«Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr
© 2024 Watch Tower Bible and Tract Society of Pennsylvania
2—8 SENTYABR
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ ZƏBUR 79—81
Yehovanın şanlı adını sevin
Fidyə. Allahdan nazil olan «kamil nemət»
5 Bəs biz Allahın adını əziz tutduğumuzu necə göstərə bilərik? Öz davranışımızla. Yehova Allah bizdən müqəddəslik tələb edir. (1 Butrus 1:15, 16 ayələrini oxuyun.) Müqəddəs olmaq o deməkdir ki, insan yalnız və yalnız Yehova Allaha ibadət etməli və Ona sidqi-ürəkdən tabe olmalıdır, təqiblərə məruz qalanda belə, var gücü ilə çalışıb Onun adil qanun və prinsiplərinə sadiq qalmalıdır. Biz saleh işlər görəndə nurumuz parlayır və Yehova Allahın adı şərəflənir (Mət. 5:14—16). Müqəddəs olmaqla, yəni öz həyat tərzimizlə Yehova Allahın qanunlarının adil olduğunu və Şeytanın ittihamlarının əsassız olduğunu sübut edirik. Təbii ki, biz kamil deyilik, hamı kimi, biz də səhvlər edirik. Amma səhv edəndə biz ürəkdən tövbə edir və Yehovanın adına ləkə gətirən əməlləri tərgitməyə çalışırıq (Zəb. 79:9).
ijwbv-E məqalə 3, abz. 4, 5
Romalılara 10:13. Yehovanın adını çağırın
Müqəddəs Kitabdakı «Yehovanın adını çağırmaq» ifadəsi Allahın adını bilməkdən və ibadət zamanı zikr etməkdən daha böyük məna kəsb edir (Zəbur 116:12—14). Bu ifadə Allaha bel bağlamağı və kömək üçün Ona üz tutmağı da özünə daxil edir (Zəbur 20:7; 99:6).
İsa Məsih Allahın adına önəm verirdi. Onun nümunə üçün duasının ilk sözləri belə idi: «Göylərdə olan Atamız, qoy adın müqəddəs tutulsun» (Mətta 6:9). İsa həmçinin göstərmişdi ki, biz əbədi həyatı qazanmaq istəyiriksə, bu adı daşıyanı — Allahı tanımalı, Ona itaət etməli və Onu sevməliyik (Yəhya 17:3, 6, 26).
Hikmət xəzinəsindən incilər
«Zəbur» kitabının üçüncü və dördüncü hissələrindən diqqətəlayiq fikirlər
79:9. Yehova bizim dualarımızı, xüsusilə də Onun adının müqəddəs tutulması ilə bağlı olan duaları dinləyir.
9—15 SENTYABR
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ ZƏBUR 82—84
Sahib olduğunuz məsuliyyətləri qiymətləndirin
Quşlar bizə nümunədir
Qaranquşlar qədim Yerusəlim sakinlərinə çox tanış idi. Onlar öz yuvalarını evlərin damında qururdular. Bu quşlar Süleyman peyğəmbərin tikdiyi məbəddə də yuva qurmuşdular. Görünür, onlar buranı balalarını bəsləmək üçün təhlükəsiz yer hesab edirdilər.
Məbəddəki bu yuvalar 84-cü məzmuru yazan Qarun oğullarından birinin diqqətini çəkmişdi. Bu məzmurçu hər altı aydan bir məbədə gəlib orada bir həftə xidmət edirdi. O istəyirdi ki, qaranquşların evi olan bu məbəd onun da evi olsun. Məzmurçu demişdi: «Ey ordular Allahı Yehova, əzəmətli məskənin necə də gözəldir! Bütün varlığım Yehovanın həyətlərinin həsrətindədir, həsrətdən saralıb-solmuşam... Ey ordular Allahı Yehova, ey Padşahım, Allahım, Sənin möhtəşəm qurbangahının yanında quşlar belə, məskən tapır, qaranquşlar yuva qurur, balalarını orada bəsləyir» (Zəbur 84:1—3). Bəs siz ailənizlə birlikdə həmişə Allahın xalqı arasında olmağa can atırsınız? (Zəbur 26:8, 12).
Əlçatan məqsədlərə can at və sevincini qoru
Qocalıq və səhhətin get-gedə zəifləməsi Yehovaya xidmətdə müəyyən məhdudiyyətlər qoya bilər. Əgər balaca uşaqların varsa, səndə elə təəssürat yarana bilər ki, əksər vaxtını və gücünü onlar aldığına görə şəxsi öyrənmədən və ya məsihçi görüşlərindən az fayda əldə edirsən. Elə olurmu ki, şəraitinin yol vermədiyi şeylər haqqında düşünərək edə biləcəklərini nəzərdən qaçırırsan?
Min illər əvvəl bir levili mümkün olmayan bir şeyi arzulamışdı. Onun ildə iki həftə məbəddə xidmət etmək üstünlüyü vardı. Lakin o, qurbangahın yanında daima xidmət etməyi arzulayırdı. Bu, tərifəlayiq idi (Məz. 84:1-3). Bəs bu sadiq leviliyə sevincini qorumağa nə kömək etdi? O anladı ki, məbədin həyətində hətta bir gün olmaq belə, müqayisəolunmaz şərəfdir (Məz. 84:4, 5, 10). Eynilə, qeyri-mümkün şeylər haqda xəyal etməkdənsə, bacardığımız şeyləri sezməli və onları qiymətləndirməyə çalışmalıyıq.
12 Siz də xəstəliklə mübarizə aparırsınızsa, əmin olun ki, Yehova nələr çəkdiyinizi bilir. Yehovaya yalvarın ki, vəziyyətinizə düzgün yanaşmağa kömək etsin. Sonra Onun Müqəddəs Kitabda sizin üçün həkk etdirdiyi xoş sözləri axtarın. Diqqətinizi Yehovanın xidmətçilərini nə qədər dəyərləndirdiyini göstərən ayələrə cəmləyin. Beləcə, Allahımızın Ona sədaqətlə xidmət edənlərə qarşı nə qədər kəramətli olduğunu görəcəksiniz (Zəb. 84:11).
Hikmət xəzinəsindən incilər
it-1-E s. 816
Yetimlər
Ata-anasını itirmiş insanlar çox vaxt diqqətdən kənar qalırdı. Buna görə də israillilərin Yehovanın gözündə saleh olub-olmadıqları yetimlərlə rəftarından asılı idi. Xalq ruhani vəziyyəti yaxşı olanda yetimlərə qayğı göstərirdi. Amma ölkədə ədalətsizlik baş qaldıranda yetimlər diqqətdən kənar qalırdı və bu da xalqın tənəzzülünün göstəricisi idi (Zb 82:3; 94:6; Əş 1:17, 23; Ər 7:5—7; 22:3; Hz 22:7; Zk 7:9—11; Ml 3:5). Yehovanın qanununda yetimləri incidən kəslər lənətlənirdi (Qn 27:19; Əş 10:1, 2). Yehova Özünü onların Hamisi (Ms 23:10, 11), Dayağı (Zəb. 10:14) və Atası (Zb 68:5) adlandırır. Yehova onlardan ötrü ədaləti bərqərar edir (Qn 10:17, 18), onlara mərhəmət göstərir (Hş 14:3), onları qoruyur (Zb 146:9) və yaşadır (Ər 49:11).
Əsl məsihiləri fərqləndirən cəhətlərdən biri dullara və yetimlərə qayğı göstərmələridir. Həvari Yaqub məsihilərə yazmışdı: «Atamız Allahın qarşısında pak və qüsursuz dindarlıq budur: çətinliklərlə üzləşən yetimlərə və dul qadınlara qayğı göstərəsən və özünü bu dünyada ləkəsiz saxlayasan» (Yq 1:27).
16—22 SENTYABR
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ ZƏBUR 85—87
Dua dözüm göstərməyə kömək edir
Sən Yehovanın calalını əks etdirirsənmi?
10 Allahın calalını əks etdirmək üçün biz həm də «daima» dua etməliyik (Rom. 12:12). Yehovaya məqbul tərzdə xidmət etməyimiz üçün Ondan kömək diləməliyik. Buna görə də Ondan xahiş edə bilərik ki, bizə müqəddəs ruh, daha çox iman, sınaqlara tab gətirmək üçün güc və «həqiqət sözünü düzgün [öyrətmək]» bacarığı versin (2 Tim. 2:15; Mat. 6:13; Luka 11:13; 17:5). Uşaq atasından asılı olduğu kimi, biz də səmavi Atamız Yehovadan asılı olmalıyıq. Əgər Allaha daha yaxşı xidmət etmək üçün Ondan bizə kömək etməsini xahiş ediriksə, əmin ola bilərik ki, O, köməyini bizdən əsirgəməyəcək. Gəlin heç vaxt Onu bezdirdiyimizi düşünməyək! Əksinə, həmişə duada Yehovaya həmd edək, minnətdarlığımızı bildirək və hər zaman, xüsusilə də çətinliyə düşəndə Ondan rəhbərlik diləyək, eləcə də xahiş edək ki, bizə müqəddəs adını izzətləndirəcək tərzdə Ona xidmət etməyə kömək etsin (Məz. 86:12; Yaq. 1:5—7).
Yehova dualarımıza necə cavab verir?
17 Zəbur 86:6, 7 ayələrini oxuyun. Davud peyğəmbər əmin idi ki, Yehova onun dualarını eşidir və cavablandırır. Siz də buna arxayın ola bilərsiniz. Məqalədə araşdırdığımız nümunələr sübut edir ki, Yehova problemlərə dözmək üçün bizə hikmət və güc verə bilər. O həmçinin ruhani ailəmiz və Ona xidmət etməyən insanlar vasitəsilə də bizə kömək edə bilər.
18 Düzdür, Yehova dualarımıza həmişə gözlədiyimiz tərzdə cavab vermir, amma onları cavabsız da qoymur. O bizə nəyin nə vaxt lazım olduğunu yaxşı bilir. Odur ki, imanla dua etməyə davam edin. Əmin olun ki, Yehova həm indi qeydinizə qalacaq, həm də gələcəkdə yeni dünyada «hər bir məxluqu istəyinə» çatdıracaq (Zəb. 145:16).
Hikmət xəzinəsindən incilər
«Ürəyimi bütöv et ki, adından qorxum»
17 Haçalanmış ürəyin heç bir qiyməti yoxdur. Təsəvvür edin ki, idman komandasının üzvləri bir-biri ilə yola getmir. Kimisi şöhrətə təkcə yiyələnməyə çalışır, kimisi qaydalara əməl etmək istəmir, kimisi də məşqçiyə saymazyana yanaşır. Bu cür komanda çətin ki, qalib gəlsin. Amma üzvləri arasında birlik olan komanda üçün uğur qazanmaq daha realdır. Sizin də ürəyinizin bu komanda kimi olması üçün fikirləriniz, arzularınız və hissləriniz Yehovaya xidmətə cəmlənməlidir. Unutmayın ki, Şeytan ürəyinizi haçalamaq arzusundadır. O istəyir ki, fikirləriniz, arzularınız və hissləriniz sizi Yehovanın normalarına zidd davranmağa təşviq etsin. Amma ürəyiniz bütöv olmalıdır ki, Yehovaya xidmət edə biləsiniz (Mət. 22:36—38). Şeytanın ürəyinizi haçalamasına izin verməyin!
18 Davud padşah kimi Yehovaya duada deyin: «Ürəyimi bütöv et ki, adından qorxum». Bu duaya uyğun yaşamağa qəti qərarlı olun. Hər gün kiçikdən tutmuş böyüyə kimi, verdiyiniz bütün qərarlarda Yehovanın müqəddəs adına ehtiram bəslədiyinizi göstərməyə qətiyyətli olun. Bununla siz Yehovanın Şahidi kimi Onun adını yaxşı təmsil edəcəksiniz (Məs. 27:11). Onda hər birimiz Mikə peyğəmbərin sözlərinə qoşulub deyəcəyik: «Biz isə əbədiyyən Allahımız Yehovanın adı ilə yeriyəcəyik» (Mik. 4:5).
23—29 SENTYABR
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ ZƏBUR 88, 89
Yehovanın rəhbərliyi alidir
Yehovanın hakimiyyətinin tərəfində durun!
5 Yehovanın başqa bir səbəbə görə də Kainatı idarə etməyə haqqı çatır: O, Öz səlahiyyətini haqq-ədalətlə icra edir. Allah bəyan edir: «Mən Yehovayam, məhəbbətlə davranıram, dünyada adil, haqq işlər görürəm. Çünki Mənə bunlar xoşdur» (Ərm. 9:24). Allah nəyin ədalətli olduğuna qərar vermək üçün insanlar tərəfindən yazılan qanunları əsas tutmur. Haqqı və nahaqqı O Özü təyin edir və insanlara bunun əsasında qanunlar verir. «Doğruluq və ədalət taxtının təməlidir» (Zəb. 89:14; 119:128). Buna görə də əmin ola bilərik ki, Yehovanın verdiyi bütün qanunlar, prinsiplər və qərarlar tamamilə ədalətlidir. Şeytan isə Yehovanın hakimiyyətinin qüsurlu olduğunu iddia etsə də, ədalətin hökm sürdüyü bir dünya qura bilmədi.
Yehovanın hakimiyyətinin tərəfində durun!
10 Yehova Allah zalım, qəddar Rəhbər deyil. O, təbəələrinə azadlıq və sevinc bəxş edir (2 Kor. 3:17). Davud peyğəmbər bu barədə yazmışdı: «Əzəmət və calal [Allahın] hüzurunda, qüdrət və sevinc dərgahındadır» (1 Saln. 16:7, 27). Məzmurçu İtan da demişdi: «Şadlıq səsi bilən xalq nə bəxtiyardır! Onlar üzünün nurunda yeriyir, ey Yehova. Adın onlara sevinc bəxş edir gecə-gündüz, ədalətinlə yüksəlirlər» (Zəb. 89:15, 16).
11 Yehovanın kəraməti üzərində düşünmək Onun ən yaxşı Rəhbər olduğuna əminliyimizi artıracaq. Beləcə, biz məzmurçunun keçirdiyi hissləri duyacağıq. O deyirdi: «Sənin həyətində keçən bir günü, özgə yerdə keçirdiyim min günə dəyişmərəm» (Zəb. 84:10). Bu, başqa cür ola da bilməz! Yehova Allah bizi yaratdığı üçün nəyin bizə əsl xoşbəxtlik gətirdiyini də bilir və O, bu tələbatımızı artıqlaması ilə ödəyir. Verdiyi qanunların hamısı bizim xeyrimizədir və onlara çətin də olsa, əməl etmək bizə böyük xoşbəxtlik gətirir. (Əşiya 48:17 ayəsini oxuyun.)
Padşahlığa imanını sarsılmaz et
14 Gəlin görək Yehova Davudla bağlanan əhd vasitəsilə qədim İsrailin padşahı Davuda hansı vədi vermişdi. (2 Şamuel 7:12, 16 ayələrini oxu.) Yehova bu əhdi Davud Yerusəlimdə padşahlıq etdiyi zaman bağlamışdı və ona vəd etmişdi ki, Məsih onun nəslindən gələcək (Luka 1:30—33). Bununla Yehova övladın nəsil şəcərəsini konkretləşdirdi və göstərdi ki, Davudun varisi Allahın Padşahlığında taxta əyləşməyə «haqq sahibi» olacaq (Yez. 21:25—27). İsanın vasitəsilə Davudun taxtı «sabit qalacaq». Həqiqətən də, Davudun nəsli «taxtda əbədi qalacaq, taxtı... günəş kimi duracaq» (Məz. 89:34—37). Bəli, Məsihin hakimiyyəti heç vaxt dağılmayacaq, onun işləri əbədi qalacaq!
Hikmət xəzinəsindən incilər
Yehova Davudla əhd bağlayır
Yehova vəd etdi ki, Davudun sülaləsini davamlı edəcək (2İş 7:11, 12; w10 1/4 s. 20, abz. 3; üz qabığındakı şəklə baxın)
Yehovanın Davudla bağladığı əhdin müəyyən hissələri Məsihin üzərində yerinə yetdi (2İş 7:13, 14; İb 1:5; w10 1/4 s. 20, abz. 4)
Məsihin hakimiyyəti sayəsində əldə olunan nailiyyətlər əbədilik qalacaq (2İş 7:15, 16; İb 1:8; w14 15/10 s. 10—11, abz. 14)
Günəş və Ay Məsihin hakimiyyətinin əbədi qalacağını bizə xatırladır (Zb 89:35—37). Hər dəfə onlara baxanda Yehovanın Padşahlıq vasitəsilə sizə və ailənizə verəcəyi nemətlər barədə düşünün.
30 SENTYABR — 6 OKTYABR
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ ZƏBUR 90, 91
Ömrünüzü uzatmaq üçün Yehovaya etibar edin
Ölməzlik axtarışında
Bir çox alimlər deyirlər ki, qocalmanın qarşısını alan çoxlu müalicə üsulları olsa da, insan ömrünü indikindən artıq uzatmaq mümkün olmayacaq. Düzdür, insanların orta yaşama müddəti XIX əsrdən bəri artmaqdadır. Ancaq bu, əsas etibarı ilə gigiyena qaydalarına düzgün riayət edilməsi, infeksion xəstəliklərə qarşı müvəffəqiyyətlə tədbir görülməsi, antibiotiklərdən və vaksinlərdən istifadə olunması sayəsində mümkün olur. Genetiklərin bəziləri düşünür ki, insanın yaşam müddətinin uzunluğu artıq özünün son həddinə çatıb.
Təxminən 3500 il bundan əvvəl Musa peyğəmbər Müqəddəs Kitabda yazmışdı: «Yetmiş il ancaq yaşarıq, canı sağlam olan, bəlkə, səksənə yetişə. O da ki əzabla, qəm-qüssə ilə keçər, ömrümüz tez ötür, uçub gedirik» (Zəbur 90:10). Ömrü uzatmaq üçün insanların göstərdikləri cəhdlərə baxmayaraq, ömrün müddəti elə Musa peyğəmbərin dediyi kimi qalır.
Digər tərəfdən, bəzi tısbağalar 150 ildən çox yaşayır. Nəhəng sekvoya kimi ağaclar isə min illərlə yaşaya bilir. İnsan ömrünü bu və digər canlıların ömrü ilə müqayisə edəndə, adam fikirləşir ki, insan elə 70—80 il yaşamaq üçün yaranıb?
wp19.1 s. 5, çər.
Allahın adı nədir?
Bu sual bir çoxlarını düşündürür. Bəlkə, siz də bu barədə fikirləşmisiniz. Bu sualı belə ifadə etmək olar: əgər kainatı, oradakı hər şeyi Allah yaradıbsa, bəs onda Allahı kim yaradıb?
Ümumilikdə, alimlər razılaşırlar ki, kainatın başlanğıcı olub. Müqəddəs Kitabın ilk ayəsi də bu fikri təsdiqləyir: «Başlanğıcda Allah göyü və yeri yaratdı» (Yaradılış 1:1).
Kainatın özü özünü yaratması, yaxud heç nədən yaranması mümkün deyil. Heç nədən nəsə yarana bilməz. Əgər kainat yaranmazdan əvvəl heç nə olmayıbsa, kainat mövcud ola bilməzdi. Deməli, bizə bunu dərk etmək çətin olsa da, fiziki kainatın mövcud olması üçün əbədi var olan, qeyri-maddi bir səbəbkarın olması mütləqdir. İntəhasız qüvvə Sahibi, hikmətli ruhani Varlıq olan Yehova Allah məhz həmin Səbəbkardır (Yəhya 4:24).
Müqəddəs Kitabda Allah haqqında deyilir: «Dağlar doğulmazdan əvvəl, Sən dünyanı, torpağı var etməzdən əvvəl əzəldən əbədiyyətə Allah Sənsən» (Zəbur 90:2). Beləliklə, Allah həmişə mövcud olub. Fiziki kainatı da «başlanğıcda» O yaradıb (Vəhy 4:11).
Yehovaya məhəbbət qorxuya üstün gəlir
16 Şeytan bilir ki, can şirin şeydir. Buna görə də o iddia edir ki, canımızdan ötrü hər şeydən, hətta Yehova ilə dostluğumuzdan belə keçərik (Əyy. 2:4, 5). O, çox yanılır. Amma bilirik ki, «ölüm silahlarının sahibi» olduğu üçün Şeytan təbii olan ölüm qorxusundan bizi Yehovadan uzaqlaşdırmaq üçün istifadə edir (İbr. 2:14, 15). Məsələn, Şeytanın təsirinə uyan bəzi insanlar imanımızdan dönməsək, bizi öldürməklə hədələyirlər. Yaxud həyati risk daşıyan tibbi vəziyyət yarananda Şeytan etiqadımıza zidd davranmağımız üçün bu vəziyyəti fürsət bilir. Həkimlər və imanımıza şərik olmayan ailə üzvlərimiz bizə təzyiq göstərə bilər ki, Allahın qanununu pozaraq qan köçürək. Ya da Müqəddəs Kitab prinsiplərinə zidd gedən müalicə üsulunu qəbul etməyimiz üçün bizi dilə tuta bilərlər.
17 Biz ölmək istəmirik, amma bilirik ki, həyatımız sona yetsə də, Yehova bizi sevməkdən vaz keçməyəcək. (Romalılara 8:37—39 ayələrini oxuyun.) Yehova ölən dostlarını yaddaşında saxlayır, Yehovanın gözündə onlar sağdırlar (Luka 20:37, 38). Yehova onları həyata qaytarmağın həsrətindədir (Əyyub 14:15). Bizim əbədi həyatımız olsun deyə Yehova yüksək dəyər ödəyib (Yəh. 3:16). Onun bizə biganə qalmadığını, bizi necə böyük məhəbbətlə sevdiyini yaxşı bilirik. Buna görə də xəstələnəndə, yaxud ölüm təhlükəsi ilə üz-üzə duranda Yehovadan uzaqlaşmaqdansa, təsəlli, hikmət və güc almaq üçün Ona sığınmalıyıq. Valeriya ilə həyat yoldaşı məhz belə davranmışdı (Zəb. 41:3).
Hikmət xəzinəsindən incilər
Qoruyucu mələklər
Bəzi insanlar qoruyucu mələklərin olduğuna inanır. Onların fikrincə, Allah bu mələklərə insanları hifz etməyi tapşırıb. Amma Müqəddəs Kitab bu fikri təsdiq etmir. Düzdür, bir ayədə deyilir: «Baxın ha, bu kiçiklərdən birinə [Məsihin davamçılarına] saymazyana yanaşmayın. Bunu bilin ki, onların mələkləri göydə daima səmavi Atamın hüzurunda dururlar» (Mətta 18:10). Bu ayədə mələklərin insanları qoruduğundan bəhs olunmur, sadəcə olaraq bu varlıqlar Allaha xidmət edən insanların rifahı üçün çalışır. Buna görə də, Allaha ibadət edən insan hikmətlə davranır, «mələklər məni qoruyacaq» deyib həyatını riskə atmır.
Bəs bu, o deməkdirmi ki, mələklər insanlara ümumiyyətlə kömək etmirlər? Xeyr (Zəbur 91:11). Bəzi insanlar əmindirlər ki, Allah onları mələklər vasitəsi ilə qoruyur. Birinci məqalədəki hadisənin şahidi olan Kenet də düşünür ki, onların dərs keçdiyi qadını mələk ölümdən qurtarmışdı. Biz bu barədə qəti fikir söyləyə bilmərik, bəlkə də Kenet haqlıdır. Yehovanın Şahidləri təbliğ edəndə mələklərin bu işdə köməyi olduğuna dəfələrlə əmin olublar. Amma Allahın insanlara mələklər vasitəsilə hansı vəziyyətlərdə və nə dərəcədə kömək etdiyini dəqiq deyə bilmərik, çünki bu varlıqlar gözəgörünməzdir. Fəqət yenə də şükürlər olsun Qadir Yaradanımıza ki, bizi köməksiz qoymur! (Koloslulara 3:15; Yaqub 1:17, 18).
7—13 OKTYABR
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ ZƏBUR 92—95
Yehovaya xidmət etmək ən gözəl həyat tərzidir!
Gənclər, ruhani məqsədlər qoymusunuz?
5 Birinci və ən vacib səbəb odur ki, ruhani məqsəd qoymaqla biz Yehovanın məhəbbətinə və bizim üçün etdiyi yaxşılıqlara görə minnətdarlıq bildiririk. Məzmurçu yazmışdı: «Nə yaxşıdır Sənə həmd etmək, ey Yehova... Əməllərinlə məni sevindirdin, ey Yehova, əllərinin işindən cuşa gəlirəm» (Zəb. 92:1, 4). Yehovanın bəxş etdiyi şeylər barədə düşünün. Həyatınız, imanınız, Müqəddəs Kitab, yığıncaq, gələcəyə olan parlaq ümidiniz... Bu qədər nemətlərin qarşısında Yehovaya minnətdar olmamaq necə mümkündür?! Minnətdarlıq bildirməyin ən yaxşı yolu ruhani hədəflər qoymaqdır. Bunun sayəsində siz Yehovaya daha yaxın olacaqsınız.
Düşüncənizi kim formalaşdırır?
8 Yaradanımız Yehova da istəyir ki, bu dünyada mümkün olduğu qədər xoşbəxt ömür sürək (Əşy. 48:17, 18). Bunun üçün bizə insanlarla münasibət və əxlaqla bağlı əsas prinsiplər verib. Yehova istəyir ki, bu məsələlərə Onun gözü ilə baxmağı və Onun dəyərlərinə uyğun yaşamağı öyrənək. Bu bizim sərbəstliyimizi əlimizdən almır, əksinə, düşünmə qabiliyyətimizi yaxşılaşdırır, məsələlərə hərtərəfli baxmağa kömək edir (Zəb. 92:5; Məs. 2:1—5; Əşy. 55:9). Yehovanın düşüncə tərzini əks etdirməklə bizə xoşbəxtlik gətirən qərarlar veririk, eyni zamanda bu bizim bir fərd kimi yetişməyimizə də mane olmur (Zəb. 1:2, 3). Bəli, hər şeyə Yehovanın nəzəri ilə baxmaq bizim xeyrimizədir!
Sən Allahın Yehova üçün dəyərlisən!
18 Yaşa dolsaq da, əmin ola bilərik ki, Yehovaya xidmətdə görəcəyimiz çox iş var (Zəb. 92:12—15). İsa Məsih demişdi ki, bacarığımız nə qədər məhdud olsa da, etdiyimiz şeylər nə qədər kiçik görünsə də, Yehova Ona xidmətdə gördüyümüz hər bir işi çox qiymətləndirir (Luka 21:2—4). Odur ki, diqqətinizi bacardığınız şeylərə cəmləyin. Misal üçün, Yehova haqda danışa, bacı-qardaşlar üçün dua edə, kimlərisə sadiq qalmağa təşviq edə bilərsiniz. Yehova bacardığınız şeylərə görə yox, Ona itaət etmək istəyinizə görə sizi Özünə əməkdaş seçib (1 Kor. 3:5—9).
Hikmət xəzinəsindən incilər
cl-E s. 176, abz. 18
Allahın hikməti dərin ümmandır!
18 Görün həvari Bulus Yehovanın bənzərsiz hikmətini necə ifadə etmişdi: «Allahın nemətləri gör necə boldur, hikməti, biliyi dərin ümmandır! Onun hökmləri ağlasığmazdır, yolları tədqiqolunmazdır!» (Romalılara 11:33). Ayədəki «gör» sözü ilə Bulus keçirdiyi güclü emosiyaları, başqa sözlə, heyrətini ifadə etmişdi. Onun istifadə etdiyi «dərin» kimi tərcümə olunan yunan sözü «dibsiz» sözü ilə yaxın mənalı sözdür. Bu söz təsəvvürümüzdə aydın şəkil yaradır. Biz Yehovanın hikməti barədə düşünəndə sanki gözümüzdə hüdudsuz, dibsiz, ucsuz-bucaqsız bir ümman canlanır, elə bir ümman ki onu ölçmək, təfsilatlarını təsvir etmək qeyri-mümkündür (Zəbur 92:5). Bu düşüncə tərzi əsl təvazökarlıqdan xəbər verir.
14—20 OKTYABR
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ ZƏBUR 96—99
Müjdəni bəyan edin!
w11-E 1/3 s. 6, abz. 1, 2
Müjdə nədir?
MƏSİHİLƏRƏ «Padşahlıq haqqındakı müjdəni» təbliğ etmək, yəni insanlara Padşahlığın gələcəkdə yer üzündə ədaləti bərqərar edəcəyi barədə danışmaq tapşırılıb. Bununla belə, «müjdə» sözü Müqəddəs Kitabda yalnız Padşahlıqla əlaqəli istifadə olunmur. Məsələn, «qurtuluşu... müjdələyin» (Zəbur 96:2); «Allahın müjdəsi» (Romalılara 15:16); eləcə də «İsa Məsih haqqındakı» müjdə (Mark 1:1).
Sadə dillə desək, müjdəyə İsanın öyrətdiyi və Onun şagirdlərinin qələmə aldığı bütün həqiqətlər daxildir. İsa göyə qalxmazdan əvvəl davamçılarına demişdi: «Buna görə də gedin və bütün xalqların içində şagird hazırlayın, onları Ata, Oğul və müqəddəs ruh adı ilə vəftiz edin, sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin» (Mətta 28:19, 20). Deməli, məsihilərin öhdəsinə insanlara təkcə Padşahlıq haqda məlumat vermək yox, həmçinin şagird hazırlamaq düşür.
brwp120901 abz. 1
Hökm günündə nə baş verəcək?
Sağ tərəfdəki şəkildə də təsvir olunduğu kimi, çoxları düşünür ki, Hökm günündə milyardlarla insanın ruhu Allahın taxtı qarşısında dayanacaq və keçmişdə etdikləri əmələ görə Allah onlarla haqq-hesab çəkəcək: bəzilərinə cənnəti mükafat verəcək, bəziləri isə cəhənnəmdə əzab çəkəcək. Amma Müqəddəs Kitaba əsasən, Hökm gününün məqsədi insanları ədalətsizlikdən azad etməkdir (Zəbur 96:13). Yer üzündə ədaləti bərpa etməsi üçün Allah İsa Məsihi hakim təyin edib. (Əşiya 11:1—5; Həvarilərin işləri 17:31 ayələrini oxuyun.)
Min il və əbədiyyət boyu sülh!
18 Şeytanın təsirinə uyaraq ilk insanlar Yehovanın hökmranlığına qarşı çıxanda bu harmoniya pozuldu. Lakin 1914-cü ildən etibarən Allahın Padşahlığı birlik və harmoniyanı bərpa etmək üçün tədricən addımlar atır (Efes. 1:9, 10). Minillik Hökmranlıq zamanı hal-hazırda «gözlə görünməyən» möhtəşəm xeyir-dualar gerçəkləşəcək. Bundan sonra «son» gələcək, yəni Məsihin Minillik Hökmranlığı bitəcək. Bəs sonra nə baş verəcək? «Göydəki və yerdəki bütün hakimiyyət» İsaya verilsə də, o, şöhrətpərəst deyil. O, Yehovanın mövqeyinə göz dikməyib. İsa təvazökarlıqla «padşahlığı öz Atası Allaha təhvil verəcək». O, qeyri-adi mövqe və hakimiyyətindən Allaha tərif ucaltmaq üçün istifadə edəcək (Mat. 28:18; Filip. 2:9—11).
19 Artıq o vaxt Padşahlığın yerdəki təbəələri kamilliyə yetişəcəklər. Onlar İsanın nümunəsini izləyərək Yehovanın ali hökmranlığını təvazökarlıqla və könül xoşluğu ilə qəbul edəcəklər. Əgər onlar sonuncu imtahandan uğurla keçsələr, həqiqətən də, bunu etmək istədiklərini göstərmiş olacaqlar (Vəhy 20:7—10). Sonra insan və mələklər arasından olan üsyankarlar əbədilik məhv ediləcəklər. Bu necə də gözəl və sevindirici vaxt olacaq! Yehovanın göydəki və yerdəki ailəsi fərəhlə «hər kəs üçün hər şey» olan Yehovaya həmd edəcək. (Məzmur 99:1—3 ayələrini oxu.)
Hikmət xəzinəsindən incilər
Yehova Cənnətin olacağına zəmanət verir
9 İndi isə Vəhy 21:5 ayəsində yazılan «hər şeyi təzə edirəm» ifadəsinə fikir verək. 21-ci fəsildə Yehovanın gördüyü iki işdən söhbət gedir: əvəz etmək və bərpa etmək. Birincisi, Yehova nəyi əvəz edəcək? Vəhy 21:1 ayəsində yazılıb: «Köhnə göylə köhnə yer yox olmuşdu». «Köhnə göy» Şeytan və cinlərinin təsiri altında olan siyasi hökumətlərdir (Mət. 4:8, 9; 1 Yəh. 5:19). Müqəddəs Kitabda «yer» deyiləndə bəzən yer üzünün sakinləri nəzərdə tutulur (Yar. 11:1; Zəb. 96:1). Deməli, «köhnə yer» bu gün yer üzündə yaşayan şər insanlardır. Yehova bu köhnə «göyü» və «yeri» düzəltməyə çalışmayacaq. Əksinə, onları tamamilə məhv edib, «yeni göy»lə, yəni yeni hökumətlə və «yeni yer»lə, yəni saleh insanlarla əvəz edəcək.
21—27 OKTYABR
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ ZƏBUR 100—102
Yehovanın məhəbbətinə qarşılıq verin
Vəftizə necə yararlı ola bilərsiniz?
18 Yehovaya məhəbbət sizdə olan ən gözəl xüsusiyyətdir. (Məsəllər 3:3—6 ayələrini oxuyun.) Bu cür güclü məhəbbət çətinliklərlə üzləşəndə onların öhdəsindən gəlməyə bizə kömək edə bilər. Müqəddəs Kitabda Yehovanın xidmətçilərinə bəslədiyi məhəbbətdən tez-tez danışılır. Yehovanın xidmətçilərini sevməsi o deməkdir ki, O, sədaqətlidir, onları heç vaxt atmayacaq (Zəb. 100:5). Siz Allahın bənzərində yaradılmısınız (Yar. 1:26). Bu cür məhəbbəti necə əks etdirə bilərsiniz?
19 Minnətdar olun (1 Salon. 5:18). Hər gün özünüzdən soruşun: «Yehova mənə məhəbbətini necə göstərir?» Duada sizin üçün etdiyi konkret şeylərə görə Yehovaya minnətdarlığınızı bildirin. Həvari Bulusdan örnək götürün: Yehovanın məhəbbətdən irəli gələrək etdiklərini şəxsən sizin üçün edirmiş kimi qiymətləndirin. (Qalatiyalılara 2:20 ayəsini oxuyun.) Özünüzdən soruşun: «Bəs mən Ona öz sevgimi göstərmək istəyirəm?» Yehovaya məhəbbət sınaqlar qarşısında möhkəm durmağa və çətinliklərdən üzüağ çıxmağa kömək edəcək. Həmçinin bu sizi Yehovaya ibadətdən qalmamağa, Ona olan sevginizi hər gün göstərməyə təşviq edəcək.
«Ayıq durun»
10 Qaçmalı olduğumuz bəzi təhlükələrə bunlar daxildir: flirt, sərxoşluq, qarınqululuq, acıdil olmaq, zorakı əyləncələr, pornoqrafiyaya baxmaq və bu kimi digər şeylər (Zəb. 101:3). Düşmənimiz Şeytan İblis Yehova ilə dostluğumuza xələl gətirmək üçün durmadan fürsət axtarır (1 But. 5:8). Əgər ayıq olmasaq, Şeytan düşüncələrimizə və ürəyimizə paxıllığın, nadürüstlüyün, tamahkarlığın, nifrətin, təkəbbürün və kinin toxumlarını səpə bilər (Qal. 5:19—21). Əvvəl-əvvəl bunlar özünü elə də güclü büruzə verməyə bilər, amma onları dərhal kökündən qopartmasaq, onlar zəhərli bitki kimi böyüməyə davam edəcək və ciddi fəsadlar törədəcək (Yaq. 1:14, 15).
Yehovanın aydın xəbərdarlıqlarına diqqət yetirirsənmi?
7 Saxta müəllimlərdən necə uzaq gəzə bilərik? Biz onlarla nə salamlaşmalıyıq, nə də ki evimizə dəvət etməliyik. Həmçinin onların nəşr etdiyi kitab və jurnalları oxumamalı, televiziyada çıxış edəndə qulaq asmamalı, onların İnternet səhifələrinə daxil olmamalı və ya orada onların yazdıqlarına öz şərhlərimizi əlavə etməməliyik. Nəyə görə onlara qarşı belə qəti mövqe tuturuq? Ən vacib səbəb odur ki, biz «həqiqət Allahı» olan Yehovanı sevirik. Buna görə də Onun həqiqət Kəlamına zidd gedən təhrif olunmuş təlimlər bizim üçün maraqlı deyil (Məz. 31:5, «Kitabı Mukaddes»; Yəh. 17:17). Üstəlik, biz Onun təşkilatını da sevirik. Axı məhz bu təşkilat bizə Allahın adını və onun mənasını, Yer kürəsinə dair niyyətini, ölülərin vəziyyətini və onların diriləcəyini açıqlayıb. İlk dəfə bu və digər gözəl həqiqətlər barədə öyrənəndə hansı hisslər keçirmişdin? Belə isə, bu dəyərli həqiqətləri sənə öyrədən təşkilata qara yaxan insanlara qulaq asmağa dəyərmi? (Yəh. 6:66—69).
8 Saxta müəllimlər nə deyirlər-desinlər, biz onların arxasınca gedən deyilik! Susuz quyuya bənzəyən insanlara qulaq asmağın nə faydası var? Axı onlara inananlar aldanır və məyus olurlar. Buna görə də gəlin Yehovaya və uzun illərdir ki, saf və sərin həqiqət suları ilə ruhani susuzluğumuzu yatıran təşkilata sadiq qalmağa qəti qərarlı olaq! (Yeşaya 55:1—3; Mat. 24:45—47).
Hikmət xəzinəsindən incilər
Müsbət əhval-ruhiyyəni necə qorumaq olar?
21 Həmçinin 102-ci məzmur müsbət əhval-ruhiyyəni necə artıra biləcəyimizi göstərir. Məzmurçu buna Yehova ilə münasibətləri üzərində dərindən düşünməklə nail oldu (Məz. 102:12, 27). Yehovanın Öz xalqını heç vaxt zillətdə qoymayacağını bilmək ona qəlb rahatlığı verirdi. Buna görə də əgər mənfi hisslər Allaha istədiyin qədər xidmət etməyinə müvəqqəti olaraq maneçilik törədirsə, bu haqda dua et. Təkcə məyusluqdan yaxa qurtarmaq barədə yox, həm də Yehovanın adının elan edilməsi barədə dua et (Məz. 102:20, 21).
28 OKTYABR — 3 NOYABR
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ ZƏBUR 103, 104
«Torpaq olduğumuzu unutmur»
Yehova kimi dərrakəli olun
5 Yehova lütfkar və rəhmli olduğu üçün dərrakəlidir, güzəştə gedir. Gəlin Yehovanın lütfkar olduğunu göstərən bir hadisəni yadımıza salaq. O, Sədumda yaşayan şər insanları məhv etmək qərarına gələndə mələyi vasitəsilə Luta demişdi ki, dağlara qaçsın. Lut isə ora getməyə qorxurdu. Ona görə də Yehovaya yalvardı ki, ailəsi ilə birlikdə Sohara qaçmasına izin versin. Bu, balaca bir şəhər idi və Yehova oranı da məhv etmək niyyətində idi. Yehova tələb edə bilərdi ki, Lut nöqtəsinə kimi Onun verdiyi göstərişə uyğun davransın. Amma O belə etmədi, Lutun xahişini nəzərə aldı. Hətta ona görə Soharı məhv etmədi (Yar. 19:18—22). Əsrlər sonra baş vermiş başqa bir hadisədən Yehovanın rəhmli olduğunu görə bilərik. Yehova Yunus peyğəmbəri Neynəva şəhərinə göndərdi. Peyğəmbər bəyan etdi ki, bu şəhər və onun sakinləri tezliklə məhv olacaq. Amma Yehova neynəvalıların tövbə etdiyini gördü və onlara yazığı gəldi, buna görə də bu şəhərə qıymadı (Yun. 3:1, 10; 4:10, 11).
Şimşon kimi Yehovaya arxalanın
16 Şimşon səhvinin acısını çəksə də, bu ona Yehovanın niyyətini yerinə yetirməyə mane olmadı. Eynilə, ola bilsin, bizə səhvimizə görə irad tutulsun və ya məsuliyyətimizi itirək. Amma biz buna görə Yehovaya xidmətimizi dayandırmamalıyıq. Unutmamalıyıq ki, Yehova bizi bağışlamağa hazırdır (Zəb. 103:8—10). Səhv etsək də, Şimşon kimi biz də, Yehovanın işində yararlı ola bilərik.
17 Gəlin görək Maykl adlı bir cavan qardaşla nə baş vermişdi. Bir zamanlar o, yığıncaq xidmətçisi və öncül kimi Yehovaya xidmətdə çox iş görürdü. Amma əfsuslar olsun ki, etdiyi səhvə görə o, yığıncaqdakı məsuliyyətlərini itirdi. Maykl deyir: «Bu vaxta qədər Yehovaya xidmətdə çox aktiv olmuşam. Amma birdən-birə sanki əlim-qolum bağlandı. Düzdür, Yehovanın məni atdığı heç ağlımın ucundan belə keçməyib. Lakin Onunla münasibətlərimin yenidən əvvəlki kimi olacağına və ya yığıncaqda yenə əvvəlki kimi xidmət edəcəyimə inanmırdım».
18 Tərifəlayiqdir ki, Maykl geri çəkilmədi. O, sözünə əlavə edir: «Yehova ilə münasibətimi bərpa etməyə çalışırdım. Bunun üçün tez-tez dua edib, ürəyimi Ona açırdım, həmçinin mütaliə edirdim». Bir müddət sonra yığıncaqda Maykla yenidən məsuliyyətlər həvalə olundu. Hal-hazırda o, ağsaqqal və öncül kimi xidmət edir. Maykl deyir: «Yığıncağın, əsas da ağsaqqalların dəstəyi və ruhlandırıcı sözləri sayəsində başa düşdüm ki, Yehova məni hələ də sevir, yığıncaqda yenidən təmiz vicdanla xidmət edə bilərəm. Başıma gələnlərdən öyrəndim ki, Yehova ürəkdən tövbə edən hər kəsi bağışlayır». Biz də əmin ola bilərik ki, hətta səhvlər etsək də, Yehovanın yolunda yararlı ola bilərik, O bizə dayaq olacaq. Əsas odur ki, əlimizdən gələni edib səhvimizi düzəldək və Ona arxalanmağa davam edək (Zəb. 86:5; Məs. 28:13).
Məqsədlərinizə çata bilərsiniz
2 Ola bilsin, siz də qarşınıza hansısa məqsəd qoymusunuz, amma hələ bu məqsədinizə çatmamısınız. Düşünməyin ki, daha məqsədinizə çata bilməyəcəksiniz. Ən sadə məqsədə belə çatmaq bir günün içində mümkün deyil. Bunun üçün vaxt və zəhmət çəkmək lazımdır. Məqsədinizə hələ də can atmağınız göstərir ki, Yehova ilə münasibətləriniz sizin üçün əzizdir və Onun üçün əlinizdən gələnin ən yaxşısını etmək istəyirsiniz. Yehova sizin cəhdlərinizi qiymətləndirir. Əlbəttə, O sizdən bacarığınızdan artığını gözləmir (Zəb. 103:14; Mik. 6:8). Odur ki, qarşınıza çata biləcəyiniz məqsəd qoyun. Şəraitinizi nəzərə alın. Belə bir məqsəd qoymusunuzsa, ona çatmaq üçün nə edə bilərsiniz? Gəlin bəzi tövsiyələrə nəzər salaq.
Hikmət xəzinəsindən incilər
cl-E s. 55, abz. 18
Yaradıcı qüvvə — «Yeri-göyü yaradan»
18 Yehovanın yaradıcı qüvvəsini necə istifadə etməsindən nə öyrənirik? Yaradılmış cürbəcür və möhtəşəm şeylərə baxanda heyran oluruq. Bir məzmurçu demişdi: «Ey Yehova, gördüyün işlər necə də çoxdur!.. Yer üzü xilqətinlə doludur» (Zəbur 104:24). Şübhəsiz, bu belədir! Bioloqlar yer üzündə milyondan çox canlı orqanizmin mövcud olduğunu müəyyən edib. Bununla belə, bəziləri düşünür ki, bu say daha çoxdur. Yaradıcı bir insan bəzən görür ki, ideyaları tükənib. Amma Yehovanın yaradıcılıq gücü heç vaxt azalmır, yeni və cürbəcür şeylər yaratmaqla bağlı ideyaları əsla tükənmir, bu danılmazdır!