Dərs 5
Allahın Yer kürəsinə dair niyyəti nədir?
Yehova Yer kürəsini nəyə görə yaratmışdır? (1, 2)
Nəyə görə yer hal-hazırda cənnət deyil? (3)
Pis insanlarla nə baş verəcək? (4)
Gələcəkdə İsa xəstələr, qocalar və ölülər üçün nə edəcək? (5, 6)
Gələcək xeyir-duaları əldə etmək üçün nə etmək lazımdır? (7)
1. Yehova Yer kürəsini ona görə yaratdı ki, insanlar orada əbədi yaşayıb, xoşbəxt olsunlar. O istəyirdi ki, həmişə yer üzü ədalətli və bəxtiyar insanlarla sakin olsun (Məzmur 115:16; İşaya 45:18). Yer heç zaman məhv edilməyəcək; o əbədiyyən mövcud olacaqdır (Məzmur 104:5; Vaiz 1:4).
2. İnsanı yaratmazdan əvvəl, Allah yer üzünün kiçik bir hissəsini ayırıb, gözəl cənnətə çevirdi. Həmin yeri Eden bağı adlandırdı. Oraya ilk kişi və qadını — Adəmlə Həvvanı yerləşdirdi. Allah istəyirdi ki, onların uşaqları olsun və bütün yer üzündə sakin olsunlar. Onlar tədricən bütün yer üzünü cənnətə çevirməli idilər (Təkvin 1:28; 2:8, 15).
3. Adəm və Həvva bilərəkdən günah işlədərək Allahın qanunlarını pozdular. Buna görə də Yehova onları Eden bağından qovdu. Cənnət itirildi (Təkvin 3:1-6, 23). Amma Yehova Yerə dair niyyətini unutmayıb. O, və’d edir ki, yer üzünü, insanların əbədiyyən yaşayacaqları cənnətə çevirəcək. O bunu necə edəcək? (Məzmur 37:29).
4. Yer cənnətə çevrilməzdən əvvəl, pis insanlar ondan kənar edilməlidirlər (Məzmur 37:38). Bu, Har-Megidonda — Allahın pisliyi məhv edəcəyi müharibədə baş verəcəkdir. Sonra Şeytan 1 000 il müddətinə zəncirlənəcək. Bu o deməkdir ki, yeri bərbad edən insanlar olmayacaq. Yalnız Allahın xalqı sağ qalacaq (Vəhy 16:14, 16; 20:1-3).
5. Bundan sonra İsa Məsih yer üzərində 1 000 il Padşah kimi hökmranlıq edəcək (Vəhy 20:6). O, tədricən bizim yaddaşımızdan və bədənimizdən günahı təmizləyəcəkdir. İnsanlar, Adəm və Həvvanın günah işlətməzdən əvvəl olduqları kimi, kamil olacaqlar. O zaman nə xəstəlik, nə qocalıq, nə də ölüm olacaqdır. Xəstə adamlar xəstəliklərindən azad olacaq, qocalar yenidən gəncləşəcəklər (Eyub 33:25; İşaya 33:24; Vəhy 21:3, 4).
6. Allaha sadiq olan insanlar İsanın Minillik hökmranlığı ərzində yer üzünü cənnətə çevirəcəklər (Luka 23:43). Bundan əlavə, Allah milyonlarla ölüləri yer üzündə yaşamaq üçün dirildəcəkdir (Həvarilərin işləri 24:15). Əgər onlar Allahın tələblərini yerinə yetirərlərsə, o zaman yer üzündə əbədiyyən yaşayacaqlar. Əks təqdirdə, həmişəlik məhv ediləcəklər (Yəhya 5:28, 29; Vəhy 20:11-15).
7. Allahın Yer kürəsinə dair ilk niyyəti müvəffəqiyyətlə yerinə yetəcək. Gələcəkdə olacaq bu xeyir-duaları əldə etmək istəyərdinizmi? Bunun üçün siz Yehova haqqında öyrənməyi davam etməli və Onun tələblərinə tabe olmalısınız. Yehovanın Şahidlərinin yaxınlıqdakı Padşahlıq Zalında keçirilən yığıncaqlarında iştirak etmək bu işdə sizə kömək edəcək (İşaya 11:9; İbranilərə 10:24, 25).
[10-cu səhifədə olan şəkil]
İtirilmiş cənnət.
[11-ci səhifədə olan şəkillər]
Har-Megidondan sonra yer üzü cənnətə çevriləcək.