ALTINCI FƏSİL
Yeniyetmənizin firavanlığına kömək edin
1, 2. Yeniyetməlik dövrü hansı çətinlikləri və sevinci gətirə bilər?
EVDƏ yeniyetmənin olması, beş yaşlı, hətta on yaşlı uşağın olmasından olduqca fərqlidir. Yeniyetməlik dövrü özünəməxsus çətinlik və problemlərlə yanaşı, həmçinin sevinc və mükafatlar da bəxş edə bilər. Yusif, Davud, Yoşiya və Timotey kimi nümunələr göstərir ki, gənclər məs’uliyyətlə davranıb, Yehova ilə gözəl qarşılıqlı münasibətlərə sahib ola bilərlər (Təkvin 37:2–11; 1 Samuel 16:11–13; 2 Krallar 22:3–7; Həvarilərin işləri 16:1, 2). Bunu, bizim günlərimizdə bir çox yeniyetmələr də təsdiq edirlər. Yəqin ki, onlardan bə’zilərini siz də tanıyırsınız.
2 Bununla belə, yeniyetməlik illəri bə’ziləri üçün coşğun bir dövrdür. Yeniyetmələr emosional cəhətdən enişli–yoxuşlu anlar yaşayırlar. Yeniyetmə oğlan və qızlar daha sərbəst olmaq istəyirlər və valideynləri tərəfindən qoyulan məhdudiyyətlər onların xoşuna gəlməyə bilər. Ancaq bu gənclər hələ çox təcrübəsizdirlər və valideynlərinin məhəbbət və səbir dolu köməyinə ehtiyac duyurlar. Bəli, yeniyetməlik illəri həyəcanlı dövr ola biləcəyi kimi, həm valideynlər, həm də yeniyetmələr üçün çaşqınlıq dövrü də ola bilər. Bu dövrdə yeniyetmələrə necə kömək etmək olar?
3. Valideynlər öz yeniyetmələrini firavan bir həyata necə hazırlaya bilərlər?
3 Müqəddəs Kitabın məsləhətinə riayət edən valideynlər, bu sınaqların öhdəsindən müvəffəqiyyətlə gəlməkdə və məs’uliyyətli şəxsiyyət olmaqda öz yeniyetmələrinə gözəl imkanlar yaradırlar. Bütün xalqlarda və dövrlərdə, Müqəddəs Kitabın prinsiplərini birgə həyata keçirən valideynlər və yeniyetmələr bunun səmərəsini görmüş və müvəffəqiyyətli olmuşlar (Məzmur 119:1).
SƏMİMİ VƏ AÇIQ ÜNSİYYƏT
4. Nəyə görə məsləhət xüsusilə yeniyetməlik illərində vacibdir?
4 Müqəddəs Kitabda deyilir: “Məsləhətsiz niyyət boşa çıxar” (Süleymanın məsəlləri 15:22, MKŞ). Əgər uşaqlara kiçik yaşlarında ikən məsləhət vermək vacib idisə, bu, yeniyetməlik illərində xüsusilə vacibdir; çünki gənclər indi evdə daha az olur, vaxtlarının çoxunu məktəb yoldaşları və dostları ilə keçirirlər. Əgər xüsusi olaraq söhbət edilmirsə, başqa sözlə desək, uşaqlarla valideynlər arasında səmimi və açıq ünsiyyət yoxdursa, yeniyetmələr evdə yad bir adama çevrilə bilərlər. Bəs ünsiyyətdə açıqlığı necə qorumaq olar?
5. Yeniyetmələr, valideynləri ilə ünsiyyətə necə münasibət göstərməlidirlər?
5 Bu məsələdə həm yeniyetmələr, həm də valideynlər öz vəzifələrini yerinə yetirməlidirlər. Düzdür, yeniyetmələrə elə gələ bilər ki, kiçik yaşlarındakı dövrə nisbətən, indi valideynləri ilə söhbət etmək onlar üçün daha çətindir. Lakin unutmayın ki, “sağlam öyüdlər olmadıqda xalq tənəzzül edər; və öyüd verənlər çoxluğunda qurtuluş vardır” (Süleymanın məsəlləri 11:14). Bu sözlər hamıya, həm gənclərə, həm də yaşlılara aiddir. Bunu dərk edən yeniyetmələr, təcrübəli rəhbərliyə hələ də ehtiyac duyduqlarını anlayırlar, çünki əvvəlkinə nisbətən daha ciddi problemlərlə qarşılaşmalı olurlar. Onlar, məsihçi valideynlərinin həyatda daha çox təcrübəli olduqlarına və illər uzunu məhəbbət dolu qayğılarını sübut etdiklərinə görə, onların məsləhətçi roluna daha münasib olduqlarını e’tiraf etməlidirlər. Buna görə də, ağıllı yeniyetmələr həyatın bu dövründə öz valideynlərindən üz döndərməyəcəklər.
6. Müdrik və sevən valideynlər yeniyetmə uşaqları ilə ünsiyyətə necə münasibət göstərəcəklər?
6 Açıq ünsiyyət dedikdə, yeniyetmənin söhbət etməyə ehtiyac duyduğu zaman, bunun üçün valideynlərin əllərindən gələni edəcəkləri nəzərdə tutulur. Valideynlər, ünsiyyət qapısının, heç olmazsa, sizin tərəfinizdən həmişə açıq olduğuna əmin olun. Bu, asan olmaya bilər. Müqəddəs Kitabda deyilir ki, “susmağın vaxtı var və söyləməyin vaxtı var” (Vaiz 3:7). Ola bilsin, yeniyetməniz söhbət etmək vaxtı olduğunu düşünərkən, siz susmaq istəyərdiniz. Bəlkə də siz, həmin vaxtı şəxsi öyrənməyə, istirahətə və ya ev işlərinə ayırmısınız. Ancaq yeniyetməniz sizinlə söhbət etmək istəyirsə, öz planlarınızı dəyişməyə çalışın və onu dinləyin. Çünki o, ikinci dəfə yaxınlaşmaya bilər. İsanın nümunəsini xatırlayın. Bir dəfə o, dincəlmək üçün vaxt ayırdı. Lakin onu dinləmək istəyən insanlar ətrafına toplaşanda, istirahətini tə’xirə salıb onları öyrətməyə başladı (Mark 6:30–34). Yeniyetmələrin əksəriyyəti, valideynlərinin çox məşğul olduqlarını başa düşürlər, lakin onlar əmin olmalıdırlar ki, lazım gələrsə, valideynləri həmişə onların yanında olacaqlar. Buna görə də yararlı və anlayışlı olun.
7. Valideynlər nədən çəkinməlidirlər?
7 Yeniyetməlik dövründə keçirdiyiniz hissləri xatırlamağa çalışın və yumor hissini itirməyin. Valideynlər, uşaqlarla ünsiyyətdə olmaqdan sevinc duymalıdırlar. Bəs valideynlər asudə vaxtlarını necə keçirirlər? Əgər onlar asudə vaxtlarını ailədən kənarda keçirməyə çalışırlarsa, yeniyetmələr bunu dərhal hiss edəcəklər. Əgər yeniyetmələr nəticəyə gəlsələr ki, valideynlərindən çox məktəb yoldaşlarına lazımdırlar, bu, problemlərə gətirib çıxaracaq.
NƏ BARƏDƏ SÖHBƏT ETMƏK
8. Düzgünlüyə, əməyə və yaxşı davranışa qarşı hörməti uşaqlara necə aşılamaq olar?
8 Əgər valideynlər uşaqlarına düzgünlüyə və əməyə qarşı hörmət hələ aşılamayıblarsa, onda bunu mütləq yeniyetməlik dövründə etməlidirlər (1 Saloniklilərə 4:11; 2 Saloniklilərə 3:10). Həmçinin valideynlər əmin olmalıdırlar ki, onların uşaqları əxlaqlı və təmiz həyat sürməyin vacibliyinə ürəkdən əmindirlər (Süleymanın məsəlləri 20:11). Bu sahədə valideynlərin şəxsi nümunəsi böyük rol oynayır. Həyat yoldaşlarının imanına şərik olmayan ərlər “arvadlarının rəftarı ilə heç bir söz olmadan fəth” edildikləri kimi, yeniyetmələr də, valideynlərinin davranış tərzini müşahidə edərək, ədalətli prinsiplərə öyrənə bilərlər. (1 Peter 3:1, 2, İ–93 ilə müqayisə edin.) Lakin yalnız nümunə olmaq kifayət deyil, çünki uşaqlar evdən kənarda bir çox pis nümunələr görür və şirnikdirici tə’sirlərə mə’ruz qalırlar. Buna görə də qayğıkeş valideynlər, yeniyetmənin gördüyü və eşitdiyi şeylərə necə münasibət göstərdiyini bilməlidirlər, bunun üçün isə, məzmunlu söhbətlər etmək lazımdır (Süleymanın məsəlləri 20:5).
9, 10. Valideynlərin cinsi əlaqəyə aid uşaqlarına nəsihət vermələri nəyə görə vacibdir və onlar bunu necə edə bilərlər?
9 Bu, xüsusilə cinsi tərbiyə məsələsində tətbiq ediləndir. Valideynlər, uşaqlarınızla cinsi əlaqə haqqında söhbət etməyə utanırsınızmı? Utansanız belə, öz hisslərinizi dəf etməyə çalışın, çünki əvvəl–axır uşaqlarınız bu barədə başqalarından öyrənəcəklər. Əgər bunu sizdən öyrənməzlərsə, kim bilir onlar hansı yanlış biliklərə yiyələnəcəklər? Müqəddəs Kitabda, Yehova cinsi həyata dair söz etməkdən çəkinmir, valideynlər də çəkinməməlidirlər (Süleymanın məsəlləri 4:1–4; 5:1–21).
10 Xoşbəxtlikdən, Müqəddəs Kitabda cinsi əxlaq normalarına aid aydın rəhbərlik verilir və Gözətçi Qülləsi Cəmiyyəti, bu rəhbərliyin müasir dünyada da tətbiq edilən olduğunu göstərən bir çox faydalı mə’lumatlar dərc edir. Nəyə görə belə köməkdən siz də faydalanmayasınız? Məsələn, “Gənclərin sualları. Praktiki məsləhətlər” kitabında “Cinsi əlaqə və əxlaq normaları” bölməsindən münasib məqalələri oğlunuz və ya qızınızla nəyə görə müzakirə etməyəsiniz? Nəticə gözləmədiyiniz qədər sizi sevindirə bilər.
11. Yehovaya necə xidmət edəcəklərini valideynlərin öz uşaqlarına öyrətmələrinin ən yaxşı üsulu hansıdır?
11 Bəs valideynlər uşaqları ilə söhbət edərkən hansı mövzuya üstünlük verməlidirlər? Həvari Pavel növbəti sözləri yazarkən buna işarə etdi: “Uşaqlarınızı... Rəbbin tərbiyə və nəsihəti ilə böyüdün” (Efeslilərə 6:4). Uşaqlar Yehova haqqında davamlı bilik əldə etməyə ehtiyac duyurlar. Xüsusilə, Onu sevməyi öyrənməli və Ona xidmət etməyi arzulamalıdırlar. Şəxsi nümunə ilə bu sahədə də çox şey öyrətmək mümkündür. Yeniyetmələr, valideynlərinin Allahı bütün ürəkləri, bütün canları və bütün düşüncələri ilə sevdiklərini və bunun valideynlərinin həyatına yaxşı tə’sir göstərdiyini görəndə, onlardan nümunə götürmək istəyəcəklər (Matta 22:37). Buna bənzər şəkildə, əgər yeniyetmələr, valideynlərinin maddi şeylərə tarazlaşdırılmış münasibət göstərdiklərini və Allahın Padşahlığını həyatlarında ön plana qoyduqlarını görərlərsə, bu onlara eyni cür düşüncə tərzini inkişaf etdirməkdə kömək edəcəkdir (Vaiz 7:12; Matta 6:31–33).
12, 13. Ailəvi öyrənmənin müvəffəqiyyətli olması üçün nəyi yadda saxlamaq lazımdır?
12 Müqəddəs Kitabın həftəlik ailəvi öyrənməsi, gənclərə ruhani dəyərləri aşılamaqda ən gözəl köməkdir (Məzmur 119:33, 34; Süleymanın məsəlləri 4:20–23). Bu cür öyrənməni müntəzəm olaraq keçirmək zəruridir (Məzmur 1:1–3). Valideynlər və uşaqlar anlamalıdır ki, ailəvi öyrənmə bütün işlərdən öncə planlaşdırılmalıdır, əksinə yox. Bundan əlavə, ailəvi öyrənmənin səmərəli olması üçün, ona düzgün yanaşmaq vacibdir. Bir ata deyir: “Sirr ondadır ki, ailəvi öyrənmə zamanı aparıcı sərbəst və hörmətcil şərait yaratmağa çalışmalıdır. Tarazlığa nail olmaq hər vaxt asan olmur və yeniyetmələrin öyrənməyə olan münasibətlərini tez–tez dəyişmək lazım gəlir. Əgər bir neçə dəfə hər şey istədiyiniz kimi alınmırsa, təslim olmayın və diqqətinizi irəliyə, növbəti məşğələyə yönəldin”. Həmin ata deyir ki, hər dəfə müzakirəyə başlamazdan əvvəl duasında, Yehovadan xüsusilə orada iştirak edənlərin hər birinin öyrənməyə düzgün münasibət göstərməsinə kömək etməyini xahiş edirdi (Məzmur 119:66).
13 Ailəvi öyrənmənin keçirilməsi, məsihçi valideynlərin vəzifəsidir. Doğrudur, bə’zi valideynləri, bəlkə də, qabiliyyətli müəllim adlandırmaq çətindir və onlar üçün ailəvi öyrənməni maraqlı keçirmək asan deyil. Yenə də, əgər siz uşaqlarınızı “əməldə və həqiqətdə” sevirsinizsə, həlimliklə və səmimiliklə onların ruhən inkişaf etmələrinə kömək etmək arzusunda olacaqsınız (1 Yəhya 3:18). Arabir yeniyetmələr narazılıq edə bilərlər, lakin güman etmək olar ki, onların rifahı ilə dərindən maraqlandığınızı anlayacaqlar.
14. Yeniyetmələrlə ruhani məsələləri müzakirə edərkən Təsniyə 11:18, 19 ayələrini necə tətbiq etmək olar?
14 Ruhani cəhətdən vacib olan məsələləri müzakirə etmək üçün ailəvi öyrənmədən başqa, digər imkanlar da mövcuddur. Yehovanın valideynlərə verdiyi əmr yadınızdadırmı? O demişdi: “Mənim bu sözlərimi ürəyinizə və canınıza qoyacaqsınız; və onları əlamət olaraq əlinizin üzərinə bağlayacaqsınız və gözlərinizin arasında alın bağı olacaqdır. Və evində oturduğun və yolda yeridiyin zaman, yatdığın və qalxdığın zaman, onlar haqqında söyləyərək oğullarına onları öyrədəcəksən” (Təsniyə 11:18, 19; həmçinin Təsniyə 6:6, 7 də baxın). Bu o demək deyil ki, valideynlər uşaqlarına daima təbliğ etməlidirlər. Lakin ailəsinə məhəbbətlə başçılıq edən şəxs, ailəsinin ruhani nöqteyi–nəzərlərini təkmilləşdirmək üçün hər zaman imkanlar axtaracaqdır.
TƏRBİYƏ VƏ HÖRMƏT
15, 16. a) Tərbiyə etmək nə deməkdir? b) Nəsihət vermək və bu nəsihətə qulaq asmaq üçün kimlər məs’uliyyət daşıyır?
15 Tərbiyə, islahedici tə’limdir və ünsiyyəti də özünə daxil edir. Bə’zən cəzalandırmaq lazım gəlsə belə, tərbiyə cəzalandırmaqdan çox islah etmək mə’nasını daşıyır. Uşaqlarınızın körpəlikdən tərbiyə edilməyə ehtiyacları vardır. Lakin onların indi də, yeniyetməlik dövründə də bir qədər tə’lim və islah edilməyə, ola bilsin, əvvəlkindən daha çox ehtiyacları var. Sağlam düşüncəli yeniyetmələr bunun doğru olduğunu bilirlər.
16 Müqəddəs Kitabda deyilir: “Səfeh adam atasının nəsihətini xor görür, fəqət məzəmmətə qulaq verən fərasətli olur” (Süleymanın məsəlləri 15:5). Bu ayədən çox şey öyrənirik. Burada nəsihətin veriləcəyi nəzərdə tutulur. Əgər nəsihət verilməsəydi yeniyetmə onu “xor görə” bilməzdi. Nəsihət vermək məs’uliyyətini Yehova valideynlərin, xüsusilə də atanın üzərinə qoyur. Verilən nəsihətə qulaq asmaq məs’uliyyəti isə yeniyetmənin üzərinə düşür. Əgər o, atasının və anasının müdrik nəsihətlərinə diqqət yetirsə, çox şey öyrənər və daha az səhvlərə yol verər (Süleymanın məsəlləri 1:8). Müqəddəs Kitabda deyilir: “Tərbiyəni rədd edən yoxsullaşıb şərəfdən düşər, məzəmməti qəbul edən şərəfə yetişər” (Süleymanın məsəlləri 13:18, MKŞ).
17. Yeniyetmələrə tərbiyə verərkən, valideynlər hansı tarazlığa can atmalıdırlar?
17 Yeniyetmələri tərbiyə edərkən, valideynlər təmkinli olmalıdırlar. Onlar, uşaqlarını qəzəbləndirəcək, hətta özlərinə inamlarını itirəcək dərəcədə sərt olmaqdan çəkinməlidirlər (Koloslulara 3:21). Bununla bərabər, valideynlərə, öz yeniyetmələrini həyati vacib olan tərbiyədən məhrum edəcək səviyyədə yumşaqlıq göstərmək də lazım deyil. Bu cür yumşaqlıq fəlakətə uğrada bilər. Süleymanın məsəlləri 29:17 ayəsində deyilir: “Oğluna tərbiyə ver ki, canın dinc olsun, könlün bundan ləzzət alsın” (MKŞ). Həmin fəslin 21–ci ayəsində isə deyilir: “Kim ərköyün qul böyütsə əgər, axırda bu ona dərd verər” (MKŞ). Bu ayədə quldan bəhs edilsə də, onu ailədəki yeniyetmənin hər birinə tətbiq etmək olar.
18. Tərbiyə nəyə şəhadət edir və yeniyetmələrini ardıcıllıqla tərbiyə edərkən valideynlər nədən çəkinməlidirlər?
18 Doğrudan da, lazımi tərbiyə, valideynin uşağına olan məhəbbətinə sübutdur (İbranilərə 12:6, 11). Əgər valideynsinizsə, uşağın tərbiyəsində ardıcıllığı və müdrikliyi qorumağın nə dərəcədə çətin olduğunu bilirsiniz. Ailədə əmin–amanlıq qorumaq üçün, inadkar yeniyetməyə istədiyini etməyə icazə vermək daha asan görünə bilər. Lakin bu, belə davranan valideynlərə baha başa gələcəkdir, çünki bir qədər vaxt keçdikdən sonra, ailə üzvləri idarəolunmaz olacaqlar (Süleymanın məsəlləri 29:15; Qalatiyalılara 6:9).
İŞ VƏ ƏYLƏNCƏ
19, 20. Valideynlər yeniyetmələrinin əyləncə məsələlərində müdrikliyi necə təzahür etdirə bilərlər?
19 Əvvəllər uşaqlardan adətən gözlənilirdi ki, ev və ya təsərrüfat işlərində valideynlərinə kömək etsinlər. Bu gün bir çox yeniyetmələrin valideyn nəzarətindən kənar boş vaxtları olduqca çoxdur. Həmin boş vaxtı doldurmaq üçün, ticarət dünyası bol–bol əyləncələr təqdim edir. Bura, dünyanın Müqəddəs Kitabın əxlaq normalarına qiymət verməməsini də əlavə etsəniz, yarana bilən bədbəxtliklərin səbəblərini görəcəksiniz.
20 Buna görə də, sağlam düşüncəli valideynlər əyləncəyə dair qərar qəbul ediləndə, axırıncı sözü öz üzərlərinə götürürlər. Lakin unutmayın ki, yeniyetmə böyüyür. Hər halda o, ümid edir ki, ildən–ilə onunla böyüklərlə olduğu kimi davranacaqlar. Beləliklə, yeniyetmə böyüdükcə, etdiyi seçim ruhani yetkinliyinə şəhadət edirsə, əyləncə növünü onun özünün seçməsinə daha çox imkan vermək valideynlər tərəfindən müdriklik olardı. Bə’zən yeniyetmə musiqi, dostlar və bu kimi şeylərin seçimində səhvə yol verə bilər. Belə vəziyyətdə onunla söhbət etmək lazımdır ki, gələcəkdə etdiyi seçim düzgün olsun.
21. Əyləncəyə vaxt ayırmaqda müdrik olmaq yeniyetmələri necə müdafiə edir?
21 Əyləncəyə nə qədər vaxt ayırmaq lazımdır? Bə’zi ölkələrdə yeniyetmələr fərz edirlər ki, fasiləsiz əylənməyə haqları var. Buna görə yeniyetmə vaxtını elə planlaşdıracaqdır ki, əyləncənin biri digərini əvəz etsin. Valideynlər uşağı başqa şeylərə, məsələn, ailə, şəxsi öyrənmə, ruhən yetkin insanlarla ünsiyyət, məsihçi görüşləri və ev işləri kimi şeylərə də vaxt ayırmağı öyrətməlidirlər. Bu isə yol verməyəcəkdir ki, “həyatın qayğıları” Allahın Kəlamını arxa plana çəksin (Luka 8:11–15).
22. Yeniyetmənin həyatında əyləncələr nə ilə tarazlaşdırılmalıdır?
22 Süleyman padşah demişdir: “Bilirəm ki, onlar üçün sevincli olmaqdan və ömürləri boyu yaxşılıq etməkdən daha yaxşı bir şey yoxdur. Həm də hər adamın yeyib içməsi və bütün əməyindən yaxşılıq görməsi Allahın vergisidir” (Vaiz 3:12, 13). Bəli, şənlənmək — tarazlaşdırılmış həyatın ayrılmaz bir hissəsidir. Lakin əməyi də unutmaq olmaz. Sə’ylə çalışmaqdan əldə edilən məmnunluq və ya hər hansı bir çətinliyi aradan qaldırdıqdan və həll etdikdən sonra yaranan özünə hörmət hissi, bu gün bir çox gənclərə mə’lum deyil. Bə’zilərinə, həyatda daha sonra özlərini tə’min etməyə kömək olacaq peşə və ya təcrübə sahibi olmaq imkanı verilmir. Bu, valideynlər üçün doğrudan da çətin məsələdir. Uşağınızın belə bir imkanı olması üçün qayğı göstərəcəksinizmi? Əgər siz yeniyetmənizə əməyi qiymətləndirməyi və hətta sevməyi öyrədə bilsəniz, o, əməyə qarşı düzgün münasibət inkişaf etdirəcək, bu isə ona həyatı boyu gərəkli olacaqdır.
YENİYETMƏ BÖYÜYÜR
23. Valideynlər yeniyetmələrini necə ruhlandıra bilərlər?
23 Hətta yeniyetmənizlə problemləriniz yaransa belə, Müqəddəs Kitabın “məhəbbət əsla tükənməz” ayəsi yenə də qüvvəsini itirmir (1 Korinflilərə 13:8). Uşağınıza şübhəsiz olaraq, duyduğunuz sevgini təzahür etdirməkdən heç vaxt çəkinməyin. Özünüzdən soruşun: “Uşaqlarımdan hər birini, problemlərin öhdəsindən gəlməkdə və ya maneələri aradan qaldırmaqda əldə etdikləri müvəffəqiyyətlərə görə tə’rifləyirəmmi? Uşaqlarıma olan məhəbbətimi və minnətdarlığımı bildirmək üçün münasib vaxtdan istifadə edirəmmi, yoxsa bunu nəzərdən qaçırıram?” Hərdənbir anlaşılmazlıqlar yaransa da, yeniyetmələr sizin onları sevdiyinizə əmin olsalar, çox ehtimal ki, onlar da sizə məhəbbətlə cavab verəcəklər.
24. Müqəddəs Kitabın hansı prinsipi uşaqların tərbiyəsi üçün ümumi qayda xüsusunda ədalətlidir, lakin eyni zamanda nəyi unutmaq olmaz?
24 Əlbəttə, uşaqlar böyüdükcə, tədricən vacib qərarları özləri qəbul edəcəklər. Bə’zi hallarda valideynlər bu qərarları bəyənməyə də bilərlər. Əgər uşaq artıq Yehova Allaha xidmət etməmək qərarına gələrsə, onda necə? Belə bir şey mümkündür. Hətta Yehovanın ruhani oğullarından bə’ziləri Onun məsləhətini rədd edib, üsyankar oldular (Təkvin 6:2; Yəhuda 6). Uşaqlar kompüter deyillər ki, onları istədiyimiz kimi hərəkət etmələri üçün proqramlaşdıraq. Onlar, iradə azadlığı verilmiş varlıqlardır və aldıqları qərara görə Yehovanın qarşısında özləri məs’uliyyət daşıyırlar. Bununla belə, Süleymanın məsəlləri 22:6 ayəsində olan sözlər ümumi qayda xüsusunda ədalətlidir: “Uşağı gedəcəyi yola görə yetişdir, yaşlı olunca da ondan ayrılmaz”.
25. Valideyn olmaq imtiyazını verdiyinə görə, Yehovaya minnətdar olmağın ən gözəl üsulu hansıdır?
25 Beləliklə, uşaqlarınızı məhəbbətlə əhatə edin. Onları Müqəddəs Kitabın prinsiplərinə müvafiq böyütmək üçün əlinizdən gələni edin. Uşaqlarınıza, Allaha məqbul davranış tərzinə dair yaxşı nümunə verin. Belə etməklə, uşaqlarınızın məs’uliyyətli, Allahdan qorxan bir şəxs kimi böyümələrinə ən yaxşı imkan yaratmış olarsınız. Bu, valideyn olmaq imtiyazına görə, Yehovaya minnətdar olmağın ən gözəl üsuludur.