Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Sərdabə boşdur — Məsih dirilib!
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
    • Qadınlar sərdabəni boş görəndə məəttəl qalır

      FƏSİL 134

      Sərdabə boşdur​— Məsih dirilib!

      MƏTTA 28:3—15 MARK 16:5—8 LUKA 24:4—12 YƏHYA 20:2—18

      • İSA PEYĞƏMBƏR DİRİLİB

      • SƏRDABƏNİN YANINDA BAŞ VERƏNLƏR

      • İSA PEYĞƏMBƏR BİR NEÇƏ QADINA GÖRÜNÜR

      Sərdabə boşdur! Bunu görən qadınlar məəttəl qalır. Məcdəlli Məryəm qaçıb Butrusu və İsa Məsihin sevdiyi o biri şagirdi — həvari Yəhyanı tapır (Yəhya 20:2). Amma sərdabənin yanında qalan digər qadınlar bir mələyi görürlər. Həmçinin sərdabənin içində ağ əba geymiş başqa bir mələk var (Mark 16:5).

      Mələklərdən biri onlara deyir: «Qorxmayın! Mən bilirəm ki, siz dirəkdə edam edilmiş İsanı axtarırsınız. O, burada yoxdur. Özünün dediyi kimi dirilib. Gəlin onun qoyulduğu yerə baxın. Sonra isə tez gedin, şagirdlərə onun dirildiyini söyləyin. Onlara deyin: “İsa sizin qabağınızca Cəliləyə gedir, onu orada görəcəksiniz”» (Mətta 28:5—7). Qadınlar sərdabədən çıxıb qaça-qaça gedirlər. Hisslər onları çulğalayıb, onlar tir-tir əsirlər (Mark 16:8).

      Bu arada Məcdəlli Məryəm Butrusla Yəhyanı tapır. Təngnəfəs onlara xəbər verir: «Ağanı sərdabədən götürüblər, bilmirik aparıb hara qoyublar» (Yəhya 20:2). Bunu eşitcək həvarilərin ikisi də qaçır. Görünür, Yəhya daha tez qaçır və sərdabəyə birinci çatır. Yəhya içəri boylanır və orada kətan parçanı görür, amma içəri girmir.

      Butrus ora gəlib çatan kimi içəri girir. O, yerdəki parçanı və İsa peyğəmbərin başını örtən dəsmalı görür. Yəhya da içəri girir və Məryəmin sözlərinin doğruluğuna əmin olur. Amma nə Butrus, nə də Yəhya başa düşmür ki, İsa Məsih dirilib. Hərçənd İsa diriləcəyini dəfələrlə onlara demişdi (Mətta 16:21). Bu həvarilər çaşbaş halda evə qayıdırlar. Yenidən sərdabəyə gəlmiş Məcdəlli Məryəm isə orada qalır.

      Bu arada o biri qadınlar İsa Məsihin dirildiyini şagirdlərə danışmağa tələsirlər. Yolda Məsih qarşılarına çıxıb onları salamlayır. Qadınlar onun önündə diz çökürlər. İsa Məsih onlara deyir: «Qorxmayın, gedin qardaşlarıma deyin ki, Cəliləyə getsinlər. Orada məni görəcəklər» (Mətta 28:9, 10).

      Bundan əvvəl zəlzələ başlayanda və mələklər görünəndə sərdabəni qoruyan gözətçilərin qorxudan az qala bağrı çatlamışdı. Onlar özlərinə gələndə şəhərə gedib baş verən hadisəni böyük kahinlərə çatdırırlar. Böyük kahinlər yəhudi ağsaqqallarını çağırıb məşvərətləşirlər və qərara gəlirlər ki, əsgərlərə rüşvət verib bu məsəlini ört-basdır etsinlər. Əsgərlərə tapşırırlar: «Belə deyərsiniz: “Gecə biz yatanda onun şagirdləri gəlib cəsədi oğurladılar”» (Mətta 28:4, 11, 13).

      Roma əsgəri növbə başında yatardısa, onu edam edə bilərdilər. Buna görə də kahinlər onlara söz verirlər: «Arxayın olun, əgər bu [yatmağınız barədə yalan], valinin qulağına çatsa, biz hər şeyi ona başa salarıq» (Mətta 28:14). Əsgərlər rüşvət alıb hər şeyi kahinlərin dediyi kimi edirlər. Bunun nəticəsində yəhudilər arasında şayiə yayılır ki, İsa Məsihin cəsədini oğurlayıblar.

      Sərdabənin yanında qalan Məcdəlli Məryəm qəm-qüssə içindədir. O əyilib sərdabənin içinə boylananda ağ libaslı iki mələk görür. Mələklərdən biri İsa Məsihin cəsədi qoyulduğu yerin baş tərəfində, o birisi ayaq tərəfində oturub. Onlar soruşurlar: «Niyə ağlayırsan?» Məryəm cavab verir: «Ağamı aparıblar, bilmirəm hara qoyublar». Sonra çönəndə başqa bir adamı görür. O da bayaq mələyin verdiyi sualı təkrarlayır və sonra soruşur: «Kimi axtarırsan?» Məryəm elə bilir ki, bu, bağbandır və ona deyir: «Ağa, əgər onu sən aparmısansa, de hara qoymusan, mən gedim onu götürüm» (Yəhya 20:13—15).

      Əslində, hal-hazırda Məryəm dirilmiş İsa Məsihlə danışır, amma onu tanımır. Lakin İsa Məsih «Məryəm!» deyəndə Məryəm həmin adamın onu çağırmaq tərzindən onun kim olduğunu başa düşür və çönüb ibranicə: «Rabbuni!» — deyə sevinə-sevinə çığırır. (Rabbuni «ustad» deməkdir.) Lakin o qorxur ki, İsa Məsih indi göyə qalxacaq, buna görə də tez onu tutur. İsa Məsih isə ona deyir: «Tutma məni. Mən ki hələ Atamın yanına qalxmıram. Qardaşlarımın yanına get və onlara de: “Mən öz Atamın və sizin Atanızın, öz Allahımın və sizin Allahınızın yanına gedirəm”» (Yəhya 20:16, 17).

      Məryəm həvarilərlə digər şagirdlərin toplaşdıqları yerə qaçır. O, «Mən Ağanı gördüm!» deyərək digər qadınların İsa Məsihin dirilməsi ilə bağlı söylədiklərinə əlavə edir (Yəhya 20:18). Ancaq həvarilər qadınların dediklərini boş şey sanır (Luka 24:11).

      • Məcdəlli Məryəm sərdabəni boş görəndə nə edir və digər qadınlar nəyin şahidi olurlar?

      • Sərdabənin boş olduğunu görəndə Butrusla Yəhya nə edir?

      • Digər qadınlar yolda kimə rast gəlirlər və Məcdəlli Məryəm sərdabənin yanında tək olanda nə baş verir?

      • Şagirdlər qadınların gətirdiyi xəbərlərə necə yanaşırlar?

  • Dirilən İsa Məsih çoxlarına görünür
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
    • İsa peyğəmbər Tomasa görünür

      FƏSİL 135

      Dirilən İsa Məsih çoxlarına görünür

      LUKA 24:13—49 YƏHYA 20:19—29

      • İSA MƏSİH İMMASA GEDƏN YOLDA ŞAGİRDLƏRİNƏ GÖRÜNÜR

      • O, DƏFƏLƏRLƏ ŞAGİRDLƏRİNƏ AYƏLƏRİ AÇIQLAYIR

      • HƏVARİ TOMAS ŞÜBHƏ EDİR

      Bazar günü nisanın 16-dır. Şagirdlər dilxordurlar. Onlar sərdabənin nəyə görə boş qaldığını başa düşmürlər (Mətta 28:9, 10; Luka 24:11). Axşama yaxın Kleopas və başqa bir şagird Yerusəlimdən təqribən 11 kilometr uzaqlıqda yerləşən İmmasa yola düşürlər.

      Onlar gedə-gedə baş verənlər barədə aralarında söhbət edirlər. Yolda tanımadıqları bir adam onlara qoşulur və soruşur:

      — Nə barədə danışırsınız?

      — Sən qəribsən, Yerusəlimdə tək qalırsan ki, xəbərin yoxdur bu günlərdə şəhərdə nə baş verib? — deyə Kleopas cavab verir.

      — Nə olub ki? (Luka 24:17—19).

      — Nəsrani İsa ilə bağlı hadisələri deyirik, — deyə onlar cavab verirlər. — Biz isə ümid edirdik ki, o, İsraili azad edəcək (Luka 24:19—21).

      Kleopas və onun yol yoldaşı günün əlamətdar hadisələrini — qadınların İsa Məsihin dəfn olunduğu sərdabəyə gedəndə onu boş gördüyünü, sonra isə mələklərin peyda olub İsanın dirilməsini xəbər verdiyini danışırlar. Onlar həmçinin deyirlər ki, başqaları da sərdabəyə gedib hər şeyin qadınların dediyi kimi olduğunu görüblər (Luka 24:24).

      Baş verənlər bu iki şagirdi çaşbaş qoyub. Tanımadıqları adam ixtiyar sahibi kimi danışaraq onların düşüncələrinə düzəliş edir və onlara təsir edən sözlər deyir: «Ey ağılsızlar! Ey peyğəmbərlərin dediklərinə inanmayan ürəyi hissiyyatsızlar! Məgər Məsih bu əzablara qatlaşmalı və sonra şərəfə çatmalı deyildi?» (Luka 24:25, 26). Sonra Müqəddəs Yazılarda Məsihlə bağlı deyilən bir çox ayələri onlara izah edir.

      Nəhayət, onlar İmmasa çatırlar. Şagirdlər ondan daha çox şey öyrənmək istədikləri üçün təkid edirlər: «Artıq axşam düşür, qaş qaralır. Bizimlə qal». O razılaşır və şam yeməyinə qalır. O dua edir və çörəyi bölüb onlara verir. Onda şagirdlər onun İsa Məsih olduğunu başa düşürlər, amma İsa qeyb olur (Luka 24:29—31). İndi onlar tam əmindirlər ki, İsa Məsih sağdır!

      Bu iki şagird başlarına gələnləri şövqlə dilə gətirirlər: «Məgər o, yolda bizimlə danışanda, Müqəddəs Yazıları bizə izah edəndə ürəyimiz alışıb yanmırdı?» (Luka 24:32). Onlar vaxt itirmədən Yerusəlimə qayıdırlar. Orada həvariləri və onlarla birlikdə olan başqa adamları görürlər. Kleopasla yoldaşı ağızlarını açmamış onlar sevincək deyirlər: «Doğrudan da, Ağa dirilib və Şimona görünüb!» (Luka 24:34). Sonra Kleopasgil də İsa Məsihin onlara göründüyünü danışırlar. Bəli, onlar da bunun şahididir.

      Hamı donub qalır: İsa Məsih otaqda peyda olur! Bu inanılmazdır, axı onlar yəhudilərin qorxusundan bütün qapıları kilidləyiblər. Buna baxmayaraq, İsa Məsih otağın ortasında durub həlim səslə deyir: «Sizə salam olsun». Amma onlar bərk qorxublar. Bundan əvvəl olduğu kimi, elə zənn edirlər ki, qabaqlarındakı ruhdur (Luka 24:36, 37; Mətta 14:25—27).

      Amma İsa peyğəmbər özünün qarabasma və kabus olmadığını və ətdən qandan olduğunu göstərmək üçün əllərini və ayaqlarını göstərib deyir: «Niyə qorxursunuz? Nə üçün ürəyinizdə şübhələr var? Əllərimə, ayaqlarıma baxın. Bu, mənəm. Mənə toxunun, baxın, axı ruhun əti və sümüyü olmur, məndə isə var» (Luka 24:36—39). Onlar təəccüblənirlər, sevinirlər, amma hələ də ürəklərində xal qalıb.

      İsa Məsih real olduğunu onlara başa salmaq üçün soruşur: «Yeməyə bir şeyiniz var?» Qızardılmış balıqdan bir az yedikdən sonra o deyir: «Hələ sizinlə olanda [ölməzdən əvvəl] sizə məhz bu haqda danışmışdım. Sizə demişdim ki, Musanın Tövratında, Peyğəmbərlərin kitabında və Zəburda mənim haqqımda yazılanlar yerinə yetməlidir» (Luka 24:41—44).

      İsa Məsih Kleopasa və onun dostuna izah etdiyi ayələri indi burada toplaşanların hamısına izah edir: «Müqəddəs Yazılar deyir ki, Məsih əzab çəkəcək, ölüb üçüncü gündə diriləcək, Yerusəlimdən başlayaraq bütün xalqlara onun adı ilə günahların bağışlanması üçün tövbə təbliğ olunacaq. Siz bunların şahidi olacaqsınız» (Luka 24:46—48).

      Müəyyən səbəblərə görə Tomas burada yoxdur. Bir necə gündən sonra şagirdlər sevinə-sevinə ona deyirlər: «Biz Ağanı gördük!» Tomas isə cavab verir: «Əgər onun əllərində mıx izlərini görməsəm, bu yaralara barmağımla toxunmasam, əlimi onun böyrünə qoymasam, ömrümdə inanmaram» (Yəhya 20:25).

      Bu hadisədən səkkiz gün sonra şagirdlər yenidən bir yerə toplaşırlar. Tomas da onlarladır. Qapılar qıfıllı olsa da, İsa Məsih yenə də otağın ortasında peyda olub deyir: «Sizə salam olsun!» Sonra Tomasa müraciət edir: «Barmağını bura qoy və əllərimə bax. Əlini uzat, böyrümə qoy və daha şübhə etmə, inan!» Tomas nida edir: «Ağam, allahım!» (Yəhya 20:26—28). İndi o, İsa Məsihin sağ olduğuna və ilahi varlıq olduğuna iynənin ucu qədər də olsun şübhə etmir.

      İsa peyğəmbər ona deyir: «Məni gördüyün üçün inandın? Görməyib iman edənlər nə xoşbəxtdirlər!» (Yəhya 20:29).

      • İsa Məsihin iki şagirdi İmmasa gedərkən bir nəfər onlardan nə soruşur?

      • Nəyə görə şagirdlərin ürəyi alışıb yanır?

      • Kleopasla yoldaşı Yerusəlimə qayıdanda hansı şad xəbəri eşidirlər və sonra nə baş verir?

      • Tomas İsa Məsihin sağ olduğuna necə əmin olur?

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş