Rəhbərlik şurasının məktubu
Biz yeni sistemin astanasında durduğumuz üçün oyaq durmalı və Yehovanı gözləməliyik (Sef. 3:8). Daniel peyğəmbər Yehovanı «gələcəkdə nə olacağını» bildirən, «sirləri açan bir Allah» adlandırmışdı (Dan. 2:28). Qabaqcadan xəbər verilmiş dövrün sonunda yaşamaq və Yehovanın indi açıqladığı «sirləri» başa düşmək necə də böyük şərəfdir!
Yehova bu narahat «axır günlərdə» bütün millətlərdən Ona sadiq olan ‘böyük izdihamı’ toplamaq niyyətini «sadiq və ağıllı qul»un vasitəsilə tədricən açıqladı (Mat. 24:45; Vəhy 7:9; 2 Tim. 3:1). Yeşaya 2:2, 3 ayələrində bu ümumdünya fəaliyyətinin «son günlərdə» baş verəcəyi deyilmişdir. Dünyada zorakılıq və qarışıqlıq hökm sürür, lakin buna baxmayaraq biçin işi davam edir.
2004-cü xidmət ilində İsanın «Oyaq durun... Hazır olun» sözlərinə tabe olmağın vacibliyi dəfələrlə xatırlanmışdır (Mat. 24:42, 44). Dünyada baş verən hadisələr «dövrün əlamətlərini» anlayan və buna uyğun hərəkət edən məsihçilər üçün böyük əhəmiyyət kəsb edir (Mat. 16:1-3). Öz Sözünə sadiq olan Yehova, teokratik cəhətdən təşkil olunmuş xalqının üzləşdiyi çətinliklərdən asılı olmayaraq, ona kömək etməyə davam edəcək.
Padşahlıq haqqında təbliğ işini dayandırmaq və ya maneçilik törətmək istəyən bə’zi insanların sə’ylərinə baxmayaraq, bizim bacı-qardaşlarımız həqiqəti bəyan etməyə və bir yerə yığılmağa davam edirlər (Həv. iş. 5:19, 20; İbr. 10:24, 25). Rusiyanın Moskva şəhərinin kassasiya məhkəməsi 2004-cü ilin iyun ayında bu şəhərdə Yehovanın Şahidlərinin fəaliyyətinin qadağan edilməsi və onların hüquqi orqanının ləğv edilməsi barədə aşağı məhkəmə tərəfindən qəbul edilən qərarı təsdiqləmişdir. Lakin bu qərar qardaşları qorxutmadı: onlar Yehovanın onlardan nə tələb etdiyini bilir və insanlardan artıq, Allaha itaət edirlər (Həv. iş. 5:29). Biz əminik ki, məhkəmənin bizim əleyhimizə qərar qəbul etməsinə baxmayaraq, Yehova Öz xidmətçilərinə rəhbərlik göstərməyə davam edəcək.
Son bir neçə il ərzində Gürcüstan Respublikasında bacı-qardaşlarımız əmlaklarından məhrum olmuş, qəzəbli izdihamın hücumlarına mə’ruz qalmış və həmçinin ədəbiyyatları yandırılmışdır. Amma onlara qarşı işlənən heç bir silah müvəffəqiyyətli olmamışdır (Yeşaya 54:17). 2004-cü xidmət ilində Yehovanın Şahidləri Gürcüstanda yenidən rəsmi qeydiyyatdan keçmişlər. Konqreslər maneəsiz keçirilir, ədəbiyyat isə ölkəyə sərbəst surətdə daxil olur. Təbliğçilərin və Xatirə Gecəsinə gələnlərin yeni yüksək sayı qeydə alınmışdır.
Eritreyada, Ermənistanda, Koreya Respublikasında, Ruandada və Türkmənistanda qardaşları imanlarına görə həbs edirlər. Onlarla pis rəftar edildiyinə baxmayaraq, bu sınaqların onlarla nə üçün baş verməsinin Müqəddəs Kitaba əsaslanan səbəbini bilirlər. Bu, onlara Yehovaya sadiq qalmağa və Yehovanın onlara qurtuluş verəcəyi vaxtı gözləməyə kömək edir (1 Pet. 1:6; 2 Pet. 2:9).
«Gözətçi Qülləsi»nin 1 fevral sayında çap edilmiş 2004-cü ilin xidmət hesabatını nəzərdən keçirərək, Yehovanın göstərdiyi xeyirxahlığa sevinəcəksiniz (Məz. 31:19; 65:11). Ümid edirik ki, bu hesabat sizi Allahın bəyəndiyi yolla getməkdə davam etməyə təşviq edəcək (1 Salon. 4:1).
Həqiqətin bütün insanlara çatması üçün bir çox işlər görülməkdədir. Məsələn, kar və kor insanların ruhani cəhətdən inkişaf etmələri üçün jest dilində videofilmlər və DVD-də videofilmlər buraxılır və Brayl şriftilə müxtəlif ədəbiyyatlar çap edilir. Bir çox təbliğçilər onların yığıncağının sahəsində yaşayan mühacirlərin danışdığı dilləri öyrənmişlər.
Bundan başqa, uzaq ərazilərdə yüzlərlə qruplar təşkil edilib. Filiallardan birinin nəzdində 7 000-dən çox təbliğçisi olan 300-dən artıq belə qrup var. Hələ nə qədər yığıncaq təşkil edilə bilər! Bundan savayı, ötən il Xatirə Gecəsinə gələn 16 760 607 nəfərin 10 milyondan çoxu Yehovanın Şahidi olmayan kəslərdir. Gördüyümüz kimi hələ daha çox məhsul yığımı gözlənilir!
Yehovanın bizə verdiyi bol xeyir-dualara və məhəbbətlə gündən-günə qayğımıza qalmaq üçün etdiyi hər şeyə görə Ona təşəkkür edirik (Sül. məs. 10:22; Mal. 3:10; 1 Pet. 5:7). Bu «axır günlərdə» Yehovaya tam e’tibar edərək biz birgə irəliyə doğru gedirik. Hansı çətinliklərlə qarşılaşmağımızdan asılı olmayaraq, gəlin 2005-ci il üçün olan: «Yardımım... Yehovadandır» illik ayəsini bütün ürəkdən qəbul edək (Məz. 121:2, YD). Əmin olun ki, biz sizi sevir və sizin üçün dua edirik.
Sizin qardaşlarınız,
Yehovanın Şahidlərinin Rəhbərlik şurası