-
Əvvəl Sinedrionun, sonra Pilatın qarşısındaİsa peyğəmbər. Yol, həqiqət, həyat
-
-
FƏSİL 127
Əvvəl Sinedrionun, sonra Pilatın qarşısında
MƏTTA 27:1—11 MARK 15:1 LUKA 22:66—23:3 YƏHYA 18:28—35
SİNEDRİONDA SƏHƏR MƏHKƏMƏSİ
YƏHUDA İSKƏRYUT ÖZÜNÜ ASIR
İSA MƏSİHİ PİLATIN YANINA GƏTİRİRLƏR
Gecə sona çatır. Butrus üç dəfə İsa peyğəmbəri danıb. Sinedrion üzvləri isə qondarma məhkəməni bitirib dağılışıblar. Lakin səhər açılanda onlar yenidən toplaşırlar. Yəqin, onlar gecə vaxtı qanunsuz keçirdikləri məhkəmə işinə qanuni don geyindirmək istəyirlər. Peyğəmbəri də oraya gətirirlər.
Onlar yenə də deyirlər: «Əgər Məsihsənsə, de, biz də bilək». İsa peyğəmbər cavab verir: «Desəm də inanmayacaqsınız. Sizdən soruşsam, cavab verməyəcəksiniz». Buna baxmayaraq, o, cəsarətlə özü barədə Dənyal 7:13 ayəsində deyilmiş peyğəmbərlik sözlərini deyir: «İndən belə, İnsan Oğlu qüdrətli Allahın sağında oturacaq» (Luka 22:67—69; Mətta 26:63).
Onlar israr edirlər: «Deməli, sən Allahın Oğlusan?» İsa Məsih cavab verir: «Elədir ki var». Bu sözlər onu küfr danışmaqda ittiham edib öldürmək üçün kifayətdir. «Daha başqa şəhadət nəyimizə lazımdır?» — deyə onlar soruşurlar (Luka 22:70, 71; Mark 14:64). Beləcə, İsa Məsihin əl-qolunu bağlayıb Roma hakimi Ponti Pilatın yanına aparırlar.
Ola bilsin, Yəhuda İskəryut onların İsa Məsihi Pilatın yanına apardıqlarını görür. O, İsa Məsihin məhkum edildiyini anlayanda vicdan əzabı çəkir və məyus olur. Amma tövbə edib Allaha dönmək əvəzinə, 30 gümüş pulu geri qaytarmağa gedir. O, böyük kahinlərə deyir: «Günahsız adamı satmaqla günah iş tutmuşam». Amma onlar laqeyd cavab verirlər: «Bizə nə? Özün bilərsən!» (Mətta 27:4).
Onda Yəhuda bu pulları məbəddə atıb oradan çıxır. Sonra intihar edib günahının üstünə günah qazanır. Görünür, o, özünü asmaq istəyəndə kəndiri bağladığı budaq sınır və o, qayalığa düşüb parça-parça olur (Həvarilərin işləri 1:17, 18).
Səhərin gözü açılanda İsa peyğəmbəri Ponti Pilatın sarayına gətirirlər. Lakin onu gətirən yəhudilər valinin sarayına girmirlər, onlar hesab edirlər ki, digər millətlərin nümayəndələri ilə əlaqə qurmaq onları murdarlayır. Bu, onları nisanın 15-i Pasxanın bir hissəsi olan Mayasız çörəklər bayramında yemək yeməkdən məhrum edəcək.
Pilat çölə çıxıb soruşur: «Bu adamı nədə ittiham edirsiniz?» Onlar cavab verirlər: «Bu adam cinayətkar olmasaydı, onu sənin yanına gətirməzdik». Pilat hiss edir ki, ona təzyiq göstərirlər, buna görə də deyir: «Aparın onu öz qanunuza görə mühakimə edin». Yəhudilər: «Bizim adam öldürməyə ixtiyarımız yoxdur», — deyərək İsa Məsihi öldürmək niyyətində olduqlarını açıq-aşkar göstərirlər (Yəhya 18:29—31).
Əgər onlar Pasxa bayramında İsa peyğəmbəri öldürsələr, ehtimal var ki, camaat ayağa qalxacaq. Buna görə də onlar istəyirlər ki, romalılar İsa peyğəmbəri siyasi cinayətdə ittiham edib öldürsünlər, onda xalqın qarşısında məsuliyyətdən qurtula biləcəklər.
Din xadimləri İsa Məsihi küfr danışmaqda günahlandırdıqları barədə bir kəlmə də demədən başqa bir bəhanə uydururlar. Onlar növbəti ittihamları irəli sürürlər: «[1] Bu adam xalqımızı yoldan çıxarır, [2] Sezara vergi ödəməyi qadağan edir, üstəlik, [3] özünü Məsih, padşah adlandırır» (Luka 23:2).
İsanın padşah olması iddiası Roma hökumətini təmsil edən Pilatın marağına səbəb olur. Buna görə də o, saraya qayıdır və İsa Məsihi yanına çağırıb soruşur: «Sən yəhudilərin padşahısan?» Başqa sözlə, Pilat bilmək istəyir ki, İsa Məsih qanunu pozaraq özünü sezara rəqib edir, yoxsa yox. Məsih, ehtimal ki, Pilatın onun haqqında nələr eşitdiyini öyrənmək üçün deyir: «Sən bunu özündən deyirsən, yoxsa mənim haqqımda kimdənsə eşitmisən?» (Yəhya 18:33, 34).
Pilat onun haqqında heç nə bilmədiyini və həqiqəti öyrənmək istədiyini bildirir. O deyir: «Məgər mən yəhudiyəm?» Sonra sözünə əlavə edir: «Öz xalqın və böyük kahinlərin səni mənə təslim edib. De görüm nə iş tutmusan?» (Yəhya 18:35).
İsa Məsih Padşahlıq kimi vacib məsələdən heç vəchlə boyun qaçırmır. Şübhəsiz, onun cavabı Pilatı çox heyrətləndirir.
-
-
Pilat və Hirod Məsihdə günah tapmırİsa peyğəmbər. Yol, həqiqət, həyat
-
-
FƏSİL 128
Pilat və Hirod Məsihdə günah tapmır
MƏTTA 27:12—14, 18, 19 MARK 15:2—5 LUKA 23:4—16 YƏHYA 18:36—38
PİLAT VƏ HİROD MƏSİHİ SORĞU-SUALA ÇƏKİR
İsa Məsih padşah olduğunu Pilatdan gizlətmir. Bununla belə, onun Padaşhlığı Roma hökuməti üçün təhlükəli deyil. Məsih deyir: «Mənim Padşahlığım bu dünyadan deyil. Padşahlığım bu dünyadan olsaydı, təbəələrim mübarizə aparıb qoymazdılar ki, mən yəhudilərin əlinə düşüm. Xeyr, mənim Padşahlığım buradan deyil» (Yəhya 18:36). Bəli, İsa Məsihin Padşahlığı var, amma bu dünyadan deyil.
Pilat məsələni bu yerdə qoymur. O deyir: «Deməli, sən padşahsan?» İsa Məsih Pilatın düzgün qənatə gəldiyini göstərmək üçün ona deyir: «Düz deyirsən, mən padşaham. Mən həqiqətə şəhadət etmək üçün doğulmuşam və bu dünyaya gəlmişəm. Həqiqət tərəfində olan hər bir adam səsimə qulaq asır» (Yəhya 18:37).
O, bir dəfə Tomasa demişdi: «Yol, həqiqət və həyat mənəm». İndi hətta Pilat da eşidir ki, yer üzünə gəlməkdə İsanın əsas məqsədi həqiqətə, xüsusilə də Padşahlıqla bağlı həqiqətə şəhadətlik etməkdir. İsa Məsih bu həqiqətə vəfalı qalmaq üçün həyatını belə verməyə hazırdır. Pilat: «Həqiqət nədir?!» — deyə soruşur, ancaq ondan izahat gözləmir. Pilat düşünür ki, eşitdiyi şeylər hökm çıxarmaq üçün kifayətdir (Yəhya 14:6; 18:38).
Bundan sonra Pilat bayırda duran camaatın qarşısına çıxır. Ehtimal ki, İsa peyğəmbər də onun yanındadır. Pilat böyük kahinlərə və onların yanında duranlara deyir: «Mən bu adamda bir günah görmürəm». Bu qərar camaatın hiddətinə səbəb olur və onlar təkid edirlər: «Bu adam bütün Yəhudiyyədə, Cəlilədən tutmuş buraya kimi hər yerdə təlimləri ilə xalqı qızışdırır» (Luka 23:4, 5).
Yəhudilərin ağılsızlığı və fanatizmi, yəqin, Pilatı təəccübləndirir. Böyük kahinlər və ağsaqqallar qışqırarkən Pilat üzünü İsaya tutub deyir: «Eşidirsən, sənə qarşı nələr deyirlər?» (Mətta 27:13). İsa peyğəmbər isə heç bir cavab vermir. Bu şiddətli ittihamlar qarşısında onun sakit qalması Pilatı heyrətləndirir.
Yəhudilər İsa Məsihin Cəlilədən başlayaraq təlim verdiyini demələrindən Pilat onun Cəlilədən olduğunu öyrənir. İsa Məsihə hökm çıxarmaq məsuliyyətindən yaxasını qurtarmaq üçün onun ağlına bir fikir gəlir. Bu vaxt Cəlilənin hakimi Hirod Antipa (Böyük Hirodun oğlu) Pasxa bayramı ilə əlaqədar Yerusəlimdədir. Bu səbəbdən Pilat İsa Məsihi onun yanına göndərir. Vəftizçi Yəhyanın boynunu vurduran məhz Hirod Antipa idi. Sonralar Hirod İsa Məsihin möcüzələri barədə eşidəndə onun dirilmiş Yəhya olduğunu sanıb bərk qorxuya düşmüşdü (Luka 9:7—9).
Hirod İsa Məsihi görəcəyi üçün çox sevinir. Amma onun məqsədi Məsihə kömək etmək deyil, heç ona qarşı sürülən ittihamların doğru olub-olmadığı da onu maraqlandırmır. Hirod sadəcə ümid edir ki, bəlkə, o, bir neçə möcüzə göstərdi (Luka 23:8). Ancaq İsa peyğəmbər Hirodun arzusunu ürəyində qoyur. O hətta Hirodun bir dənə də olsun sualına cavab vermir. Pərt olmuş Hirod və onun mühafizəçiləri İsa Məsihi alçaltmağa başlayırlar (Luka 23:11). Onun əyninə gözəl bir libas geyindirib ələ salırlar. Sonra Hirod onu Pilatın yanına göndərir. Bir-birinə düşmən kəsilən Hirodla Pilat indi yaxın dost olurlar.
İsa Məsihi Pilatın yanına gətirirlər. Pilat böyük kahinləri, yəhudi rəhbərlərini və xalqı bir yerə yığıb deyir: «Mən onu sizin qarşınızda dindirdim, ancaq onda bir günah tapmadım. Sizin ittihamlarınız əsassızdır. Hirod da onda bir təqsir tapmadığından onu geri qaytardı. Bu adam ölümə layiq bir iş görməyib. Buna görə də onu cəzalandırıb buraxacağam» (Luka 23:14—16).
Pilat başa düşür ki, kahinlər İsa Məsihi paxıllıqdan ələ veriblər. Bu səbəbdən onu azad etməyə çalışır. Bu dəm baş verən bir hadisə onun bu istəyini daha da gücləndirir. Pilat hakim kürsüsündə oturduğu zaman arvadı xəbər göndərib deyir: «Bu saleh adamla işin olmasın, ona görə bu gecə yuxuda [görünür, Allahdan aldığı yuxuda] yaman əziyyət çəkmişəm» (Mətta 27:19).
Pilat bilir ki, bu günahsız adamı buraxmalıdır, amma necə?
-
-
Pilat bəyan edir: «Budur o adam!»İsa peyğəmbər. Yol, həqiqət, həyat
-
-
FƏSİL 129
Pilat bəyan edir: «Budur o adam!»
MƏTTA 27:15—17, 20—30 MARK 15:6—19 LUKA 23:18—25 YƏHYA 18:39—19:5
PONTİ PİLAT İSA PEYĞƏMBƏRİ AZAD ETMƏYƏ ÇALIŞIR
YƏHUDİLƏR BARABBANIN AZAD OLMASINI İSTƏYİRLƏR
İSA PEYĞƏMBƏRİ ƏLƏ SALIB ALÇALDIRLAR
Pilat İsa Məsihin ölümünü istəyən izdihama üzünü tutub deyir: «Mən... onda bir günah tapmadım. Sizin ittihamlarınız əsassızdır. Hirod da onda bir təqsir [tapmadı]» (Luka 23:14, 15). Pilat İsa Məsihi qorumaq üçün başqa bir üsula əl atır və xalqa deyir: «Adətiniz üzrə mən Pasxa bayramında sizin üçün bir adam azad edirəm. İstəyirsiniz, sizin üçün yəhudilərin padşahını azad edim?» (Yəhya 18:39).
Pilat bilir ki, quldur, qiyamçı və qatil kimi tanınan Barabba adlı bir adam hal-hazırda həbsdədir. Buna görə də Pilat deyir: «Sizin üçün kimi azad edim: Barabbanı, yoxsa Məsih adlanan İsanı?» Böyük kahinlər tərəfindən qızışdırılan adamlar İsa peyğəmbərin yox, Barabbanın azadlığa buraxılmasını istəyirlər. Pilat yenidən soruşur: «Bu iki nəfərdən hansını azad edim?» Camaat deyir: «Barabbanı» (Mətta 27:17, 21).
Pilat heyifsilənərək soruşur: «Bəs bu Məsih adlanan İsa ilə nə edim?» Camaat bir ağızdan qışqırır: «Onu dirəkdə edam et!» (Mətta 27:22). Günahsız adamın ölümünü istədikləri üçün onlar xəcalət çəkməlidirlər. Pilat İsa Məsihi müdafiə edərək deyir: «Axı niyə? Bu adam nə pis iş görüb ki? Mən onda ölümə layiq bir şey tapmadım. Cəzalandırıb buraxacağam» (Luka 23:22).
Pilatın cəhdlərinə baxmayaraq, özündən çıxan camaat bir ağızdan qışqırır: «Onu dirəkdə edam et!» (Mətta 27:23). Din xadimləri camaatı elə qızışdırıb ki, onlar qan tökülməsini istəyirlər! Söhbət hansısa cinayətkarın və ya qatilin qanından getmir. Bu qan cəmi beş gün əvvəl Yerusəlimə girərkən padşah kimi qarşıladıqları günahsız insanın qanıdır! Bütün bu vaxt ərzində həvarilərin səs-səmiri çıxmır. Hətta onlar oraya gəliblərsə də, sakitcə bir qıraqda durublar.
Pilat görür ki, bu işin axırı yaxşı qurtarmayacaq, çünki camaat get-gedə qızışır. Onda o, bir az su götürüb hamının gözü qarşısında əllərini yuyur və deyir: «Mən bu adamın qanından təmizəm. Özünüz bilərsiniz». Hətta bu da camaatın fikrini dəyişmir və onlar bir ağızdan: «Qoy onun qanı bizim və övladlarımızın boynunda qalsın», — deyirlər (Mətta 27:24, 25).
Beləliklə, Pilat bu işin düzgün olmadığını bilə-bilə, camaatı razı salmaq xatirinə Barabbanı azadlığa buraxır. İsa Məsihi isə soyundurub qamçılamağı əmr edir.
İsa Məsihi işgəncə ilə döyəndən sonra Pilatın sarayına gətirirlər və bütün alay oraya toplaşır. Burada da ona olmazın zülm verirlər. Əsgərlər tikandan çələng hörüb onun başına keçirirlər və sağ əlinə qamış çubuq verib əyninə padşahlara məxsus bənövşəyi xələt geyindirirlər. Sonra da lağ-lağa ilə: «Salam, ey yəhudilərin padşahı!» — deyirlər (Mətta 27:28, 29). Həmçinin ona tüpürüb, üzünə şillə vururlar. Sonra qamış çubuğu onun əlindən alıb başına döyəcləyirlər. Onu döyəclədikcə dırnaqarası tacın, yəni çələngin tikanları daha da onun başına batır.
İsa Məsihin bu boyda əziyyətə ləyaqətlə tab gətirməsi Pilata çox güclü təsir edir, bu səbəbdən o, Məsihi buraxmaq üçün bir daha cəhd göstərir. Pilat camaata müraciət edir: «Bura baxın! Bu adamı qarşınıza çıxarıram ki, biləsiniz: mən onda təqsir görmürəm». Bəlkə də, o ümid edir ki, camaat İsa peyğəmbərin bədəninin gömgöy və qan içində olduğunu görüb ona rəhm edəcək. İsa Məsih bu daşürəkli, rəhmsiz kütlənin qarşısına çıxanda Pilat bəyan edir: «Budur o adam!» (Yəhya 19:4, 5).
Ağır işgəncələrə sinə gərən İsa peyğəmbər onların qabağında vüqarla durub. Peyğəmbərin sakit və vüqarlı duruşu hətta Pilatın da diqqətindən yayınmır. Bu, Pilatın hörmət, eyni zamanda mərhəmət dolu sözlərindən bəlli olur.
-
-
İsa Məsih edama aparılırİsa peyğəmbər. Yol, həqiqət, həyat
-
-
FƏSİL 130
İsa Məsih edama aparılır
MƏTTA 27:31, 32 MARK 15:20, 21 LUKA 23:24—31 YƏHYA 19:6—17
PİLAT İSA MƏSİHİ AZADLIĞA BURAXMAQ ÜÇÜN YOL AXTARIR
İSA MƏSİH ÖLÜMƏ MƏHKUM OLUNUR
İsa Məsih vəhşicəsinə döyülərək ələ salınıb. Hətta bundan sonra da Pilat onu azadlığa buraxmaq üçün cəhd göstərəndə böyük kahinlərin və onların tərəfdarlarının fikri dəyişmir ki dəyişmir. Onlar İsa Məsihin ölməsini istəyirlər. Hamısı bir ağızdan qışqırır: «Onu dirəkdə edam et! Edam et!» Pilat cavab verir: «Aparın özünüz edam edin, mən onda heç bir günah görmürəm» (Yəhya 19:6).
Yəhudilərin İsa Məsihin Roma hökumətinə qarşı çıxmasına dair gətirdikləri ittihamlar İsa Məsihi ölümə məhkum etmək üçün Pilatı qane etmir. Buna görə də onlar Sinedrionda irəli sürdükləri dini ittihamlara qayıdıb İsa peyğəmbəri Allaha qarşı küfr danışmaqda günahlandırırlar. Onlar deyirlər: «Bizim bir qanunumuz var və həmin qanuna görə o ölməlidir, çünki o, özünə Allahın oğlu deyir» (Yəhya 19:7). Pilat bunu ilk dəfədir ki, eşidir.
O, təzədən sarayına qayıdır və qəddar rəftara dözən insanı azadlığa buraxmaq üçün yollar axtarır. Bir tərəfdən arvadı onunla bağlı yuxu görüb. İndi də yəhudilər deyirlər ki, Məsih özünü Allahın Oğlu adlandırır (Mətta 27:19). Pilat bilir ki, İsa peyğəmbər Cəlilədəndir (Luka 23:5—7). Amma yenə də onun haradan olduğunu soruşur (Yəhya 19:9). Ola bilsin, Pilatda suallar yaranır: görəsən, o, doğrudanmı əvvəllər yaşayıb, bəlkə o, doğrudan da ilahi varlıqdır?
İsa Məsih Pilata padşah olduğunu, ancaq Padşahlığının bu dünyadan olmadığını demişdi. Artıq əlavə izahata ehtiyac olmadığını bilib Məsih susur. Ancaq Məsihin susması Pilatın şəninə toxunur: «Sən mənə cavab vermirsən? Məgər bilmirsən ki, səni azad etmək də, edam etmək də mənim əlimdədir?» (Yəhya 19:10).
Peyğəmbər cavab verir: «Sənə göydən verilməsəydi, mənim üzərimdə heç bir ixtiyarın olmazdı. Buna görə də məni sənə təslim etmiş adamın günahı daha ağırdır» (Yəhya 19:11). Ehtimal ki, bunu deyərkən İsa Məsih ağlında konkret bir adamı nəzərdə tutmur. Onun bunu deməkdə məqsədi odur ki, Qayafayla əməkdaşları və Yəhuda İskəryut Pilatdan daha böyük məsuliyyət daşıyırlar.
İsa Məsihin davranışı və sözləri Pilata güclü təsir bağışlayır. Üstəlik, o, Məsihin ilahi mənşəyi olmasından qorxur. Buna görə də onu azad etmək üçün bir daha cəhd edir. Ancaq yəhudilər Pilatın gözünü qorxudan digər bir fikir irəli sürürlər. Onlar hədə-qorxu gəlirlər: «Sən bu adamı azad etsən, Sezara dost deyilsən. Özünü padşah elan edən hər bir adam Sezara qarşı çıxır» (Yəhya 19:12).
Hökmdar İsa Məsihi yenə də xalqın qarşısına çıxarır, özü isə kürsüdə oturub camaata deyir: «Bu da sizin padşahınız!» Yəhudilərin ürəyi yumşalmır: «Ona ölüm! Ona ölüm! Onu dirəkdə edam et!» — deyə onlar qışqırırlar. Pilat Məsihi müdafiə edir: «Deyirsiniz, padşahınızı edam edim?» Yəhudilər uzun müddətdir ki, Roma hökumətinin əlindən cana gəliblər. Bununla belə, böyük kahinlər utanmaz-utanmaz deyirlər: «Bizim Sezardan başqa padşahımız yoxdur» (Yəhya 19:14, 15).
Canının qorxusundan Pilat sonda yəhudilərin tələblərinə boyun əyib İsa Məsihin edamına əmr verir. Əsgərlər Məsihin əynindəki bənövşəyi libası çıxarıb öz paltarını geyindirirlər. Onu edam yerinə aparanda işgəncə dirəyini də özünə daşıtdırırlar.
Nisanın 14-ü günortaya yaxındır. İsa Məsih dünən səhərdən ta indiyədək bir dəqiqə də olsun yatmayıb, bir-birinin ardınca ağır işgəncələrə məruz qalıb. Buna görə də dirəyi bir az daşıyandan sonra onun ağırlığına dözməyib taqətdən düşür. Onda əsgərlər yoldan keçən bir adamı, kirenalı Şimonu tutub (Kirena Afrikada yerləşir) İsa Məsihin işgəncə dirəyini daşımağa məcbur edirlər. Məsihin ardınca xeyli adam gedir, bəziləri onun üçün ağlayır və dərddən sinələrinə döyürlər.
Peyğəmbər kədər içində olan qadınlara deyir: «Ey Yerusəlim qızları, məndən ötrü ağlamayın. Özünüzdən, uşaqlarınızdan ötrü ağlayın. Gün gələcək, insanlar deyəcəklər: “Sonsuz, uşaq doğmamış, uşaq əmizdirməmiş qadınlar nə xoşbəxtdir!” O zaman insanlar dağlara: “Üstümüzə yıxılın!”, təpələrə: “Bizi örtün!”, — deyəcəklər. Əgər ağacın canında su var ikən belə edirlərsə, görün o quruyanda nə olacaq!» (Luka 23:28—31).
İsa peyğəmbər ağac deyərkən yəhudi xalqını nəzərdə tutur. Nə qədər ki İsa Məsih və ona iman gətirən yəhudilər onların arasındadır, qurumaq üzrə olan ağacın canında hələ su var. Lakin bu adamlar xalqın arasından götürüləndə qupquru qurumuş ağac, yəni ruhani cəhətdən ölü xalq qalacaq. Roma ordusu Allahın hökmünü icra etməyə gələndə yəhudi xalqı üçün ağlamaq vaxtı yetişəcək.
-
-
Günahsız padşah işgəncə dirəyindəİsa peyğəmbər. Yol, həqiqət, həyat
-
-
FƏSİL 131
Günahsız padşah işgəncə dirəyində
MƏTTA 27:33—44 MARK 15:22—32 LUKA 23:32—43 YƏHYA 19:17—24
İSA MƏSİH İŞGƏNCƏ DİRƏYİNƏ MIXLANIB
MƏSİHİN BAŞININ ÜSTÜNDƏKİ YAZIYA LAĞ EDİLİR
İSA MƏSİH YERÜZÜ CƏNNƏTDƏ YAŞAMAĞA ÜMİD BƏXŞ EDİR
İsa Məsihin edam olunacağı yer şəhərdən uzaq deyil. Onunla birgə iki cinayətkar edam olunacaq. Bu yer Qolqota və ya Kəllə adlanır. Bura uzaqdan da görünür (Mark 15:40).
Məhbusların üçünü də soyundururlar. Sonra mürr və acı bir şey qatılmış şərab verirlər. Ola bilsin, bu içkini Yerusəlim qadınları hazırlayıb. Roma əsgərləri bu bihuşedici içkini ölümə məhkum edilmiş adamlara verməyi qadağan etmirlər. İsa Məsih bu şərabın dadına baxır, ancaq içmir. Çünki o, sınaqlarının son pilləsində əqlən və cismən ayıq olmaq və ölənədək sadiq qalmaq istəyir.
İsa peyğəmbəri dirəyə uzadırlar (Mark 15:25). Sonra isə əsgərlər onun əllərini və ayaqlarını dirəyə mıxlayırlar. Mıxlar əti dəlib keçəndə peyğəmbər ağrıdan qıvrılır. Dirəyi yuxarı qaldıranda mıxların açdığı yaralar bədənin ağırlığı altında yırtılır və ağrı lap dözülməz olur. Amma o, əsgərləri hədələmir. Əksinə, onlar üçün dua edir: «Ata, onları bağışla, çünki nə etdiklərini bilmirlər» (Luka 23:34).
Romalılar, adətən, cinayətkarın törətdiyi cinayəti lövhəciyə yazırdılar. Bu dəfə Pilat lövhənin üzərinə «Yəhudilərin padşahı nəsrani İsa» sözlərini yazdırır. Hamının oxuya bilməsi üçün Pilat bu sözləri, ibranicə, latınca və yunanca yazdırır. Bununla o, İsa Məsihə ölüm hökmü çıxarmağa onu vadar edən yəhudilərə nifrətini göstərir. Böyük kahinlər etiraz edirlər: «“Yəhudilərin padşahı” yox, özünün dediyi kimi: “Mən yəhudilərin padşahıyam” yaz». Pilat onların əlində növbəti dəfə oyuncağa çevrilmək istəmədiyi üçün cavab verir: «Nə yazmışam, yazmışam» (Yəhya 19:19—22).
Kahinlər Sinedriondakı məhkəmə zamanı verilmiş yalan şəhadəti təkrar edirlər. Buna görə yoldan keçənlər də İsa Məsihi söyür və başlarını yırğalaya-yırğalaya deyirlər: «Məbədi dağıdıb üç günə tikənə bax! Ay-hay! Sən hələ özünü xilas et, işgəncə dirəyindən düş». Böyük kahinlərlə mirzələr də öz aralarında onu lağa qoyub deyirlər: «Qoy İsrailin padşahı Məsih gözümüzün qabağında işgəncə dirəyindən düşsün, onda biz ona inanarıq» (Mark 15:29—32). İş o yerə çatır ki, onu hətta solunda və sağında edam olunan cinayətkarlar da təhqir edir, halbuki onların içində yeganə günahsız adam odur.
İsa Məsihi həmçinin dörd Roma əsgəri də ələ salır. Görünür, onlar əvvəlcə turş şərabı özləri içirlər sonra da Məsihə uzadırlar, amma içməyə imkan vermirlər. Onlar Məsihin başının üstündəki lövhəyə baxıb lağ edirlər: «Əgər sən yəhudilərin padşahısansa, özünü xilas et!» (Luka 23:36, 37). İşə bir bax, yol, həqiqət və həyat olan şəxs indi haqsız olaraq təhqirlərə və rişxəndə məruz qalıb. İndi o, mərd-mərdanə bütün bu əzablara dözür, amma ona baxan yəhudilərə, onu ələ salan Roma əsgərlərinə və yanındakı cinayətkarlara güldən ağır söz demir.
Sonra əsgərlər İsa peyğəmbərin üst paltarlarını götürüb dörd yerə bölürlər və püşk atıb öz aralarında bölüşdürürlər. Ancaq köynəyi çox keyfiyyətli, tikişsiz, yuxarıdan-aşağıya bütöv toxuma idi. Ona görə də bir-birilərinə deyirlər: «Gəlin bunu cırmayaq, püşk ataq görək kimə düşəcək». Beləcə, Müqəddəs Yazıların: «Paltarımı aralarında bölüşdürdülər, libasım üçün püşk atdılar», — sözlərini yerinə yetirirlər (Yəhya 19:23, 24; Zəbur 22:18).
Bir qədər keçir. Cinayətkarlardan biri başa düşür ki, İsa, doğrudan da, padşah olmalıdır. Buna görə də o, öz yoldaşını danlayır: «Sən heç Allahdan qorxmursan? Axı özün də eyni cəzanı çəkirsən. Bizə əməllərimizə görə cəza veriblər, düz də ediblər, bu adam isə heç bir pis iş görməyib». Sonra üzünü İsa peyğəmbərə tutub yalvarır: «İsa, Padşahlığına gələndə məni yada sal» (Luka 23:40—42).
Məsih ona cavab verir: «Bunu bil: sən mənimlə Cənnətdə olacaqsan!» (Luka 23:43). Maraqlıdır ki, peyğəmbər ona «Padşahlıqda» yox, «Cənnətdə» olacağını deyir. Bu vəd həvarilərinə verdiyi vəddən fərqlənir. İsa Məsih həvarilərinə demişdi ki, onlar onunla birgə Padşahlıqda taxtlarda oturacaqlar (Mətta 19:28; Luka 22:29, 30). Bu cinayətkar, ola bilsin, Yehova Allahın Adəmlə Həvvaya və onların nəslinə verdiyi yerüzü Cənnət haqda eşidib. İndi bu quldur ümidlə ölə bilər.
-
-
«Bu adam, doğrudan da, Allahın Oğlu imiş»İsa peyğəmbər. Yol, həqiqət, həyat
-
-
FƏSİL 132
«Bu adam, doğrudan da, Allahın Oğlu imiş»
MƏTTA 27:45—56 MARK 15:33—41 LUKA 23:44—49 YƏHYA 19:25—30
İSA PEYĞƏMBƏR DİRƏKDƏ SON NƏFƏSİNİ VERİR
PEYĞƏMBƏR ÖLƏNDƏ FÖVQƏLBƏŞƏR HADİSƏLƏR BAŞ VERİR
Günorta saat on iki radələridir. Biqafil bütün bu əraziyə qaranlıq çökür və təxminən saat üçə kimi davam edir (Mark 15:33). Zülmət qaranlıq heç də günəşin tutulması ilə əlaqədar deyil. Çünki günəşin tutulması yalnız ay təzələnəndə olur, indi isə Pasxadır və ay bədirlənib. Bundan savayı, günəşin tutulması cəmi bir neçə dəqiqə çəkir. Deməli, bu qaranlıq Allahdandır!
Təsəvvür edirsiniz, İsa peyğəmbəri ələ salanlar bunu görəndə hansı vəziyyətdə olurlar? Qaranlıq vaxtı dörd qadın peyğəmbərin dirəyinə yaxınlaşır. Bu qadınlar Məsihin anası Məryəm, Səlimə, Məcdəlli Məryəm və balaca Yaqubun anası Məryəmdir.
Həvari Yəhya İsa Məsihin qəm-qüssə içində olan anasının yanındadır. Bəsləyib böyütdüyü oğlunun dirəkdə əzab çəkdiyini görəndə ananın bağrını, sanki, qılınc yarır (Yəhya 19:25; Luka 2:35). İsa peyğəmbər öz dərdini unudub, anasının dərdini çəkir. O, güc-bəla ilə başını Yəhyaya tərəf çevirib anasına deyir: «İndən belə bu, sənin oğlundur!» Sonra başını Məryəmə tərəf çevirib Yəhyaya deyir: «İndən belə bu, sənin anandır!» (Yəhya 19:26, 27).
Beləcə, İsa Məsih anasını (yəqin ki, Məryəm artıq duldur) öz sevimli həvarisinin himayəsinə buraxır. Məryəmin digər oğulları hələ ona iman gətirmədikləri üçün o, belə edir. Bununla o, anasının həm fiziki, həm də ruhani cəhətdən qayğısına qalır. İsa peyğəmbər bizlərə necə də gözəl nümunə qoyub!
Qaranlıq çəkiləndə İsa Məsih deyir: «Su istəyirəm». Bununla o, peyğəmbərliyi yerinə yetirir (Yəhya 19:28; Zəbur 22:15). Onun nöqsansızlığı axıradək sınansın deyə, Allah, sanki, müdafiəsini onun üzərindən götürür. Bunu hiss edən Məsih ucadan: «Eli, Eli, lama sabaxtani?» — deyir. Bu, arami dilinin Cəlilə ləhcəsindədir və «Allahım, Allahım, niyə məni tərk etdin?» deməkdir. Orada duranlardan bəziləri bu sözləri səhv başa düşüb deyirlər: «Baxın, İlyası çağırır». Onlardan biri qaçıb süngəri turş şəraba batırır, sonra onu bir qamışın ucuna taxıb içmək üçün İsa peyğəmbərə uzadır. Digərləri isə deyirlər: «Əl çəkin ondan. Görək İlyas gəlib onu dirəkdən düşürəcək» (Mark 15:34—36).
Sonra İsa Məsih qışqırır: «Tamam oldu!» (Yəhya 19:30). Bəli, o, Atasının tapşırdığı hər şeyi yerinə yetirdi. Sonda Məsih deyir: «Ata, ruhumu Sənin əlinə əmanət edirəm» (Luka 23:46). O, həyat qüvvəsini arxayınlıqla Allaha tapşırır və əmindir ki, Allah bu qüvvəni yenidən ona qaytaracaq. Bu sözləri deyib başını əyir və son nəfəsini verir.
İsa peyğəmbərin nəfəsi kəsilən an güclü zəlzələ olur və zəlzələdən qayalar yarılır. Zəlzələ o qədər güclü olur ki, Yerusəlim ətrafındakı sərdabələri dağıdır və cəsədləri bayıra atır. Yoldan keçənlər bunu görür və müqəddəs şəhərə gedib baş verənləri danışırlar (Mətta 12:11; 27:51—53).
Bundan əlavə, İsa peyğəmbər ölən anda Allahın məbədindəki böyük pərdə yuxarıdan aşağıya cırılıb iki yerə bölünür. Pərdə Müqəddəs Yeri Ən Müqəddəs Yerdən ayırırdı. Bu heyrət doğuran möcüzə Yehova Allahın Öz Oğlunun qatillərinə qarşı qəzəbini göstərməklə yanaşı, İsanın ölümü sayəsində Ən Müqəddəs Yerə, yəni göylərə girişin açılmasını bildirir (İbranilərə 9:2, 3; 10:19, 20).
Aydındır ki, camaatı vahimə bürüyür. Edam işinə cavabdeh olan romalı yüzbaşı deyir: «Bu adam, doğrudan da, Allahın Oğlu imiş» (Mark 15:39). Pilatın sarayında İsa Məsihin Allahın Oğlu olub-olmadığı araşdırılarkən, yəqin ki, bu yüzbaşı da orada idi. İndi isə o, tam əmin olur ki, İsa saleh insandır və həqiqətən də Allahın Oğludur!
Bu fövqəlbəşər hadisələr başqalarına da güclü təsir edir. Onlar dərin kədərdən və xəcalətdən sinələrinə vura-vura evlərinə qayıdırlar (Luka 23:48). Bu hadisələri kənardan izləyənlərin arasında xeyli qadın şagirdlər də var. İsa Məsihin səyahəti zamanı bəzən onu müşayiət edən bu qadınlar da çox mütəəssir olublar.
-
-
İsa Məsihin cəsədi dəfnə hazırlanırİsa peyğəmbər. Yol, həqiqət, həyat
-
-
FƏSİL 133
İsa Məsihin cəsədi dəfnə hazırlanır
MƏTTA 27:57—28:2 MARK 15:42—16:4 LUKA 23:50—24:3 YƏHYA 19:31—20:1
İSA MƏSİHİN CƏSƏDİNİ DİRƏKDƏN ENDİRİRLƏR
MƏSİHİN CƏSƏDİNİ DƏFN ÜÇÜN HAZIRLAYIRLAR
QADINLAR SƏRDABƏNİN BOŞ OLDUĞUNU GÖRÜR
Nisanın 14-ü başa çatmaq üzrədir. Günün batması ilə nisanın 15-i, şənbə girir. İsa Məsih artıq ölüb, ancaq böyründəki iki cinayətkar hələ sağdır. Qanuna əsasən, cəsəd gecəni dirəkdə qalmamalıdır, o, həmin gün basdırılmalıdır (Qanunun təkrarı 21:22, 23).
Beşinci gün Hazırlıq günü adlanır. Camaat həmin gün biş-düş edir və şənbə gününün sonuna qədər təxirə salınmaz işləri görürlər. Çünki günəş batanda böyük şənbə başlayacaq (Yəhya 19:31). Yeddi gün davam edən Mayasız çörək bayramının ilk günü nisanın 15-i başlayır. Bu bayramın ilk günü, adətən, hansı günə düşürsə-düşsün, həmin gün şənbə sayılır. Bu dəfə həm bu bayramın ilk günü, həm də həftənin şənbə günü üst-üstə düşür (Lavililər 23:5, 6). Buna görə də bu şənbə ikiqat, yaxud böyük şənbə adlanır.
Buna görə də yəhudilər Pilatdan xahiş edirlər ki, edam edilmiş bu adamların ölümünü tezləşdirsinlər. Bunun üçün cinayətkarların ayaqlarını sındırmaq qərarına gəlirlər. Belə halda onlar nəfəs almaq üçün ayaqları ilə bədənlərini qaldıra bilməyəcəklər. Beləcə, əsgərlər gedib iki cinayətkarın ayaqlarını sındırırlar, ancaq İsa Məsihə çatanda onun öldüyünü görüb ayaqlarını sındırmırlar. Bununla da Zəbur 34:20 ayəsindəki peyğəmbərlik yerinə yetir: «Bütün sümüklərini qoruyur, heç biri sınmamışdır».
Amma yenə də Məsihin öldüyünə tam əmin olmaq üçün əsgərlərdən biri nizə ilə onun böyrünü deşir. Nizə ürək nahiyəsindən keçir, oradan həmin an qan ilə su axır (Yəhya 19:34). Bununla isə başqa bir peyğəmbərlik yerinə yetir: «Onlar bədənini deşdikləri adama baxacaqlar» (Zəkəriyyə 12:10).
Sinedrionun nüfuzlu üzvü olan arimataylı Yusif adında varlı bir adam da edam olunan yerdədir (Mətta 27:57). Onun haqda deyilir ki, o, Allahın Padşahlığını gözləyən saleh və xeyirxah adamdır, Məsihin şagirdidir, lakin yəhudilərin qorxusundan bunu gizli saxlayır. Məhkəmə İsa peyğəmbərə qarşı hökm çıxaranda o, qərarı dəstəkləməmişdi (Luka 23:50; Mark 15:43; Yəhya 19:38). İndi cəsarətini toplayıb Pilatın yanına gedir və ondan İsa peyğəmbərin cəsədini istəyir. Pilat bu edam işinə cavabdeh olan yüzbaşını çağırıb onun öldüyünü dəqiqləşdirir. Bundan sonra Yusifin xahişini yerinə yetirir.
Yusif təmiz, zərif kətan alır və Məsihin cəsədini dirəkdən düşürür. Sonra cəsədi kətana büküb dəfnə hazırlayır. İsa Məsihin yanına birinci dəfə gecə ikən gəlmiş Nikodem hazırlıq işlərində ona kömək edir (Yəhya 19:39). O, bir bağlamada təxminən 30 kiloqram mürr və əzvay qarışığı gətirir. Onlar peyğəmbərin cəsədini götürüb yəhudilərin dəfn adəti üzrə ətirli otlarla kəfənləyirlər.
İsa Məsihin cəsədini Yusifin qayada oyulmuş təzə sərdabəsinə qoyurlar. Sərdabənin ağzına yekə bir daş diyirləyirlər. Dəfni Şənbə başlamamış qurtarmaq üçün cənazəni təcili hazırlamışdılar. Ehtimal ki, bu işdə Məcdəlli Məryəm və kiçik Yaqubun anası Məryəm də iştirak edib. İndi onlar tez-tələsik evə gedib hazırlıq görürlər ki, şənbədən sonra gəlib cəsədə əlavə iyli ot və ətirli yağ vursunlar (Luka 23:56).
Səhərisi gün, yəni şənbə günü böyük kahinlər və fərisilər Pilatın yanına gedib deyirlər: «Yadımıza bir şey düşüb. Bu fırıldaqçı hələ sağ ikən belə bir söz deyirdi: “Mən üç gündən sonra diriləcəyəm”. Buna görə əmr et ki, sərdabəni üç gün yaxşı-yaxşı qorusunlar, yoxsa şagirdləri gəlib onu oğurlayacaq və sonra hamıya deyəcəklər ki, o dirilib. Bu yalan əvvəlkindən də betər olacaq». Pilat onlara deyir: «Bir dəstə keşikçi götürün. Gedin, oranı bildiyiniz kimi qoruyun» (Mətta 27:63—65).
Bazar günü sübh tezdən Məcdəlli Məryəm, kiçik Yaqubun anası Məryəm və başqa qadınlar ətirli otları götürüb sərdabəyə gəlirlər. Yolda onlar bir-birindən soruşurlar: «Sərdabənin ağzındakı daşı bizim üçün kim qırağa çəkəcək?» (Mark 16:3). Amma orada zəlzələ olub və Allahın mələyi daşı kənara yuvarlayıb. Keşikçilər çıxıb gedib, sərdabə isə bomboşdur!
-