Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Məbədin yenidən təmizlənməsi
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
    • İsa peyğəmbər pul dəyişənlərin masasını çevirir

      FƏSİL 103

      Məbədin yenidən təmizlənməsi

      MƏTTA 21:12, 13, 18, 19 MARK 11:12—18 LUKA 19:45—48 YƏHYA 12:20—27

      • İSA PEYĞƏMBƏR ƏNCİR AĞACINI LƏNƏTLƏYİR VƏ MƏBƏDİ TƏMİZLƏYİR

      • İSA PEYĞƏMBƏR ÖLMƏLİDİR Kİ, ÇOXLARI HƏYATA QOVUŞSUN

      İsa peyğəmbər və şagirdləri artıq üç gündür ki, Ərihadan Beytaniyyəyə gəliblər. Nisanın 10-u bazar ertəsi onlar səhər tezdən durub Yerusəlimə yollanırlar. Peyğəmbər acdır. Bu dəm o, əncir ağacını görür və üzərində əncir olub-olmadığını yoxlamaq üçün ona yaxınlaşır.

      İndi martın axırıdır. Əncir mövsümü isə iyun ayından sonra başlayır. Amma bu ağacın yarpaqları tez zoğ atıb. Buna görə də İsa peyğəmbər bunun yelənciri olduğunu düşünür. Lakin yaxınlaşanda görür ki, üzərində bir dənə də olsun əncir yoxdur. Yarpaqlar ağaca aldadıcı görkəm verib. Onda İsa peyğəmbər deyir: «Qoy bundan sonra heç kəs səndən meyvə yeməsin» (Mark 11:14). Ağac o andaca quruyur və bunun mənası səhərisi gün aydın olur.

      Bir az sonra yolçular Yerusəlimə çatırlar. Peyğəmbər məbədə gedir. O, dünən burada olanda vəziyyəti gözdən keçirmişdi. Bu gün isə bütün alverçiləri və müştəriləri məbəddən qovur, pul dəyişənlərin masalarını, göyərçin satanların kətillərini çevirir (Mark 11:15). Şəhərin o biri tərəfinə bir şey aparmaq üçün məbəddən kəsə yol kimi istifadə edənləri oradan keçməyə qadağan edir. Yadınızdadırsa, İsa Məsih 3 il əvvəl də 30-cu ilin Pasxa bayramına gələndə belə etmişdi (Yəhya 2:14—16).

      Nəyə görə İsa peyğəmbər məbəddə pul dəyişənlərə və heyvan satanlara qarşı qəti tədbir görür? O deyir: «Məgər yazılmayıb ki: “Mənim evim bütün xalqlar üçün dua evi adlanacaq”? Siz isə onu quldur yuvasına döndərmisiniz» (Mark 11:17). Onlar qurbanlıq heyvanların qiymətini birə-beş qaldıraraq bu heyvanları almağa məcbur olan adamları soyurlar. Məhz buna görə peyğəmbər onları quldur hesab edir.

      Əlbəttə ki, onun hərəkəti böyük kahinlərin, mirzələrin və nüfuzlu adamların qulağına gedib çatır və buna görə də onlar onu öldürmək üçün yol axtarmağa başlayırlar. Amma bilmirlər onu necə aradan götürsünlər, çünki İsa peyğəmbəri dinləmək istəyən camaat ondan ayrılmır.

      Pasxa bayramına yəhudilərdən savayı prozelitlər də gəliblər. Prozelitlər yəhudi dinini qəbul etmiş qeyri-yəhudi xalqlardan olan insanlardır. Allaha ibadət etmək üçün bayrama gələnlərin arasında yunanlar da var. Onlar Filipə yaxınlaşıb İsa peyğəmbəri görmək istədiklərini deyirlər. Görünür, Filipin adı yunan adı olduğu üçün ona yaxınlaşırlar. Filip bu xahişlə əlaqədar gedib Andreasla məsləhətləşir. Onların hər ikisi bu məsələ ilə bağlı peyğəmbərə müraciət edirlər. Görünür, İsa peyğəmbər hələ məbəddədir.

      İsa peyğəmbər bilir ki, onun ölümünə cəmi bir neçə gün qalıb. Buna görə indi camaatın marağını təmin etmək və ya məşhurlaşmağa can atmaq vaxtı deyil. O deyir: «İnsan Oğlunun şərəflənmək vaxtı gəldi. Eşidin və agah olun, buğda dəni torpağa düşüb ölməyincə necə var elə qalır. Öləndə isə çoxlu bar verir» (Yəhya 12:23, 24).

      Bir buğda dənəsinin, demək olar ki, heç bir dəyəri yoxdur. Amma o, torpağa düşüb «öləndə» cücərir, boy atır və sünbül olub çoxlu dən gətirir. Eynilə, İsa peyğəmbər kamil insan kimi təkdir. Ancaq peyğəmbərin son nəfəsinədək Allaha sadiq qalıb ölməsi sayəsində onun kimi fədakar insanlar əbədi həyata qovuşacaqlar. Buna görə də o deyir: «Öz canını sevən onu məhv edəcək, bu dünyada canına nifrət edən isə onu əbədi həyat üçün qoruyacaq» (Yəhya 12:25).

      İsa peyğəmbərin növbəti sözlərindən görürük ki, o, yalnız özünü düşünmür: «Kim mənə xidmət etmək istəyirsə, ardımca gəlsin. Mən harada olsam, xidmətçim də orada olacaq. Mənə xidmət edən adamı Allah şərəfləndirəcək» (Yəhya 12:26). Necə də böyük mükafatdır! Allahın şərəfləndirdiyi insanlar Məsihlə birgə Padşahlıqda olacaqlar.

      İsa peyğəmbər onu gözləyən əzabları və məşəqqətli ölümünü nəzərdə tutaraq deyir: «Ürəyim sıxılır. Nə deyim? Ata, məni bu sınaqdan qurtar». Ancaq İsa peyğəmbər Allahın iradəsinə zidd getmək istəmir. O deyir: «Hərçənd mən elə bu gün üçün gəlmişəm» (Yəhya 12:27). İsa Məsih, fidyə qurbanlığı qismində veriləcək həyatı da daxil olmaqla, Allahın niyyətini bütövlüklə dəstəkləyir.

      • Hələ əncir mövsümü olmadığı halda, İsa peyğəmbər nəyə görə əncir ağacında meyvə axtarır?

      • İsa peyğəmbər məbəddəki satıcıları nə üçün «quldur» adlandırır?

      • İsa peyğəmbər hansı mənada buğda dəninə bənzəyir? O, onu gözləyən əzablar və ölüm barədə nə düşünür?

  • Yəhudilər Allaha iman etdiklərini göstərəcəklər?
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
    • İsa Məsih deyir: «Ata, Öz adını ucalt». Bu zaman yaxınlıqda olan yəhudilər Allahın səsini eşidir

      FƏSİL 104

      Yəhudilər Allaha iman etdiklərini göstərəcəklər?

      YƏHYA 12:28—50

      • ALLAHIN SƏSİNİ ÇOXLU İNSAN EŞİDİR

      • HÖKM ÜÇÜN ƏSAS

      Nisanın 10-u bazar ertəsidir. İsa peyğəmbər məbəddə qarşıda onu gözləyən ölümü barədə danışır. Görəsən, onun ölümü Atasının adına necə təsir edəcək? Onu ən çox narahat edən elə budur. O deyir: «Ata, Öz adını ucalt». Bu zaman göydən gurultulu bir səs bəyan edir: «Ucaltmışam, yenə də ucaldacağam» (Yəhya 12:27, 28).

      Onun əhatəsində olan izdiham heyrətdən donub qalır. Bəziləri ildırım çaxdığını düşünür. Digərləri isə onunla mələyin danışdığını deyirlər (Yəhya 12:29). Amma bu səs Yehova Allahın səsidir! Bu, birinci dəfə deyil ki, insanlar İsa peyğəmbərin xidməti ərzində Allahın səsini eşidirlər.

      Üç il yarım bundan əvvəl İsa Məsih vəftiz olarkən Vəftizçi Yəhya Allahın səsini eşitmişdi. Allah Məsih haqqında belə demişdi: «Bu, Mənim sevimli Oğlumdur. Mən ondan çox razıyam». 32-ci ilin Pasxa bayramından sonra İsa Məsihin görkəmi dəyişəndə onun yanında olan həvarilərinə, Yaquba, Yəhyaya və Butrusa da Allahın: «Bu, Mənim sevimli Oğlumdur. Mən ondan çox razıyam. Ona qulaq asın», — sözlərini eşitmək nəsib olmuşdu (Mətta 3:17; 17:5). Amma bu dəfə, yəni üçüncü dəfə Allah göylərdən danışanda Onun səsini çoxlu sayda adam eşidir!

      İsa Məsih deyir: «Bu səs mənim üçün yox, sizin üçün idi» (Yəhya 12:30). Göydən gələn bu səs onun həqiqətən də Allahın Oğlu və vəd edilmiş Məsih olduğunu sübut edir.

      İsa peyğəmbər ölümədək Allaha sadiq qalmaqla bizə necə yaşayacağımıza dair nümunə qoydu və bu dünyanın hökmdarı olan Şeytan İblisin məhv edilməyə layiq olduğunu təsdiq etdi. O deyir: «Bu dünyaya hökm kəsmək vaxtı yetişdi. İndi bu dünyanın hökmdarı devriləcək». İsa peyğəmbəri gözləyən ölüm məğlubiyyət yox, qələbə olacaq. Bu, necə ola bilər? O izah edir: «Mən isə yuxarı qaldırılanda hər cür insanı özümə cəlb edəcəyəm» (Yəhya 12:31, 32). O, ölümü ilə insanları özünə cəlb edib əbədi həyata yol açacaq.

      İsa Məsih göyə qaldırılacağını deyəndə izdiham etiraz edir: «Biz Tövratdan eşitmişik ki, Məsih əbədi qalmalıdır. Necə olur, sən deyirsən ki, insan Oğlu yuxarı qaldırılmalıdır? Axı bu insan Oğlu kimdir?» (Yəhya 12:34). Bir belə sübut qarşısında, üstəlik, Allahın səsini eşidəndən sonra da, çoxları İsanın doğrudan da insan Oğlu və vəd edilmiş Məsih olduğuna inanmır.

      İsa Məsih əvvəl dediyi kimi, bu dəfə də özünü nur adlandırır (Yəhya 8:12; 9:5). O, camaata deyir: «Nur bir az da aranızda olacaq. Nə qədər ki nur sizinlədir, yeriyin, yoxsa zülmət sizi üstələyər... Nə qədər ki nur sizinlədir, nurun övladları olmaq üçün nura iman gətirin» (Yəhya 12:35, 36). Sonra İsa Məsih çıxıb gedir, çünki o, nisanın 10-u yox, 14-ü Pasxa bayramında öldürüləcək və göyə qaldırılacaq (Qalatiyalılara 3:13).

      İsa Məsihin xidmətinə nəzər salanda görmək olar ki, yəhudilərin iman gətirməyəcəklərinə dair deyilmiş peyğəmbərlik yerinə yetirdi. Əşiya peyğəmbərlik etmişdi ki, xalqın gözləri bağlı, ürəkləri hissiyatsız olacaq, şəfa tapmaq üçün geri dönməyəcək (Əşiya 6:10; Yəhya 12:40). Bəli, yəhudilərin əksəriyyəti İsa Məsihin vəd edilmiş Xilaskar olduğunu təsdiq edən sübutları inadla rədd edir.

      Nikodem, arimataylı Yusif və rəhbərlərin içindən çoxları İsa Məsihə iman edir. Bəs, görəsən, onlar imanlarına görə davranacaqlar, yoxsa sinaqoqdan qovulmaqdan qorxduqları və ya insanların yanında izzət qazanmağı sevdikləri üçün geri çəkiləcəklər? (Yəhya 12:42, 43).

      İsa peyğəmbər ona iman etməyə nələrin daxil olduğunu izah edir: «Mənə iman edən yalnız mənə yox, məni göndərənə də iman edir. Məni görən məni göndərəni də görür». İsa peyğəmbərin Allahın buyruğu ilə bəyan etdiyi həqiqətlər o qədər vacibdir ki, o deyir: «Məni vecinə almayan və sözlərimi qəbul etməyən üçün hakim var. Ağzımdan çıxan söz axırıncı gündə onu mühakimə edəcək» (Yəhya 12:44, 45, 48).

      İsa peyğəmbər sözlərinə yekun vurur: «Mən özümdən danışmıram, məni göndərən Ata mənə nə haqda danışmağı, nə deməyi buyurub. Mən bilirəm ki, Onun buyruğu əbədi həyata aparır» (Yəhya 12:49, 50). Peyğəmbər bilir ki, tezliklə ona iman edən insanların uğrunda öz canını qurban verəcək (Romalılara 5:8, 9).

      • İsa peyğəmbərin yerdəki xidməti zamanı hansı üç halda insanlar Allahın səsini eşitmişlər?

      • Yəhudi rəhbərlərindən kimlər İsa Məsihə iman gətirir? Bəs nəyə görə onlardan bəziləri imanlarını büruzə vermirlər?

      • Axırzamanda insanlar nəyin əsasında mühakimə olunacaqlar?

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş