Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • mwbr23 may s. 1—10
  • «Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr
  • «Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr—2023
  • Başlıqlar
  • 1—7 MAY
  • 8—14 MAY
  • 15—21 MAY
  • 22—28 MAY
  • 29 MAY — 4 İYUN
  • 5—11 İYUN
  • 12—18 İYUN
  • 19—25 İYUN
  • 26 İYUN — 2 İYUL
  • «Yehovanın işində sizin də payınız olsun»
«Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr—2023
mwbr23 may s. 1—10

«Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr

© 2023 Watch Tower Bible and Tract Society of Pennsylvania

1—7 MAY

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 2 SALNAMƏLƏR 17—19

«İnsanlara Yehovanın gözü ilə baxın»

w17.03 s. 24, abz. 7

Keçmişdən ibrət götürək

7 Görək Asanın oğlu Yəhuşafat nə etmişdi. Onun çox gözəl xüsusiyyətləri var idi. Yəhuşafat Allaha güvənərək çoxlu savab işlər görmüşdü. Lakin o da, bəzən, ağılsız qərarlar verirdi. Misal üçün, o, şimal padşahlığının padşahı Əhəblə qohum olmuşdu. Həmçinin Mikay peyğəmbərin xəbərdarlığına əhəmiyyət verməyib Əhəblə birgə aramilərə qarşı döyüşə çıxmışdı. Döyüş zamanı Yəhuşafat canını zorla ölümdən qurtarır. Sonra o, Yerusəlimə qayıdır (2 Saln. 18:1—32). Onda Yəhu peyğəmbər ona deyir: «Pis adama kömək etməklə, Yehovaya nifrət edənləri sevməklə düzgün iş görürsən?» (2 Salnamələr 19:1—3 ayələrini oxuyun.)

w15 15/8 s. 11—12, abz. 8, 9

Yehovanın sarsılmaz məhəbbəti barədə düşüncələrə dalın

8 Yehova istəyir ki, biz Onu bizi sevən, diqqətini bizim qeyri-kamilliyimizə cəmləməyən Allah kimi tanıyaq. O, bizdə yaxşı şeylər axtarır (2 Saln. 16:9). Misal üçün, Yəhuda padşahı Yəhuşafatla O, məhz belə davranmışdı. Bir dəfə İsrail padşahı Əhəb müharibə edib Ramut-Giladı aramilərdən almaq istəyirdi. Yəhuşafat padşah ağılsızlıq edib onunla yürüşə getməyə razılaşdı. 400 yalançı peyğəmbər Əhəb padşahın qələbə çalacağını desə də, Yehovanın peyğəmbəri Mikay onun hökmən məğlub olacağını söylədi. Əhəb döyüşdə öldü, Yəhuşafat isə güc-bəla ilə ölümün pəncəsindən qurtuldu. Yerusəlimə qayıdanda görücü Hənani oğlu Yəhu onu Əhəblə ittifaqa girdiyi üçün məzəmmət etdi. Bununla belə o, Yəhuşafata dedi: «Allah səndə yaxşı şeylər görüb» (2 Saln. 18:4, 5, 18—22, 33, 34; 19:1—3).

9 Hakimiyyətinin əvvəlində Yəhuşafat padşah əmirləri, lavililəri və kahinləri göndərmişdi ki, Yəhudanın bütün şəhərlərini gəzib xalqa Yehovanın qanunlarını öyrətsinlər. Bu, çox yaxşı nəticə vermişdi, hətta ətraf xalqları da Yehovanın xofu basmışdı (2 Saln. 17:3—10). Düzdür, Yəhuşafat padşah Əhəbə qoşulmaqla ağılsız etdi, ancaq Yehova Allah onun əvvəlki yaxşı işlərinin üstündən xətt çəkmədi. Müqəddəs Kitabda yazılan bu parça bizə təsəlli verir, çünki qeyri-kamilliyimiz ucbatından biz bəzən səhvlərə yol veririk. Ancaq Yehovanı ürəkdən razı salmaq istəyiriksə, Onun bizə olan sevgisi heç vaxt soyumayacaq.

Hikmət xəzinəsindən incilər

w17.03 s. 20, abz. 10, 11

Yehovaya sidqi-ürəkdən ibadət edin!

10 Asanın oğlu Yəhuşafat da atasının yolu ilə getdi (2 Saln. 20:31, 32). O da atası kimi xalqı Yehovaya ibadətə təşviq edirdi. Yəhuşafat göstəriş vermişdi ki, «Yehovanın verdiyi Qanun kitabı»ndan xalqa təlim verilsin (2 Saln. 17:7—10). O, xalqı Yehovaya tərəf döndərmək üçün hətta İsrail padşahlığının ərazisinə, Əfraim dağlıq bölgəsinədək gedib çıxmışdı (2 Saln. 19:4). Göründüyü kimi Yəhuşafat Yehovaya sidqi-ürəkdən ibadət edən padşah idi (2 Saln. 22:9).

11 Bu gün hər birimiz Yehovanın təşkil etdiyi ən böyük maarifləndirmə işinə töhfəmizi verə bilərik. Bəs siz kiməsə Müqəddəs Kitab dərsi keçmək, onu Yehovanın yolunu tutmağa təşviq etmək istəyirsiniz? Cəhd göstərsəniz və Yehovadan kömək istəsəniz, bu arzunuza çata bilərsiniz. Bəs bu barədə dua edirsiniz? Özünüzə ayırdığınız vaxtı kiməsə dərs keçməyə sərf etmək lazım gəlsə belə, bunu etməyə hazırsınız? Xalqı pak ibadətə döndərmək üçün Əfraim ərazisinə qədər gedib çıxan Yəhuşafat kimi, siz də qeyri-fəal təbliğçiləri ziyarət edib onlara kömək edə bilərsiniz. Ağsaqqallar da yığıncaqdan kənar olunmuş, amma günahlı əməllərdən əl çəkmiş insanlara baş çəkib kömək edirlər.

8—14 MAY

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 2 SALNAMƏLƏR 20, 21

«Allahınız Yehovaya inanın»

w14 15/12 s. 23—24, abz. 8

Sonu birgə qarşılayaq

8 Yehoşafat padşahın günlərində Allahın xalqı sayı xeyli olan yağı düşmənlər tərəfindən mühasirəyə alınmışdı (2 Saln. 20:1, 2). Allahın xalqı bu düşmənlərlə öz gücünə mübarizə aparmağa çalışmayıb Yehovadan kömək istədi. (2 Salnamələr 20:3, 4 ayələrini oxu.) Ancaq bunu təklikdə hərə öz bildiyi kimi etmədi. Müqəddəs Kitabda deyilir: «Bütün Yəhudalılar uşaqları, qadınları və oğulları ilə birgə Rəbbin önündə durmuşdu» (2 Saln. 20:13). Uşaqlı-böyüklü hər kəs imanda bir olub Yehovanın rəhbərliyinə bağlı qaldı. Yehova da onları düşmənlərin əlindən qurtardı (2 Saln. 20:20—27). Çətinliklərə bir xalq kimi sinə gərməyə dair bundan gözəl nümunə?!

w21.11 s. 16, abz. 7

Yeni ailələr, həyatınızı Yehovaya xidmətə həsr edin

7 Yehova Yəhazil adlı lavili vasitəsilə Yəhuşafatla danışdı. Ona dedi: «Səf qurun, durub gözləyin, görün Yehova sizi necə xilas edir» (2 Saln. 20:13—17). Bu, çox qəribə döyüş üsulu idi! Amma bu göstərişi insan yox, Yehova vermişdi. Yəhuşafat bütün qəlbi ilə Yehovaya etibar edərək O, necə demişdisə, elə də etdi. O, xalqla birgə düşmən ordusunun qarşısına çıxanda qoşunun önünə ən güclü əsgərlərini yox, silah-sursatsız olan məzmur oxuyanları qoydu. Yehova Yəhuşafatı yarı yolda qoymadı. Ona düşmənləri üzərində qələbə qazandırdı (2 Saln. 20:18—23).

Hikmət xəzinəsindən incilər

it-1-E s. 1271, abz. 1, 2

Yəhuram

Atası Yəhuşafatdan fərqli olaraq Yəhuram yanlış yolu seçdi və ehtimal ki, ona qismən də olsa təsir edən arvadı Ətəlya olmuşdu (2Pd 8:18). Yəhuram nəinki altı qardaşını və İsrailin bəzi əmirlərini qılıncdan keçirdi, həm də xalqı yalançı allahlara tərəf yönəldib, Yehovaya xəyanətə sürüklədi (2Sm 21:1—6, 11—14). Onun hakimiyyəti dövründə ölkədə həm daxildən, həm də xaricdən çəkişmələr baş verirdi. Əvvəlcə, Ədum üsyan etdi; sonra Libna Yəhudaya qarşı üsyana qalxdı (2Pd 8:20—22). Yəhurama məktubunda İlyas peyğəmbər onu xəbərdar edib demişdi: «Buna görə də Mən Yehova sənin xalqına, oğullarına, arvadlarına və mal-mülkünə ağır zərbə endirəcəyəm». Bundan əlavə, sən, Yəhuram padşah, «çoxlu xəstəliyə düçar olacaqsan, bağırsaq xəstəliyinə tutulacaqsan, getdikcə xəstəliyin o qədər şiddətlənəcək ki, axırda bağırsaqların töküləcək» (2Sm 21:12—15).

Necə deyilmişdisə, elə də oldu. Yehova filiştlilərə və ərəblərə izin verdi ki, ölkəyə soxulsunlar, Yəhuramın oğullarını, arvadlarını əsir aparsınlar. Yehova Davudla bağladığı Padşahlıq əhdi xatirinə təkcə Yəhuramın kiçik oğlu Yəhəzin (digər adı Əhəzya) qaçıb qurtulmasına izin verdi. «Bundan sonra Yehova Yəhuramı sağalmaz bağırsaq xəstəliyinə mübtəla etdi». İki ildən sonra «onun bağırsaqları töküldü» və bir müddətdən sonra öldü. Bu zalım insan öləndə «heç kim onun ölümünə heyifsilənmədi». «Onu Davud şəhərində dəfn etdilər, amma padşah qəbiristanlığında dəfn etmədilər». Oğlu Əhəzya onun yerinə taxta çıxdı (2Sm 21:7, 16—20; 22:1; 1Sm 3:10, 11).

15—21 MAY

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 2 SALNAMƏLƏR 22—24

«Cəsarətlə görülən işlər mükafatsız qalmır»

w09 1/7 s. 24, abz. 1, 2

Yoaş pis dostluq ucbatından Yehovadan uzaqlaşdı

YEHOVANIN məbədi yerləşən Yerusəlimdə dəhşətli vəziyyət hökm sürürdü. Axazya padşahı qətlə yetirmişdilər. Bu hadisədən sonra onun anası Atalya elə bir şey etmişdi ki, bunu təsəvvür etmək belə çətindir. O, Axazyanın oğullarını, öz doğma nəvələrini öldürtdürmüşdü! Bilirsən nə üçün? ~ Çünki hakimiyyəti öz əlinə keçirmək istəyirdi.

Lakin Atalyanın körpə nəvəsi Yoaşı xilas etmişdilər, nənəsinin isə bundan xəbəri yox idi. Bunun necə baş verdiyini bilmək istəyərdin? ~ Yoaşın bibisi Yehoşeva onu Allahın məbədində gizlətdi. Çünki onun əri Yehoyada baş kahin idi. Onlar birlikdə balaca Yoaşı qorudular.

w09 1/7 s. 24, abz. 3—5

Yoaş pis dostluq ucbatından Yehovadan uzaqlaşdı

Altı il Yoaşı məbəddə gizlincə saxladılar. Bu vaxt ərzində ona Yehova Allah və Onun qanunları haqda hər şeyi öyrətdilər. Nəhayət, yeddi yaşına çatanda Yehoyada Yoaşı taxta çıxarmaq qərarına gəldi. Bilmək istəyirsən, o, bunu necə etdi və Yoaşın nənəsi qəddar mələkə Atalya ilə nə baş verdi?

O vaxtlar Yerusəlimdə padşahlar xüsusi keşikçilər saxlayırdı və Yehoyada xəlvətcə onların hamısını bir yerə topladı. Onlara arvadı ilə birlikdə Axazya padşahın oğlunu necə xilas etdiklərini danışdı və Yoaşı onlara göstərdi. Keşikçilər onun qanuni varis olduğuna əmin oldular. Sonra onlar plan qurdular.

Yehoyada Yoaşı məbəddən çıxartdı və padşahlıq tacını onun başına qoydu. Bunu görən xalq ‘əl çalıb “Yaşasın padşah!” dedi’. Padşah keşikçiləri Yoaşı qorumaq üçün onu dövrəyə aldılar. Atalya şən nidaları eşidəndə məbədə tərəf qaçıb: «Xəyanət! Xəyanət!» — deyə bağırdı. Lakin Yehoyadanın əmri ilə keşikçilər onu tutdular və öldürdülər (2 Padşahlar 11:1—16).

it-1-E s. 379, abz. 5

Dəfn, dəfn yerləri

Saleh əməl sahibi baş kahin Yəhyaday «Davud şəhərində padşahların yanında» dəfn edilmək şərəfinə layiq görüldü. Padşah nəslindən olmayıb, bu cür hörmətə layiq görülən insan kimi Müqəddəs Kitabda təkcə onun adı çəkilir (2Sm 24:15, 16).

Hikmət xəzinəsindən incilər

it-2-E s. 1223, abz. 13

Zəkəriyyə

12. Baş kahin Yəhyadayın oğlu. Yəhyadayın ölümündən sonra Yuəs padşah həqiqi ibadətdən döndü, Yehovanın peyğəmbərlərinin yox, Yəhuda əmirlərinin yanlış məsləhətlərini dinlədi. Yuəsin bibisi oğlu Zəkəriyyə (2Sm 22:11), bu barədə xalqı xəbərdar etdi, lakin xalq tövbə etmədi, əksinə, məbədin həyətində onu daşqalaq etdilər. Zəkəriyyə son nəfəsini verərkən belə demişdi: «Qoy Yehova Özü bilsin səninlə». Onun bu peyğəmbərliyi yerinə yetdi, Aram ordusu Yəhudaya böyük zərər vurdu, bundan savayı, iki əyanı sui-qəsd qurub Yuəsi öldürdü. «Çünki o, kahin Yəhyadayın oğullarını qətlə yetirmişdi». Yunanca Septuagintada və Latın Vulqatasında deyilir ki, Yuəsi Yəhyadayın «oğlunun» qanını yerdə qoymamaq üçün öldürdülər. Halbuki, Masoret mətnində və Suriya Peşittasıda «oğulları» deyilir. Ehtimal ki, cəmdə yazılmasının səbəbi, Zəkəriyyənin hansı nəsildən gəldiyini, eyni zamanda həm peyğəmbər, həm də kahin kimi xidmət edərək qazandığı nüfuzu bildirir (2Sm 24:17—22, 25).

22—28 MAY

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 2 SALNAMƏLƏR 25—27

«Allah sənə ondan da artığını verə bilər»

it-1-E s. 1266, abz. 6

Yuəs

Yəhuda padşahı ədumilərlə döyüşə çıxmaq üçün Yuəsdən yüz min igid döyüşçü satın alır. Lakin «bir Allah adamı»nın məsləhətinə görə onları geri göndərdilər. Hərçənd onlara yüz talant gümüş (660 600 ABŞ dolları) ödənilsə də, evlərinə geri göndərildiklərinə görə qəzəbləndilər. Ola bilsin, onlar döyüşə getdikləri ölkədən qənimət əldə etmək istəyirdilər. Buna görə də onlar geri qayıdarkən cənub padşahlığının Səməriyyədən (ehtimal ki, onların əməliyyat bazası idi) Beyt-Huruna qədər şəhərlərinə basqın edib, oranı qarət etdilər (2Sm 25:6—10, 13).

w21.08 s. 30—31, abz. 16

«Dadın, görün necə gözəldir Yehova»

16 Yehovanın yolunda qurbanlar verin. Yehovanı razı salmaq o demək deyil ki, sevdiyimiz hər şeydən vaz keçməliyik (Vaiz 5:19, 20). Amma heç nəyi qurban vermək istəmədiyimiz üçün Yehovaya xidməti genişləndirmək istəmiriksə, İsanın bir məsəlindəki adamın səhvini təkrarlamış olarıq. O, Allahı unudub, özünə rahat şərait qurmuşdu. (Luka 12:16—21 ayələrini oxuyun.) Fransada yaşayan Kristian adlı qardaş deyir: «Mən vaxtımın və gücümün çoxunu Yehovaya və ailəmə sərf etmirdim». Kristian və yoldaşı öncül olmaq qərarına gəlir. Amma bu məqsədə çatmaq üçün onlar işlərini dəyişməli idilər. Onlar özlərini dolandırmaq üçün təmizlik xidməti təklif edən ofis açdılar. Həmçinin az şeyə qane olmağı öyrəndilər. Bu cür qurbanlar verməyə dəyərdi? Kristian deyir: «İndi xidmət bizə daha çox zövq verir. Təkrar söhbət etdiyimiz və dərs keçdiyimiz insanların Yehova haqda öyrəndiyini görmək bizə böyük sevinc gətirir».

Hikmət xəzinəsindən incilər

w07 15/12 s. 10, abz. 1, 2

Sizin ruhani bələdçiniz var?

ÜZİYYƏ 16 yaşı olanda Yəhuda padşahlığının padşahı oldu. O, 50 ildən çox, eramızdan əvvəl IX əsrin sonlarından VIII əsrin əvvəllərinə qədər hakimiyyət sürüb. Ta gənc yaşlarından Üziyyə «Yehovanın bəyəndiyi işləri görürdü». Haqq yolda yeriməyə ona nə kömək etmişdi? Bir tarixi əlyazmada deyilir: «Üziyyə ona Allahdan qorxmağı öyrədən Zəkəriyyənin sağlığında Allaha ibadət edirdi. O, Yehovaya ibadət etdiyi müddətdə Allah onun işini avand edirdi» (2 Salnamələr 26:1, 4, 5).

Padşahın məsləhətçisi Zəkəriyyə barədə Müqəddəs Kitabın bu parçasından başqa heç bir məlumat yoxdur. Bununla belə, «Allahdan qorxmağı öyrədən» Zəkəriyyə gənc padşaha haqq yolda yeriməsi üçün doğru nəsihət vermişdi. Bir mənbədə deyilir ki, görünür Zəkəriyyə «zəngin ruhani təcrübəyə sahib idi, müqəddəs yazılara yaxşı bələd idi və başqalarına gözəl təlim verə bilirdi» («The Expositor’s Bible»). Bir Müqəddəs Kitab alimi Zəkəriyyə ilə bağlı bu qənaətə gəlmişdi: «O, peyğəmbərliyə yaxşı bələd olan,.. ağıllı, mömin və xeyirxah insan idi; və görünür onun Üziyyəyə böyük köməyi dəymişdi».

29 MAY — 4 İYUN

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 2 SALNAMƏLƏR 28, 29

«Valideynləriniz Yehovaya xidmət etməsə də, siz edə bilərsiniz»

w16.02 s. 14—15, abz. 8

Yehovanın dostlarından örnək alın

8 Rutdan fərqli olaraq, Hizqiyyə Yehovaya həsr olunmuş xalqın arasında doğulmuşdu. Ancaq israillilərin hamısı Allaha sadiq deyildi. Elə Hizqiyyənin atası Əhəz padşah da belələrindən idi. O, Yəhuda padşahlığını bütpərəstliyə sürükləmişdi, hətta Yehovanın Yerusəlimdəki məbədini murdarlamışdı. Hizqiyyənin uşaqlığı çox pis keçmişdi. Onun qardaşlarından bəziləri qəddarcasına öldürülmüş, diri-diri yalan allahlara qurban gətirilmişdi (2 Pad. 16:2—4, 10—17; 2 Saln. 28:1—3).

w16.02 s. 14—16, abz. 9—11

Yehovanın dostlarından örnək alın

9 Hizqiyyə də atası kimi pis adam ola bilərdi, Allaha qəzəblənə bilərdi. Elə adamlar var ki, heç onun qədər çətinliklə üzləşməyiblər, amma Yehovaya qəzəblənir, Onun təşkilatından acıq edirlər (Məs. 19:3). Bəziləri isə elə düşünür ki, əgər pis ailədə böyüyüblərsə, deməli, mütləq ailələrinin yolu ilə gedəcək, valideynlərinin səhvlərini təkrarlayacaqlar (Hizq. 18:2, 3). Bəs bu, doğru fikirdir?

10 Hizqiyyənin həyatı göstərir ki, bu, heç də belə deyil. Heç kimin Yehovaya qəzəblənmək üçün əsası ola bilməz. Bu şər dünyada olan pisliklərin səbəbkarı O deyil (Əyy. 34:10). Düzdür, valideynlərin pis-yaxşı uşaqlarına təsiri olur (Məs. 22:6; Kol. 3:21). Ancaq bu, o demək deyil ki, insanın hansı yolu tutacağı onun böyüdüyü ailədən asılıdır. Əksinə, Yehova bizim hər birimizə qiymətli ənam verib. Biz nə edəcəyimizi, necə insan olacağımızı özümüz müəyyən edə bilərik (Qan. 30:19). Görək Hizqiyyə hansı seçimi etdi.

11 Hizqiyyənin atası Yəhudanın ən pis padşahlarından biri olsa da, onun özü ən yaxşı padşahlardan biri oldu. (2 Padşahlar 18:5, 6 ayələrini oxuyun.) Hizqiyyə atasının təsiri altına düşə bilərdi. Ancaq o, başqa yolu seçdi. Onun dövründə Əşiya, Mikə və Huşə peyğəmbərlik edirdi. Görünür, Hizqiyyə padşah Yehovanın bu peyğəmbərlərə nazil etdiyi sözləri ürəyinə həkk edir, Onun öyüd-nəsihətini qəbul edirdi. Bu, onu atasının törətdiyi murdar əməlləri aradan qaldırmağa təşviq etdi. O, məbədi təmizlədi, xalqın günahları üçün kəffarə verdi və bütün ölkədə bütləri məhv etdi (2 Saln. 29:1—11, 18—24; 31: 1). Təhlükə ilə üzləşəndə, Aşşur padşahı Sinaxerib Yerusəlimə hücum etməyə hazırlaşanda Hizqiyyə böyük cəsarət və iman nümayiş etdirdi. O, Yehovaya arxalandı, sözlərilə, nümunəsilə xalqı möhkəmləndirdi (2 Saln. 32:7, 8). Sonralar bir ara Hizqiyyə qürurlandı, ancaq Yehova onu məzəmmət edəndə o, qürurunu sındırıb tövbə etdi (2 Saln. 32:24—26). Bəli, Hizqiyyə bizim üçün çox gözəl nümunədir. O yol vermədi ki, keçmişi həyatını məhv etsin, gələcəyini əlindən alsın. Əksinə, Hizqiyyə Yehovanın dostu olduğunu sübut etdi.

Hikmət xəzinəsindən incilər

w12 15/2 s. 24—25

Natan. Həqiqi ibadətin sadiq müdafiəçisi

Yehovanın sadiq xidmətçisi olan Natan Davudun yer üzündə həqiqi ibadətin daimi mərkəzini tikmək planını canla-başla dəstəklədi. Lakin bu zaman Natan Yehovanın iradəsini yox, öz şəxsi fikrini ifadə etdi. Həmin gecə Allah peyğəmbərinə tapşırdı ki, padşaha tamamilə başqa göstərişi çatdırsın: Yehovanın məbədini Davud tikməyəcək. Bunu Davudun oğullarından biri edəcək. Ancaq Natan Davuda bildirdi ki, Allah onunla əhd bağlayır və bu əhdə əsasən, onun taxtı «əbədi möhkəm qalacaq» (2 Şam. 7:4—16).

Məbədi tikmək məsələsində Natanın fikri Allahın iradəsi ilə üst-üstə düşmədi. Bununla belə, təvazökar peyğəmbər deyingənlik etmədən Allahın niyyətinə dinməz-söyləməz boyun əydi və onu dəstəklədi. Allah bizə düzəliş verəndə Natanın davranışı bizim üçün necə də gözəl nümunədir! Natanın peyğəmbər kimi sonrakı fəaliyyəti göstərir ki, o, Allahın rəğbətini itirməmişdi. Allah hətta Natanı və görücü Qadı ilhamlandıraraq onların vasitəsilə Davuda 4000 musiqiçinin məbəddəki xidmətini təşkil etməyi tapşırdı (1 Saln. 23:1—5; 2 Saln. 29:25).

5—11 İYUN

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 2 SALNAMƏLƏR 30, 31

«Birgə yığışıb ibadət etməyin xeyri»

it-1-E s. 1103, abz. 2

Hizqiyyə

O, pak ibadətin qeyrətini çəkirdi. Hizqiyyə 25 yaşında taxta çıxandan dərhal sonra Yehovaya ibadətlə bağlı işlər görməyə başladı. İlk olaraq, o, məbədin qapılarını açdı və məbədi təmir etdi. Sonra bütün kahinləri və lavililəri toplayıb, onlara dedi: «İsrailin Allahı Yehova ilə əhd kəsmək istəyirəm». Bu, sadiqlik əhdi idi. Hərçənd Qanun əhdi hələ də qüvvədə idi, amma ona əməl olunmurdu. Buna görə də bu əhd Yəhudada yenidən qüvvəyə mindi. Hizqiyyə lavililərin öz xidmətlərinə başlaması üçün şövqlə hərəkətə keçdi, musiqiçilərin və məzmur oxuyanların işini yenidən təşkil etdi. Həmin vaxt Pasxa bayramının keçirilməli olduğu nisan ayı idi, amma məbəd, kahinlər və lavililər hələ paklanmamışdı. Nisan ayının 16-da məbəd təmizləndi, əşyaları bərpa olundu. Sonra bütün İsrail üçün xüsusi kəffarə gətirildi. Əvvəlcə, şəhərin böyük adamları səltənət üçün, müqəddəs məskən üçün və xalq üçün günah qurbanları təqdim etdi, ardınca isə xalq minlərlə yandırma qurbanı gətirdi (2Sm 29:1—36).

it-1-E s. 1103, abz. 3

Hizqiyyə

Xalq paklanmadığı üçün Pasxa bayramını vaxtında keçirə bilməzdi, buna görə də Hizqiyyə qanunu əsas tutub qərara gəldi ki, paklanmamış kəslər Pasxanı bir ay sonra qeyd etsinlər. Hizqiyyə bayrama təkcə yəhudiləri dəvət etmədi, Biir-Səbadan Dana qədər bütün ölkəyə qasidlərlə namə göndərib, İsrail xalqını da dəvət etdi. Çoxları qasidləri ələ salıb gülürdülər: lakin Aşir, Mənəssə və Zəbulun qəbiləsindən bəzi adamlar qürurlarını sındırıb gəldilər, həmçinin Əfraim və Yəsakir qəbilələrindən də bəziləri bayrama gəldilər. Bundan əlavə, Yehovaya ibadət edən bir çox yadelli də bayramda iştirak etdi. Ehtimal ki, onqəbiləli padşahlıqda yaşayan sadiq insanların bu bayrama gəlməsi elə də asan olmamışdı. Qasidlər kimi onlar da istehzaya, təqibə məruz qalmışdı, çünki onqəbiləli padşahlıq, demək olar ki, tənəzzülə uğramışdı, yalan ibadətlə məşğul idi və aşşurluların hədə-qorxularına məruz qalırdı (2Sm 30:1—20; Sy 9:10—13).

it-1-E s. 1103, abz. 4, 5

Hizqiyyə

Pasxadan sonra yeddi gün ərzində Mayasız çörək bayramı keçirildi. Xalq bu bayramı böyük şadyanalıqla qeyd etdi, buna görə də qərara gəldilər ki, daha yeddi gün bayram keçirsinlər. Hətta bu keşməkeşli dövrdə belə Yehovanın bəxş etdiyi nemətlər sayəsində «Yerusəlim böyük şənlik içində idi. İsrail padşahı Davud oğlu Süleymanın dövründən bəri Yerusəlimdə hələ belə bayram olmamışdı» (2Sm 30:21—27).

Bu, bayrama toplaşanların keçirdiyi ötəri hisslər deyildi, pak ibadətin bərpası və dirçəlişi idi. Bunu növbəti hadisələrdən görmək olar. Bayramı qeyd edənlər evə qayıtmazdan əvvəl Yəhuda, Binyamin, Əfraim və Mənəssə torpaqlarındakı dik daşları, Aşera bütlərini parça-parça etdilər, səcdəgahları və qurbangahları dağıtdılar, hamısını məhv etdilər (2Sm 31:1). Musanın düzəltdiyi mis ilanı sındırmaqla Hizqiyyə gözəl nümunə qoydu, çünki israillilər ona ibadət edib, qurban tüstüsü təqdim edirdi (2Pd 18:4). Böyük bayramdan sonra da pak ibadətin davam etməsi üçün Hizqiyyə kahinləri bölüklərə ayırdı və məbəddəki xidmətlərini icra edə bilmələri üçün tədbir gördü: o, xalqa buyurdu ki, Qanuna tabe olub ondabirləri və bütün məhsullarının nübarını lavililərə və kahinlərə versinlər. Xalq bu çağırışa ürəkdən hay verdi (2Sm 31:2—12).

Hikmət xəzinəsindən incilər

w18.09 s. 6, abz. 14, 15

Bildiklərimizə əməl etsək, xoşbəxt olacağıq

14 Təvazökar olduğumuzu göstərən digər sahə insanlara diqqətlə qulaq asmaqdır. Yaqub 1:19 ayəsində deyilir ki, «eşitməyə hazır olmalı»yıq. Bu sahədə ən gözəl örnək Yehovadır (Yar. 18:32; Yuş. 10:14). Gəlin Çıxış 32:11—14 ayələrində yazılmış dialoqa diqqət yetirək. (Ayələri oxuyun.) Yehova Musa peyğəmbərin fikrinə ehtiyac duymasa da, ona hisslərini bölüşmək imkanı verdi. Axı kim yanılan insanı səbirlə dinləyib sonra onun dediyi kimi davranardı? Amma Yehova Allah imanla dua edən insanları səbirlə dinləyir.

15 Yaxşı olar ki, hər birimiz özümüzə növbəti sualları verək: «Əgər Uca Yaradanımız İbrahim, Rəhilə, Musa, Yuşə, Mənuh, İlyas və Hizqiyyənin vəziyyətində olduğu kimi, insanları dinləyirsə, məgər mən də belə etməməliyəm? Bacı-qardaşlarıma daha çox hörmət göstərmək üçün onları dinləyə və yeri gələndə dedikləri kimi davrana bilərəm? Bəlkə, yığıncaq və ya ailə üzvlərimdən kiməsə daha çox diqqət göstərməliyəm? Bunun üçün hansı tədbirləri görə bilərəm?» (Yar. 30:6; Hak. 13:9; 1 Pad. 17:22; 2 Saln. 30:20).

12—18 İYUN

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 2 SALNAMƏLƏR 32, 33

«Çətin vaxtlarda dindaşlarınızı möhkəmləndirin»

it-1-E s. 204, abz. 5

Aşşur

Sinaxerib. Sinaxerib II Sarqonun oğlu idi. O, Hizqiyyə padşahın hakimiyyətinin on dördüncü ilində (b. e. ə. 732) Yəhudaya hücum etdi (2Pd 18:13; Əş 36:1). Çünki Hizqiyyə Aşşur padşahına üsyan edib ona boyun əymədi (Hizqiyyənin atası Əhəzin ucbatından ölkə Aşşurun boyunduruğu altında idi) (2Pd 18:7). Onda Sinaxerib Yəhudaya yürüş edib 46 şəhəri istila etdi (əlaqələndir: Əş 36:1, 2), sonra o, Lahişdə saldığı düşərgədən Hizqiyyəyə xəbər göndərib 30 talant qızıl (təx. 11 560 000 ABŞ dolları) və 300 talant gümüş (təx. 1 982 000 ABŞ dolları) tələb etdi (2Pd 18:14—16; 2Sm 32:1; əlaqələndir: Əş 8:5—8). Bu xərac ödənsə də, Sinaxerib adamlarını göndərib Yerusəlimin qeyd-şərtsiz təslim olmasını tələb etdi (2Pd 18:17—19:34; 2Sm 32:2—20). Onda Yehova bir gecədə 185 000 aşşur ordusunu məhv etdi. Beləcə, qürurlu Aşşur padşahı geri çəkilib Neynəvaya qayıtdı (2Pd 19:35, 36). Bir müddətdən sonra Sinaxeribin iki oğlu onu qətlə yetirdi və digər oğlu Asarxaddon Sinaxeribin yerinə taxta çıxdı (2Pd 19:37; 2Sm 32:21, 22; Əş 37:36—38). Bu hadisələr (Aşşur ordusunun məhv edilməsi istisna olmaqla) Sinaxeribə və Asarxaddona aid kitabələrdə də qələmə alınıb.

w13 15/11 s. 19, abz. 12

Başçılar bizim üçün hansı əhəmiyyəti daşıyır?

12 Yehova özümüzün bacarmadığımız şeyi bizim üçün etməyə həmişə hazırdır, amma O gözləyir ki, biz əlimizdən gələni edək. Xizqiya «öz rəisləri və sərkərdələri ilə məsləhətləşdi» və onlar birgə qərara gəldilər ki, «şəhərdən kənarda olan su mənbələrini» kəssinlər. Bundan əlavə, «Xizqiya cəsarətləndi, divarın bütün uçmuş yerlərini tikdi və onun üstündə qüllələr düzəltdi. Bayır tərəfdən başqa bir divar da tikdi... Çoxlu silah və qalxan düzəltdi» (2 Saln. 32:3—5). Öz xalqını qorumaq üçün Yehova cəsarətli kişilərdən — Xizqiyadan, başçılardan və ruhən möhkəm peyğəmbərlərdən istifadə etmişdi.

w13 15/11 s. 19, abz. 13

Başçılar bizim üçün hansı əhəmiyyəti daşıyır?

13 Xizqiya suları kəsməkdən və şəhərin divarlarını möhkəmləndirməkdən daha vacib bir iş gördü. Bir çoban kimi, o, xalqı topladı və: «Aşşur padşahından... qorxmayın, ruhdan düşməyin, çünki bizimlə olan onunla olandan böyükdür. Onunla olan insan gücüdür, ancaq bizimlə olan Allahımız Rəbdir ki, bizə kömək edir və müharibələrimizdə vuruşur»,— sözləri ilə onları ruhlandırdı. Bu, necə də imanı möhkəmləndirən xatırlatma idi — Yehova Öz xalqı üçün vuruşacaqdı! Bunu eşidən yəhudilər «Yəhuda padşahı Xizqiyanın sözlərindən ürəkləndi». Bəli, Xizqiyanın sözləri xalqı cəsarətləndirdi. Yehova Öz peyğəmbəri vasitəsilə dediyi kimi, Xizqiya, başçılar və sərkərdələr, eləcə də Mikeya və Yeşaya peyğəmbər yaxşı çoban olduqlarını göstərdilər (2 Saln. 32:7, 8; Mikeya 5:5, 6 ayələrini oxu).

Hikmət xəzinəsindən incilər

w21.10 s. 4—5, abz. 11, 12

Əsl tövbə nədir?

11 Bir müddət sonra Yehova Mənəssənin dualarına cavab verdi. Yehova Mənəssənin ürəyindəki dəyişikliyi görürdü, onun duaları bunu aydın göstərirdi. Yehova onun əfv duasını qəbul etdi və taxta qaytardı. Onun tövbəsinin ürəkdən olduğunu göstərmək fürsəti yarandı və o, bunun üçün əlindən gələni etdi. Əhəbdən fərqli olaraq, o, davranışını dəyişdi, yalan ibadətə qarşı mübarizə apardı və xalqı pak ibadətə səslədi. (2 Salnamələr 33:15, 16 ayələrini oxuyun.) Şübhəsiz, bunun üçün cəsarət və iman lazım idi. Axı bundan əvvəl o, uzun illər ərzində ailəsi, əsilzadələri və xalqı üçün pis nümunə idi. Amma indi ömrünün son illərində çalışırdı ki, törətdiyi pislikləri mümkün qədər aradan qaldırsın. Həmçinin, görünür, o, kiçik yaşda olan nəvəsi Yuşiyyəyə gözəl örnək olmuşdu. Çünki sonralar Yuşiyyə çox yaxşı padşah oldu (2 Pad. 22:1, 2).

12 Mənəssənin hadisəsindən nə öyrənirik? O, Yehovanın qarşısında özünü alçaltdı, amma təkcə bunu etmədi. O, Yehovaya yalvarıb rəhm dilədi. Əvvəlki əməllərindən əl çəkdi. Törətdiyi pisliklərin nəticəsini aradan qaldırmaq üçün əlindən gələni etdi, Yehovaya ibadət etmək və başqalarını da buna təşviq etmək üçün var gücü ilə çalışdı. Mənəssənin hadisəsi ən betər günahkarlara da ümid verir. Bu hadisə Yehovanın kəramətli və bağışlayan olduğuna güclü sübutdur (Zəb. 86:5). Ürəkdən tövbə edən adam üçün əfv qapısı açıqdır.

19—25 İYUN

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 2 SALNAMƏLƏR 34—36

«Allahın Kəlamının dərinliyinə varırsınız?»

it-1-E s. 1157, abz. 4

Hülda

Məbədin təmiri zamanı baş kahin Xilqiyənin tapdığı Tövrat kitabı oxunanda Yuşiyyə bir qrup insanı Yehovaya müraciət etmək üçün göndərdi. Onlar Hüldanın yanına gəldi. Hülda Yehovanın sözünü onlara çatdırıb bildirdi ki, kitabda itaətsizlik edənləri gözləyən bütün bəlalar haqda yazılanlar bu dönük xalqın başına gələcək. Hülda həmçinin dedi ki, Yuşiyyə özünü Yehovanın önündə aşağı tutduğu üçün bu bəlaları görməyəcək, əcdadlarına qovuşacaq, sülh içində qəbrə gedəcək (2Pd 22:8—20; 2Sm 34:14—28).

w09 15/6 s. 10—11, abz. 20

Yehovanın evi üçün qeyrət göstər!

20 Yoşiya padşahın gördüyü bərpa işləri zamanı baş kahin Xilqiya «Musa vasitəsilə verilən Rəbbin Qanun kitabını tapdı». Xilqiya bu kitabı saray mirzəsi Şafana verdi, o da öz növbəsində kitabı Yoşiyaya oxudu. (2 Salnamələr 34:14-18 ayələrini oxu.) Bu hansı nəticələri gətirdi? Padşah kədərdən dərhal paltarını cırdı və öz adamlarına gedib Yehova ilə məsləhətləşməyi tapşırdı. Qadın peyğəmbər Xuldanın vasitəsilə Allah Yəhudada keçirilən bəzi dini ayinləri mühakimə etdiyini bildirdi. Lakin Yoşiyanın bütpərəst ayinləri aradan qaldırmaq üçün göstərdiyi səy Yehovanın nəzərindən yayınmadı və bütün xalqı fəlakət gözlədiyi halda, o, Yehovanın lütfünü qoruyub saxladı (2 Saln. 34:19-28). Biz bundan nə öyrənə bilərik? Əlbəttə, biz də Yoşiya kimi davranmaq istəyirik. Biz Yehovanın rəhbərliyinə dərhal hay vermək və ibadətimizə dönüklüyün və sədaqətsizliyin təsir etməsinə yol verdiyimiz təqdirdə nələr baş verəcəyi üzərində ciddi düşünmək istəyirik. Əmin ola bilərik ki, Yoşiyanın hadisəsində olduğu kimi, Yehova bizim də həqiqi ibadət üçün göstərdiyimiz qeyrəti bəyənəcək.

Hikmət xəzinəsindən incilər

w17.03 s. 27, abz. 15—17

Keçmişdən ibrət götürək

15 Nəhayət, gəlin görək Yuşiyyə padşahın başına gələnlər bizə nə öyrədir. Görək, onun süqutuna və ölümünə nə səbəb olmuşdu? (2 Salnamələr 35:20—22 ayələrini oxuyun.) Misir hökmdarı Neho Yuşiyyəyə nə qədər desə də ki, davası onunla deyil, Yuşiyyə qulaq asmayıb Neho ilə döyüşə çıxdı. Müqəddəs Kitabda yazılıb ki, Neho Allahın sözlərini deyirdi. Bəs onda niyə Yuşiyyə sözə baxmayıb Neho ilə savaşdı? Müqəddəs Kitabda bu sualın cavabı yoxdur.

16 Bəlkə Neho yalan danışırdı? Yuşiyyə necə əmin ola bilərdi ki, Neho, doğrudan da, Allahın sözlərini deyir? Yehovanın peyğəmbəri Ərəmyadan soruşa bilərdi (2 Saln. 35:23, 25). Amma Müqəddəs Kitabın heç bir yerində yazılmayıb ki, o, bunu etdi. Həmçinin Neho Karxemişə gedirdi, Yerusəlimə qarşı savaşmırdı, onun davası başqası ilə idi. Üstəlik, Neho nə Yehovaya, nə də Onun xalqına rişxənd etməmişdi. Aydındır ki, Nehoya qarşı çıxmaqla Yuşiyyə ağılsızlıq etdi. Bəs buradan nə öyrənirik? Problemlə üzləşəndə yaxşı olardı ki, məsələ ilə bağlı Yehovanın fikrini öyrənək.

17 Problem yarananda, ilk öncə, fikirləşməliyik görək bu vəziyyətə Müqəddəs Kitabdakı hansı prinsip uyğun gəlir və ona uyğun davranmalıyıq. Ola bilsin, bəzi məsələlərlə bağlı dərindən araşdırma aparmaq, hətta ağsaqqalla məsləhətləşmək qərarına gələrik. Ağsaqqal bizə Müqəddəs Kitabın başqa prinsipləri üzərində düşünməyə kömək edə bilər. Misal üçün, əri imanda olmayan bir bacı həftənin müəyyən bir günü təbliğə çıxmağı planlaşdırır. Bacı dərk edir ki, hər bir məsihiyə təbliğ etmək tapşırılıb (Həv. 4:20). Amma əri onun həmin gün evdə qalmasını istəyir, deyir ki, onlar çoxdandır bir yerdə vaxt keçirmirlər. Ola bilsin, bacının yadına növbəti prinsiplər düşür: biz Allaha itaət etməliyik və şagird hazırlamalıyıq (Mət. 28:19, 20; Həv. 5:29). Amma bacı başçılıq prinsipini də nəzərə almalı və hikmətli olmalıdır (Efes. 5:22—24; Filip. 4:5). Əri ondan nə istəyir: ümumiyyətlə təbliğə getməyə qoymur, yoxsa sadəcə həmin gün onunla vaxt keçirməyini istəyir? Biz həm Allahın iradəsini yerinə yetirməliyik, həm vicdanımızı təmiz saxlamalıyıq.

26 İYUN — 2 İYUL

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | ÜZEYİR 1—3

«Yehovanın işində sizin də payınız olsun»

w22.03 s. 14, abz. 1

Zəkəriyyənin gördüyünü görürsünüz?

ÇOX sevindirici bir an idi. Onilliklərdir ki Babil əsarətində olan israilliləri azad etmək üçün Yehova Fars şahı «Kuruşun ürəyində istək» oyatmışdı. Şah fərman çıxardı ki, yəhudilər öz vətənlərinə qayıtsın və «İsrailin Allahı Yehovanın Yerusəlimdəki evini yenidən tiksin» (Üzr. 1:1, 3). Necə də möhtəşəm xəbər idi! Bu, o demək idi ki, həqiqi ibadət Allahın Öz xalqına verdiyi diyarda yenidən bərpa olunacaqdı.

w17.10 s. 26, abz. 2

Allahın xalqını qoruyan cəng arabaları və tac

2 Əslində, Yerusəlimə köçənlər güclü iman sahibləri idilər. Onlar ev-eşiklərini, iş-güclərini geridə qoyub bu əraziyə gələn «Allahın təşviq etdiyi» həmin kəslər idi (Üzr. 1:2, 3, 5). Bu adamlar öyrəşdikləri diyarı tərk edib, əksəriyyətinin heç vaxt görmədiyi ölkəyə üz tutmuşdular. Yehovanın məbədinin bərpası onlar üçün vacib olmasaydı, hər halda 1600 kilometrlik daşlı-kəsəkli yolu qət etməzdilər.

Hikmət xəzinəsindən incilər

w06 1/1 s. 11, abz. 14

«Ezra» kitabından diqqətəlayiq fikirlər

1:3—6. Babildə qalan bə’zi israillilər kimi, Yehovanın bir çox xidmətçiləri tammüddətli xidmətdə iştirak etmək imkanında olmasalar və ya daha çox tələbat olan yerdə xidmət edə bilməsələr də, bu cür xidmət növündə iştirak edə bilənləri ruhlandırır və Padşahlığın təbliği və şagird hazırlamaq işini könüllü ianələr vasitəsilə dəstəkləyirlər.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş