Ruhani ziyafət və şadlıq
1 Yehova xidmətçilərinin ruhani tələbatlarının qayğısına məhəbbətlə qalır. Bütün dünya ruhani cəhətdən aclıq çəkdiyi halda, biz çox yaxşı qidalanırıq (Yeşaya 65:13). Yehovanın bizi ruhani qida ilə təmin etmək üsullarından biri hər il keçirilən vilayət konqresləridir. «Allahın ruhu bələdçimizdir» adlı üzümüzə gələn vilayət konqresinin bütün hissələrində iştirak etmək üçün hazırlıq görürsənmi? Bizim üçün ləziz və bəsləyici təamlardan ibarət ruhani ziyafət hazırlanır.
2 Qabaqcadan planlaşdır. «Çalışqanın niyyəti xeyir gətirər» (Sül. məs. 21:5). Buna görə, konqresin hər üç günündə olmağı planlaşdırarkən, əgər işdən qalmalı olacaqsansa, müdirindən icazə almağı təxirə salma. Qalmaq üçün yer lazım gələcəksə, bu barədə tədbir görmüsənmi? Həmçinin yaxşı olardı ki, konqres keçirilən yerdə naharı həmimanlılarınla birlikdə etmək üçün özünlə yemək gətirəsən. Özünə yer tapmaq, ilk mahnı və duada iştirak etmək üçün çalış konqresin hər günü kifayət qədər tez gələsən.
3 Əmin olmalıyıq ki, geyimimiz ədəbli və səliqəlidir (1 Tim. 2:9, 10). Vilayət konqresləri zamanı şahidlik etmək üçün gözəl imkanlarımız yaranır. Konqres keçirilən yerdə olarkən ədəbli geyimimizlə və plaket taxmaqla ətrafdakılardan seçiləcək və bizi müşahidə edənlərə xoş təsir bağışlayacağıq.
4 Diqqətlə qulaq as. Sözsüz ki, biz bu ruhani ziyafətdə verilən təamların bir parçasını belə qaçırmaq istəmirik! (Sül. məs. 22:17, 18). Oxunan ayələri öz Müqəddəs Kitabımızdan izləmək və qısa qeydlər aparmaq diqqətimizin yayınmamasına və proqrama cəmlənməsinə kömək edəcək. Axşam isə qeydlərimizdən istifadə edərək proqramda səslənən maraqlı fikirləri başqaları ilə müzakirə edə bilərik. Son illərdə müşahidə edilmişdir ki, bəzi gənclər konqres zamanı bir yerdə oturub bir-biri ilə söhbət edir və ya mobil telefon vasitəsilə məktublaşırlar. Yaxşı olardı ki, yeniyetmələr də daxil olmaqla, uşaqlarımızla bir yerdə oturaq və onların bizdən aralı başqa gənclərlə bir oturmalarına yol verməyək, əksinə, proqrama ailəliklə qulaq asaq.
5 Qardaşlıq münasibətlərindən həzz alın. Ləziz yeməkləri dostlarla birlikdə dadmaq insana daha çox həzz gətirir (Sül. məs. 15:17). Eyni tərzdə, bacı-qardaşlarla ünsiyyət konqresdən aldığımız sevinci daha da artırır. Buna görə də, fasilələr zamanı bacı-qardaşlarla tanış olmaq və ünsiyyət etmək üçün təşəbbüsü öz üzərimizə götürmək necə də xoşdur! (Məz. 133:1). Proqramın sədri musiqi başlamazdan əvvəl bizi nəzakətlə yerlərimizə əyləşməyə dəvət edəndə, söhbəti dayandırmalı və proqram başlayana kimi yerlərimizi tutmalıyıq.
6 Şahidlik etmək üçün hər imkandan istifadə et. Adətən konqreslər zamanı şahidlik etmək üçün gözəl imkanlar yaranır. Konqresdən çıxan bacı-qardaşları görən adamlar onların yaxasındakı plaketi oxuyub konqresin mövzusu haqda soruşmuşlar. Bunun sayəsində, yaxşı söhbət alınmış və onlar həqiqətə gözəl şahidlik etmişlər. Soruşanların bəziləri dəvəti qəbul edib konqresə gəlmişlər.
7 Proqramın, yerin, konqres şöbələrinin və məruzələrin hazırlanmasına minlərlə saat sərf olunur. Bu ruhani ziyafətin hazırlanmasına məhəbbətlə çəkilən əmək Yehovanın Öz xalqına olan qayğısını əks etdirir. Gəlin hamımız orada iştirak edək və doyunca qidalanaq! Belə etsək, biz dünyadan fərqli olaraq ‘şadlanıb mədhiyyələr söyləyəcəyik’ (Yeşaya 65:14).
[Öyrənilmə üçün olan suallar]
1. Yehova xidmətçilərinin ruhani tələbatlarının qayğısına necə qalır?
2. Konqresə hazırlıq özünə nəyi daxil edir?
3. Geyimimiz necə olmalıdır?
4. Bizə və ailəmizə proqramdan daha çox fayda əldə etməyə nə kömək edəcək?
5. Konqresdən daha çox həzz almaq üçün nə edə bilərik?
6. Öz təcrübənə əsaslanaraq konqres keçirilən yerdə şahidlik etməyin necə mümkün olduğu haqda danış.
7. Üzümüzə gələn vilayət konqresində nə üçün iştirak etməliyik?