Yehova rifahımız üçün bizi müşahidə edir
«Rəbbin gözləri yer üzünü seyr edir ki, ürəyi bütünlüklə Onunla olanları qüvvətləndirsin» (2 SALN. 16:9).
1. Yehova bizi nə üçün yoxlayır?
YEHOVA kamil Atadır. O bizi o qədər yaxşı tanıyır ki, hətta ‘ağlımızın bütün istəklərini’ də bilir (1 Saln. 28:9). Amma Yehova bizdə sadəcə bir nöqsan tutmaq üçün bizi yoxlamır (Məz. 11:4; 130:3). Əksinə, bizi Onunla münasibətlərimizə, yaxud əbədi həyat ümidimizə zərər vuracaq hər şeydən məhəbbətlə müdafiə etmək istəyir (Məz. 25:8-10, 12, 13).
2. Yehova Öz gücündən kimlərin rifahı üçün istifadə edir?
2 Yehova hər şeyə qadirdir və hər şeyi görür. Buna görə də, sadiq xidmətçiləri Onu köməyə çağırdıqları hər an imdadlarına çata və sınaqlar zamanı onlara dayaq ola bilər. 2 Salnamələr 16:9 ayəsində deyilir: «[Yehovanın] gözləri yer üzünü seyr edir ki, ürəyi bütünlüklə Onunla olanları qüvvətləndirsin». Fikir ver ki, Yehova Öz gücündən Ona bütün ürəklə, yəni saf və səmimi niyyətlə xidmət edənlərin rifahı üçün istifadə edir. O, fitnəkarlara və ikiüzlülərə bu cür qayğı göstərmir (Yeşua 7:1, 20, 21, 25; Sül. məs. 1:23-33).
Allahla yeri
3, 4. ‘Allah ilə yerimək’ nə deməkdir və Müqəddəs Kitabdan hansı nümunələr bunu başa düşməyimizə kömək edir?
3 Bir çoxları üçün böyük kainatı Yaradanın insanlara ruhani mənada Onunla yeriməyə icazə verməsi ağlasığmazdır. Amma Yehova bizim məhz belə etməyimizi istəyir. Qədim zamanlarda Xanok və Nuh ‘Allah ilə yeriyirdilər’ (KM) (Yar. 5:24; 6:9). Musa «Görünməyəni görürmüş kimi, möhkəm dayandı» (İbr. 11:27). Padşah Davud təvazökarlıqla səmavi Atası ilə sanki yanaşı yeriyirdi. O demişdi: «[Yehova] sağımda olduğu üçün sarsılmaram» (Məz. 16:8).
4 Təbii ki, biz hərfi mənada Yehovanın əlindən tutub Onunla yeriyə bilmərik. Amma bunu məcazi mənada etmək mümkündür. Necə? Məzmurçu Asəf yazırdı: «Daim Səninlə olmuşam, mənim sağ əlimdən tutmusan. Nəsihətinlə mənə yol göstərirsən» (Məz. 73:23, 24). Sadə sözlərlə desək, Yehovanın əsas etibarilə Öz Kəlamı, həmçinin «sadiq və ağıllı qul» vasitəsilə verdiyi məsləhətlərə dəqiq əməl edəndə Onunla yeriyirik (Mat. 24:45; 2 Tim. 3:16).
5. Yehova bir Ata kimi sadiq xidmətçilərinə necə nəzarət edir və Ona qarşı hansı hisslərimiz olmalıdır?
5 Yehova Onunla yeriyənləri nəcib məhəbbətlə sevdiyi üçün onların qeydinə qalmaqla, müdafiə etməklə və öyrətməklə Öz ata nəzarətini üzərlərində saxlayır. Allah deyir: «Sənə təlim verəcəyəm, gedəcəyin yolu öyrədəcəyəm. Nəsihət verəcəyəm, gözüm sənin üstündə olacaq» (Məz. 32:8). Özündən soruş: Onun hikmətinə qulaq asaraq və gözünün üzərimdə olduğunu bilərək özümü Yehovanın əlindən tutub yeriyən təsəvvür edirəmmi? Onun yanımda olduğunu bilməyim fikirlərimə, sözlərimə və hərəkətlərimə təsir edirmi? Səhvə yol verəndə Yehovanı soyuq və sərt Ata kimi deyil, tövbə edənə Onunla yaxın münasibəti bərpa etməyə kömək etmək istəyən mərhəmətli Ata kimi görürəmmi? (Məz. 51:17).
6. Valideynlərimizdən fərqli olaraq, Yehovanın hansı üstün cəhəti var?
6 Bəzən Yehova hətta biz səhv yola qədəm qoymazdan öncə köməyimizə gələ bilər. Misal üçün, O diqqət yetirə bilər ki, hiyləgərliyə meylli olan ürəyimiz düzgün olmayan şeyləri arzulamağa başlayır (Yer. 17:9). Belə vəziyyətdə O, insanın doğma valideynlərindən daha cəld tərpənə bilər, çünki ürəyimizin dərinliklərini və gizli fikirlərimizi görür (Məz. 11:4; 139:4; Yer. 17:10). Gəlin peyğəmbər Yeremyanın mirzəsi və yaxın dostu olan Barukun vəziyyətində Yehovanın nə etdiyinə baxaq.
Baruka ata qayğısı göstərilir
7, 8. a) Baruk kim idi və ehtimala görə, onun ürəyində hansı səhv istəklər inkişaf etməyə başlamışdı? b) Yehovanın Baruka ata qayğısı nədən görünür?
7 Peşəkar mirzə olan Baruk Yehovanın hökmünü Yəhudaya bəyan etmək kimi çətin tapşırığı Yeremya ilə birgə sədaqətlə yerinə yetirirdi (Yer. 1:18, 19). Tanınmış ailədən olduğu ehtimal edilən Baruk müəyyən bir vaxtda özü üçün «çox şey» istəməyə başladı. Yəqin, o özündə maddi firavanlığa meyl və istəyin baş qaldırmasına yol verdi. Hər necə olsa da, Yehova Barukun ürəyində bu təhlükəli fikirlərin inkişaf etdiyini gördü. Yehova vaxt itirmədən Yeremya vasitəsilə ona dedi: «Sən dedin ki, vay mənim halıma! Çünki Rəbb dərdlərimə kədər də qatdı, iniltimdən yoruldum, rahatlıq tapmıram». Sonra Allah dedi: «Özün üçün çox şey istəyirsənsə, istəmə» (Yer. 45:1-5).
8 Yehova Barukla açıq danışsa da, bunu qəzəblə deyil, əsl ata qayğısı ilə etdi. Allah gördü ki, onun arzuları ürəyinin pis və ya hiyləgər olduğunu göstərmirdi. Yehovaya Yerusəlimin və Yəhudanın son günlərini yaşadığı məlum idi və Barukun bu böhranlı vaxtda səhvə yol verməsini istəmirdi. Buna görə, onun gözünü açmaq üçün Allah ‘bütün bəşərin üzərinə bəla gətirəcəyini’ ona xatırlatdı və söylədi ki, hikmətlə davranarsa, həyatını itirməyəcək (Yer. 45:5). Allah bunları demək istəyirdi: «Baruk, həyata real bax. Günah içində batan Yəhuda və Yerusəlimin başına tezliklə nə gələcəyini unutma. Sadiqliyini qoru və yaşa! Mən səni qoruyacağam». Yehovanın sözləri Barukun ürəyinə yol tapdı, çünki o, düşüncə tərzində dəyişiklik etdi və 17 ildən sonra Yerusəlim darmadağın ediləndə sağ qaldı.
9. Bu abzasdakı suallara necə cavab verərdin?
9 Barukun hadisəsi üzərində düşünərkən növbəti suallara və ayələrə diqqət yetir: Yehovanın Barukla necə davrandığı həm Onun, həm də xidmətçilərinə olan hissləri barəsində nəyi aşkar edir? (İbranilərə 12:9 ayələrini oxu.) Yaşadığımız çətin zəmanəni nəzərə alaraq, Yehovanın Baruka məsləhətindən və onun buna necə hay verməsindən nə öyrənə bilərik? (Luka 21:34-36 ayələrini oxu.) Məsihçi ağsaqqallar Yeremyanı təqlid edərək Yehovanın Öz xidmətçilərinə olan qayğısını necə əks etdirə bilərlər? (Qalatiyalılara 6:1 ayəsini oxu.)
Oğul Atasının məhəbbətini təqlid edir
10. Məsihçi yığıncağının Başı olan İsa bu vəzifənin öhdəsindən gəlmək üçün nə ilə təchiz edilib?
10 Məsihçilikdən əvvəlki dövrlərdə Yehova Öz xalqına olan məhəbbətini peyğəmbərləri və digər sadiq xidmətçiləri vasitəsilə göstərirdi. İndi isə O bunu ilk növbədə məsihçi yığıncağının Başı olan İsa Məsihin vasitəsilə edir (Efes. 1:22, 23). Buna görə də, İsa «Vəhy» kitabında «yeddi gözü» olan Quzu kimi təsvir edilir və deyilir ki, bu gözlər ‘Allahın bütün dünyaya göndərdiyi yeddi ruhudur’ (Vəhy 5:6). Allahın müqəddəs ruhu ilə dolu olan İsa mükəmməl ayırd etmə qabiliyyətinə malikdir. O da bizim daxilən necə insan olduğumuzu görür və nəzərindən heç nə qaçmır.
11. Məsihin rolu nədən ibarətdir və bizə münasibətində Atasını necə təqlid edir?
11 Yehova kimi İsa da göydən nəzarət edən polis deyil. O, məhəbbətdən irəli gələrək bizə diqqətlə baxır. İsanın titullarından biri olan «Əbədi Ata» titulu bizə xatırladır ki, ona iman edənlərin əbədi həyatı almalarında o, hansı rolu oynayacaq (Yeşaya 9:6). Bundan əlavə, məsihçi yığıncağının Başı kimi, İsa ruhən yetkin məsihçiləri, ələlxüsus ağsaqqalları ehtiyac duyanlara təsəlli və ya məsləhət verməyə təşviq edə bilər (1 Salon. 5:14; 2 Tim. 4:1, 2).
12. a) Kiçik Asiyadakı yeddi yığıncağa ünvanlanan məktublardan İsa haqqında nə öyrənmək olar? b) Ağsaqqallar Allahın xalqı ilə münasibətdə Məsihin xüsusiyyətlərini necə əks etdirirlər?
12 Məsihin sürü ilə dərindən maraqlandığını Kiçik Asiyadakı yeddi yığıncağın ağsaqqallarına ünvanlanan məktublardan görmək olar (Vəhy 2:1–3:22). Onlarda İsa hər yığıncaqda baş verənlərdən xəbərdar olduğunu və öz davamçıları üçün çox narahat olduğunu bildirirdi. «Vəhy» kitabındakı görüntü «Rəbbin günündə» yerinə yetdiyi üçün bu bizim günlərə daha çox aiddira (Vəhy 1:10). Adətən Məsihin məhəbbəti yığıncaqda ruhani çobanlar kimi xidmət edən ağsaqqallar vasitəsilə təzahür olunur. İsa «insanlar timsalında hədiyyələr» (YD) olan bu adamları lazım gəldikdə təsəlli və ya məsləhət verməyə, ruhlandırmağa təşviq edə bilər. (Efes. 4:8; Həv. iş. 20:28; Yeşaya 32:1, 2 ayələrini oxu.) Sən onların göstərdiyi səyi Məsihin şəxsən səninlə maraqlandığının təzahürü kimi qəbul edirsənmi?
Vaxtında göstərilən kömək
13-15. Allah dualarımıza necə cavab vermək qərarına gələ bilər? Nümunələr çəkin.
13 Elə olubmu ki, kömək üçün səylə dua etmisən və cavab olaraq ruhən yetkin məsihçi sənə baş çəkib ruhlandırıb? (Yaq. 5:14-16). Yaxud, ola bilsin, köməyi yığıncaq görüşündə söylənilən məruzədən və ya nəşrlərimizdəki məlumatdan almısan. Yehova adətən dualara belə cavab verir. Məsələn, bir ağsaqqala məruzəsindən sonra, bundan öncə bir neçə həftə ərzində amansız haqsızlıqla üzləşən bir bacı yaxınlaşdı. O öz problemindən gileylənmədi, əksinə, məruzədə səslənən konkret ruhani fikirlərə görə dərin minnətdarlığını bildirdi. Onlar bacının vəziyyətinə tətbiq edilən idi və ona çox təsəlli verdi. O, həmin görüşə gəldiyinə görə çox şad idi.
14 Dua vasitəsilə kömək alan üç dustağın nümunəsinə nəzər salaq. Onlar Müqəddəs Kitab həqiqətini həbsxanada öyrənmiş və vəftiz olunmamış təbliğçi olmuşlar. Baş verən bir dəhşətli hadisədən sonra bu həbsxanada yatanların hamısına bir sıra əlavə məhdudiyyətlər qoyulmuşdu. Bu, üsyana səbəb oldu. Dustaqlar qərara gəldilər ki, növbəti gün səhər yeməyindən sonra etiraz əlaməti olaraq boşqabları qaytarmayacaqlar. Vəftiz olunmamış həmin üç təbliğçi odla su arasında qaldı. Əgər üsyana qoşulsaydılar, Yehovanın Romalılara 13:1 ayəsindəki göstərişini pozardılar, qoşulmadıqları təqdirdə isə, qəzəblənmiş dustaqlar onlardan qisas alardılar.
15 Bir-biri ilə ünsiyyət etmək imkanları olmayan bu üç nəfər duada Allahdan müdriklik dilədi. Səhərisi gün üçünün də eyni qərara gəldiyi məlum oldu — onlar səhər yeməyindən imtina etmişdilər. Gözətçilər boşqabları yığmağa gələndə onlar heç bir şey qaytarası olmadılar. Onlar «duaları eşidən»in yanlarında olduğuna necə də şad idilər! (Məz. 65:2).
Gələcəyə əminliklə bax
16. Təbliğ işi Yehovanın səmimi insanların qayğısına qaldığını necə göstərir?
16 Ümumdünya təbliğ işi, harada yaşamalarından asılı olmayaraq, Yehovanın səmimi-qəlbli insanların qeydinə qaldığını göstərən digər sübutdur (Yar. 18:25). Yehova çox vaxt mələklərdən istifadə edərək, hətta xoş xəbərin hələ çatmadığı ərazilərdə yaşasalar belə, Öz xidmətçilərini səmimi insanların yanına yönəldə bilər (Vəhy 14:6, 7). Misal üçün, Allah birinci əsrdə təbliğçi olan Filipi mələyin vasitəsilə həbəşistanlı məmurun yanına göndərdi ki, Müqəddəs Yazıları ona izah etsin. Bunun nəticəsi nə oldu? Həmin adam xoş xəbəri qəbul etdi və İsanın vəftiz edilmiş davamçısı oldub (Yəh. 10:14; Həv. iş. 8:26-39).
17. Nəyə görə gələcəyimiz üçün çox narahat olmamalıyıq?
17 İndiki sistemin sonu yaxınlaşdıqca qabaqcadan deyilmiş ‘ağrılar’ get-gedə artacaq (Mat. 24:8). Məsələn, əhalinin artması, təbii fəlakətlər və iqtisadiyyatdakı qeyri-stabillik nəticəsində ərzaq məhsullarının qiyməti əhəmiyyətli dərəcədə arta bilər. İş tapmaq çətinləşə və işçilərdən daha çox işləmək tələb oluna bilər. Hər nə baş versə də, ruhani maraqları birinci yerə qoyanlar və ‘gözünü sağlam’ saxlayanlar həddən artıq narahat olmamalıdırlar. Onlar Allahın onların sevdiyini və qeydlərinə qalacağını bilirlər (Mat. 6:22-34). Gəlin görək, eramızdan əvvəl 607-ci ildə Yerusəlim özünün dəhşətli son günlərini yaşadığı zaman Yehova Yeremyanın qayğısına necə qalmışdı.
18. Yerusəlimin mühasirədə olduğu vaxt ərzində Yehova Yeremyanı sevdiyini necə sübut etdi?
18 Yerusəlimin babillilər tərəfindən mühasirəsinin sonlarında Yeremya keşikçilər həyətində zindanda idi. O, qidanı haradan tapacaqdı? Əgər azadlıqda olsaydı, yeməyi özü axtarmalı olardı. Lakin Yeremya əksəriyyəti ona nifrət edən insanlardan asılı idi. Bununla belə, o, insanlara yox, onun qeydinə qalacağını vəd edən Allaha bel bağlayırdı. Yehova Öz vədini yerinə yetirdimi? Əlbəttə! Yehova qayğı göstərdi ki, «şəhərdə çörək ehtiyatı qurtarana qədər» Yeremyaya hər gün ‘bir parça çörək versinlər’ (Yer. 37:21). Yeremya, eləcə də Baruk, Eved-Melek və digərləri aclığın, xəstəliyin və ölümün tüğyan etdiyi bir vaxtda sağ qaldılar (Yer. 38:2; 39:15-18).
19. Gələcəkdə hər nə ilə qarşılaşsaq da, nədə qətiyyətli olmalıyıq?
19 Bəli, Yehovanın «gözləri salehlərə, qulaqları onların dualarına tərəf yönəlmişdir» (1 Pet. 3:12). Yehovanın gözlərinin həmişə sənin üzərində olması səni sevindirirmi? Onun gözlərinin sənin rifahın üçün üzərində olduğunu bildiyinə görə özünü təhlükəsizlik hiss edirsənmi? Belə isə, gələcəkdə hər nə baş versə də, Allahla yeriməyə qətiyyətli ol. Biz əmin ola bilərik ki, qayğıkeş Atamız olan Yehovanın gözləri daima Öz sadiq xidmətçilərinin üzərində olacaq. (Məz. 32:8; Yeşaya 41:13 ayəsini oxu.)
[Haşiyələr]
a Məktublar əsas etibarilə İsanın məsh olunmuş davamçılarına ünvanlansa da, ümumilikdə Allahın bütün xidmətçilərinə aiddir.
b Allahın rəhbərliyinin başqa bir nümunəsini Həvarilərin işləri 16:6-10 ayələrində görmək olar. Burada oxuyuruq ki, Pavelə və onun əməkdaşlarına ‘müqəddəs ruh Asiya əyalətində [və Bitiniyada] kəlamı təbliğ etməyə qoymadı’. Əvəzində onlar Makedoniyaya göndərildilər və orada bir çox həlim insanlar xoş xəbərə hay verdilər.
İzah edə bilərsinizmi?
• ‘Allahla yeridiyimizi’ necə göstərə bilərik?
• Baruku sevdiyini Yehova necə göstərdi?
• İsa məsihçi yığıncağının Başı kimi, Atasının xüsusiyyətlərini necə təzahür etdirir?
• Bu çətin günlərdə Allaha güvəndiyimizi necə göstərə bilərik?
[9-cu səhifədəki şəkillər]
Yeremyanın Barukla davrandığı kimi, bu gün də məsihçi ağsaqqallar Yehovanın qayğısını əks etdirirlər
[10-cu səhifədəki şəkil]
Yehova öz vaxtında necə kömək göstərir?