Oxucuların sualları
Həyat yoldaşımla mən həqiqətə gəlməzdən qabaq, uşaq sahibi olmaq istədiyimiz üçün in vitro (süni mayalanma) üsulundan istifadə etmişik. Ancaq mayalanmış yumurta hüceyrələrimizin (embrionlar) hamısı istifadə olunmadı, bəziləri dondurulub saxlanıldı. Onları saxlamaq, yoxsa məhv etmək lazımdır?
▪ Bu, in vitro fertilizasiya (IVF) üsulunu seçmək qərarına gələn cütlüklərin qarşılaşdığı çoxsaylı vacib əxlaqi-mənəvi suallardan biridir. Hər bir cütlük öz qərarına görə Yehova Allah qarşısında məsuliyyət daşıyır. Bu sahədə qərar verməkdə yardımçı reproduktiv (dölyaratma) texnologiya haqqında daha çox məlumat almaq kömək edə bilər.
Çoxlarının «sınaq şüşəsində uşaq» adlandırdığı körpəni ilk dəfə 1978-ci ildə ingiltərəli bir qadın dünyaya gətirmişdi. O, hamilə qala bilmirdi, çünki onun uşaqlıq borusu bağlı olduğundan sperma yumurta hüceyrə ilə birləşə bilmirdi. Tibb işçiləri əməliyyat vasitəsilə qadından alınan yetkin yumurta hüceyrəni şüşə boruya yerləşdirmiş və ərindən götürülən sperma hüceyrə ilə mayalandırmışdılar. Nəticədə alınan embrion qidalandırıcı mühitdə inkişaf etdirilmiş, sonra da onun ana bətninə nüfuz etməsi üçün uşaqlığa yerləşdirilmişdi. Beləcə, onun qız övladı dünyaya gəldi. Bu və buna bənzər digər üsullar in vitro (şüşədə) fertilizasiya, yəni IVF adı ilə tanışdır.
Bu metodun müəyyən detalları ölkədən-ölkəyə fərqlənsə də, IVF-yə növbəti şeylər daxildir: qadının yumurtalığında çoxlu yumurta hüceyrələrinin əmələ gəlməsi üçün həftələr ərzində ona güclü mayalandırıcı dərmanlar verilir. Ərdən isə masturbasiya yolu ilə təzəcə ifraz edilmiş sperma verməsi tələb oluna bilər. Yumurta hüceyrələr və təmizlənmiş sperma laboratoriyada birləşdirilir. Çoxsaylı yumurta hüceyrələr mayalanmağa və bölünməyə başlayaraq embriona çevrilə bilər. Bir neçə gündən sonra yenicə əmələ gələn embrionlar implantasiya olunub inkişaf etmək üçün diqqətlə müayinə olunur və sağlamlar qüsurlulardan seçilir. Hamilə qalmaq şansını artırmaq üçün təxminən üçüncü gün sadəcə bir yox, iki və ya üç ən yaxşı embrion qadının uşaqlığına transfer olunur, yəni köçürülür. Əgər bir və ya daha çox embrion implantasiya olunursa, o, hamilə qalır və vaxtı çatanda dünyaya övlad gətirir.
Bəs tam sağlam olmayan, hətta qüsurlu olanlar da daxil olmaqla, köçürülməyən embrionlarla nə baş verir? Uşaqlıqdan kənar qalan embrion tez bir vaxtda məhv ola bilər. Buna görə də qalan embrionları azotlu maddənin içində dondurmaq olar. Nə üçün? Əgər birinci IVF uğursuz alınarsa, ucuz qiymətə başa gəlməsi üçün növbəti dəfə qalan embrionlardan istifadə etmək olar. Lakin bu, əxlaqi bir məsələdir. Yuxarıda xatırlanan cütlük kimi, bir çoxları iki daş arasında qalırlar, dondurulmuş embrionlarla nə edəcəklərini bilmirlər. Ola bilsin, yaşları və maddi vəziyyətləri yol vermədiyindən onlar daha uşaq istəmirlər. Onlar eyni vaxtda bir neçə uşaqları olacağından qorxurlara. Yaxud həyat yoldaşlarından birinin ölümü və ya başqa biri ilə ailə qurması vəziyyəti çətinləşdirə bilər. Bəli, bu kimi çoxsaylı narahatçılıqlar mövcud olduğundan bəzi cütlüklər embrionların qorunub saxlanılması üçün illərlə pul ödəməli olurlar.
2008-ci ildə «Nyu-York Tayms» qəzetində baş embrioloq qeyd etmişdi ki, pasientlər qalan embrionlarla nə edəcəklərinə qərar verməyə çətinlik çəkirlər. Həmin məqalədə deyilir: «Ölkədəki bütün klinikalarda ən azından 400 000 dondurulmuş embrionlar saxlanılır və hər gün yeniləri əlavə olunur... Embrionlar lazımi qaydada dondurulduğu təqdirdə on illərlə, hətta daha çox saxlanıla bilər, amma donu açılanda heç də onların hamısı sağ qalmır». (Kursiv bizimdir.) Sonuncu fakt bəzi məsihçiləri dayanıb düşünməyə vadar edir. Nəyə görə?
İn vitro mayalandırma ilə bağlı məsələlərlə üzləşən məsihçi ər-arvadlar başqa tibbi prosedurlar barədə də fikirləşə bilərlər. Sevdiklərindən kimsə ölümcül vəziyyətdə olarsa və həyatı ventilyator kimi süni nəfəsverici vasitələrdən asılı olarsa, məsihçiyə nə etməli olduğuna dair qərar vermək lazım gələ bilər. Həqiqi məsihçilər tibbi kömək almaqdan imtina etmirlər; Çıxış 20:13 və Məzmur 36:9 ayələrinə əsasən, onlar həyatı yüksək qiymətləndirirlər. «Oyanın!» jurnalının 1974-cü il 8 may sayında (ing.) yazılıb: «Onlar Allahın həyatın müqəddəsliyinə dair nöqteyi-nəzərinə hörmət etdikləri, vicdanlarının səsinə qulaq asdıqları və dövlət qanunlarına itaət etdikləri üçün, eləcə də Müqəddəs Kitaba uyğun olaraq yaşamaq istədikləri üçün heç vaxt evtanaziyaya (pasientin həyatına bilərəkdən son qoymaq) yol verməzlər». Lakin bəzən sevdiyimiz insan üçün yeganə çıxış yolu yaşamağa kömək edən texnoloji vasitələr ola bilər. Belə vəziyyətlərdə ailə üzvləri onun süni nəfəsverici vasitələrlə yaşayıb-yaşamayacağına qərar verməlidirlər.
Düzdür, bu vəziyyət IVF üsulundan istifadə etməli olan və hal-hazırda embrionları dondurulub saxlanılan cütlüyün vəziyyəti ilə eyni deyil. Həmin cütlüyə təklif olunan variantlardan biri embrionları azotlu maddənin içərisindən çıxarıb donunu açmaqdır. Embrionlar dondurulduqları süni mühitindən kənara çıxarıldıqda tez bir vaxtda xarab olmağa başlayır və yararsız hala düşür. Cütlüklər buna razı olub-olmayacaqlarına qərar verməlidirlər (Qalat. 6:7).
IVF üsulu ilə hamilə qalıb uşaq sahibi olmaq istəyən cütlük ya embrionların dondurulub saxlanılması üçün pul ödəməyə davam etmək, ya da gələcəkdə yenidən bu üsulla uşaq sahibi olmaq üçün istifadə etmək qərarına gələ bilər. Amma başqa bir cütlük isə dondurulmuş embrionların süni yolla sağ qaldığını düşünərək bu prosesi dayandırmaq qərarına gələ bilər. Bu cür qərarla üz-üzə duran məsihçilər Allah qarşısında Müqəddəs Kitab əsasında tərbiyə edilmiş vicdanlarından düzgün istifadə etmək məsuliyyəti daşıyırlar. Onların məqsədi başqalarının vicdanına saymazyana davranmamaqla öz vicdanlarını təmiz saxlamaq olmalıdır (1 Tim. 1:19).
Reproduktiv endokrinologiya üzrə bir mütəxəssis müşahidə etmişdir ki, cütlüklərin əksəriyyəti «çaşqınlıq içində olurlar və onlar [dondurulmuş] embrionlarla nə edəcəklərinə dair qərar verməli olduqları üçün güclü narahatçılıq keçirirlər». O, belə bir qənaətə gəlir: «Görünür, bir çox cütlüklər üçün bu heç də yaxşı qərar deyil».
Aydındır ki, həqiqi məsihçilər IVF üsulundan istifadə etmək fikirləri olsa belə, onlar bu texnologiyanın ciddi nəticələrini hərtərəfli götür-qoy etməlidirlər. Müqəddəs Kitab məsləhət verir: «Uzaqgörən qabaqcadan şəri görüb ondan qaçar, cahil isə irəli çıxar, ziyan tapar» (Sül. məs. 22:3).
Bir cütlük Müqəddəs Kitabı öyrənir və vəftiz olunmaq istəyir, ancaq kişi ölkədə qeyri-qanuni yaşadığı üçün onlar münasibətlərini rəsmiləşdirə bilmirlər. Dövlət ölkədə qeyri-qanuni yaşayan mühacirlərə nikaha daxil olmağa icazə vermir. Onlar həyat yoldaşlarına sadiq qalacaqlarına dair ərizə imzalayıb vəftiz oluna bilərlərmi?
▪ Bu, vəziyyətdən çıxış yolu kimi görünə bilər, ancaq problemin bu cür həlli Müqəddəs Yazılara əsaslanmır. Bunun səbəbini başa düşmək üçün gəlin əvvəlcə həyat yoldaşına sadiq qalmağa dair imzalanan ərizənin məqsədini, necə və harada tətbiq olunduğunu nəzərdən keçirək.
Aşağıda xatırlanan səbəblər ucbatından nikaha daxil olmalarına icazə verilməyən cütlük şahidlərin qarşısında yazılı sənədi imzalayır. Bu sənədlə onlar bir-birlərinə sadiq qalacaqlarına və fürsət yaranan kimi, münasibətlərini rəsmiləşdirəcəklərinə and içirlər. Yığıncaq bunu, sanki, onlar mülki hakimiyyət tərəfindən qeydiyyatdan keçiblərmiş kimi, Allah və insanlar qarşısında bir-birlərinə sadiq qalacaqlarına söz vermələri kimi qəbul edir.
Bu ərizədən nə üçün və nə vaxt istifadə olunur? Yehova Allah nikahın Banisidir və Onun gözündə nikah çox qiymətlidir. Bu barədə Onun Oğlu İsa Məsih demişdi: «Allahın bir boyunduruqda birləşdirdiyini qoy heç kəs ayırmasın» (Mat. 19:5, 6; Yar. 2:22—24). Həmçinin o əlavə etmişdi: «Kim arvadını onun cinsi əxlaqsızlığına görə deyil, başqa səbəbə görə boşayıb özgəsinə evlənirsə, zina edir» (Mat. 19:9). Buna görə də Müqəddəs Yazıların boşanmağa icazə verdiyi yeganə səbəb cinsi əxlaqsızlıqdır. Məsələn, əgər kişi nikahdan kənar cinsi əlaqədə olubsa, onun günahsız həyat yoldaşı ondan boşanıb-boşanmamağa qərar verə bilər. Əgər boşanmaq qərarına gəlibsə, başqa birisi ilə ailə qura bilər.
Amma bir çox ölkələrdə, xüsusilə də keçmişdə hökmranlıq edən kilsə bu mövzu ilə bağlı Müqəddəs Kitabın aydın mövqeyini qəbul etmirdi. Əksinə, öyrədirdi ki, heç bir səbəbə görə boşanmaq yolverilməzdir. Beləliklə, kilsənin böyük təsir gücünə malik olduğu bəzi yerlərdə mülki məcəllədə boşanmaq üçün heç bir tədbir — hətta İsa Məsihin gətirdiyi əsaslı səbəb belə — nəzərdə tutulmayıb. Digər ölkələrdə isə boşanma mümkün olsa da, bu proses çox uzun və qəlizdir, həmçinin onunla bağlı çoxlu tələblər irəli sürülür. Boşanmaq üçün uzun illər tələb olunur. Bundan elə çıxır ki, kilsə və dövlət Allahın yol verdiyi şeylərə «mane» olur (Həv. iş. 11:17).
Məsələn, ola bilsin, cütlük boşanmanın qeyri-mümkün və ya həddən artıq çətin olduğu, yaxud da onun qüvvəyə minməsi üçün illərlə gözləməli olduğu bir ölkədə yaşayır. Əgər onlar əvvəlki nikahlarına qanuni yolla son qoymaq üçün əllərindən gələni ediblərsə və nikaha daxil olmaq üçün Allahın gözündə bütün tələblərə cavab verirlərsə, sadiqlik ərizəsini imzalaya bilərlər. Bu, onlara məsihçi yığıncağının mərhəmətdən irəli gələrək bu kimi ölkələr üçün gördüyü bu tədbirdən faydalanmağa imkan yaradır. Ancaq bu, boşanmanın, çox bahalı və mürəkkəb bir proses olmasına baxmayaraq, mümkün olduğu bir çox ölkələr üçün nəzərdə tutulmayıb.
Boşanmanın mümkün olduğu ölkələrdə yaşayan bəziləri sadiqlik ərizəsinin məğzini başa düşmürlər, bu səbəbdən onlar hər hansı çətinlik və narahatçılıqlarla üzləşməmək üçün bu sənədi imzalaya bilib-bilmədikləri barədə soruşurlar.
İndi başqa bir vəziyyətə nəzər salaq: birlikdə yaşamaqla əxlaqsızlığa yol verən kişi və qadın nikaha daxil olmaq istəyir. Müqəddəs Yazılara əsasən, onların hər ikisi sərbəstdir; heç birinin keçmiş həyat yoldaşları ilə bağlılıqları yoxdur. Ancaq kişi ölkədə qeyri-qanuni yaşayır, dövlət isə qeyri-qanuni mühacirlərin nikaha daxil olmasına icazə vermir. (Bir çox ölkələrdə dövlət cütlüklərdən birinin və ya hər ikisinin qeyri-qanuni yaşamasına baxmayaraq, nikaha daxil olmalarına icazə verir.) Nəzərdən keçirdiyimiz vəziyyətdə dövlət boşanmağa icazə verdiyindən sadiqlik ərizəsinə qol çəkmək belə ərazilər üçün nəzərdə tutulmayıb. Fikir versək, bu, boşanmaq istəyən, ancaq maneələrlə üzləşən cütlüyün vəziyyəti ilə eyni deyil. Onların hər ikisi evlənə bilərlər. Bəs əgər kişi ölkədə qeydiyyatda deyilsə, onlar nə edə bilərlər? Onlar maneəsiz qeydiyyatdan keçə biləcəkləri başqa ölkəyə köçüb orada evlənə bilərlər. Yaxud da əgər kişi qeydiyyata düşmək üçün lazımi addımlar atarsa, onlar yaşadıqları ölkədə də nikaha daxil ola bilərlər.
Bəli, yuxarıda xatırlanan cütlük Allahın normalarına və qeysərin qanunlarına uyğun yaşaya bilər (Mark 12:17; Rom. 13:1). Ümid edirik ki, onlar məhz belə də edəcəklər. Bu addımları atdıqdan sonra onlar vəftiz ola bilərlər (İbr. 13:4).
[Haşiyə]
a Əgər embrionun inkişafı qeyri-normal görünürsə və ya bəzi embrionlar implantasiya olunubsa, onda necə? Bilərəkdən hamiləliyin dayandırılması aborta bərabərdir. IVF vasitəsilə çoxdöllü hamiləlik (əkiz, üçəm və ya daha çox) geniş yayılıb, bu səbəbdən vaxtsız doğuş və qanaxma kimi halların baş vermə riski artır. Bətnində bir neçə embrion daşıyan qadın selektiv reduksiyaya əl atmaq (onlardan birini və ya bir neçəsini məhv etmək) məcburiyyətində qala bilər. Bu, bilərəkdən aborta gətirib çıxarır, bu da, öz növbəsində, qatilliyə bərabərdir (Çıx. 21:22, 23; Məz. 139:16).
[14–cü səhifədəki yazı]
Bu cür qərarla üz-üzə duran məsihçilər Allah qarşısında Müqəddəs Kitab əsasında tərbiyə edilmiş vicdanlarından düzgün istifadə etmək məsuliyyəti daşıyırlar
[15–ci səhifədəki çərçivə]
DİGƏR IVF PROSEDURLARI
IVF-nin inkişafı Allahın Müqəddəs Yazılarda əks olunan nöqteyi-nəzərinə birbaşa zidd gedən prosedurlara yol açır. Məsələn, qadının yumurta hüceyrələri əri olmayan kişinin sperması ilə mayalandırıla bilər. O, bunun nəticəsində əmələ gələn embrionların öz bətninə köçürülməsinə razılıq verə bilər. (Bəzən lesbian cütlüklər bu prosedurdan istifadə edir.) Yaxud ərin sperması onun arvadı olmayan başqa bir qadının yumurta hüceyrələri ilə mayalandırıla bilər. Sonra həmin kişinin həyat yoldaşı əmələ gələn embrionların öz uşaqlığına köçürülməsinə icazə verə bilər.
Variantlardan biri odur ki, bəzilərinin «övladlığa götürülmüş embrionlar» adlandırdığı vəziyyətdə qadının uşaqlığına köçürülən embrionların əmələ gəlməsində nə onun yumurta hüceyrələrindən, nə də ki ərinin spermasından istifadə olunur. Digər variantda isə evli cütlüklərin yumurta hüceyrələri və sperması IVF üsulu ilə kənarda mayalandırılır. Əmələ gələn embrionlar surroqat ananın, yəni uşağın daşıyıcısı olan və dünyaya gətirdikdən sonra həmin cütlüyə təhvil verən qadının uşaqlığına köçürülürb.
«Başqasının arvadı ilə yaxınlıq edib [hərfən «toxumunu axıdıb»] özünü murdarlama», — göstərişinə hörmət edən Allahın xidmətçiləri üçün bu reproduktiv prosedurlar yolverilməzdir (Lev. 18:20, 29; Sül. məs. 6:29). Mayalanma zamanı nikahda olmayan kəslərin yumurta hüceyrələrindən və ya spermasından (və ya hər ikisi) istifadə olunması Müqəddəs Kitabın porneya adlandırdığı cinsi əxlaqsızlığa bərabərdir. Bu prosedurlar cinsi orqanlardan nalayiq və kobud tərzdə istifadə etmək deməkdir (Mat. 5:32; 1 Kor. 5:11; 6:9, 18; İbr. 13:4).
[Haşiyə]
b Surroqat ana haqqında məlumat «Oyanın!» jurnalının 1993-cü il 8 aprel sayının 26 və 27-ci səhifələrində (rus.) ətraflı müzakirə olunur.