-
Peyğəmbər əncir ağacı ilə iman dərsi verirİsa peyğəmbər. Yol, həqiqət, həyat
-
-
FƏSİL 105
Peyğəmbər əncir ağacı ilə iman dərsi verir
MƏTTA 21:19—27 MARK 11:19—33 LUKA 20:1—8
QURUMUŞ ƏNCİR AĞACI İBRƏT DƏRSİDİR
İSA PEYĞƏMBƏRİN SƏLAHİYYƏTİ ŞÜBHƏYƏ ALINIR
İsa peyğəmbər bazar ertəsi günorta Yerusəlimdən çıxıb Zeytun dağının şərq yamacında yerləşən Beytaniyyəyə qayıdır. Ola bilsin, o, gecə dostu İlazərgildə qalır.
İndi nisanın 11-i səhər çağıdır. İsa peyğəmbərlə şagirdləri yenə də yola düşüb Yerusəlimə qayıdırlar. Orada o, axırıncı dəfə məbədə gedəcək. Bu gün onun müjdəçilik işinin son günüdür. Sonra o, Pasxa bayramını qeyd edəcək, ölümünün anma mərasimini təsis edəcək, sonda isə əzab çəkib edam olunacaq.
Onlar Beytaniyyədən Zeytun dağının üstündəki yolla Yerusəlimə gedirlər. Yolda həvari Butrus İsa peyğəmbərin dünən səhər lənətlədiyi əncir ağacını görüb deyir: «Rabbi, bir bax! Lənətlədiyin əncir ağacı quruyub!» (Mark 11:21).
Bəs, görəsən, İsa peyğəmbər bu ağacı nə üçün qurutdu? Bunun səbəbi onun növbəti sözlərindən məlum olur: «Bunu bilin, əgər imanınız varsa və şübhə etmirsinizsə, siz nəinki əncir ağacına etdiyimi edəcəksiniz, hətta bu dağa: “Qalx, dənizə atıl”, — deyəcəksiniz və o atılacaq. İmanla dua etsəniz, dilədiyiniz hər şeyi alacaqsınız» (Mətta 21:21, 22). Bundan əvvəl peyğəmbər imanın dağı tərpətməyə qadir olduğunu demişdi. Bu fikri indi də təkrarlayır (Mətta 17:20).
Əncir ağacını qurutmaqla İsa peyğəmbər Allaha iman etməyin vacibliyini əyani şəkildə göstərir. O deyir: «Dua edib xahiş etdiyiniz hər şeyi hökmən alacağınıza inansanız, alacaqsınız» (Mark 11:24). Bu, peyğəmbərin bütün davamçıları üçün, ələlxüsus, qarşıda sınaqlarla üzləşəcək həvarilər üçün necə də vacib dərsdir! Lakin ağacın quruması ilə həqiqi iman arasında daha bir əlaqə var.
İsrail xalqı, bu əncir ağacı kimi, üzdən aldadıcı görünür. Allahla əhddə olan və zahirən Onun əmrlərinə riayət edən bu xalqın əslində imanı yoxdur və yaxşı bəhrələr gətirmir. Onlar hətta Allahın Oğlunu rədd edirlər! Buna görə bəhrəsiz əncir ağacını qurutmaqla İsa peyğəmbər bu bəhrə gətirməyən və imansız xalqın aqibətini əyani şəkildə göstərir.
Bir azdan İsa peyğəmbərlə şagirdləri Yerusəlimə çatırlar. Peyğəmbər adəti üzrə məbədə gedir və orada təlim verməyə başlayır. Böyük kahinlər və xalqın ağsaqqalları, yəqin ki, İsa peyğəmbərin dünən pul dəyişənləri məbəddən qovduğunu nəzərdə tutaraq onu sıxışdırırlar: «De görək bunları nə haqla edirsən? Sənə kim ixtiyar verib?» (Mark 11:28).
İsa peyğəmbər cavab verir: «Mən də sizə bir sual verəcəyəm. Cavab versəniz, onda bu işləri hansı ixtiyarla gördüyümü sizə deyəcəyəm. Deyin görüm Yəhyaya vəftiz etmək ixtiyarını Allah vermişdi, yoxsa insanlar?» İndi nə cavab verəcəklərini onlar fikirləşməlidirlər. Kahinlər və ağsaqqallar öz aralarında götür-qoy etməyə başlayırlar: «Əgər desək ki, “Allah vermişdi”, o qayıdıb deyəcək: “Bəs onda niyə ona inanmadınız?” “İnsanlar vermişdi” də deyə bilmərik». Onlar xalqdan qorxduqları üçün nə cavab verəcəklərini fikirləşirlər, çünki hamı Yəhyanın əsil peyğəmbər olduğunu hesab edir (Mark 11:29—32).
Əleyhdarlar nə deyəcəklərinə söz tapmayıb «bilmirik» deyirlər. Onda İsa peyğəmbər cavab verir: «Mən də bunları nə ixtiyarla etdiyimi sizə deməyəcəyəm» (Mark 11:33).
-
-
Üzümlük barədə iki məsəlİsa peyğəmbər. Yol, həqiqət, həyat
-
-
FƏSİL 106
Üzümlük barədə iki məsəl
MƏTTA 21:28—46 MARK 12:1—12 LUKA 20:9—19
İKİ OĞUL HAQDA MƏSƏL
BAĞBANLAR BARƏDƏ MƏSƏL
İsa Məsih məbəddədir. O, öz cavabı ilə böyük kahinləri və ağsaqqalları çaş-baş qoyub. Onlar İsa Məsihin gördüyü işləri hansı səlahiyyətlə etdiyini sual altına qoymuşdular. Məsih cavabı ilə onları susdurub. Sonra onların əsil üzünü üzə çıxaran məsəl çəkir:
«Bir adamın iki övladı var idi. Bir gün o, böyük oğluna yaxınlaşıb dedi: “Bala, get bu gün üzümlükdə işlə”. Oğlan cavab verdi: “Getmirəm”. Amma sonradan dediyinə peşman olub getdi. Ata eyni şeyi kiçik oğluna da dedi. Bu oğul isə belə cavab verdi: “Baş üstə, ağa, gedərəm”. Amma getmədi. İndi deyin görüm bu iki oğuldan hansı biri atasının istəyini yerinə yetirdi?» (Mətta 21:28—31). Əlbəttə ki, böyük oğul.
Buna görə İsa peyğəmbər tənqidçilərinə deyir: «Bunu bilin ki, vergiyığanlar və fahişələr Allahın Padşahlığına sizdən qabaq girəcəklər». Vergiyığanlarla fahişələr başlanğıcdan Allaha xidmət etmirdilər. Amma böyük oğul kimi, onlar da peşman olub Allaha xidmət etməyə başlayıblar. Din xadimləri isə kiçik oğul kimi, Allaha xidmət etdiklərini desələr də, bunu əməldə göstərmirlər. Məsih qeyd edir: «[Vəftizçi] Yəhya gəlib sizə salehlik yolunu göstərdi, siz isə ona inanmadınız. Ancaq vergiyığanlar və fahişələr ona inandı. Siz isə bunları görə-görə yenə də peşman olub ona inanmadınız» (Mətta 21:31, 32).
İsa peyğəmbər bundan sonra başqa nümunə çəkir. O izah edir ki, onların qəbahəti yalnız Allaha xidmət etməmələrində deyil. Onlar həm də bədniyyət insanlardır. Məsih deyir: «Bir adam üzüm bağı saldı. Bağı çəpərlədi, üzüm sıxmaq üçün çala qazdı, bir qüllə tikdi və bağı bağbanlara icarəyə verib başqa ölkəyə yollandı. Məhsul yığımı mövsümündə o, öz nökərini göndərdi ki, bağbanlar ona bağın barından versinlər. Bağbanlar isə nökəri qamarlayıb döydülər və əliboş geri qaytardılar. Bağın sahibi onların yanına başqa bir nökər göndərdi, lakin bağbanlar onun başını yardılar, onu alçaltdılar. O, bir nökərini də göndərdi, bağbanlar onu öldürdülər. Bağ sahibi ora çoxlu nökər göndərdi, lakin bağbanlar bəzilərini döydülər, bəzilərini öldürdülər» (Mark 12:1—5).
İsa peyğəmbəri dinləyənlər bu nümunənin məğzini başa düşürlər? Yəqin, Əşiya peyğəmbərin tənqidi onların yadındadır. O demişdi: «Ordular Allahı Yehovanın üzüm bağı İsrail evidir, mehr saldığı meynəlik Yəhuda xalqıdır. O, ədalət gözləyirdi» (Əşiya 5:7). İsa peyğəmbərin məsəli də buna bənzərdir. Mülkədar Yehova Allahdır, üzüm bağı isə Allahın qanunu ilə hasarlanıb müdafiə olunan İsrail xalqıdır. Bu xalqa təlim-tərbiyə vermək və yaxşı bəhrə gətirməsinə kömək etmək üçün Yehova Allah peyğəmbərlərini göndərirdi.
Lakin «bağbanlar» onların yanına göndərilən «nökərlərlə» pis davrandılar və onları qətlə yetirdilər. Məsih izah edir: «Bağ sahibinin bir sevimli oğlu var idi. O: “Oğluma hörmətlə yanaşarlar”, — deyib lap axırda bağbanların yanına oğlunu göndərdi. Ancaq bağbanlar bir-birilərinə dedilər: “Bu varisdir. Gəlin onu öldürək, miras bizim olsun”. Bağbanlar onu tutub öldürdülər» (Mark 12:6—8).
İsa peyğəmbər soruşur: «Görəsən, bağın sahibi nə edəcək?» (Mark 12:9). Din xadimləri cavab verirlər: «Bütün bu pis əməllərinə görə onların axırı da pis olacaq. Torpaq sahibi üzüm bağını başqa bağbanlara icarəyə verəcək. Onlar vaxtlı-vaxtında torpaq sahibinə məhsulunu verəcəklər» (Mətta 21:41).
Bu rəhbərlər öz dilləri ilə özlərini məhkum edirlər. Axı onlar da Yehova Allahın «üzüm bağı» olan İsrail xalqının «bağbanları» arasındadırlar. Yehova Allah bu bağbanlardan bəhrə, yəni Onun Oğluna — Məsihə iman gətirmələrini gözləyir. İsa Məsih din xadimlərinin birbaşa üzünə deyir: «Məgər bu sözləri oxumamısınız: “Bənnaların rədd etdikləri daş küncün əsas daşı oldu. Bunu edən Yehovadır, biz buna heyran qalmışıq”?» (Mark 12:10, 11). Sonra o, fikrini açıq deyir: «Buna görə də eşidin və agah olun, Allahın Padşahlığı sizdən alınacaq və onun bəhrəsini gətirən xalqa veriləcək» (Mətta 21:43).
Mirzələr və böyük kahinlər İsa Məsihin bu məsəli onlara aid etdiyini başa düşürlər (Luka 20:19). Əvvəlkindən beşbetər onu, hüquqi «varisi» öldürmək istəyirlər. Lakin İsanı peyğəmbər hesab edən camaatdan qorxduqları üçün onu oradaca öldürmürlər.
-
-
Padşah toy ziyafətinə qonaq dəvət edirİsa peyğəmbər. Yol, həqiqət, həyat
-
-
FƏSİL 107
Padşah toy ziyafətinə qonaq dəvət edir
TOY ZİYAFƏTİ HAQDA MƏSƏL
İsa Məsihin xidmətinin sonu yaxınlaşır. O, mirzələrlə böyük kahinlərə məsəllər danışaraq onları ifşa etməyə davam edir. Buna görə də onlar onu öldürmək istəyirlər (Luka 20:19). Amma İsa Məsihin onlara deməyə hələ də sözü var. O, başqa məsəl çəkir:
«Səmavi Padşahlıq oğlu üçün toy edən bir padşaha bənzəyir. Padşah dəvət etdiyi qonaqları toy ziyafətinə çağırmaq üçün nökərlərini göndərdi. Lakin qonaqlar gəlmək istəmədilər» (Mətta 22:2, 3). İsa peyğəmbər məsəlinə «səmavi Padşahlıq» sözləri ilə başlayır. Məntiqlidir ki, padşah Yehova Allahdır. Bəs padşahın oğlu və toy ziyafətinə dəvət olunanlar kimlərdir? Bunu da bilmək çətin deyil. Padşahın oğlu bu məsəli danışan adamdır, yəni Yehova Allahın oğludur. Dəvət olunanlar isə Oğulla birgə səmavi Padşahlıqda olacaq şəxslərdir.
İlk əvvəl kimlər dəvət olunur? İsa Məsihin və həvarilərinin Padşahlıq barədə təbliğ etdiyi yəhudilər (Mətta 10:6, 7; 15:24). Bu xalq eramızdan əvvəl 1513-cü ildə Qanun əhdini qəbul etdi və beləcə, «kahinlər padşahlığı»nı təşkil etmək üçün ilk namizədlər oldu (Çıxış 19:5—8). Bəs onlar nə vaxt toy ziyafətinə dəvət olundular? Məntiqə uyğundur ki, onlar eramızın 29-cu ilində, İsa Məsih Allahın Padşahlığı barədə təbliğ etməyə başlayanda dəvət olundular.
Bəs israillilərin əksəriyyəti bu dəvətə necə hay verdi? İsa Məsihin təbirincə desək, «qonaqlar gəlmək istəmədilər». Din xadimlərinin və xalqın əksər hissəsi onu Məsih və Allahın təyin etdiyi Padşah kimi qəbul etmədi.
Ancaq İsa Məsih qeyd edir ki, yəhudilərə başqa şans verildi: «Padşah bu dəfə başqa nökərləri göndərdi və onlara dedi: “Gedin qonaqlara belə deyin: “Naharı hazırlamışam, cöngələr, bəslənmiş heyvanlar artıq kəsilib, hər şey hazırdır. Buyurun ziyafətə gəlin”. Lakin onlar dəvəti veclərinə almadılar. Kimisi tarlasında işləməyə getdi, kimisi də başqa işinin dalınca getdi. Qalanları isə nökərləri tutub döydülər və öldürdülər» (Mətta 22:4—6). Bunlar məsihi yığıncağı yarananda baş verəcək hadisələrə şamil olunur. O vaxt yəhudilərin Allahın Padşahlığına girməyə hələ də imkanı var idi, amma onların əksəriyyəti bu dəvəti rədd etdi, hətta padşahın nökərləri ilə pis davrandılar (Həvarilərin işləri 4:13—18; 7:54, 58).
Bu, xalq üçün nə ilə nəticələndi? İsa Məsih deyir: «Padşah bərk qəzəbləndi. Ordusunu göndərib qatilləri məhv etdi, şəhərlərini də yandırdı» (Mətta 22:7). Bu, yəhudilərin başına eramızın 70-ci ilində, romalılar Yerusəlimi darmadağın edəndə gəldi.
Görəsən, onların padşahın dəvətini rədd etməsi o deməkdirmi ki, daha heç kim dəvət olunmayacaq? Xeyr, bu, o demək deyil. Bunu İsa Məsih nümunəsindən görmək olar. O deyir: «Sonra [padşah] nökərlərinə dedi: “Toy ziyafəti hazırdır, lakin qonaqlar məclisdə iştirak etməyə layiq olmadılar. Buna görə də şəhərdən çıxan yollara gedin, kimi tapsanız hamını ziyafətə çağırın”. Nökərlər yollara çıxdılar və tapdıqları adamların hamısını: pisləri də, yaxşıları da yığıb məclisə gətirdilər. Toyxana qonaqlarla doldu» (Mətta 22:8—10).
Həvari Butrus sonradan qeyri-yəhudilərə — anadangəlmə yəhudi olmayanlara və ya yəhudiliyi qəbul etməyənləri məsihi olmağa kömək etməyə başlayır. Eramızın 36-cı ilində Roma ordusunun zabiti Kornili və ailəsi müqəddəs ruh alır və beləcə, onların Allahın Padşahlığına girmək imkanı açılır (Həvarilərin işləri 10:1, 34—48).
İsa Məsih qeyd edir ki, ziyafətə gələn hər kəs padşaha məqbul olmayacaq: «Padşah qonaqlara baxmaq üçün içəri girdi. Birdən onun gözünə toy libası geyməmiş bir adam sataşdı. Padşah ona dedi: “Qardaş, əynində toy libası olmaya-olmaya içəri necə girmisən?” O dinmədi. Onda padşah nökərlərinə əmr etdi: “Bunun əl-ayağını bağlayıb çölə, zülmətə atın. O, orada hönkür-hönkür ağlayıb dişlərini qıcayacaq”. Çünki dəvət edilənlər çox, seçilənlər isə azdır» (Mətta 22:11—14).
İsa Məsihin sözlərini eşidən din xadimləri ehtimal ki, onun sözlərinin tam mənasını və tətbiqini başa düşmürlər. Hər necə olursa olsun, onlar həmişəkindən daha çox onlara mane olan insandan canlarını qurtarmaq istəyirlər.
-
-
Məsihi sözdə tutmağa cəhd edirlərİsa peyğəmbər. Yol, həqiqət, həyat
-
-
FƏSİL 108
Məsihi sözdə tutmağa cəhd edirlər
MƏTTA 22:15—40 MARK 12:13—34 LUKA 20:20—40
PADŞAHA MƏXSUS ŞEYLƏRİ PADŞAHA VERİN
DİRİLƏNLƏR EVLƏNƏCƏKLƏR?
ƏN VACİB ƏMR
İsa Məsihin düşmənləri çıxılmaz vəziyyətdədirlər. Elə indicə Məsih məsəllər danışaraq onların iç üzünü açdı. Fərisilər ona sui-qəsd hazırlayırlar. Onlar İsa Məsihin Roma hökumətinə qarşı bir söz deməsini istəyirlər. Buna görə də onu sözdə tutmaq üçün öz adamlarını onun yanına göndərirlər (Luka 6:7).
Bu adamlar deyir: «Ustad, biz bilirik ki, sən həmişə düz danışırsan, doğru təlim verirsən. Səndə tərəfkeşlik yoxdur, Allahın yolunu həqiqətə müvafiq öyrədirsən. Necə bilirsən, padşaha can vergisi ödəmək düzgündür, ya yox?» (Luka 20:21, 22). Məsih onların yaltaqlığına aldanmır. Çünki bu sözlərin arxasında ikiüzlüyün və hiyləgərliyin olduğunu bilir. Əgər peyğəmbər «düzgün deyil» desə, onu Roma imperiyasına qarşı qiyam qaldırmaqda təqsirləndirəcəklər, yox əgər «düzgündür» desə, onda Roma imperiyasının tabeliyində olmaqdan təngə gələn yəhudilər onu səhv başa düşüb ona qarşı çıxacaqlar. Bəs peyğəmbər necə cavab verir?
O deyir: «Ey ikiüzlülər, məni niyə sınayırsınız? Vergini ödədiyiniz sikkəni mənə göstərin». Ona bir dinar verirlər. İsa peyğəmbər onlara deyir: «Burada kimin surəti və titulu həkk olunub?» Onlar cavab verirlər: «Padşahın». Onda peyğəmbər deyir: «Elə isə, padşaha məxsus şeyləri padşaha, Allaha məxsus şeyləri Allaha verin» (Mətta 22:18—21).
Adamlar İsa peyğəmbərin sözlərindən heyrətə gəlirlər və deməyə söz tapmayıb oradan gedirlər. Amma gün hələ bitməyib, fərisilərin də cəhdləri hələ qabaqdadır. Fərisilərin həmləsi boşa çıxandan sonra başqa dini qrupun insanları İsa peyğəmbərə yaxınlaşır.
Dirilməyə inanmayan saddukilər dirilmə barədə və qayınla nikah bağlamaq barədə sual qaldırırlar: «Ustad, Musa belə buyurub: “Bir kişi övladsız ölərsə, qardaşı onun dul qalmış arvadını almalıdır ki, qardaşının nəsli kəsilməsin”. Aramızda yeddi qardaş var idi. Böyük qardaş evləndi, amma övladsız öldü. Arvadını ikinci qardaşı aldı. O da, üçüncüsü də — yeddinci qardaşa qədər hamısı o qadınla evləndi və öldü. Hamısından axırda qadın da öldü. İndi görəsən, diriləndən sonra həmin qadın bu yeddi qardaşdan hansının arvadı olacaq? Axı onların hamısı bu qadınla evlənmişdi» (Mətta 22:24—28).
Saddukilərin Musa peyğəmbərin yazdığı kitabları qəbul etdiklərini bilən İsa Məsih belə deyir: «Siz nə Müqəddəs Yazıları bilirsiniz, nə də Allahın qüdrətindən xəbəriniz var. Buna görə də yanılırsınız. Axı diriləndən sonra kişilər evlənməyəcək, qadınlar da ərə getməyəcəklər. Onlar göydəki mələklər kimi olacaqlar. O ki qaldı ölülərin dirilməsinə, məgər Musanın kitabında, kol haqqındakı əhvalatda Allahın Musaya: “Mən İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahıyam”, — dediyini heç oxumamısınız? O, ölülərin yox, dirilərin Allahıdır. Siz bərk yanılırsınız» (Mark 12:24—27; Çıxış 3:1—6). Bu cavabdan sonra izdiham mat-məəttəl qalır.
İsa Məsih həm fərisiləri, həm də saddukiləri susdurdu. İndi isə bir-birinə düşmən olan bu iki dini qrup birləşib Məsihi sınamaq üçün onun yanına gəlirlər. Bir mirzə soruşur: «Ustad, Tövratda ən vacib əmr hansıdır?» (Mətta 22:36).
Məsih cavab verir: «Ən vacib əmr budur: “Dinlə, ey İsrail! Allahımız Yehova tək olan Yehovadır. Allahın Yehovanı bütün qəlbinlə, bütün varlığınla, bütün ağlınla və var gücünlə sev”. İkinci əmr isə budur: “Başqasını özünü sevdiyin kimi sev”. Bunlardan böyük əmr yoxdur» (Mark 12:29—31).
Cavabı eşidən mirzə deyir: «Ustad, yaxşı dedin. Doğru deyirsən ki, “O, təkdir, Ondan başqası yoxdur” və insanın Onu bütün qəlbilə, bütün düşüncəsi ilə, var qüvvəsi ilə sevməsi, həmçinin başqasını özü kimi sevməsi bütün yandırma qurbanlarından və başqa qurbanlardan qat-qat qiymətlidir». İsa peyğəmbər onun ağılla cavab verdiyini görüb deyir: «Sən Allahın Padşahlığından uzaq deyilsən» (Mark 12:32—34).
Artıq üç gündür ki (9, 10 və 11 nisan), İsa peyğəmbər məbəddə təlim verir. Daha ona sual verməyə cürət etməyən din xadimlərindən fərqli olaraq, bu mirzə və bəzi insanlar onu böyük həvəslə dinləyir.
-
-
İsa peyğəmbər əleyhdarlarını mühakimə edirİsa peyğəmbər. Yol, həqiqət, həyat
-
-
FƏSİL 109
İsa peyğəmbər əleyhdarlarını mühakimə edir
MƏTTA 22:41—23:24 MARK 12:35—40 LUKA 20:41—47
MƏSİH KİMİN OĞLUDUR?
MƏSİH İKİÜZLÜ ƏLEYHDARLARINI İFŞA EDİR
Nisanın 11-dir. Din xadimlərinin İsa Məsihi gözdən salmaq, sözdə tutmaq və onu Roma imperiyasına qarşı çıxarmaq cəhdləri boşa çıxdı (Luka 20:20). Hələ də məbəddə olan peyğəmbər söhbəti elə dəyişir ki, onların əsil üzü ortaya çıxır. İndi o, onlardan soruşur: «Məsih haqqında nə düşünürsünüz? O, kimin oğludur?» (Mətta 22:42). Hamı çox yaxşı bilir ki, Məsih Davud peyğəmbərin nəslindən gəlməlidir. Onlar da elə bunu deyirlər (Mətta 9:27; 12:23; Yəhya 7:42).
İsa peyğəmbər soruşur: «Necə olur ki, Davud ilham alaraq onu “Ağa” adlandırıb deyir: “Yehova Ağama dedi: “Düşmənlərini ayağının altına qoyanadək sağımda otur”? Əgər Davud onu “Ağa” adlandırırsa, o, Davudun oğlu necə ola bilər?» (Mətta 22:43—45).
Fərisilər susurlar. Çünki onlar Davud peyğəmbərin nəslindən olan bir adamın gəlib onları Roma imperiyasının əsarətindən qurtaracağını düşünürlər. Amma İsa Zəbur 110:1, 2 ayələrinə istinad edərək Məsihin adi insan hökmdarından üstün olacağını vurğulayır. Məsih Davud peyğəmbərin ağası olacaq. Allahın sağında əyləşəndən sonra qüdrətini göstərəcək. İsa peyğəmbərin sözləri qarşısında onun əleyhdarları heç bir söz deyə bilmirlər.
İsa peyğəmbəri bir çox insanlar və şagirdləri dinləyir. İndi o, onlara müraciət edərək özlərini mirzələrdən və fərisilərdən qorumağa çağırır. Bu adamlar Musa peyğəmbərin yerində oturub Allahın qanunlarını öyrədirlər. İsa Məsih dinləyicilərinə göstəriş verir: «Dedikləri hər şeyə əməl edin, lakin gördükləri işləri görməyin. Çünki onlar deyirlər, amma etmirlər» (Mətta 23:2, 3).
Sonra İsa Məsih onların ikiüzlü olmalarına dair bir neçə nümunə çəkir: «Onlar həmail kimi taxdıqları ayə qutucuqlarını genişləndirir». Bəzi yəhudilər Tövratdan götürülmüş parçaları kiçik qutucuqlara qoyub alınlarına və qollarına bağlayırlar. Fərisilər camaatın gözünə kül üfürüb, guya Qanunu səylə icra etdiklərini göstərmək üçün bu qutucuqları böyüdürlər. Onlar həmçinin paltarlarının ətəyindəki saçaqları da uzadırlar. Düzdür, Allah israillilərə paltarlarının ətəyinə saçaq vurmağı buyurmuşdu (Saylar 15:38—40). Amma fərisilər özlərini insanlara göstərmək üçün bunu edirlər (Mətta 23:5).
Şan-şöhrət qazanmaq istəyi İsa Məsihin şagirdlərinə də sirayət edə bilər. Buna görə də peyğəmbər onlara nəsihət verir: «Qoymayın sizi “Rabbi” çağırsınlar, çünki sizin bir Ustadınız var, siz isə bir-birinizə qardaşsınız. Həmçinin yer üzündə heç kəsi “Ata” çağırmayın, çünki bir Atanız var, O da göydədir. Qoymayın sizi rəhbər adlandırsınlar, çünki bir Rəhbəriniz var, o da Məsihdir». Bəs şagirdlər özlərinə necə yanaşmalıdırlar? Onlar nə etməlidirlər? Peyğəmbər onlara deyir: «Aranızda ən böyük kimdirsə, qoy sizə nökər olsun. Özünü yüksəldən alçaldılacaq, özünü alçaldan yüksəldiləcək» (Mətta 23:8—12).
Sonra İsa peyğəmbər ikiüzlü mirzələrə və fərisilərə dəfələrlə «vay halınıza» deyir: «Vay sizin halınıza, mirzələr və fərisilər, ikiüzlülər! Çünki siz səmavi Padşahlığın qapılarını insanların üzünə bağlayırsınız. Nə özünüz girirsiniz, nə də girmək istəyənləri qoyursunuz» (Mətta 23:13).
Fərisilər ruhani dəyərləri tapdaladıqları üçün İsa peyğəmbər onları mühakimə edir. Onlar bunu özlərinə sərf edən fikirləri irəli sürməklə göstərirlər. Məsələn, onlar deyirlər: «Əgər kimsə məbədə and içirsə, eybi yox, amma kimsə məbəddəki qızıla and içirsə, andını mütləq yerinə yetirməlidir». Onlar məbədin qızılını bu ibadət yerinin ruhani dəyərindən yuxarı tutmaqla əxlaqi cəhətdən kor bələdçi olduqlarını göstərirlər. Onlar «Tövratdakı daha vacib məsələlərə: haqq-ədalətə, mərhəmətə və sədaqətə» fikir vermirlər (Mətta 23:16, 23; Luka 11:42).
İsa Məsih bu fərisiləri «ağcaqanadı süzgəclə ayırıb, dəvəni diri-diri udan, kor bələdçilər» adlandırır (Mətta 23:24). Onlar şərabı süzgəcdən keçirirlər ki, onun içinə ağcaqanad düşməsin. Dini ayinlərə görə, ağcaqanad murdar sayılır. Lakin fərisilər Qanunun daha vacib tələblərinə laqeyd yanaşırlar, yəni dini ayinlərə görə natəmiz heyvan olan dəvəni, sanki, diri-diri udurlar (Lavililər 11:4, 21—24).
-
-
İsa peyğəmbərin məbəddəki son günüİsa peyğəmbər. Yol, həqiqət, həyat
-
-
FƏSİL 110
İsa peyğəmbərin məbəddəki son günü
MƏTTA 23:25—24:2 MARK 12:41—13:2 LUKA 21:1—6
MƏSİH DİN XADİMLƏRİNİ YENƏ MÜHAKİMƏ EDİR
MƏBƏD DARMADAĞIN OLACAQ
KASIB DUL QADIN İKİ XIRDA PUL İANƏ EDİR
İsa Məsih sonuncu dəfədir ki, məbəddədir. O, yenə də mirzələri və fərisiləri ifşa edir və açıq-aşkar onları ikiüzlü adlandırır. O, əyani nümunədən istifadə edərək deyir: «Siz camı və boşqabı üstdən təmizləyirsiniz, amma onların içi acgözlüklə və kef-səfa ilə doludur. Ey kor fərisi, əvvəlcə camın və boşqabın içini təmizlə, onda onların üstü də təmiz olacaq» (Mətta 23:25, 26). Fərisilər xırdalığına qədər təmizlənmə ayinini icra edib zahiri görünüşlərinə fikir verirlər, lakin onlar daxillərinin nə vəziyyətdə olduğuna fikir vermirlər və məcazi ürəklərini təmizləmirlər.
Onların ikiüzlüyü peyğəmbərlər üçün canfəşanlıqla türbələr ucaldıb onları bəzəməklərindən də görünür. Halbuki onlar İsa Məsihin qeyd etdiyi kimi, peyğəmbərləri qətlə yetirmiş adamların övladlarıdırlar (Mətta 23:31). Belə olduqları İsa Məsihi öldürməyə çalışmalarından görünür (Yəhya 5:18; 7:1, 25).
Sonra İsa Məsih din xadimlərinin tövbə etmədikləri halda aqibətlərinin necə olacağını deyir: «Siz, ey ilanlar, əfi ilan balaları! Hinnom vadisinə məhkumiyyətdən canınızı necə qurtaracaqsınız?» (Mətta 23:33). Yaxınlıqdakı Hinnom vadisində zibilləri yandırırlar. Bu, bədxah fərisiləri və mirzələri gözləyən əbədi məhvin əyani nümunəsidir.
İsa Məsihin şagirdləri onu peyğəmbərlər, ariflər və müəllimlər kimi təmsil edəcəklər. Bu şagirdlərlə necə davranacaqlar? Üzünü din xadimlərinə tutaraq İsa Məsih deyir: «[Şagirdlərimdən] bəzilərini öldürəcək, dirəkdə edam edəcəksiniz, bəzilərini isə sinaqoqlarınızda qamçılayacaq və bir şəhərdən o biri şəhərə qovacaqsınız. Beləcə, saleh Habilin qanından tutmuş... Zəkəriyyənin qanına kimi, yer üzündə axıtdığınız bütün salehlərin qanına görə günahkar sayılacaqsınız». O xəbərdar edir: «Bilin və agah olun, bütün bu günahlara görə bu nəsil cavab verəcək» (Mətta 23:34—36). Bu sözlər eramızın 70-ci ilində Roma ordusu Yerusəlimi işğal edəndə və yüz minlərlə yəhudini məhv edəndə yerinə yetir.
İsa peyğəmbər bu dəhşətli hadisə barədə düşünərək qüssələnir və ürək yanğısı ilə deyir: «Eh, Yerusəlim, Yerusəlim! Peyğəmbərləri qətlə yetirən, sənə göndərilənləri daşa basan Yerusəlim! Toyuq cücələrini qanadının altına topladığı kimi, mən də dəfələrlə sənin övladlarını bir yerə yığmaq istədim. Amma siz istəmədiniz! Buna görə də Allah bu məbədi tərk edəcək» (Mətta 23:37, 38).
Sonra peyğəmbər əlavə edir: «Siz: “Yehovanın adı ilə gələnə eşq olsun!” — deyənə qədər bir daha məni görməyəcəksiniz» (Mətta 23:39). O, Zəbur 118:26 ayəsindəki peyğəmbərlik sözlərini sitat gətirir: «Yehovanın adı ilə gələnə eşq olsun! Yehovanın evindən sizə alqış deyirik». Aydındır ki, bu məbəd dağılandan sonra heç kim Allahın adı ilə ora gəlməyəcək.
Sonra İsa peyğəmbər məbədin xəzinə qabları olan hissəsinə gedir. Ora gələnlər ianələrini qabın başındakı balaca deşikdən içəri atırlar. Peyğəmbər müxtəlif varlı yəhudilərin xəzinə qablarına çoxlu pul atdıqlarını görür. Sonra İsa peyğəmbərin diqqətini iki xırda pul atan bir dul qadın cəlb edir (Mark 12:41, 42). Peyğəmbər şübhəsiz əmindir ki, Allah həmin qadının ianəsini qəbul edir.
Peyğəmbər şagirdlərini yanına çağırıb deyir: «Bunu bilin ki, bu kasıb dul qadın xəzinə qabına hamıdan çox atdı». Bu, necə ola bilər? Peyğəmbər izah edir: «Onların hamısı varlarının artıqlığından ianə verdilər, bu qadın isə yoxsul ola-ola dolanmaq üçün nəyi vardısa hamısını verdi» (Mark 12:43, 44). Bu qadının düşüncəsi və əməlləri din xadimlərinkindən necə də fərqlənir!
Hələ də nisanın 11-dir. İsa peyğəmbər axırıncı dəfə məbədin qapılarından çıxır. Şagirdlərdən biri deyir: «Ustad, bir bu möhtəşəm daşlara, bu binalara bax!» (Mark 13:1). Həqiqətən də, məbədin divarlarının bəzi daşları olduqca böyükdür. Bunun sayəsində məbəd möhkəm və sarsılmaz görünür. Bu səbəbdən İsa peyğəmbərin növbəti sözləri adama qəribə gələ bilər: «Gördüyün bu möhtəşəm binaların daşı daş üstə qalmayacaq, hamısı dağılacaq» (Mark 13:2).
İsa peyğəmbər bundan sonra həvariləri ilə Qidron vadisini keçib Zeytun dağına qalxır. Sonra o, Butrus, Andreas, Yaqub və Yəhya ilə təklikdə qalır. Buradan onlar möhtəşəm məbədi seyr edə bilirlər.
-
-
Həvarilər əlamət istəyirİsa peyğəmbər. Yol, həqiqət, həyat
-
-
FƏSİL 111
Həvarilər əlamət istəyir
MƏTTA 24:3—51 MARK 13:3—37 LUKA 21:7—38
DÖRD ŞAGİRD ƏLAMƏT İSTƏYİR
PEYĞƏMBƏRLİYİN BİRİNCİ ƏSRDƏ VƏ GƏLƏCƏKDƏ YERİNƏ YETMƏSİ
BİZ AYIQ OLMALIYIQ
Çərşənbə axşamı günortadır. Nisanın 11-i bitmək üzrədir. İsa Məsihin yer üzündəki fəaliyyətinin son günləridir. Gün ərzində o, məbəddə təlim verir, gecələr isə gedib şəhərdən kənarda qalır. Sübh tezdən məbədə gələn insanlar böyük maraqla onu dinləyir (Luka 21:37, 38). İndi isə İsa Məsih dörd həvarisi — Butrus, Andreas, Yaqub və Yəhyayla birgə Zeytun dağındadırlar.
Bu dörd həvari təklikdə onun yanına gəliblər. Onları məbədin aqibəti maraqlandırır, çünki Məsih demişdi ki, bu məbəddə daş daş üstə qalmayacaq. Amma görünür, onları narahat edən tək bu deyil. İsa Məsih bundan əvvəl onları təşviq etmişdi: «Hazır olun, çünki insan Oğlu gözləmədiyiniz saatda gələcək» (Luka 12:40). O həmçinin insan Oğlunun zühur edəcəyi gün haqda da danışmışdı (Luka 17:30). Bəs onun dediyi bu fikirlər indicə məbəd haqda söylədikləri ilə necəsə əlaqəlidir? Həvarilər hər şeyi bilmək istəyirlər. Onlar soruşurlar: «Bizə de, bunlar nə vaxt baş verəcək? Sənin hüzuruna və o dövrün yekununa əlamət nə olacaq?» (Mətta 24:3).
Ehtimal ki, onlar yaxınlıqda görünən məbədin məhv olacağını düşünürlər. Həmçinin həvarilər insan Oğlunun hüzuru barədə də maraqlanırlar. Yəqin ki, onlar İsa Məsihin kübar ailədən olan bir adamın padşahlıq hakimiyyətini alıb geri qayıtması barədə çəkdiyi məsəli xatırlayırlar (Luka 19:11, 12). Üstəlik, onları dövrün yekununun necə olacağı maraqlandırır.
İsa Məsih onlara ətraflı cavab verir. O, yəhudi sisteminin sonunun nə zaman olacağını, həmçinin məbədin nə zaman dağılacağını göstərən əlamət verir. Amma yalnız bununla kifayətlənmir. Bu əlamət İsa Məsihin gələcəkdəki şagirdlərinə onun hüzuru vaxtında yaşadıqlarını və dövrün sonunun yaxınlaşdığını bilməyə kömək edəcək.
İllər ötdükcə həvarilər İsa Məsihin söylədiyi peyğəmbərliyin yerinə yetdiyinin şahidi olurlar. Bəli, bir çox şeylər məhz onların sağlığında həyata keçməyə başlayır. Bu səbəbdən 37 il sonra eramızın 70-ci ilində yəhudi sisteminin və məbədin dağılması ayıq-sayıq məsihiləri qəfil yaxalamır. Lakin Məsihin peyğəmbərlik sözlərinin heç də hamısı 70-ci ildən əvvəlki dövrdə və 70-ci ildə yerinə yetmir. Bəs onda onun padşah kimi hüzurunun əlaməti nə olacaq? Məsih bunu həvarilərinə açır.
O peyğəmbərlik edir ki, müharibə səsləri, müharibə xəbərləri olacaq, millət millətə qarşı, dövlət dövlətə qarşı qalxacaq (Mətta 24:6, 7). O həmçinin deyir ki, güclü zəlzələlər baş verəcək, gah burada, gah orada qıtlıqlar və xəstəliklər olacaq (Luka 21:11). Peyğəmbər şagirdlərini xəbərdar edir: «Sizi tutacaqlar, təqib edəcəklər» (Luka 21:12). Yalançı peyğəmbərlər peyda olub bir çoxlarını aldadacaq. Hərc-mərclik baş alıb gedəcək, insanların məhəbbəti soyuyacaq. Məsih həmçinin deyir ki, Padşahlıq haqqındakı «müjdə xalqların hamısına şəhadət olsun deyə, bütün yer üzündə təbliğ ediləcək və son o vaxt gələcək» (Mətta 24:14).
İsa Məsihin peyğəmbərliyi müəyyən mənada Yerusəlimin romalılar tərəfindən darmadağın olduğu vaxt və ondan əvvəlki dövrdə yerinə yetmişdi. Bəs onda, ola bilərmi ki, İsa Məsih bütün bunların gələcəkdə daha böyük miqyasda da yerinə yetəcəyini də nəzərdə tutsun? Bəs siz İsa Məsihin dediyi peyğəmbərliyin hal-hazırda geniş miqyasda yerinə yetdiyini görürsünüzmü?
Məsihin hüzurunun əlamətlərindən biri «viranəlik gətirən iyrənc şeyin müqəddəs yerdə» durmasıdır (Mətta 24:15). Eramızın 66-cı ilində bu iyrənc şey bütpərəst normaları və rəmzləri olan Roma qoşununu təmsil edirdi. Romalılar Yerusəlimi mühasirəyə almış və oranın bəzi divarlarının altını qazmışdılar (Luka 21:20). Beləcə, iyrənc şey durmağa layiq olmadığı yerdə — yəhudilərin müqəddəs saydığı yerdə durmuşdu.
İsa Məsih peyğəmbərlik edir: «O vaxt elə böyük müsibət olacaq ki, beləsi dünya yaranandan bəri olmamışdır və bir daha olmayacaq». Eramızın 70-ci ilində romalılar Yerusəlimi darmadağın edirlər. Onların yəhudilərin müqəddəs şəhərini və oradakı məbədi işğal etmələri, sözün əsil mənasında, böyük müsibət olur, çünki həmin vaxt minlərlə insanın qanı tökülür (Mətta 4:5; 24:21). Yəhudi xalqının tarixində belə bir şey olmamışdı. Bununla da əsrlərdir riayət olunan yəhudi dini quruluşuna son qoyulur. Deməli, gələcəkdə İsa Məsihin bu peyğəmbərlik sözləri böyük miqyasda yerinə yetəndə vəziyyət daha da acınacaqlı olacaq.
PEYĞƏMBƏRLİK OLUNMUŞ GÜNLƏRDƏ MƏTİN OLMAQ LAZIMDIR
İsa Məsih həvariləri ilə özünün padşah kimi hüzurunun və dövrün sonunun əlaməti barədə söhbətinə davam edir. O, onları özlərini yalançı məsihlərdən və yalançı peyğəmbərlərdən qorumağı tövsiyə edir, eləcə də deyir ki, bu adamlar mümkünsə, seçilmişləri də yoldan çıxartmağa çalışacaqlar (Mətta 24:24). Lakin seçilmişlər aldanmayacaqlar. Saxta məsihləri görmək mümkün olduğu halda, həqiqi Məsihin hüzurunu gözlə görmək mümkün olmayacaq.
Dövrün sonunda baş verəcək böyük müsibətə işarə edərək Məsih deyir: «Günəş zülmətə qərq olacaq, ay işıq saçmayacaq, ulduzlar göydən düşəcək və göylərin qüvvələri sarsılacaq» (Mətta 24:29). Həvarilər bu qorxulu sözləri eşidəndə nələrin baş verəcəyini dəqiq bilməsələr də, dəhşətli şeylərin olacağını təxmin edirlər.
Bu dəhşətli hadisələr insanlara necə təsir edəcək? İsa Məsih deyir: «İnsanlar qorxudan və yerin üzərinə gələcək hadisələri gözləməkdən huşunu itirəcək, çünki göylərin qüvvələri sarsılacaq» (Luka 21:26). Bəli, İsa Məsih bəşər tarixinin ən qara günlərini təsvir edir.
Xoşbəxtlikdən, İsa Məsih həvarilərinə açıq-aşkar bildirir ki, insan Oğlu qüdrətlə, calal içində gələndə hamı ağlaşmayacaq (Mətta 24:30). Məsih artıq qeyd etmişdi ki, Allah «seçilmişlərə görə» müdaxilə edəcək (Mətta 24:22). Bəs onda İsa Məsihin danışdığı dəhşətli hadisələr baş verən zaman onun sadiq davamçıları necə davranmalıdırlar? İsa peyğəmbərin növbəti çağırışı onları ruhlandırır: «Bunlar yerinə yetməyə başlayanda qamətinizi düzəldib başınızı dikəldin, çünki qurtuluşunuz yaxındır» (Luka 21:28).
Bəs həmin dövrdə yaşayan sadiq şagirdlər sonun yaxın olduğunu necə müəyyən edəcəklər? İsa Məsih onlara əncir ağacını nümunə gətirir: «Onun budaqları tumurcuqlayıb yarpaqları görünəndə bilirsiniz ki, yay yaxındır. Siz də bütün bunları görəndə bilin ki, insan Oğlu yaxında, qapının ağzındadır. Yadınızda saxlayın ki, bütün bunlar bu nəsil keçib getməmiş baş verəcək» (Mətta 24:32—34).
Beləliklə, əlamətin tərkib hissələrindən çoxu icra olunmağa başlayanda şagirdlər başa düşməlidirlər ki, dövrün sonu yaxınlaşır. İsa Məsih bu əlamətdar dövrdə yaşayacaq şagirdləri xəbərdar edir:
«O günü və saatı heç kəs bilmir: nə göydəki mələklər, nə də Oğul. Bunu yalnız Ata bilir. Çünki Nuhun vaxtında necə idisə, insan Oğlunun hüzuru zamanı da elə olacaq. O vaxt, daşqından əvvəl, Nuh gəmiyə minənə qədər camaat yeyir, içir, evlənir, ərə gedirdi. Daşqın gəlib onların hamısını aparmayınca heç nəyə məhəl qoymurdular. İnsan Oğlunun hüzuru zamanı da belə olacaq» (Mətta 24:36—39). İsa Məsih İnsan Oğlunun hüzurunu Nuh peyğəmbərin dövründə baş verən daşqına bənzədir. Bu daşqın bütün dünyanı əhatə etdiyi kimi, İnsan Oğlunun hüzuru da dünya miqyasında görünəcək.
Sözsüz ki, Zeytun dağında oturub İsa Məsihi dinləyən həvarilər oyaq qalmağın vacibliyini dərk etməlidirlər. Məsih deyir: «Özünüzə fikir verin, ürəyinizi qarınqululuq, sərxoşluq və həyatın qayğıları ilə yükləməyin ki, o gün üstünüzə tor kimi qəflətən, bir an içində gəlməsin. Çünki o gün yer üzündə yaşayan hər kəsin üstünə gələcək. Buna görə də oyaq durun və hər zaman Allaha yalvarın ki, baş verəcək bu hadisələrdən qurtulasınız və insan Oğlunun qarşısında dura biləsiniz» (Luka 21:34—36).
İsa Məsih bu peyğəmbərliklərin kiçik miqyasda olmayacağını yenə də vurğulayır. Onun peyğəmbərlik etdiyi hadisələr bir neçə onillik ərzində baş verməyəcək və yalnız Yerusəlim şəhərinə və ya yəhudi xalqına təsir etməyəcək. Onun danışdığı hadisələr «yer üzündə yaşayan hər kəsin üstünə gələcək».
İsa peyğəmbər deyir ki, şagirdləri ayıq-sayıq və hazır olmalıdırlar. Bunun vacibliyini vurğulamaq üçün peyğəmbər digər bir məsəl çəkir: «Bilin ki, ev sahibi oğrunun nə vaxt gələcəyini bilsəydi, oyaq qalardı və evinin yarılmasına yol verməzdi. Bunun üçün siz də hazır olun, çünki insan Oğlu gözləmədiyiniz saatda gələcək» (Mətta 24:43, 44).
Peyğəmbər şagirdlərinə nikbin olmaq üçün bir səbəb gətirir. O əmin edir ki, peyğəmbərlik gerçəkləşən zaman ayıq və fəal «nökər» mövcud olacaq. Bunu anlamaları üçün həvarilərinə tanış bir vəziyyətdən danışır: «Evindəki qulluqçulara vaxtlı-vaxtında yemək vermək üçün ağanın onların üzərinə qoyduğu sadiq və ağıllı nökər, görəsən, kimdir? Ağası gələndə onu iş başında tapsa, xoş onun halına! Əmin olun, ağası bütün əmlakının idarəsini ona tapşıracaq». Yox əgər o nökər yaramazlıq edib qalan nökərlərlə pis davranarsa, onda ağası ona ağır cəza verəcək (Mətta 24:45—51; müqayisə edin: Luka 12:45, 46).
İsa Məsih bir qrup davamçısının yaramazlıq edəcəyini demir. Bəs onda o, şagirdlərinin yaddaşına hansı dərsi həkk etmək istəyir? Onun sözünün canı odur ki, onlar ayıq-sayıq və fəal olsunlar. Bunu aydın göstərmək üçün daha bir məsəl çəkir.
-
-
Ağıllı qızlar haqda məsəlİsa peyğəmbər. Yol, həqiqət, həyat
-
-
FƏSİL 112
Ağıllı qızlar haqda məsəl
İSA PEYĞƏMBƏR ON QIZ HAQDA MƏSƏL ÇƏKİR
İsa peyğəmbər həvarilərin onun hüzuruna və dövrün yekununa dair verdiyi suala cavab verib. İndi bu söhbətlə bağlı əlavə bir məsəl çəkib onlara məsləhət verir. Onun hüzuru zamanı yaşayanlar bu məsəldəki hadisələrin şahidi olacaq.
O, məsəlinə belə başlayır: «Səmavi Padşahlıq çıraqlarını götürüb bəyi qarşılamağa çıxan on qıza bənzəyir. Onlardan beşi ağılsız, beşi isə ağıllı idi» (Mətta 25:1, 2).
İsa peyğəmbər demək istəmir ki, səmavi Padşahlığı miras alan şagirdlərindən bəziləri ağıllı, bəziləri isə ağılsız olacaq. O, sadəcə vurğulayır ki, Padşahlıqla bağlı hər şagirdin öz seçimi var: ya ayıq-sayıq olmaq, ya da sayıqlığı itirmək. İsa Məsih əmindir ki, onun hər bir xidmətçisi ona sadiq qala və Allahdan xeyir-dualar ala bilər.
Məsəldə on qız bəyi qarşılamağa və toy şənliyinə qatılmağa gedir. Bu qızlar əllərindəki çıraqla gəlinini evinə gətirməyə hazırlaşan bəyin yolunu işıqlandırmalıdırlar. Bəs əslində necə olur?
İsa peyğəmbər izah edir: «Ağılsız qızlar çıraqlarını götürmüşdülər, amma yağ götürməmişdilər. Ağıllı qızlar isə çıraqlarla birgə yağ qablarını da doldurub özləri ilə götürmüşdülər. Bəy yubandığı üçün qızlar mürgüləyib yuxuya getdilər» (Mətta 25:3—5). Bəy gözlənilən vaxt gəlmir. Görünür, o çox yubanır və bütün bu vaxt ərzində qızlar yuxuya gedirlər. Ola bilsin, həvarilər İsa Məsihin kübar ailədən olan adamın padşahlıq hakimiyyətini alıb geri qayıtması barədə danışdığı söhbəti xatırlayırlar (Luka 19:11—15).
On qız haqda məsəldə İsa peyğəmbər bəyin gəldiyi zaman nələrin baş verdiyini təsvir edir: «Birdən gecə yarısı kimsə qışqırdı: “Bəy gəlir! Bəyin qabağına çıxın”» (Mətta 25:6). Bəs qızlar hazırlıqlı və ayıq-sayıqdırlarmı?
Peyğəmbər məsəlinə davam edir: «Onda qızların hamısı durub çıraqlarını qaydaya saldı. Ağılsız qızlar ağıllılara dedilər: “Çıraqlarımız sönür, yağınızdan bir az bizə də verin”. Ağıllı qızlar belə cavab verdilər: “Birdən yağ nə sizə çatar, nə bizə. Yaxşısı budur gedin, yağ satanlardan alın”» (Mətta 25:7—9).
Beləcə, ağılsızlıq edən beş qız ayıq-sayıqlıqlarını qorumadıqları üçün bəyin gəlişinə hazır deyillər. Çıraqlarında yetərincə yağ qalmadığına görə onlar gedib yağ axtarmalıdırlar. İsa Məsih deyir: «Onlar yağ almağa getdikləri vaxt bəy gəlib çıxdı. O qızlar ki hazır idi, bəylə toy məclisinə girdilər və qapı bağlandı. Bir qədər sonra o biri qızlar da gəlib: “Ağa, ağa, bizik, qapını aç!” — deyə çağırdılar. Bəy onlara dedi: “Mən sizi tanımıram”» (Mətta 25:10—12). Ayıq-sayıqlığı itirib hazırlıqsız olanların axırı necə də acınacaqlı olur!
Həvarilər bilirlər ki, İsa peyğəmbər bəy deyərkən özünü nəzərdə tutur. Çünki əvvəllər də özünü bəyə bənzətmişdi (Luka 5:34, 35). Bəs ağıllı qızlar kimi təmsil edir? İsa Məsih Padşahlığı miras alacaq «kiçik sürü» barədə danışanda növbəti sözləri demişdi: «Hazır olun, qoy çırağınız həmişə yansın» (Luka 12:32, 35). Beləcə, Məsih qızlar haqda məsəli danışarkən həvarilər dərk edirlər ki, Məsih bu sözləri onlar kimi digər sadiq şagirdlərə şamil edir. Bəs İsa peyğəmbər bu məsəli çəkməklə nə demək istəyir?
Onun nə demək istədiyi heç kimə qaranlıq qalmır. O, məsəlinə belə yekun vurur: «Buna görə də oyaq qalın, çünki o günü və o saatı bilmirsiniz» (Mətta 25:13).
Məsih bununla vurğulayır ki, sadiq davamçıları onun hüzuru zamanı oyaq qalmalıdırlar. O gələndə onlar, məsəldəki beş ağıllı qız kimi, hazırlıqlı və ayıq-sayıq olmalıdırlar ki, öz gözəl ümidlərini itirməsinlər və mükafatlarını əldən verməsinlər.
-
-
Çalışqan olmağa dair talant məsəliİsa peyğəmbər. Yol, həqiqət, həyat
-
-
FƏSİL 113
Çalışqan olmağa dair talant məsəli
İSA MƏSİH TALANT HAQDA MƏSƏL ÇƏKİR
İsa Məsih Zeytun dağında dörd həvarisi ilə söhbətini davam etdirərək növbəti məsəl danışır. O, bir neçə gün bundan əvvəl Ərihada olarkən Padşahlığın uzaqda olduğunu göstərmək üçün mina haqda məsəl söyləmişdi. İndi çəkdiyi məsəl bir çox cəhətdən həmin məsələ oxşayır. Bu məsəllə Məsih onların onun hüzuruna və dövrün yekununa dair verdikləri sualın bir qisminə cavab verir. Bu məsəl göstərir ki, onun şagirdləri onlara həvalə olunan işi canla-başla görməlidirlər.
İsa Məsih məsəlinə başlayır: «Padşahlıq həmçinin başqa ölkəyə getməyə hazırlaşan bir adama bənzəyir. O adam nökərlərini yanına çağırıb əmlakının idarəsini onlara həvalə etdi» (Mətta 25:14). İsa peyğəmbər artıq özünü padşahlıq hakimiyyətini almaq üçün başqa ölkəyə gedən adama bənzətmişdi. Buna görə də həvarilər məsəldəki adamın onu təmsil etdiyini başa düşürlər (Luka 19:12).
Bu adam başqa ölkəyə getməzdən öncə nökərlərinə əmlakının idarəsini həvalə edir. İsa peyğəmbər üç il yarım xidmət etdiyi dövrdə bütün diqqətini Allahın Padşahlığı haqda xoş xəbəri bəyan etməyə cəmləmişdi, bunu şagirdlərinə də öyrətmişdi. Bir azdan peyğəmbər onları tərk edəcək. O əmindir ki, şagirdləri onun öyrətdiyi işi görməyə davam edəcəklər (Mətta 10:7; Luka 10:1, 8, 9; müqayisə edin: Yəhya 4:38; 14:12).
Bəs bu məsəldəki adam əmlakının idarəsini necə bölüşdürəcək? İsa Məsih məsəlinə davam edir: «O, nökərlərin bacarığını nəzərə alaraq, birinə beş, o birisinə iki, digərinə isə bir talant verib yola çıxdı» (Mətta 25:15). Bəs nökərlər onlara etibar olunan əmlakı necə idarə edəcək? Görəsən, onlar ağanın xeyri üçün çalışacaqlar? Məsih həvarilərinə deyir:
«Beş talant almış nökər dərhal gedib pulu dövriyyəyə buraxdı və daha beş talant qazandı. Eynilə, iki talant almış nökər də daha iki talant qazandı. Bir talant almış nökər isə gedib ağasının verdiyi gümüş pulu torpağa basdırdı» (Mətta 25:16—18). Ağa qayıdanda nə baş verəcək?
İsa peyğəmbər məsəlinə davam edir: «Xeyli vaxt keçəndən sonra ağa geri qayıtdı və nökərlərdən hesabat tələb etdi» (Mətta 25:19). İki nökər öz bacarıqlarına görə əllərindən gələni etmişdilər. Hər ikisi də çalışqan və zəhmətkeş olduqları üçün əlindəkiləri ikiqat artıraraq ağalarına xeyir gətirmişdi. (O vaxt işçi bir talant qazanmaq üçün 19 il işləməli idi.) Ağa bu nökərlərin ikisinə də eyni tərif sözləri deyir: «Afərin, mənim qoçaq, sadiq nökərim! Sən xırda işdə sədaqətini göstərdin, buna görə sənə çox şey həvalə edəcəyəm. Gəl, sən də ağanla birgə sevin!» (Mətta 25:21).
Ancaq bir talant alan nökər fərqli davranıb. O deyir: «Ağa, mən bilirdim ki, sən tələbkar adamsan. Əkmədiyin yerdən biçirsən, səpmədiyin yerdən yığırsan. Buna görə də səndən qorxdum və gedib verdiyin talantı torpaqda gizlətdim. Al, bu da sənin pulun» (Mətta 25:24, 25). O, bu pulu dövriyyəyə buraxmayıb ki, heç olmasa, üstünə faiz gəlsin və az da olsa, ağasına xeyir gətirsin. Bir sözlə, o, ağasına xeyir gətirmək istəməyib.
Ağa da onu layiqli olaraq yaramaz, tənbəl nökər adlandırır. Ağa onun əlindəkini alıb çalışqan nökərə verir. O, belə bir qayda qoyur: «Kimdə varsa, ona daha çox veriləcək və o adamda bolluq olacaq. Ancaq kimdə yoxdursa, əlindəki də alınacaq» (Mətta 25:26, 29).
Bəli, İsa Məsihin şagirdləri çox şey haqda fikirləşməlidirlər. Elə bircə bu məsəlin üzərində düşünüləsi nə qədər şey var. Onlar dərk etməlidirlər ki, İsa Məsihin onlara həvalə etdiyi iş — şagird hazırlamaq kimi şərəfli tapşırıq olduqca qiymətli işdir. O, şagirdlərinin bu şərəfli işi canla-başla görmələrini istəyir. Əlbəttə, İsa Məsih onun həvalə etdiyi müjdəçilik işini hamının eyni səviyyədə görəcəyini gözləmir. Məsəldən göründüyü kimi, hər kəs bacardığını etməlidir. Amma, bu o demək deyil ki, tənbəl və Ağanın əmlakını artırmaq üçün canla-başla çalışmayan adam Məsihin razılığını qazanacaq.
Yəqin, həvarilər «kimdə varsa, ona daha çox veriləcək» sözlərini eşidəndə çox sevinirlər.
-
-
Məsih «qoyunlara və keçilərə» hökm kəsirİsa peyğəmbər. Yol, həqiqət, həyat
-
-
FƏSİL 114
Məsih «qoyunlara və keçilərə» hökm kəsir
İSA MƏSİH «QOYUNLAR VƏ KEÇİLƏR» BARƏDƏ MƏSƏL ÇƏKİR
Zeytun dağında İsa Məsih elə indicə on qız və talantlar barədə məsəl çəkib. Görəsən, o, həvarilərinin onun hüzuruna və dövrün yekununa dair verdikləri suala cavabını necə yekunlaşdıracaq? O, cavabına qoyun və keçilər barədə məsəl çəkərək yekun vurur.
İsa peyğəmbər məsəlinə başlamazdan əvvəl hadisələrin hansı şəraitdə cərəyan edəcəyini təsvir edir: «İnsan Oğlu bütün mələklərlə birgə öz calalında gəlib şanlı taxtına əyləşəcək» (Mətta 25:31). İsa peyğəmbər məsəlin baş qəhrəmanının özü olduğunu aydın şəkildə bildirir. O, bundan əvvəl də bir neçə dəfə özünü «insan Oğlu» adlandırıb (Mətta 8:20; 9:6; 20:18, 28).
Bəs bu məsəl nə vaxt gerçəkləşəcək? Bu məsəl İsa Məsih bütün mələklərlə öz calalında gəlib şanlı taxtında əyləşəndə gerçəkləşəcək. O, bundan əvvəl də insan Oğlunun qüdrətlə, calal içində və mələklərilə buludların üzərində gələcəyini demişdi. Bəs bu, nə vaxt olacaq? «Müsibətdən dərhal sonra» (Mətta 24:29—31; Mark 13:26, 27; Luka 21:27). Beləcə, bu məsəlin gerçəkləşməsi İsa Məsihin calal içində gələcəyi vaxtda olacaq. Bəs onda o, nə edəcək?
Məsih izah edir: «İnsan Oğlu... şanlı taxtına əyləşəcək. Bütün xalqlar onun önündə yığışacaq və o, insanları çoban qoyunları keçilərdən ayırdığı kimi, bir-birindən ayıracaq. Qoyunları sağ tərəfinə, keçiləri isə sol tərəfinə qoyacaq» (Mətta 25:31—33).
Sağ tərəfinə qoyduğu qoyunlar haqda o deyir: «Onda Padşah sağındakılara deyəcək: “Ey Atamın mübarək bəndələri! Gəlin, bəşərin təməli qoyulandan bəri sizin üçün hazırlanmış Padşahlığı miras alın”» (Mətta 25:34). Onlar Padşahın rəğbətini necə qazanıb?
Padşah izah edir: «Acmışdım, mənə yemək verdiniz; susamışdım, mənə su verdiniz; qərib idim, mənə qonaqpərvərlik göstərdiniz; çılpaq idim, məni geyindirdiniz; naxoşlamışdım, mənə baxdınız; dustaq idim, yanıma gəldiniz». Bu qoyunlar, yəni saleh insanlar bu savab işləri nə vaxt gördüklərini ondan soruşanda o cavab verir: «Bunu bu qardaşlarımdan ən kiçiyi üçün etdiyinizə görə, elə hesab edirəm ki, mənim üçün etmisiniz» (Mətta 25:35, 36, 40, 46). Onlar bu savab işləri göydə etmirlər, çünki orada nə xəstəlik, nə də aclıq var. Bu savab işlər yerdə Məsihin qardaşları üçün edilir.
Bəs sol tərəfdə olan keçilər barədə nə demək olar? İsa peyğəmbər deyir: «Sonra o [Padşah], solundakılara deyəcək: “Rədd olun buradan, lənətə gəlmişlər! İblis və onun mələkləri üçün hazırlanmış əbədi alova gedin! Çünki acmışdım, mənə yemək vermədiniz; susamışdım, mənə su vermədiniz; qərib idim, mənə qonaqpərvərlik göstərmədiniz; çılpaq idim, məni geyindirmədiniz; naxoşlamışdım və dustaq idim, amma mənə baxmadınız”» (Mətta 25:41—43). Keçilər bu hökmə layiqdirlər, çünki onlar Məsihin qardaşları ilə mərhəmətlə davranmalı olduqları halda, bunu etmədilər.
Həvarilər başa düşürlər ki, gələcəkdə baş verəcək bu hökm əbədi nəticələr verəcək. İsa peyğəmbər onlara deyir: «Onda padşah onlara deyəcək: “Madam ki bunu bu kiçiklərdən birinə etmədiniz, deməli, mənə də etməmisiniz”. Bunlar əbədilik məhv ediləcəklər, salehlər isə əbədi həyata qovuşacaqlar» (Mətta 25:45, 46).
İsa Məsihin həvarilərinin sualına verdiyi cavab davamçılarını çox şey barədə düşündürməlidir. Bu cavab sayəsində onlar düşüncə tərzlərini və davranışlarını yoxlaya bilərlər.
-