Təqaüdə çıxmaq— fəaliyyəti artırmaq üçün geniş qapıdırmı?
1 Uzun müddət ağır işdə çalışan insanlar təqaüdə çıxacaqları və nəhayət istirahət edəcəkləri vaxtı gözləyirlər. Lakin çox vaxt təqaüdə çıxdıqdan sonra onlar laqeydliyə, sıxıntıya qapılır və vaxtından əvvəl qocalırlar. Əgər insan hansısa məqsədyönlü fəaliyyətlə məşğul olmursa, özü barədə həddindən artıq narahat olmağa başlayır. Braziliyada dərc olunan bir qəzetdə yazılırdı ki, təqaüdə çıxan hökumət işçiləri “narazılıq, səbirsizlik, qorxu, gərəksizlik hisslərindən və depressiyadan şikayət edirlər. Onlar hiss edirlər ki, həyatlarının mə’nasını itirmişlər”.
2 Bunun əksinə olaraq, bir çox məsihçilər hesab edirlər ki, təqaüdə çıxmaqla onların qarşısında geniş ruhani fəaliyyət üçün qapı açılır. 65 yaşı tamam olduqdan iki həftə sonra pioner xidməti götürən bir qardaş deyir: “Onu deməliyəm ki, həyatımda, pioner kimi xidmət etdiyim son 10 il ərzində aldığım xeyir-dualar qədər xeyir-dualarım olmayıb”. Bir ər-arvad yazır: “Qocalıq dövründə yaşadığımız ən gözəl illər, pioner xidməti götürdükdən sonra başladı”. Bəli, çoxları üçün təqaüdə çıxmaq — xidmətlərini genişləndirmək və Yehovadan bol-bol xeyir-dualar almaq üçün gözəl imkandır.
3 Məşğul və məhsuldar olmağa davam edin. Təqaüdçülərin bir çoxu həyatın ağrı-acılarını görmüş, erkən çağlarından ağır əmək çəkməyə alışmış insanlardır. Ehtimal ki, gənclərdəki qədər enerjiləri olmasa da, onlar Yehovaya hələ də məhsuldar işçilər kimi xidmət edə bilirlər. Bir filialın nəzdində olan sahədəki pionerlərin 22 faizinin — təxminən 20 000 bacı və qardaşın 60-dan artıq yaşı var. Bu işgüzarlar təbliğ xidmətində olduqca böyük iş görürlər, onların təcrübəsi və məsihçi keyfiyyətləri isə, xidmət etdikləri yığıncaqları zənginləşdirir (Yaq. 3:17, 18).
4 Daima məsihçi xidməti ilə məşğul olmaq, sağlamlığı möhkəmlədir və həyatı daha mə’nalı edir. Təqaüdə çıxan kimi pioner xidmətinə başlayan 84 yaşlı bir bacı deyir: “Çoxlu Müqəddəs Kitab öyrənmələrim var, bu isə mənə əqli cəhətdən fəal qalmağa kömək edir. Maşınım yoxdur, buna görə də piyada çox gəzirəm. Beləliklə də sağlamlığımı qoruyuram”. Pioner xidməti edən yaşlı bir ər-arvad deyir: “Xidmət bizim əqli və fiziki cəhətdən sağlam qalmağımıza kömək edir. Biz həmişə bir yerdəyik. Çox gülürük və həyatdan zövq alırıq”.
5 Tələbat olan yerdə xidmət etmək. Maddi imkanları yol verən bə’zi məsihçilər təqaüdə çıxdıqdan sonra, Padşahlığın təbliğçilərinə daha çox tələbat olan yerlərə köçmüşlər. Digərləri isə, əcnəbi dilli sahədə xidmət etməklə xidmətlərini genişləndirmişlər. Həvari Pavel kimi, bu çalışqan təbliğçilər ‘hər şeyi Müjdə üçün edirlər ki, onun ne’mətlərinə şərik olsunlar’ (1 Kor. 9:23, İ–93).
6 Bir ər-arvad iki oğullarını böyütdükdən sonra pioner xidmətinə başlamaq qərarına gəlmişlər. Bir neçə ildən sonra onlar Çin dili öyrənməyə başlamışlar. Hal-hazırda onların 70-dən çox yaşları var. Bu yaxınlarda onlara, vaxtilə əməkdaşlıq etdikləri Çin dilli qrupun yığıncağa çevrildiyini görmək nəsib olmuşdur. Bu cür ər-arvadlar yığıncaqlar üçün əsl mə’nada xeyir-duadırlar!
7 Yehovaya xidmətdən təqaüdə çıxmaq istəmirik. İnsanların çoxu əvvəl-axır təqaüdə çıxdıqları halda, məsihçilər Allaha xidmətdən təqaüdə çıxmaq niyyətində deyillər. Hamımıza “axıra qədər” sadiq qalmaq vacibdir (Mat. 24:13, 14). Aydındır ki, illər keçdikcə bə’ziləri Yehovaya xidmətdə əvvəlki qədər edə bilmirlər. Lakin bacardıqlarını ürəkdən etdiklərini görmək necə də sevindiricidir! Allahın Kəlamı əmin edir ki, Yehova onların Onun adı naminə çəkdikləri əməyi və göstərdikləri məhəbbəti unutmayacaqdır (Luka 21:1-4; İbr. 6:10).
8 Əgər təqaüdə çıxmaq vaxtı yaxınlaşırsa, nəyə görə qarşında açılan imkanları daha səmərəli istifadə etmək barəsində dua edərək, götür-qoy etməyəsən? Təqaüdə çıxdıqdan sonra qarşında Yehovaya izzət, sənə isə çoxlu xeyir-dua gətirən geniş fəaliyyət üçün açılan qapını görməkdə O sənə kömək edəcəkdir (Məz. 148:12, 13).