Müqəddəs Kitabın boşanmağa yol verdiyi yeganə səbəb
İSA MƏSİH Dağüstü təbliğində demişdir: “Kim arvadını boşayarsa, ona boşanma kağızı versin”, — deyilmişdir. Mən isə sizə deyirəm ki, cinsi əxlaqsızlıqdan başqa bir səbəblə arvadını boşayan hər kəs, onu zinaya düçar edir; və kim boşanmış qadınla evlənərsə, zina edir” (Matta 5:31, 32). Həmçinin İsa fəriseylərə, Musanın boşanmaq üçün verdiyi icazənin “başlanğıcdan” nəzərdə tutulmadığını izah edib dedi: “Mən sizə deyirəm: Kim cinsi əxlaqsızlıqdan başqa səbəblə arvadını boşayıb başqası ilə evlənərsə, zina edər” (Matta 19:8, 9). Bu gün “cinsi əxlaqsızlar” və “zinakarlar” sözləri, bir qayda olaraq, müxtəlif mə’nalar daşıyır. “Cinsi əxlaqsızlar” ifadəsi altında, nikahda olmayıb, könüllü surətdə əks cinslə cinsi əlaqəyə girən insanlar nəzərdə tutulur. “Zinakarlar” isə, evli olub, qanuni nikahda olmadıqları şəxslə könüllü surətdə cinsi əlaqədə olan insanlardır. Lakin “cinsi əxlaqsızlıq” ifadəsi yunanca pornéa sözünün tərcüməsi olub, özünə Müqəddəs Yazıların tələblərinə müvafiq olaraq qurulan nikahdan kənarda qadağan edilən cinsi əlaqənin bütün növlərini daxil edir. Beləliklə, İsa Məsihin Matta 5:32 və 19:9 ayələrində yazılan sözləri göstərir ki, nikah bağlarını, sözün əsl mə’nasında qıra bilən boşanma üçün yeganə səbəb — həyat yoldaşlarından birinin yol verdiyi pornéadır. Belə halda məsihçinin, əgər istəyirsə, boşanmağa və həmimanlılarından biri ilə yenidən nikaha daxil olmağa haqqı var (1 Korinflilərə 7:39).
Əgər evli adam eyni cinsdən olan kəslə cinsi əxlaqsızlıq edirsə (homoseksualizm), bu, iyrənc və mənfurdur. Bu cür nalayiq hərəkətinə görə tövbə etməyən insan Allahın Padşahlığını miras almayacaqdır. Və əlbəttə ki, Müqəddəs Kitabda heyvanla cinsi əlaqə də mühakimə edilir (Levililər 18:22, 23; Romalılara 1:24-27; 1 Korinflilərə 6:9, 10). Bütün bu iyrənc hərəkətlər də pornéanın daşıdığı geniş mə’naya daxildir. Qeyd etməyə dəyər ki, Musanın qanununa görə homoseksualizmə və heyvanla cinsi əlaqəyə görə ölüm cəzası verilirdi; bu, günahsız həyat yoldaşına yenidən nikaha daxil olmaq azadlığı verirdi (Levililər 20:13, 15, 16).
İsa Məsih demişdir ki, “bir qadına şəhvətlə baxan hər adam, artıq ürəyində onunla zina etmiş olur” (Matta 5:28). Lakin İsa, ürəkdə baş qaldırıb, əməldə izhar olunmayan zinanın boşanmaq üçün əsas verdiyini deməmişdi. Məsihin sözləri göstərir ki, insan ürəyini təmiz saxlamalı və zehnini nalayiq fikir və arzularla qidalandırmalı deyil (Yaqub 1:14, 15; Filipililərə 4:8).
Yəhudi ravvin qanununda ər-arvadlıq vəzifəsinin yerinə yetirilməsinə mühüm yer verilirdi və ərin uşağı olmayan arvadını boşamağa ixtiyarı vardı. Lakin Müqəddəs Yazılar məsihçilərin bu səbəbdən boşanmlarına yol vermir. Saranın uzun illər sonsuz olması, İbrahimi onunla boşanmağa təhrik etmədi; bunu, İshaq və Rebeka, Yaqub və Rahel, kahin Zəkəriyyə və Elizavet haqqında da demək olar (Təkvin 11:30; 17:17; 25:19-26; 29:31; 30:1, 2, 22-25; Luka 1:5-7, 18, 24, 57).
Müqəddəs Yazılarda heç bir göstəriş yoxdur ki, həyat yoldaşı öz ər-arvadlıq vəzifəsini fiziki cəhətdən yerinə yetirə bilmədikdə, ruhi və ya sağalmaz xəstəliyə düçar olduqda, yaxud ona qarşı iyrənclik doğuran xəstəlikdən əzab çəkdikdə, məsihçi öz həyat yoldaşından boşana bilər. Fədakar məhəbbət məsihçini təşviq edəcəkdir ki, boşanmaq əvəzinə, nəvazişlə xəstə olan həyat yoldaşının qeydinə qalsın (Efeslilərə 5:28-31). Eynilə həyat yoldaşı başqa dinə mənsub olduqda da, Müqəddəs Kitab məsihçiyə boşanmağa icazə vermir. Əksinə, orada deyilir ki, məsihçi imanına şərik olmayan həyat yoldaşı ilə yaşamağa davam etməklə, onu həqiqi iman üçün “fəth” edə bilər (1 Korinflilərə 7:12-16; 1 Peter 3:1-7).
İsa Dağüstü təbliğində demişdir: “Cinsi əxlaqsızlıqdan başqa bir səbəblə arvadını boşayan hər kəs, onu zinaya düçar edir; və kim boşanmış qadınla evlənərsə, zina edir” (Matta 5:32). Məsih bununla göstərdi ki, əgər ər arvadından “cinsi əxlaqsızlıqdan başqa bir səbəblə” (pornéa) boşanırsa, gələcəkdə arvadının zina işlətməsinə yol verir. Çünki əgər qadın ərinə xəyanət etməyibsə, boşanma nikah bağlarını tamamilə qırmır və qadına yenidən nikaha daxil olmağa və başqası ilə cinsi əlaqəyə girməyə icazə vermir. Məsih “kim boşanmış qadınla evlənərsə, zina edir” dedikdə, ərindən “cinsi əxlaqsızlıqdan başqa bir səbəblə” (pornéa) boşanan qadınla nikaha daxil olmaqdan bəhs edirdi. Həmin qadın rəsmi surətdə boşansa da, Müqəddəs Yazılara əsasən boşanmış hesab oluna bilməz.
İsanın fəriseylərə ünvanladığı sözləri Matta kimi, Mark da qeydə almışdır: “Kim arvadını boşayıb başqası ilə evlənərsə, ona qarşı zina edər; qadın da ərindən boşanıb başqasına gedərsə, zina edər” (Mark 10:11, 12; Matta 19:3-9). Buna bənzər fikri Luka 16:18 ayəsində də oxuya bilərik. Orada deyilir: “Arvadını boşayıb başqa qadınla evlənən hər kəs zina edər; və ərindən boşanan ilə evlənən hər kəs zina edər”. Əgər bu ayələri ayrı-ayrılıqda nəzərdən keçirsək elə görünə bilər ki, səbəbindən asılı olmayaraq, məsihçiyə boşanmaq tamamilə qadağandır; yaxud boşanan insanın, sanki, keçmiş həyat yoldaşı ölüncəyə qədər yeni nikaha daxil olmaq ixtiyarı yoxdur. Lakin İsanın Mark və Luka tərəfindən yazılan sözlərini, Mattanın daha müfəssəl surətdə yazdığı mə’lumatın işığında araşdırmaq lazımdır. Mattanın sözlərində “cinsi əxlaqsızlıqdan başqa bir səbəblə” boşanma ilə bağlı mühüm əlavə vardır (Matta 19:9; həmçinin 5:32 ayəsinə də baxın) və bu göstərir ki, Markın və Lukanın sözləri boşanma sədaqətsiz həyat yoldaşı tərəfindən işlədilən “cinsi əxlaqsızlıq” (pornéa) üzündən deyil, hər hansı başqa səbəbdən baş verən hallara aiddir.
Lakin ər-arvad sədaqətini pozan tərəf tövbə edirsə, Müqəddəs Yazılar boşanmağa vadar etmir. Bu zaman, ehtimala görə, zina edən arvadı Gomeri yenidən qəbul edən Hoşea və ruhani cəhətdən zina işlətdiyi üçün tövbə edən İsrail xalqına mərhəmət göstərən Yehova kimi, məsihçi ər və ya arvad da mərhəmət göstərə bilərlər (Hoşea 3-cü fəsil).
Allahın başlanğıcda tə’yin etdiyi normaların bərpası. Tamamilə aydındır ki, İsa Məsihin sözləri başlanğıcda Yehova Allahın nikaha dair tə’yin etdiyi yüksək normaların bərpa olunmasına işarə edirdi. İsanın sözlərindən aydın olur ki, onun şagirdi olanlar bu yüksək normalara ciddi riayət etməlidirlər. Musanın qanununun yol verdiyi güzəştlər həmin vaxt qüvvədə olsa da, İsanın həqiqi davamçıları — onun Atasının iradəsini yerinə yetirən və onun sözlərinə riayət edənlər bu cür güzəştlərə əl atmır və arvadlarına qarşı daşürəkli davranmırdılar (Matta 7:21-29; 19:8). Onlar Məsihin həqiqi davamçıları kimi, Allahın başlanğıcda tə’yin etdiyi, nikahın əsasını təşkil edən prinsipləri pozmamalı və “cinsi əxlaqsızlıqdan başqa səbəb” (pornéa) üzündən öz həyat yoldaşları ilə boşanmalı deyildilər.
Əgər subay insan fahişə ilə cinsi əxlaqsızlığa yol verirsə, “onunla bir bədən olur”. Eynilə zinakar adam da artıq öz qanuni arvadı ilə deyil, cinsi əlaqədə olduğu həmin əxlaqsızla “bir bədən olur“. Beləliklə zinakar adam yalnız öz bədəninə qarşı deyil, həmçinin indiyə kimi onunla “bir bədən” olan qanuni arvadına qarşı da günah işlədir (1 Korinflilərə 6:16-18). Bu, Allahın prinsiplərinə əsasən, zinakarlığın nə üçün boşanmağa tam əsas verməsinin səbəbini göstərir. Zinakarlıq üzündən baş verən boşanma yalnız dünyəvi deyil, həmçinin Müqəddəs Kitab prinsipləri baxımından da e’tibarlı sayılır. Belə boşanma günahsız həyat yoldaşına, hörmət ediləcək yeni nikaha daxil olmağa imkan verir (İbranilərə 13:4).