli dağlardan keçən 145 kilometrədək yolu piyada getməli olurduq. Çalışırdıq ki, yükümüz mümkün qədər az olsun. O vaxtlar bəzən rayon nəzarətçilərinin açıq məruzələrinə slayd göstərmək də daxil idi, bu zaman yükümüz bir az ağırlaşırdı. Uli slayd göstərən aparatı, mən isə 12 voltluq maşın akkumulyatorunu daşıyırdım.

Növbəti yığıncağa baş çəkmək üçün biz çox vaxt gün ərzində 40 kilometr yol gedirdik. Yolumuz enişli-yoxuşlu dağlardan, çaylardan və palçıqlı, kələ-kötür yollardan keçirdi. Hərdən yol qırağında gecələməli olurduq, ancaq adətən, çalışırdıq ki, gecəni keçirmək üçün bir kənd tapaq. Bəzən vəziyyət elə gətirirdi ki, tanımadığımız insanlardan bizə bir gecəlik yer verməyi xahiş etməli olurduq. Başımızı qoymağa yer tapdıqdan sonra yemək bişirməyə başlayırdıq. Uli ev yiyəsindən bir qazan istəyib yaxınlıqda axan çaydan və ya göldən su gətirməyə gedirdi. Bu arada mən ocaq qalamaq üçün ev yiyəsindən balta götürüb odun doğrayırdım. Hərdənbir toyuq alırdıq və onu özümüz kəsib təmizləməli olurduq. Bir sözlə, hər şey vaxt aparırdı.

Süfrəni yığışdırandan sonra çimmək üçün su daşıyırdıq. Bəzən mətbəxdə yatırdıq. Yağış yağanda yalnız divara söykənib yatmaq mümkün idi, çünki əks halda damdan sızan yağış damcıları üstümüzü islada bilərdi.

Biz həmişə qaldığımız evin sakinlərinə təbliğ edirdik. Mənzilbaşına çatanda bacı-qardaşlarımız bizi böyük qonaqpərvərlik və xeyirxahlıqla qarşılayırdılar. Həmimanlılarımızın başçəkmələrimizi ürəkdən qiymətləndirdiklərini görəndə yolda üzləşdiyimiz narahatçılıqları unudurduq.

Bacı-qardaşlarımızın evlərində qalanda məmnuniyyətlə onlara ev işlərində kömək edirdik. Bunun sayəsində onların bizimlə xidmətə çıxmaları üçün vaxtları olurdu. Biz bacı-qardaşlarımızın imkanlarının yol vermədiyi dəbdəbəli şəraiti yaradacaqlarını və süfrəyə xüsusi təamlar düzəcəklərini ummurduq.

UZAQ ƏRAZİLƏRDƏKİ QRUPLARA BAŞ ÇƏKİRİK

Uzaq ərazilərdəki qruplara baş çəkmək bizim çox xoşumuza gəlirdi. Yerli qardaşlar bizi sevinclə qarşılayırdılar və demək olar ki, xidmət cədvəlimizdə boş yer qoymurdular. Çox nadir hallarda bir az dincimizi ala bilirdik (Mark 6:31). Yığıncaqların birinə baş çəkəndə bir ər-arvad Müqəddəs Kitabı öyrətdikləri insanların hamısını — onların sayı isə nə az, nə çox 40 nəfər idi — evlərinə dəvət etmişdi ki, onların dərsini keçək. Bacı Uli ilə birgə 20 nəfərə, qardaşla mən isə yerdə qalan 20 nəfərə dərs keçdik. Birinin dərsini qurtaran kimi ara vermədən başqasının dərsinə başlayırdıq. Bir qədər sonra yığıncaq görüşü keçirmək üçün fasilə götürdük, sonra isə insanların dərsini keçməyə davam etdik. Bu kimi günlərimiz, adətən, axşam saat səkkizdən sonra başa çatırdı.

Qonşu kənddə yerləşən başqa qrupa baş çəkmək üçün isə hamımız təxminən səhər saat səkkizdə yola düşdük. Hamımız əynimizə köhnə paltar geyinmişdik. Meşə ilə uzun yol getdikdən sonra təxminən günorta saatlarında həmin yerə gəlib çatdıq. Biz təmiz paltarlarımızı geyinib dərhal evdən-evə təbliğ etməyə başladıq. Evlər təbliğçilərin sayına nisbətən az idi. Buna görə də həmin ərazini 30 dəqiqəyə işləyib qurtardıq və növbəti kəndə getdik. Burada da təbliğimizi başa vurandan sonra gəldiyimiz o uzun yolla evə qayıtmalı idik. Düzünü desək, bir az məyus olmuşduq. Evdən-evə vur-tut bir saat təbliğ etmək üçün biz xeyli vaxt və güc sərf etmişdik. Buna baxmayaraq, yerli bacı-qardaşlar giley-güzar etmədilər. Onlar ruh yüksəkliklərini qoruyub saxlamışdılar.

Taviranambo şəhərindəki bir qrup dağın başına yaxın olan bir ərazidə yerləşirdi. Orada birotaqlı evdə yaşayan həmimanlılarımızdan ibarət bir ailə var idi. Yaxınlıqdakı balaca bir tikili yığıncaq görüşlərinin keçirilməsi üçün istifadə olunurdu. Birdən qardaş uca səslə: «Ehey, qardaşlar!» — deyə qışqırmağa başladı. Qonşu dağın başından kimsə: «Nədir?» — deyə soruşdu. Qardaş yenə də uca səslə dedi: «Rayon nəzarətçimiz gəlib!» Cavabında həmin adam: «Ura!» — deyə qışqırdı. Bu xəbər ildırım surəti ilə uzaqda yaşayanlara da çatdırıldı. Tezliklə insanlar toplaşmağa başladılar və görüşdə 100-dən çox adam iştirak etdi.

NƏQLİYYATLA BAĞLI ÇƏTİNLİKLƏR

1996-cı ildə bizi yeni rayona təyin etdilər. Bu, Antananarivuya yaxın bir yerdə, mərkəzi dağlıq bölgədə yerləşirdi. Bu rayonun həm də özünəməxsus çətinlikləri vardı. Həmin çətinliklərdən biri uzaq ərazilərə işləyən müntəzəm ictimai nəqliyyatın olmaması idi. Bir dəfə Antananarivudan təxminən 240 kilometr uzaqlıqda yerləşən Beankana (Basaka) şəhərindəki qrupa baş çəkməli idik. Həmin istiqamətdə gedən kiçik yük maşınının sürücüsü ilə bir az söhbət etdikdən sonra o, bizi aparmağa razı oldu. Maşın ağzınacan dolu idi, orada 30-a yaxın sərnişin var idi: onlar maşının içində, çölündə, damında oturmuşdular, bəziləri isə arxadan sallaşmışdılar.

Belə hallarda tez-tez olduğu kimi, maşın tezliklə sıradan çıxdı və biz yolumuza piyada davam etdik. Bir neçə saat yol getdikdən sonra gördük ki, bizə tərəf böyük yük maşını gəlir. İnsanların və yükün əlindən maşında boş yerin olmamasına baxmayaraq, sürücü yenə də maşını saxladı. Biz maşına mindik, amma ayaq üstə getməli olduq. Sonra biz bir çaya çatdıq, lakin körpü təmirə bağlanmışdı. Yenə də yolumuzu piyada davam etdirməli olduq və nəhayət, bir neçə xüsusi pionerin yaşadığı balaca bir kəndə gəlib çatdıq. Həmin kəndə baş çəkmək planımıza daxil olmasa da, körpü təmir olunana kimi və həmin ərazidən bizə lazım olan istiqamətdə gedən nəqliyyat vasitəsi keçənə qədər onlarda qalıb təbliğ etdik.

Nəqliyyat vasitəsi bir həftədən sonra o tərəflərdən keçdi və biz yolumuzu davam etdirdik. Yol çala-çuxurlu idi. Dizimizə qədər palçıq içində və yıxıla-yıxıla tez-tez çuxurlarda ilişib-qalan maşını itələyərək çıxartmalı olurduq. Dan yeri sökülməmiş balaca bir kəndə gəlib çatanda maşından düşdük. Əsas yoldan çıxıb düyü plantasiyaları ilə belimizə qədər palçıqlı suyun içi ilə piyada yolumuza davam etdik.

Bu, həmin əraziyə ilk səfərimiz idi. Buna görə də düyü plantasiyasında işləyən kəndlilərə təbliğ etmək və yerli Yehovanın Şahidlərinin harada yaşadıqlarını soruşmaq qərarına gəldik. Həmsöhbətlərimizin ruhani qardaşlarımız olduğunu biləndə çox sevindik!

BAŞQALARINI TAMMÜDDƏTLİ XİDMƏTƏ TƏŞVİQ EDİRİK

İllər keçdikcə bacı-qardaşları tammüddətli xidmətə təşviq etməyimizin bəhrələrini görmək bizə böyük sevinc bəxş edirdi. Doqquz daimi pioneri olan bir yığıncağa baş çəkəndə onları təşviq etdik ki, hər biri qarşısına bir təbliğçiyə pionerlərin cərgəsinə qoşulmağa kömək etmək məqsədini qoysun. Altı aydan sonra həmin yığıncağa yenidən baş çəkəndə daimi pionerlərin sayı inanılmaz dərəcədə artaraq 22-yə çatmışdı. İki pioner bacı yığıncaqda ağsaqqal kimi xidmət edən atalarını daimi pioner olmağa təşviq etmişdi. O qardaşlar isə, öz növbəsində, üçüncü ağsaqqalı onlara qoşulmağa təşviq etmişdilər. Qısa müddətdən sonra həmin ağsaqqal xüsusi pioner təyin olundu. Sonra bu qardaş arvadı ilə birgə səyyar xidmətə başladı. Bəs digər iki ağsaqqalla nə baş verdi? Onlardan biri rayon nəzarətçisi, o birisi isə Padşahlıq zallarının tikintisində könüllü kimi xidmət edir.

Elə gün olmur ki, Yehovaya bizə kömək etdiyi üçün minnətdarlığımızı bildirməyək. Biz dərk edirik ki, Onun gücü olmasaydı, biz heç bir işin öhdəsindən gələ bilməzdik. Düzdür, biz hərdən yoruluruq və xəstələnirik, ancaq xidmətimizdə əldə etdiyimiz nəticələr üzərində düşünəndə ürəyimiz sevinclə dolur. Yehova Öz işinin irəliləməsinin qayğısına qalır. Biz çox xoşbəxtik ki, hal-hazırda xüsusi pioner kimi xidmətimizi davam etdiririk və bu işdə, azacıq da olsa, bizim də payımız var. Bəli, Uli ilə mən bizə qüvvət verən Yehovaya bel bağlamağın sirrini öyrəndik.

[6–cı səhifədəki yazı]

Biz Yehovaya bel bağlamağın sirrini öyrəndik

[4–cü səhifədəki xəritə/şəkil]

Çox vaxt Böyük Qırmızı ada adlandırılan Madaqaskar ərazisinə görə dünyanın 4-cü böyük adasıdır. Torpağı qırmızı rəngdə olan bu ada nadir heyvan və bitkilərlə zəngindir

[5–ci səhifədəki şəkil]

Yol qarşılaşdığımız ən böyük çətinliklərdən biri idi

[5–ci səhifədəki şəkillər]

İnsanlara Müqəddəs Kitabı öyrətmək bizə sevinc verir

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş