-
Pasxa bayramında təvazökarlıq dərsiİsa peyğəmbər. Yol, həqiqət, həyat
-
-
FƏSİL 116
Pasxa bayramında təvazökarlıq dərsi
MƏTTA 26:20 MARK 14:17 LUKA 22:14—18 YƏHYA 13:1—17
İSA MƏSİH HƏVARİLƏRİLƏ SONUNCU PASXA YEMƏYİNİ YEYİR
İSA MƏSİH HƏVARİLƏRİNİN AYAĞINI YUYARAQ ONLARI ÖYRƏDİR
Butrus və Yəhya İsa peyğəmbərin göstərişinə əsasən, Pasxa bayramına hazırlıq görmək üçün Yerusəlimə gedib. İsa Məsih digər on həvarisi ilə ora getməyə hazırlaşır. Günəş qərbə doğru əyiləndə Məsih həvarilərilə Zeytun dağından enir. O, ölümündən qabaq axırıncı dəfə bu dağdan şəhəri gün işığında seyr edir.
Bir azdan bu yolçular şəhərə girib Pasxa bayramını qeyd edəcəkləri evə tərəf addımlayırlar. İsagil evə çatıb onlar üçün hazırlanmış üst mərtəbədəki böyük otağa qalxırlar. Məsih bu günü səbirsizliklə gözləyirdi. O deyir: «Mən çox arzulayırdım ki, əzab çəkməzdən əvvəl bu Pasxa yeməyini sizinlə yeyim» (Luka 22:15).
Uzun illər öncə Pasxa bayramı qeyd edilərkən şərabla dolu bir neçə camı bir-birinə ötürmək adəti yaranmışdı. İsa peyğəmbər camı götürür və şükür edib deyir: «Bu camı götürün, bir-birinizə ötürün. Çünki Allahın Padşahlığı gəlməyincə mən bir daha şərab içməyəcəyəm» (Luka 22:17, 18). Aydındır ki, onun ölümünə az qalıb.
Pasxa yeməyi zamanı qeyri-adi bir şey baş verir: peyğəmbər ayağa durur, üst paltarını çıxarıb qırağa qoyur və dəsmal götürür. Sonra bir ləyən götürüb içinə su tökür. Adətən, evə qonaq gələndə onun ayağını yumaq məsuliyyəti ev sahibinin üzərinə düşürdü; amma çox güman ki, bunu ev sahibinin özü yox, nökərləri edirdi (Luka 7:44). Bu bayram mərasimində ev sahibi iştirak etmədiyindən peyğəmbər bu məsuliyyəti öz üzərinə götürür. Bunu həvarilərdən hər biri edə bilərdi, bəlkə də, ürəklərində rəqabət hissi olduğundan heç biri qabağa çıxmır. Hər necə olursa olsun, İsa peyğəmbər onların ayaqlarını yuyanda isə onlar utanırlar. Növbə Butrusa çatanda o etiraz edir:
— Ömrümdə qoymaram ki, sən mənim ayaqlarımı yuyasan.
— Yumasam, yanımda sənə yer yoxdur.
— Ağa, onda təkcə ayaqlarımı yox, əllərimi də, başımı da yu.
İsa Məsih Butrusun təəccübünə səbəb olacaq fikir deyir:
— Çimmiş adam tərtəmizdir, təkcə ayaqları yuyulsa bəsdir. Siz də təmizsiniz, amma hamınız yox (Yəhya 13:8—10).
İsa Məsih Yəhuda İskəryut da daxil olmaqla, on iki həvarisinin on ikisinin də ayağını yuyur. Sonra üst paltarını geyinib süfrəyə əyləşir. O deyir: «Sizin üçün nə etdiyimi başa düşürsünüz? Siz mənə “Ustad”, “Ağa” deyirsiniz, düz də edirsiniz, bu, elədir ki var. Əgər mən, Ağa və Ustad ola-ola, sizin ayaqlarınızı yudumsa, siz də bir-birinizin ayaqlarını yumalısınız. Mən sizin üçün nümunə qoydum. Sizinlə necə davrandımsa, siz də bir-birinizlə elə davranın. Bunu bilin, nökər ağasından üstün deyil, göndərilən də onu göndərəndən üstün deyil. Madam ki bunları bilirsiniz, əməl edin, onda xoşbəxt olacaqsınız» (Yəhya 13:12—17).
Bu, təvazökarlıqla xidmət etməyə dair çox gözəl dərsdir! Həvarilər birinciliyə can atmamalıdırlar; onlar elə düşünməməlidirlər ki, başqalarından üstündürlər və başqaları onlara xidmət etməlidir. Onlar İsa Məsihdən nümunə götürməlidirlər. İsa Məsihin məqsədi ayaq yumağı adətə çevirmək deyildi, bununla o istəyirdi ki, şagirdləri ayrı-seçkilik etmədən və təvazökarlıqla başqalarına xidmət etməyə hazır olsunlar.
-
-
Ağanın şam yeməyiİsa peyğəmbər. Yol, həqiqət, həyat
-
-
FƏSİL 117
Ağanın şam yeməyi
MƏTTA 26:21—29 MARK 14:18—25 LUKA 22:19—23 YƏHYA 13:18—30
YƏHUDA SATQIN ÇIXIR
İSA MƏSİH ANMA MƏRASİMİNİ TƏSSİS EDİR
Bir az əvvəl İsa Məsih həvarilərinin ayaqlarını yumaqla onlara təvazökarlığın vacibliyini göstərdi. İndi, görünür, Pasxa yeməyindən sonra o, Davud padşahın peyğəmbərlik sözlərini sitat gətirir: «Güvəndiyim kəs, yaxın dostum, çörək kəsdiyim adam mənə xəyanət etdi». Sonra bunu izah edir: «Sizlərdən biri məni satacaq» (Zəbur 41:9; Yəhya 13:18, 21).
Həvarilər bir-birinə baxıb ondan soruşurlar: «Ağa, bu mənəm?» Hətta Yəhuda İskəryut da bu sualı verir. Butrus Məsihin yanında oturan Yəhyaya deyir ki, bu satqının kim olduğunu ondan öyrənsin. Yəhya İsa Məsihə tərəf əyilib ondan soruşur: «Ağa, o adam kimdir?» (Mətta 26:22; Yəhya 13:25).
İsa peyğəmbər cavab verir: «Çörəyi kasanın içinə batırıb kimə versəm, odur». O, çörəyi kasaya batırıb Yəhuda İskəryuta verir və deyir: «İnsan Oğlu onun haqqında yazıldığı kimi gedir, amma vay onu satanın halına! O adam dünyaya heç gəlməsəydi, onun üçün daha yaxşı olardı» (Yəhya 13:26; Mətta 26:24). Bundan sonra Şeytan Yəhudanın ürəyinə girir. Yəhuda artıq yolunu azıb və beləcə, İblisin istəyinə xidmət edir, bununla da o, «həlaka gedən adam» olur (Yəhya 6:64, 70; 12:4; 17:12).
Məsih Yəhudaya deyir: «Nə edəcəksənsə, tez elə». Pul qutusu Yəhudada olduğu üçün digər həvarilər elə bilir ki, İsa Məsih ona: «Bayram üçün lazım olan şeyləri al», — deyir, ya da ona kasıblara bir şey paylamağı tapşırır (Yəhya 13:27—30). Yəhuda isə gedib Məsihi satır.
Pasxa yeməyi olan axşam İsa Məsih yeni bir mərasim təsis edir. O, çörəyi götürür, Allaha şükür edəndən sonra çörəyi bölür və həvarilərinə ötürür. O deyir: «Bu çörək sizin uğrunuzda fəda ediləcək bədənimi təmsil edir. Xatirəmi yad etmək üçün bunu həmişə edin» (Luka 22:19). Həvarilər çörəyi bir-birinə ötürüb yeyirlər.
Sonra İsa Məsih əlinə içində şərab olan camı götürür, Allaha şükür edir və onu da ötürüb deyir: «Bu cam sizin uğrunuzda axıdılacaq qanım əsasında bağlanan yeni əhdi təmsil edir» (Luka 22:20). Həvarilərin hər biri şərabdan içir.
Beləcə, İsa Məsih ölümünün anma mərasimini təsis edir. Onun davamçıları hər il nisanın 14-ü bu günü yad etməlidirlər. Bu, onlara İsa Məsihin və Allahın imanlı insanları günahın və ölümün pəncəsindən qurtarmaq üçün nələr etdiklərini xatırladacaq. Bu mərasim yəhudilər üçün olan Pasxa bayramından da böyük məna daşıyır, bu, imanları olan insanlara əsil qurtuluşu vurğulayır.
İsa Məsih deyir ki, onun qanı bir çoxlarının günahını əfv etmək üçün axıdılacaq. Əfv olunanların sırasında onun sadiq həvariləri və digər şagirdləri var. Onlar İsa Məsihlə birgə Allahın Padşahlığında olacaqlar (Mətta 26:28, 29).
-
-
Kim daha böyükdür?İsa peyğəmbər. Yol, həqiqət, həyat
-
-
FƏSİL 118
Kim daha böyükdür?
MƏTTA 26:31—35 MARK 14:27—31 LUKA 22:24—38 YƏHYA 13:31—38
İSA MƏSİH VƏZİFƏ BARƏDƏ MƏSLƏHƏT VERİR
BUTRUSUN İSA MƏSİHİ İNKAR EDƏCƏYİ PEYĞƏMBƏRLİK OLUNUR
MƏHƏBBƏT MƏSİHİN DAVAMÇILARININ FƏRQLƏNDİRİCİ ÖZƏLLİYİDİR
Bir az əvvəl İsa Məsih həvarilərinin ayaqlarını yumaqla onlara başqalarına təvazökarlıqla xidmət etməyə dair gözəl dərs verib. Nəyə görə bu, yerində verilən məsləhətdir? Çünki onlar bu sahədə zəiflik göstərmişdilər. Onlar özlərini Allaha həsr ediblər, lakin hələ də kimin ən böyük olduğunun dərdini çəkirlər (Mark 9:33, 34; 10:35—37). Onların zəifliyi bu axşam özünü yenə göstərir.
Həvarilər arasında kimin daha böyük olduğuna dair qızğın mübahisə düşür (Luka 22:24). İsa Məsih onların bu barədə yenə də mübahisə etdiyini görəndə çox təəssüflənir. Bəs o, nə edir?
Bu cür düşüncələrinə və hərəkətlərinə görə həvarilərini danlamır, əksinə, səbirlə onları başa salır: «Xalqların hökmdarları onlara ağalıq edir, onların üzərində hakimiyyət sürənləri Hami kimi ucaldırlar. Siz isə belə olmamalısınız... Kim daha böyükdür: süfrədə oturan, yoxsa qulluq edən?» Sonra onlara indiyə kimi qoyduğu nümunəni xatırladaraq deyir: «Mən isə sizə qulluq edirəm» (Luka 22:25—27).
Həvarilər qeyri-kamil olmalarına baxmayaraq, İsa peyğəmbərin qarşılaşdığı sınaqlarda ona sadiq qalmışlar. Buna görə də o deyir: «Atam mənimlə əhd bağladığı kimi, mən də padşahlıqda hökmranlıq etmək üçün sizinlə əhd bağlayıram» (Luka 22:29). Onlar İsa Məsihin sadiq davamçılarıdır. Məsih şagirdlərini əmin edir ki, onlarla bağladığı əhd sayəsində Allahın Padşahlığında onunla birgə hakimiyyət sürəcəklər.
Həvariləri belə bir möhtəşəm gələcək gözləsə də, hələ ki, onlar cismani varlıqdırlar və qeyri-kamildirlər. İsa Məsih onlara deyir: «Şeytan sizi buğda kimi xəlbirdən keçirməyi tələb edirdi». Buğda xəlbirlənəndə hərəsi bir tərəfə düşür (Luka 22:31). Məsih onları həmçinin xəbərdar edir: «Bu gecə hamınız məndən üz döndərəcəksiniz. Çünki yazılıb: “Çobanı vuracağam, qoyunlar pərən-pərən olacaq”» (Mətta 26:31; Zəkəriyyə 13:7).
Butrus özündən razı şəkildə etiraz edir: «Hamı səndən üz döndərsə də, mən ömrümdə səndən üz döndərmərəm!» (Mətta 26:33). Peyğəmbər Butrusa deyir ki, xoruz bu gecə iki dəfə banlamamışdan qabaq Butrus onu inkar edəcək. Bununla belə, İsa Məsih deyir: «Mən sənin üçün Allaha yalvardım ki, imanın tükənməsin. Sən də qayıdanda qardaşlarının imanını möhkəmləndir» (Luka 22:32). Lakin Butrus arxayınlıqla vurğulayır: «Səninlə birgə ölmək lazım gəlsə belə, səni danmaram» (Mətta 26:35). Digər həvarilər də eyni sözləri deyirlər.
Məsih şagirdlərinə deyir: «Artıq yanınızda çox qalmayacağam, siz məni axtaracaqsınız. Yəhudilərə dediyim sözü indi sizə deyirəm: siz getdiyim yerə gələ bilməyəcəksiniz. Sizə yeni bir əmr verirəm: bir-birinizi sevin. Bir-birinizi mən sizi sevdiyim kimi sevin. Aranızda məhəbbət olsa, hamı biləcək ki, siz mənim şagirdimsiniz» (Yəhya 13:33—35).
Eşidəndə ki, İsa peyğəmbər onlarla birgə az qalacaq, Butrus soruşur: «Ağa, sən hara gedirsən?» Peyğəmbər deyir: «Getdiyim yerə sən indi gələ bilməzsən, amma sonra gələcəksən». Çaş-baş qalan Butrus deyir: «Ağa, mən niyə indi sənin ardınca gələ bilmərəm? Sənin yolunda canımı da verərəm» (Yəhya 13:36, 37).
Sonra İsa Məsih həvarilərini Cəliləyə təbliğə göndərəndə onlara kisə və heybə götürməməyi tapşırdığını yadlarına salır (Mətta 10:5, 9, 10). O soruşur: «Bir şeydə korluq çəkdiniz?» Onlar: «Xeyr», — deyə cavab verirlər. Bəs bundan sonra onlar nə etməlidirlər? İsa Məsih onlara yeni göstəriş verir: «Pul kisəsi olan kisəsini, həmçinin heybəsini də götürsün. Qılıncı olmayan üst paltarını satıb qılınc alsın. Bunu bilin ki, mənim haqqımda yazılmış: “Cinayətkarlara tay tutuldu”, — sözləri yerinə yetməlidir. Çünki haqqımda yazılanlar artıq həyata keçir» (Luka 22:35—37).
İsa Məsih cinayətkarlarla birgə dirəyə mıxlanacağı vaxtdan danışır. Bunun ardınca onun davamçıları ciddi təqiblərə məruz qalacaqlar. Onlar bütün bunlara hazır olduqlarını düşünərək deyirlər: «Ağa, burada iki qılınc var». O: «Kifayətdir», — deyir (Luka 22:38). Yanlarında qılınc olmasından istifadə edərək İsa peyğəmbər onlara daha bir mühüm ibrət dərsi verəcək.
-
-
İsa Məsih — yol, həqiqət, həyatİsa peyğəmbər. Yol, həqiqət, həyat
-
-
FƏSİL 119
İsa Məsih — yol, həqiqət, həyat
İSA MƏSİH YER HAZIRLAMAĞA GEDİR
MƏSİH DAVAMÇILARINA KÖMƏKÇİ VERƏCƏYİNİ VƏD EDİR
ALLAH İSA MƏSİHDƏN BÖYÜKDÜR
İsa Məsih hələ də yuxarı otaqda həvariləri ilə bir yerdədir. Məsih onları ruhlandırır: «Qoy ürəyiniz narahat olmasın. Allaha da iman edin, mənə də» (Yəhya 13:36; 14:1).
İsa Məsih göyə qalxandan sonra həvariləri buna görə narahat olmamalıdırlar. Bunun səbəbini İsa Məsih onlara belə izah edir: «Atamın evində qalmağa yer çoxdur... Əgər mən gedib sizin üçün yer hazırlasam, qayıdıb sizi evə, öz yanıma aparacağam ki, siz də mən olan yerdə olasınız». Lakin həvarilər onun göyə gedəcəyindən danışdığını başa düşmürlər. Həvari Tomas deyir: «Ağa, biz sənin hara getdiyini bilmirik, yolu haradan bilək?» (Yəhya 14:2—5).
İsa Məsih cavab verir: «Yol, həqiqət və həyat mənəm». Bəli, yalnız İsa Məsihi və təlimlərini qəbul edən, həmçinin onun nümunəsini izləyən insan onun Atasının evinə girə bilər. O deyir: «Mənim vasitəçiliyim olmadan heç kəs Atanın yanına gələ bilməz» (Yəhya 14:6).
Ona diqqətlə qulaq asan həvari Filip xahiş edir: «Ağa, bizə Atanı göstər, bəsimizdir». Qədimdə Allah Musa peyğəmbərə, İlyas peyğəmbərə və Əşiya peyğəmbərə görüntülərdə görünmüşdü. Yəqin, həvari Filip də istəyir ki, İsa Məsih onlara Allahı bu cür göstərsin. Lakin həvarilərdə bu görüntülərdən də yaxşı bir şey var. İsa Məsih bunu vurğulayaraq izah edir: «Mən neçə vaxtdır ki, sizinləyəm, sən isə, Filip, bu vaxta qədər məni tanımamısan? Məni görən Atanı da görüb». İsa Məsih Atasının xüsusiyyətlərini o dərəcədə mükəmməl əks etdirir ki, onunla olmaq və onu müşahidə etmək Allahı görməyə bərabərdir. Ancaq sözsüz ki, Ata Oğuldan qat-qat üstündür. İsa Məsih bunun doğruluğunu belə vurğulayır: «Sizə dediyim sözləri özümdən demirəm» (Yəhya 14:8—10). Bəli, o verdiyi təlimlərin Allahdan olduğunu göstərir və həvarilər də bunun şahididir.
Həvarilər İsa Məsihin möhtəşəm işlərini görüblər və onun Padşahlıq haqqında xoş xəbəri təbliğ etdiyini eşidiblər. İndi Məsih onlara deyir: «Mənə iman edən adam mənim etdiyim işləri edəcək və bunlardan da böyük işlər edəcək» (Yəhya 14:12). Bu, o demək deyil ki, həvarilər İsa peyğəmbərin möcüzələrindən də böyük möcüzələr göstərəcəklər. Xeyr, o demək istəyir ki, onlar ondan da çox müddət ərzində, daha çox ərazidə və daha çox insana təbliğ edəcəklər.
İsa Məsih gedəndən sonra həvarilərini başlı-başına buraxmayacaq. O vəd edir: «Mənim adımla nə isə diləsəniz, yerinə yetirəcəyəm». Bundan əlavə o deyir: «Mən Atamdan xahiş edəcəyəm və O, sizə başqa bir köməkçi verəcək. O, əbədiyyən sizinlə olacaq. Bu köməkçi həqiqət ruhudur» (Yəhya 14:14, 16, 17). Məsih davamçılarına zəmanət verir ki, onlar başqa bir köməkçi, müqəddəs ruh alacaqlar. Bu, Əllinci gün bayramında olur.
İsa peyğəmbər deyir: «Bir azdan dünya artıq məni görməyəcək, siz isə görəcəksiniz, mən yaşadığım üçün siz də yaşayacaqsınız» (Yəhya 14:19). Bəli, İsa peyğəmbər dirildikdən sonra onlara cismani bədəndə görünəcək və vaxtı çatanda göydə onunla birlikdə ruhani varlıqlar kimi yaşamaları üçün onları dirildəcək.
İndi isə İsa peyğəmbər sadə bir həqiqəti açıqlayır: «Məni sevən adam mənim əmrlərimi qəbul edib onlara əməl edir. Məni sevən adamı Atam da sevəcək, mən də onu sevəcəyəm və özümü ona açıq-aşkar göstərəcəyəm». Bu zaman Taday ləqəbli Yəhuda soruşur: «Ağa, sən özünü nə üçün dünyaya yox, məhz bizə açıq-aşkar göstərmək istəyirsən?» Məsih cavab verir: «Məni sevən mənim sözümə əməl edəcək və Atam onu sevəcək... Məni sevməyən isə sözümə əməl etmir» (Yəhya 14:21—24). Məsihin itaətkar davamçılarından fərqli olaraq, dünya onun yol, həqiqət və həyat olduğunu qəbul etmir.
Bir azdan İsa Məsih onlardan ayrılacaq. Bəs onlar onun bütün öyrətdiklərini necə yada salacaqlar? Məsih izah edir: «Köməkçi, yəni Atanın mənim adımla göndərəcəyi müqəddəs ruh hər şeyi sizə öyrədəcək və sizə dediyim bütün sözləri yadınıza salacaq». Həvarilər müqəddəs ruhun gücünü görüblər və buna görə bu sözlər onlara təsəlli verir. İsa peyğəmbər deyir: «Sizə sülh verirəm, öz sülhümü sizə bağışlayıram... Qoy ürəyiniz narahat olmasın, qorxmayın» (Yəhya 14:26, 27). Həvarilərin narahat olmamaları üçün əsaslı səbəbləri var. Onlar Məsihin Atasının rəhbərliyi və müdafiəsi altında olacaqlar.
Allahın onlara sipər olduğunu tezliklə hiss edəcəklər. Peyğəmbər deyir: «Bu dünyanın hökmdarı gəlir. Onun mənim üzərimdə hakimiyyəti yoxdur» (Yəhya 14:30). İblis Yəhuda İskəryutun içinə girib onu öz təsiri altında saxlaya bilmişdi. İsa Məsihi isə Allahdan döndərə bilməz, çünki Məsihin zərrə qədər də olsun, günaha meyili yoxdur. İblis əbədiyyən İsa Məsihi ölüm buxovunda saxlaya bilməz. Nəyə görə? İsa Məsih deyir: «Hər şeyi Atamın mənə buyurduğu kimi edirəm». O əmindir ki, Yehova Allah onu dirildəcək (Yəhya 14:31).
-
-
Bəhrə gətirən budaqlar və Məsihin dostlarıİsa peyğəmbər. Yol, həqiqət, həyat
-
-
FƏSİL 120
Bəhrə gətirən budaqlar və Məsihin dostları
HƏQİQİ MEYNƏ VƏ BUDAQLARI
MƏSİHİN MƏHƏBBƏTİNDƏ NECƏ QALMAQ OLAR?
İsa Məsih sadiq həvariləri ilə dostyana söhbətini davam etdirərək onları ruhlandırır. Artıq gecdir, ehtimal ki, gecəyarısını keçib. Məsih onlara ruhlandırıcı bir məsəl danışır.
O, məsəlinə belə başlayır: «Mən həqiqi meynəyəm, Atam isə bağbandır» (Yəhya 15:1). Onun məsəli əsrlər öncə Yehovanın meynəsi adlanan İsrail xalqı barədə deyilənlərə bənzəyir (Ərəmya 2:21; Huşə 10:1, 2). Lakin Yehova Allah həmin xalqı kəsib atdı (Mətta 23:37, 38). Buna görə İsa Məsih yeni bir fikir deyir. O, yeni meynədir. Yehova Allah eramızın 29-cu ilində onu müqəddəs ruhla məsh edən vaxtdan bəri bu simvolik meynəni yetişdirir. Ancaq Məsih göstərir ki, meynə təkcə onun özünü təmsil etmir. O deyir:
«[Atam] məndəki bar gətirməyən budaqları kəsib atır, bar verən budaqları isə budayır ki, onlar daha çox bar gətirsin... Necə ki budaq meynənin üstündə olmasa, öz-özündən bar verə bilməz, siz də mənimlə vəhdətdə olmasanız, bar gətirə bilməzsiniz. Mən meynəyəm, siz isə bu meynənin budaqlarısınız» (Yəhya 15:2—5).
Məsih sadiq davamçılarına vəd edib ki, o gedəndən sonra onlara köməkçi, müqəddəs ruh göndərəcək. 51 gündən sonra həvarilər və digərləri müqəddəs ruhu alanda meynənin budaqları olurlar. Bütün bu budaqlar İsa Məsihlə vəhdətdə olmalıdır. Hansı məqsədlə?
O izah edir: «Mənimlə vəhdətdə qalan və mənim də vəhdətdə olduğum adam çoxlu bar gətirir. Siz məndən ayrı heç nə edə bilməzsiniz». Bu budaqlar, yəni Məsihin sadiq davamçıları onun nümunəsini izləməklə, insanlara Allahın Padşahlığı barəsində danışmaqla və şagird hazırlamaqla çoxlu bar gətirəcəklər. Bəs əgər kimsə İsa Məsihlə vəhdətdə qalmasa və bar gətirməsə, onda necə? O izah edir: «Mənimlə vəhdətdə qalmayan kəs budaq kimi kəsilib atılır». Digər tərəfdən İsa Məsih deyir: «Siz mənimlə vəhdətdə qalırsınızsa və sözlərim qəlbinizdə qalırsa, nə istəyirsiniz diləyin, sizə veriləcək» (Yəhya 15:5—7).
İndi İsa Məsih artıq iki dəfə danışdığı məsələyə — onun əmrlərinə əməl etmək mövzusuna qayıdır (Yəhya 14:15, 21). Onlar Məsihin əmrlərinə riayət etdiklərini necə göstərə bilərlər? Məsih bunun yolunu göstərir: «Mən Atamın əmrlərini yerinə yetirərək Onun mənə olan məhəbbətini qoruduğum kimi, siz də əmrlərimi yerinə yetirsəniz, mənim sizə olan məhəbbətimi qoruyub-saxlayacaqsınız». Lakin Yehova Allahı və İsa Məsihi sevməyimiz kifayət deyil. İsa Məsih deyir: «Sizə əmrim budur: bir-birinizi mən sizi sevdiyim kimi sevin. Dostları uğrunda canını fəda edən insanın məhəbbətindən böyük məhəbbət yoxdur. Əmrlərimə əməl edirsinizsə, mənim dostlarımsınız» (Yəhya 15:10—14).
Bir neçə saatdan sonra İsa peyğəmbər öz həyatını ona iman edən hər bir insan uğrunda qurban verməklə misilsiz məhəbbətini təzahür etdirəcək. Onun davamçıları bu məhəbbət nümunəsini izləyərək bir-birilərini fədakarcasına sevməlidirlər. Bu məhəbbət onları başqalarından fərqləndirəcək. Axı İsa peyğəmbər demişdi: «Aranızda məhəbbət olsa, hamı biləcək ki, siz mənim şagirdimsiniz» (Yəhya 13:35).
Həvarilər İsa Məsihin onları dost adlandırmasına diqqət yetirməlidirlər. O, onları nəyə görə dost adlandırdığını belə izah edir: «Mən sizə dost deyirəm, çünki Atamdan eşitdiyim hər şeyi sizə bildirdim». İsa Məsihin yaxın dostu olmaq, Atanın ona dediklərini bilmək, həqiqətən də, böyük şərəfdir! Lakin bu dostluğu qoruyub saxlamaq üçün onun davamçıları daima bar gətirməlidirlər. İsa Məsih deyir ki, əgər onlar bar gətirsələr, Atası onun adı ilə dilədikləri hər şeyi onlara verəcək (Yəhya 15:15, 16).
Bu budaqlar, yəni şagirdlər arasındakı məhəbbət onlara gələcəkdə üzləşəcəkləri çətinliklərin öhdəsindən gəlməyə kömək edəcək. Məsih onları xəbərdar edir ki, dünya onlara nifrət edəcək. Bununla belə, onlara təsəlli verərək deyir: «Əgər dünya sizə nifrət edirsə, bilin ki, sizdən qabaq mənə nifrət edib. Siz bu dünyaya məxsus olsaydınız, dünya sizi sevərdi... Siz dünyaya məxsus deyilsiniz. Buna görə də dünya sizə nifrət edir» (Yəhya 15:18, 19).
İsa Məsih dünyanın onlara nəyə görə nifrət edəcəyinin digər səbəbini göstərir: «Mənim adıma görə bütün bunları başınıza gətirəcəklər, çünki onlar məni göndərəni tanımırlar». İsa Məsih deyir ki, onun göstərdiyi möcüzələr ona nifrət edənləri mühakimə edir: «Onların arasında misli görünməmiş işləri görməsəydim, günahsız olardılar. Ancaq məni gözləri ilə görə-görə mənə də, Atama da nifrət etdilər». Əslində, onların nifrət etməsi ilə peyğəmbərlik yerinə yetir (Yəhya 15:21, 24, 25; Zəbur 35:19; 69:4).
İsa peyğəmbər onları bir daha əmin edir ki, onlara köməkçi, müqəddəs ruh göndərəcək. Hər şeyə qadir olan bu qüvvəni onun bütün davamçıları ala bilər. Həmin ruh onlara bar gətirməyə, yəni şəhadət verməyə kömək edəcək (Yəhya 15:27).
-
-
«Cəsarətli olun! Mən dünyaya qalib gəldim»İsa peyğəmbər. Yol, həqiqət, həyat
-
-
FƏSİL 121
«Cəsarətli olun! Mən dünyaya qalib gəldim»
HƏVARİLƏR MƏSİHİ BİR DAHA GÖRMƏYƏCƏKLƏR
HƏVARİLƏRİN KƏDƏRİ SEVİNCƏ DÖNƏCƏK
İsa peyğəmbərlə həvariləri Pasxa bayramını keçirdikləri otaqdan getməyə hazırlaşırlar. Peyğəmbər onları xəbərdar edir: «Bunları sizə ona görə söylədim ki, məndən dönməyəsiniz». Nəyə görə bu cür xəbərdarlıq yerindədir? O deyir: «Sizi sinaqoqlardan qovacaqlar. Elə bir vaxt gələcək ki, sizi öldürən hər kəs bu yolla Allaha qulluq etdiyini düşünəcək» (Yəhya 16:1, 2).
Bu xəbər, ola bilsin, həvariləri yaman sarsıdır. Hərçənd İsa peyğəmbər əvvəllər də dünyanın onlara nifrət edəcəyini demişdi, amma öldürüləcəklərini ilk dəfədir ki, belə açıq söyləyir. Bəs nəyə görə indiyə kimi bunu deməyib? O izah edir: «Bunları sizə əvvəlcədən deməmişdim, çünki sizinlə idim» (Yəhya 16:4). İndi isə peyğəmbər onlardan ayrılacağına görə onları hazırlayır. Bu, şagirdlərə sonralar sınaqlar qarşısında yenilməməyə kömək edəcək.
İsa Məsih sözünə davam edir: «Məni göndərənin yanına gedirəm, amma biriniz də soruşmursunuz ki, hara gedirsən?» Həmin günün axşamı onlar artıq bu barədə ondan soruşmuşdular (Yəhya 13:36; 14:5; 16:5). Ancaq Məsihin indiki sözləri onları elə sarsıdır edir ki, onlar öz haylarındadır. Buna görə də İsa peyğəmbəri gözləyən şərəf barədə və ya bunun həqiqi ibadətçilər üçün nə məna kəsb etdiyini soruşmaq onların heç ağlına gəlmir. Peyğəmbər deyir: «Bu sözlərimə görə qəm dəryasına batmısınız» (Yəhya 16:6).
Sonra o izah edir: «Getməyim sizin xeyrinizədir. Çünki mən çıxıb getməsəm, köməkçi yanınıza gəlməyəcək. Ancaq getsəm, onu yanınıza göndərəcəyəm» (Yəhya 16:7). Şagirdlər köməkçini, yəni müqəddəs ruhu yalnız İsa Məsih öləndən və göyə qaldırılandan sonra ala biləcəklər. Onda o, dünyanın istənilən guşəsində yaşayan davamçısına müqəddəs ruh göndərə biləcək.
Müqəddəs ruh «dünyaya günahın, doğruluğun və hökmün nə demək olduğunu açıq-aşkar göstərəcək» (Yəhya 16:8). Bəli, dünyanın Allahın Oğlu sayılan İsa Məsihə iman gətirməməsi üzə çıxacaq. Məsihin Allahın dərgahına qalxması onun saleh olduğunu təsdiq edəcək, bu dünyanın hökmdarı olan Şeytanın isə nəyə görə hökmə layiq olduğunu nümayiş etdirəcək (Yəhya 16:11).
İsa Məsih deyir: «Sizə deyiləsi çox sözüm var, ancaq indi onları başa düşməzsiniz». O, şagirdlərinin üzərinə müqəddəs ruh tökəndə onlar həqiqəti tam dərk edəcəklər və ona uyğun yaşaya biləcəklər (Yəhya 16:12, 13).
Həvarilər İsa peyğəmbərin növbəti sözlərini tam başa düşmürlər: «Bir azdan artıq məni görməyəcəksiniz, amma bir qədər sonra görəcəksiniz». Onlar bir-birindən peyğəmbərin nə demək istədiyini soruşurlar. Peyğəmbər görür ki, onlar bu haqda ondan soruşmaq istəyirlər, buna görə də onları başa salır: «Bunu bilin, siz ağlayıb fəryad edəcəksiniz, dünya isə şadyanalıq edəcək. Siz kədərlənəcəksiniz, ancaq kədəriniz sevincə dönəcək» (Yəhya 16:16, 20). İsa Məsih növbəti gün günorta vaxtı qətlə yetiriləndə din xadimləri sevinəcəklər, şagirdlər isə kədərə qərq olacaq. Ancaq Məsih diriləndə onların kədəri sevincə dönəcək. Allahdan müqəddəs ruh alanda isə onların sevinci birə-beş artacaq.
İsa Məsih həvarilərin vəziyyətini doğuş sancıları başlamış hamilə qadının vəziyyətinə bənzədir: «Qadın doğuş zamanı əziyyət çəkir, çünki vaxtı yetişib. Ancaq uşağı doğandan sonra çəkdiyi əziyyət artıq yadına düşmür, çünki dünyaya insan gətirdiyinə sevinir». Məsih həvarilərini ruhlandırır: «Siz də indi kədərlənirsiniz, ancaq sizinlə yenidən görüşəndə ürəyiniz sevinəcək və heç kəs sevincinizi əlinizdən almayacaq» (Yəhya 16:21, 22).
Həvarilər hələ indiyə kimi Allahdan İsa Məsihin adı naminə heç nə diləməyiblər. İndi isə Məsih onlara deyir: «O gün özünüz mənim adımla Ataya müraciət edəcəksiniz». Bəs nəyə görə? Ona görə yox ki, Allah onların duasına könülsüz cavab verir. İsa peyğəmbər deyir: «Ata sizi sevir, ona görə ki, siz məni [Allahın elçisi olaraq] sevirsiniz» (Yəhya 16:26, 27).
Bu sözlər həvarilərə qol-qanad verir və onlar deyirlər: «Buna görə də biz inanırıq ki, səni Allah göndərib». Onların imanları tezliklə sınanacaq. İsa peyğəmbər onları qarşıda nə gözlədiyini deyir: «Elə bir vaxt gələcək ki, artıq gəlib də, hamınız məni tək qoyub evinizə dağılışacaqsınız». Sonra onları ürəkləndirir: «Bunu sizə ona görə dedim ki, mənim sayəmdə sülhünüz olsun. Dünyada çox əziyyətlə üzləşəcəksiniz, ancaq cəsarətli olun! Mən dünyaya qalib gəldim» (Yəhya 16:30—33). Əlbəttə ki, İsa Məsih onları tərk etmir. O əmindir ki, onun şagirdləri də onun kimi Allahın iradəsini həyata keçirərək dünyaya qalib gələcəklər, baxmayaraq ki, Şeytan və dünyası onların Allaha sadiqliyini sarsıtmağa cəhd edəcək.
-
-
İsa Məsihin yuxarı mərtəbədəki yekun duasıİsa peyğəmbər. Yol, həqiqət, həyat
-
-
FƏSİL 122
İsa Məsihin yuxarı mərtəbədəki yekun duası
ALLAHI VƏ GÖNDƏRDİYİ MƏSİHİ TANIMAĞIN BƏHRƏSİ
YEHOVA, İSA MƏSİH VƏ ŞAGİRDLƏR VƏHDƏTDƏDİR
İsa peyğəmbər həvarilərini çox istədiyindən onları öz gedişinə hazırlayır. İndi o, başını göyə qaldırıb Allaha dua edir: «Oğlunu şərəfləndir ki, oğlun da Səni şərəfləndirsin. Sən ona bütün bəşəriyyət üzərində hakimiyyət verdin ki, o, Sənin ona verdiyin adamların hamısını əbədi həyata qovuşdursun» (Yəhya 17:1, 2).
Aydındır ki, İsa Məsih üçün Allahı şərəfləndirmək ən ümdə məsələdir. Ancaq bununla belə, onun əbədi həyatdan danışması da insanın ürəyinə toxtaqlıq verir. Bütün bəşəriyyət üzərində hakimiyyət aldığı üçün Məsih hamıya fidyə qurbanlığından yararlanmağa imkan yaradır. Ancaq bu fidyədən hamı faydalanmayacaq. Bəs niyə hamı yox? Çünki o, yalnız onun növbəti sözlərinə uyğun yaşayanlara fidyədən bəhrələnməyə imkan verəcək: «Əbədi həyat odur ki, Səni, tək gerçək Allahı və göndərdiyin İsa Məsihi tanısınlar» (Yəhya 17:3).
İnsan gərək həm Allahı, həm də göndərdiyi İsa Məsihi tanısın, onlarla sıx münasibətdə olsun və onların baxışlarını mənimsəsin. Üstəlik, başqaları ilə rəfdarında onların misilsiz xüsusiyyətlərini təqlid etməyə çalışmalıdır. O, Allahın adının ucalmasının insanların əbədi həyatı almasından daha vacib olduğunu dərk etməlidir. İsa peyğəmbər duasında yenə bu məsələyə qayıdır:
«Mənə tapşırdığın işi başa çatdırdım, Səni yerdə şərəfləndirdim. İndi isə Ata, qoy yanında olum, dünya yaranmazdan əvvəl Sənin yanında olarkən sahib olduğum şərəflə məni şərəfləndir» (Yəhya 17:4, 5). Bəli, Məsih xahiş edir ki, Allah onu dirildərək əvvəlki şərəfini qaytarsın.
Ancaq onun xidmətdə həyata keçirdiyi şeylər unudulmayıb. O dua edir: «Dünyadan mənə verdiyin adamlara Sənin adını açdım. Onlar Səninki idilər, Sən onları mənə verdin. Onlar Sənin sözünə əməl edirlər» (Yəhya 17:6). İsa peyğəmbər xidməti zamanı Yehova Allahın adını yalnız bəyan etmirdi. O həmçinin həvarilərinə Allahın adının daşıdığı mənanı açıqlayırdı. Onlara Allahın gözəl sifətlərini və insanlarla necə məhəbbətlə davrandığını öyrədirdi.
Həvarilər Yehova Allahı tanıdılar, Onun Oğlu İsa Məsihin vəzifəsinin nədən ibarət olduğunu öyrəndilər və Məsihin öyrətdiklərini başa düşdülər. O, təvazökarlıqla deyir: «Mənə verdiyin sözləri onlara çatdırdım. Onlar bu sözləri qəbul etdilər və Sənin elçin olduğumu aydın dərk etdilər, inandılar ki, məni Sən göndərmisən» (Yəhya 17:8).
Sonra İsa Məsih şagirdləri ilə bütün bəşər arasında böyük fərqin olduğunu göstərir: «Onlardan ötrü Səndən xahiş edirəm, dünya üçün yox, mənə verdiyin adamlar üçün Sənə yalvarıram, çünki onlar Sənindirlər... Müqəddəs Atam, mənə verdiyin adının xatirinə gözün onların üstündə olsun ki, biz bir olduğumuz kimi, onlar da bir olsunlar... Mən onları qorudum, heç biri itmədi. Yalnız həlaka gedən adam itdi». Bu adam İsa Məsihi satmağa hazırlaşan Yəhuda İskəryutdur (Yəhya 17:9—12).
İsa Məsih duasına davam edir: «Dünya onlara nifrət edir... Mən onları dünyadan götürməyi xahiş etmirəm. Xahiş edirəm ki, onları Şərirdən qoruyasan. Onlar da mənim kimi dünyaya məxsus deyillər» (Yəhya 17:14—16). Həvarilər və digər şagirdlər Şeytanın idarə etdiyi dünyadakı insanların arasında yaşasalar da, bu cəmiyyətdən və onun pis əməllərindən uzaq durmalıdırlar. Bəs bunu necə etməlidirlər?
Onlar İsa Məsihin öyrətdiyi və Tövratda yazılan həqiqətlərə əməl etməklə özlərini müqəddəs saxlamalıdırlar, yəni özlərini Allaha ibadətə həsr etməlidirlər. Məsih duada deyir: «Onları həqiqət vasitəsilə müqəddəs et. Həqiqət Sənin sözündür» (Yəhya 17:17). Bir müddət sonra bəzi həvarilər Allahdan ilham alaraq Müqəddəs Kitabın bəzi hissələrini yazacaqlar. Bu yazılanlar da insanlara müqəddəs qalmağa kömək edəcək.
Vaxt keçdikcə digər insanlar da həqiqəti qəbul edəcək. Buna görə də İsa peyğəmbər yalnız orada olanlar üçün yox, onların sözləri vasitəsilə ona iman edəcək adamlar üçün də dua edir. Peyğəmbər onlar üçün Allahdan nə diləyir? O, deyir: «Aralarında birlik olsun. Ata, Sən mənimlə, mən də Səninlə vəhdətdə olduğum kimi, qoy onlar da bizimlə vəhdətdə olsunlar» (Yəhya 17:20, 21). Bəli, onlar arasında tam yekdillik hökm sürür. O dua edir ki, onun davamçıları da onlarla vəhdətdə olsunlar.
Bir az əvvəl İsa peyğəmbər Butrusa və digər həvarilərə onlar üçün yer hazırlamağa gedəcəyini demişdi, o, bununla göyü nəzərdə tuturdu (Yəhya 14:2, 3). İndi isə duasında həmin fikri vurğulayır: «Ata, arzu edirəm ki, mənə verdiyin adamlar mənim olduğum yerdə, yanımda olsunlar və mənə verdiyin şərəfi görsünlər, çünki Sən məni bəşərin təməli qoyulandan əvvəl sevmisən» (Yəhya 17:24). Bununla o təsdiqləyir ki, Allah vahid Oğlunu əzəldən, yəni Adəmlə Həvva dünyaya övlad gətirməzdən öncə sevmişdir və bu Oğul sonralar yerdə İsa Məsih oldu.
Duasının sonunda İsa peyğəmbər Allahın adını, habelə Allahın həvarilərə və həqiqəti qəbul edəcək digər insanlara məhəbbətini vurğulayaraq deyir: «Mən Sənin adını onlara açdım və yenə açacağam ki, mənə duyduğun məhəbbət onlarda da olsun və mən onlarla vəhdətdə olum» (Yəhya 17:26).
-
-
Peyğəmbər qəm-qüssə içində dua edirİsa peyğəmbər. Yol, həqiqət, həyat
-
-
FƏSİL 123
Peyğəmbər qəm-qüssə içində dua edir
MƏTTA 26:30, 36—46 MARK 14:26, 32—42 LUKA 22:39—46 YƏHYA 18:1
İSA PEYĞƏMBƏR GETSEMANİ BAĞINDA
PEYĞƏMBƏRİN TƏRİ QAN DAMLALARI KİMİ YERƏ DÜŞÜR
İsa peyğəmbər sadiq həvariləri ilə dua edib qurtarır. Sonra onlar mədh nəğmələri oxuyub Zeytun dağına yollanırlar (Mark 14:26). Onlar şərq tərəfə, Getsemani adlı bağa gedirlər. İsa Məsih tez-tez oraya gedərdi.
Onlar zeytun ağacları ilə əhatə olunmuş bu gözəl yerə çatırlar. İsa Məsih səkkiz həvarisini orada qoyub yoluna davam edir. Ola bilsin, bu həvarilər bağın girişində qalırlar, çünki İsa Məsih onlara: «Siz burada oturun, mən isə gedim dua edim», — deyir. Həvari Butrusu, Yaqubu və Yəhyanı isə özü ilə götürüb bağa girir. İsa peyğəmbəri dərin kədər bürüyür. O, üç həvarisinə deyir: «Kədərim hədsizdir, dözülməzdir. Siz burada durun, mənimlə birgə oyaq qalın» (Mətta 26:36—38).
Sonra özü bir az irəliyə gedərək üzüqoylu yerə qapanıb dua etməyə başlayır. Bu çətin anlarında o, Allahdan nə diləyir? Peyğəmbər dua edir: «Ata, Sənin üçün hər şey mümkündür. Bu camı məndən uzaqlaşdır. Fəqət qoy mənim istədiyim kimi yox, Sənin istədiyin kimi olsun» (Mark 14:35, 36). Bu, nə məna kəsb edir? O, canını fidyə olaraq qurban verməkdən boyun qaçırır? Xeyr, bu belə deyil!
Məsih göydə ruhani varlıq olarkən romalıların insanlara necə işgəncə verərək öldürdüklərini görmüşdü. İndi o, insandır və ağrının nə demək olduğunu bilir. Buna görə də qarşıda onu gözləyən əzabların həsrətini çəkmir. Amma onu ən çox başqa bir şey narahat edir. O, cinayətkar kimi ölməkdən və bununla da Allahın adına ləkə gətirməkdən qorxur. Çünki o, bir neçə saatdan sonra Allaha küfr danışmaqda ittiham olunub dirəkdə edam ediləcək.
Xeyli dua etdikdən sonra Məsih həvarilərinin yanına qayıdır və görür ki, onlar yatırlar. O, Butrusa baxıb deyir: «Məgər mənimlə bircə saat da oyaq qala bilməzdiniz? Sayıq olun və daima dua edin ki, günaha yol verməyəsiniz». Lakin sarsıntı keçirdiklərini və artıq gecə olduğunu başa düşərək İsa Məsih onlara deyir: «Bəli, ruh şövqlü, cisim isə zəifdir» (Mətta 26:40, 41).
Sonra ikinci dəfə dua etməyə gedir və Allahdan «camı» ondan uzaqlaşdırmağı xahiş edir. Geri qayıdanda yenə də görür ki, həvarilər sınağa məruz qalmamaları barədə dua etmək əvəzinə, yatırlar. İsa Məsih danışanda onlar bilmirlər nə desinlər (Mark 14:40). Üçüncü dəfə də o gedir və diz çöküb Allaha dua edir.
Cinayətkar kimi öləcəyi və bu ölümün Atasının adına ləkə vuracağı onu çox narahat edir. Yehova Allah onun duasını eşidir və onu möhkəmləndirmək üçün mələyini göndərir. Amma o, bundan sonra da dua edir və daha da hərarətlə Allaha yalvarır. Peyğəmbər emosional cəhətdən çox gərgindir. Hətta onun təri qan damlaları kimi yerə düşür (Luka 22:44). Çünki onun çiynində böyük məsuliyyət yükü var. Axı söhbət həm özünün, həm də bütün imanlı insanların əbədi həyatından gedir!
İsa Məsih üçüncü dəfə həvarilərinin yanına qayıdanda görür ki, onlar yenə yatırlar. O deyir: «Belə bir vaxtda siz yatıb dincəlirsiniz?! İnsan Oğlunun günahlıların əlinə veriləcəyi saat yetişdi. Durun gedək. Xain yaxınlaşır» (Mətta 26:45, 46).
-
-
Məsih xəyanətə uğrayır və həbs olunurİsa peyğəmbər. Yol, həqiqət, həyat
-
-
FƏSİL 124
Məsih xəyanətə uğrayır və həbs olunur
MƏTTA 26:47—56 MARK 14:43—52 LUKA 22:47—53 YƏHYA 18:2—12
YƏHUDA BAĞDA İSA MƏSİHİ SATIR
BUTRUS BİR NƏFƏRİN QULAĞINI KƏSİR
İSA PEYĞƏMBƏR HƏBS OLUNUR
Artıq gecəyarısını keçib. Kahinlər İsa Məsihi ələ verməyin müqabilində Yəhuda İskəryuta otuz gümüş pul verməyi söz vermişdilər. Yəhuda İskəryut böyük kahinləri və fərisiləri İsa Məsihin yanına aparır. Onlar silahlanmış Roma əsgərlərindən və sərkərdədən ibarət böyük izdihamın müşayiəti ilə gedirlər.
Pasxa bayramında İsa Məsih Yəhudanı otaqdan çıxaranda, görünür, o, birbaşa böyük kahinlərin yanına getmişdi (Yəhya 13:27). Onlar da dərhal öz keşikçilərini və bir dəstə əsgər toplamışdılar. Yəhuda, ola bilsin, əvvəlcə onları İsa peyğəmbərin həvariləri ilə Pasxanı qeyd etdiyi evə gətirir. Amma onları orada tapmayıb Qidron vadisini keçib bağa tərəf yollanırlar. Əllərindən silahdan əlavə çıraq və məşəl götürüblər. Bəli, onlar İsa Məsihi tutmağa qəti qərarlıdırlar.
Yəhuda izdihamı Zeytun dağına aparır, o, İsa Məsihin harada olduğunu çox gözəl bilir. Keçən həftə boyu Məsih həvarilərilə Beytaniyyəyə və Yerusəlimə gedib-gələndə tez-tez Getsemani bağında ayaq saxlayırdı. Amma indi zülmət qaranlıqdır, İsa Məsih isə yəqin zeytun ağaclarının kölgəsindədir. Bəs onda İsa Məsihi heç vaxt görməyən əsgərlər onu necə tanıyacaqlar? Buna görə də Yəhuda onlara işarə verəcəyini deyir: «Kimi öpsəm, İsa odur. Onu tutun və nəzarət altında aparın» (Mark 14:44).
Yəhuda izdihamla birgə Getsemani bağına girir. O, İsa Məsihi həvariləri ilə görüb ona tərəf irəliləyir. Yəhuda: «Salam, Rabbi!» — deyib onu nəvazişlə öpür. Məsih ona cavab verir: «Sən burada nə gəzirsən?» (Mətta 26:49, 50). Sonra sualına özü cavab verir: «Yəhuda, insan Oğlunu öpüşlə satırsan?» (Luka 22:48). Amma artıq bu xəyanətkarla danışmağa dəyməz!
İsa Məsih məşəllərin və çıraqların işığında qabağa çıxıb izdihamdan soruşur: «Kimi axtarırsınız?» İzdihamdan bir nəfər deyir: «Nəsrani İsanı». İsa Məsih cəsarətlə: «Mənəm», — deyir (Yəhya 18:4, 5). Nə olacağını bilməyən adamlar yerə yıxılırlar.
Bu fürsətdən istifadə edərək qaçıb qaranlıqda gizlənmək əvəzinə, İsa Məsih onlardan kimi axtardıqlarını yenə soruşur. Onlar bu dəfə də «nəsrani İsanı» deyəndə o, təmkinlə söyləyir: «Axı sizə dedim ki, mənəm. Əgər məni axtarırsınızsa, bunları buraxın». Hətta belə bir həlledici məqamda da İsa Məsih unutmur ki, o, heç birini itirməməlidir (Yəhya 6:39; 17:12). İsa Məsih sadiq həvarilərini qoruyub və həlaka gedən adamdan, Yəhuda İskəryutdan başqa heç birini itirməyib (Yəhya 18:7—9). Buna görə də indi o, sadiq davamçılarının buraxmalarını istəyir.
Əsgərlər ayağa qalxıb İsa Məsihin üstünə gəlirlər. Həvarilər işin nə yerdə olduğunu görüb ondan soruşurlar: «Ağa, qılıncları işə salaq?» (Luka 22:49). İsa Məsih cavab verməyə macal tapmamış Butrus özləri ilə gətirdikləri iki qılıncdan birini çəkib baş kahinin nökəri Məlkin sağ qulağını kəsir.
İsa peyğəmbər isə Məlkin qulağına toxunub onu sağaldır. Sonra vacib nəsihət verərək Butrusa əmr edir: «Qılıncını qaytar qoy qınına. Qılınc götürən hər kəs qılıncdan öləcək». İsa Məsihin növbəti sözlərindən görmək olar ki, o həbs olunmağa hazırdır: «Bəs onda Müqəddəs Yazılar necə yerinə yetər? Axı orada yazılıb ki, hər şey məhz bu cür olmalıdır» (Mətta 26:52, 54). Sonra sözünə əlavə edir: «Məgər Atamın mənə verdiyi camı içməməliyəm?» (Yəhya 18:11). Bəli, İsa Məsih Allahın onunla bağlı niyyətinə, hətta həyatı bahasına olsa belə tabe olur.
Məsih izdihama deyir: «Məgər mən qulduram ki, məni tutmaq üçün üstümə qılınc və dəyənəklə gəlmisiniz? Hər gün məbəddə oturub vəz edəndə məni həbs etmirdiniz. Lakin bütün bunlar peyğəmbərlərin sözləri yerinə yetsin deyə, baş verir» (Mətta 26:55, 56).
Əsgərlər, sərkərdə və yəhudilərin keşikçiləri Məsihi tutub əl-qolunu bağlayırlar. Bunu görən həvarilər onu qoyub qaçırlar. Lakin izdihamın arasında bir cavan oğlan (ehtimal ki, şagird Mark) İsa Məsihin dalınca getmək üçün orada qalır (Mark 14:51). Amma camaat bu cavan oğlanı tanıyır və onu tutmaq istəyir. Buna görə də o, kətan paltarını qoyub qaçır.
-
-
Hənnanın, sonra da Qayafanın yanına aparılırİsa peyğəmbər. Yol, həqiqət, həyat
-
-
FƏSİL 125
Hənnanın, sonra da Qayafanın yanına aparılır
MƏTTA 26:57—68 MARK 14:53—65 LUKA 22:54, 63—65 YƏHYA 18:13, 14, 19—24
MƏSİHİ SABİQ BAŞ KAHİN HƏNNANIN YANINA APARIRLAR
SİNEDRİON TƏRƏFİNDƏN QEYRİ-QANUNİ MƏHKƏMƏ
İsa Məsihi bir cinayətkar kimi, əli-qolu bağlı halda sabiq baş kahin Hənnanın yanına aparırlar. İsa Məsih 12 yaşında olarkən məbəddə Qanun müəllimlərini heyrətə gətirən zaman Hənna baş kahin idi (Luka 2:42, 47). Hənnadan sonra baş kahin vəzifəsini onun bəzi oğulları, indi isə kürəkəni Qayafa tutur.
Hənna İsanı sorğu-sual edən zaman Qayafanın Sinedrionun üzvlərini bir araya yığmaq imkanı olur. Bu məhkəmə 71 nəfərdən ibarətdir, buraya baş kahin və başqaları daxildir.
Hənna İsa peyğəmbərdən şagirdləri və təlimləri haqda soruşur. Məsih cavab verir: «Mən hər şeyi dünyaya açıq-aşkar söyləmişəm. Mən həmişə yəhudilərin toplaşdığı sinaqoqlarda və məbəddə vəz etmişəm. Heç bir sözü xəlvətdə deməmişəm. Niyə məni sorğu-suala çəkirsən? Danışdıqlarımı eşidənlərdən soruş» (Yəhya 18:19—21).
İsa peyğəmbər bunu deyəndə yanında durmuş bir keşikçi onun üzünə şillə çəkib deyir: «Böyük kahinlə belə danışırlar?» Ancaq peyğəmbər səhv bir şey etmədiyini bildiyinə görə cavab verir: «Əgər düz demirəmsə, səhvimi göstər. Yox əgər düz danışıramsa, məni niyə vurursan?» (Yəhya 18:22, 23). Bundan sonra Hənna onu kürəkəni Qayafanın yanına göndərir.
Bu arada bütün Sinedrion — baş kahin, ağsaqqallar və mirzələr Qayafanın evində toplaşır. Onlar Pasxa gecəsi məhkəmə qurmaqla açıq-aşkar Qanuna qarşı çıxırlar. Lakin bu rəhbərlər heç bir vəchlə öz çirkin niyyətlərindən əl çəkmək istəmirlər.
Bu adamların qərəzsiz davranacağını demək çox çətindir. İsa Məsih İlazəri dirildəndə Sinedrion üzvləri artıq o vaxtdan onu öldürməyə qərar vermişdilər (Yəhya 11:47—53). Cəmi bir neçə gün əvvəl isə din xadimləri İsa Məsihi tutub öldürmək üçün hiylə qurmuşdular (Mətta 26:3, 4). Bəli, məhkəmə başlamazdan əvvəl artıq qərar çıxarılıb!
Onların qeyri-qanuni məhkəmə qurmaları qalsın bir yana, hələ bir böyük kahinlər və Sinedrionun digər üzvləri İsa Məsihin əleyhinə danışmaq üçün yalançı şahidlər axtarırlar. Ancaq elə bir şahid tapa bilmirlər ki, sözləri bir-birinə düz gəlsin. Axırda iki nəfər gəlib deyir: «Biz bu adamın sözlərini öz qulağımızla eşitmişik. O belə deyib: “Mən insan əli ilə tikilmiş bu məbədi dağıdıb üç günə başqasını, əllə tikilməmiş məbəd ucaldacağam”» (Mark 14:58). Amma onların da sözləri tam üst-üstə düşmür.
Qayafa İsa Məsihdən soruşur: «Niyə cavab vermirsən? Eşidirsən, əleyhinə nələr danışırlar?» (Mark 14:60). Lakin bu qədər şahidin bir-birilə uzlaşmayan rəvayətləri qarşısında İsa Məsih susur. Buna görə də baş kahin başqa fəndə əl atır.
Qayafa bilir ki, kiminsə özünü Allahın Oğlu adlandırması yəhudilərin xoşuna gəlmir. Bundan əvvəl İsa peyğəmbər iki dəfə özünü Allahın Oğlu adlandıranda onlar onu öldürmək istəmişdilər. Onlar yanlış olaraq düşünürdülər ki, peyğəmbər özünü Allaha tay tutur (Yəhya 5:17, 18; 10:31—39). Onların bu məsələyə münasibətindən hali olan Qayafa indi hiyləgərcəsinə ondan soruşur: «Səni var olan Allaha and verirəm, söylə, Allahın Oğlu Məsih sənsən?» (Mətta 26:63). Əlbəttə ki, İsa Məsih Allahın Oğlu olduğunu deyir (Yəhya 3:18; 5:25; 11:4). Əgər o, belə deməsəydi, onda Allahın Oğlu və Məsih olduğunu danmış olardı. Buna görə də Məsih deyir: «Bəli, mənəm. Siz insan Oğlunun Qüdrətlinin sağında oturduğunu və göyün buludları üzərində gəldiyini görəcəksiniz» (Mark 14:62).
Qayafa bunu eşidən kimi artistcəsinə yaxasını cırıb qışqırır: «O küfr dedi! Daha şahidlər nəyimizə gərəkdir? İndicə öz qulağınızla onun ağzından küfr eşitdiniz. Hə, nə deyirsiniz?» Sinedrion ədalətsiz hökm çıxarır: «O ölməlidir» (Mətta 26:65, 66).
Sonra onlar İsa Məsihi ələ salmağa və ona yumruq vurmağa başlayırlar. Digərləri isə üzünə şillə çəkir və tüpürürlər. Sonra onlar onun üzünü örtüb yumruqlayır və rişxəndlə deyirlər: «Hə, peyğəmbər, tap görək səni kim vurdu?» (Luka 22:64). Beləcə, onlar bu gecə məhkəməsi zamanı İsa Məsihlə qanuna zidd və kobud davranırlar.
-
-
Butrus İsa Məsihi danırİsa peyğəmbər. Yol, həqiqət, həyat
-
-
FƏSİL 126
Butrus İsa Məsihi danır
MƏTTA 26:69—75 MARK 14:66—72 LUKA 22:54—62 YƏHYA 18:15—18, 25—27
BUTRUS QAYAFANIN EVİNDƏ İSA MƏSİHİ DANIR
İsa Məsih Getsemani bağında həbs olunanda həvarilər qorxudan onu qoyub qaçırlar. Lakin birdən onlardan ikisi dayanır. Bu, Butrus və başqa bir şagird, ehtimal ki, həvari Yəhyadır (Yəhya 18:15; 19:35; 21:24). Görünür, onlar qayıdıb İsa peyğəmbəri Hənnanın yanına aparan izdihama çatırlar. Hənna Məsihi baş kahin Qayafanın yanına göndərəndə Butrusla Yəhya bir az aralıdan onun dalınca gedirlər. Onlar həm öz canları üçün qorxurlar, həm də Ağalarına görə narahatdırlar.
Onlar Qayafanın imarətinə çatırlar. Həvari Yəhya baş kahinin tanışı olduğu üçün həyətə girə bilir. Həvari Butrus isə bayırda qalır. Yəhya bir azdan geri dönür və qapıçı qızla danışır, o da Butrusu içəri buraxır.
Bu gecə hava soyuq olduğundan oradakılar tonqal qalayıblar. Butrus İsa Məsihin məhkəməsinin nə ilə qurtaracağını gözləyir və isinmək üçün tonqala yaxınlaşır (Mətta 26:58). Onu içəri buraxan qapıçı qız tonqalın işığında onun üzünə diqqətlə baxıb ucadan deyir: «Sən onun şagirdi deyilsən, yox?» (Yəhya 18:17). Amma Butrusun İsa Məsihlə bir yerdə gəzdiyini deyən təkcə bu qadın deyil (Mətta 26:69, 71—73; Mark 14:70).
Butrus çox məyus olur. O, diqqət cəlb etməməyə çalışır, hətta darvazaya tərəf gedir. Beləcə, Butrus İsa Məsihlə olduğunu danır və hətta sonra deyir: «Mən bu adamı tanımıram, sənin də nə dediyini başa düşmürəm» (Mark 14:67, 68). Butrus həmçinin özünə lənət yağdırıb and-aman edir, başqa sözlə, o, həqiqəti söylədiyinə görə and içməyə və əgər yalan danışırsa, lənət yiyəsi olmağa hazır olduğunu bildirir (Mətta 26:74).
Bu arada İsa Məsihin məhkəməsi gedir. Görünür, məhkəmə imarətin həyətə baxan yuxarı mərtəbəsində keçirilir. Şübhəsiz, Butrusla aşağıda duran başqa adamlar şahidlərin bir-bir girib-çıxdığını görürlər.
Butrusun Cəlilə ləhcəsi ilə danışması onun yalançı olduğunu üzə çıxarır. Bundan əlavə, oradakılardan biri Butrusun qulağını kəsdiyi Məlkin qohumudur. Buna görə də Butrusu ittiham etməyə başlayırlar: «Mən səni bağda görmüşdüm. Sən də o adamın yanındaydın, yoxsa elə deyil?» Məsihin dediyi kimi, Butrus üçüncü dəfə İsa Məsihi dananda xoruz banlayır (Yəhya 13:38; 18:26, 27).
Görünür, bu an İsa Məsih eyvanda olur. O dönüb düz Butrusun gözünün içinə baxır. Onun baxışı Butrusun ürəyini xəncər kimi yarır. Məsihin bir neçə saat bundan əvvəl yuxarı mərtəbədə dediyi sözlər onun yadına düşür. Butrus nə etdiyini başa düşəndə təsəvvür etmək olar hansı hissləri keçirir! O, çölə çıxıb hönkür-hönkür ağlayır (Luka 22:61, 62).
Görəsən, necə oldu ki, Butrus öz Ağasını dandı? Axı o, ruhani cəhətdən güclü və Məsihə vəfalı olduğuna əmin idi! Həqiqət təhrif edilmiş, Məsih qatı cinayətkar kimi ittiham olunmuşdu. Butrusun bu günahsız insanı müdafiə etmək imkanı olanda o, «əbədi həyatın sözləri olan» bu adama arxa çevirir (Yəhya 6:68).
Butrusun acı təcrübəsi göstərir ki, hətta imanlı və sədaqətli insan qabaqcadan gözlənilməz sınaq və imtahanlara hazırlaşmayıbsa, ruhani müvazinətini itirə bilər. Ümidvarıq ki, Butrusun başına gələnlər Allahın bütün xidmətçiləri üçün ibrət dərsi olacaq!
-