-
«Çay axdığı hər yerə həyat gətirəcək»Pak ibadət dirçəlir!
-
-
FƏSİL 19
«Çay axdığı hər yerə həyat gətirəcək»
MƏZMUN: Məbəddən axan çayla bağlı görüntünün qədimdə, bu gün və gələcəkdə yerinə yetməsi
1, 2. Hizqiyal 47:1—12 ayələrinə əsasən, Hizqiyal nəyin şahidi olur? (Fəslin əvvəlindəki şəklə baxın.)
BU Kİ, əsl möcüzədir! Məbədin kandarının altından bulaq qaynayır. Bulağın büllur kimi şəffaf suyu məbədin şərq darvazasının yaxınlığından axıb keçir. (Hizqiyal 47:1—12 ayələrini oxuyun.) Mələk Hizqiyalı suyun kənarı ilə aparır. Onlar məbəddən uzaqlaşdıqca mələk arabir yolu ölçür. O, bir neçə dəfə Hizqiyalı sudan keçirdir və hər dəfəsində su xeyli dərinləşir. Bir qədər sonra su gur çaya çevrilir və elə dərinləşir ki, onu ancaq üzüb keçmək olar.
2 Hizqiyala məlum olur ki, çay axıb Ölü dənizə tökülür və dənizin şor, cansız sularına qarışdığı yerdə dəniz suları şəfa tapır, həmin yerlərdə balıqlar qaynaşır. Çayın hər iki sahili boyunca cürbəcür ağaclar bitir. Onlar hər ay bar gətirir, yarpaqları isə şəfa verir. Yəqin Hizqiyal bütün bunları görəndə qəlbi rahatlıq tapır, ürəyində ümid yaranır. Gəlin görək Hizqiyalın məbədlə bağlı gördüyü görüntünün bu hissəsi onun üçün və əsarətdə olan yəhudilər üçün hansı mənanı kəsb edir və bu görüntünün bizim dövrə hansı aidiyyəti var.
Çayın əsirlikdə olan yəhudilər üçün mənası
3. Nəyə görə yəhudilər Hizqiyalın gördüyü çayı həqiqi mənada qəbul etmirdilər?
3 Qədimdə yaşayan yəhudilər, sözsüz ki, görüntüdəki çayı həqiqi mənada qəbul etmirdilər. Yəqin görüntünün bu hissəsi dirçəlişlə bağlı başqa peyğəmbərliyi onların yadına salmışdı. Bu peyğəmbərliyi Yuil peyğəmbər, ehtimal ki, iki əsr əvvəl yazmışdı. (Yuil 3:18 ayəsini oxuyun.) Yəhudi əsirlər Yuilin sözlərini oxuyanda düşünmürdülər ki, hərfi mənada dağlardan şirin şərab damacaq, təpələrdən süd axacaq, yaxud Yehovanın evindən bir çeşmə çıxacaq. Onlar Hizqiyal peyğəmbərin gördüyü görüntünün də hansısa həqiqi çay barədə olduğunu fikirləşmirdiləra. Belə isə Yehova onlara hansı xəbəri çatdırmaq istəyirdi? Bu səhnənin bəzi hissələrinin mənasını Müqəddəs Yazıların köməyi ilə başa düşmək olur. Bu fəsildə isə bu parçadakı üç məqama nəzər salacağıq. Bu üç məqam bizə birmənalı şəkildə əminlik hissi aşılayacaq.
4. a) Görüntüdəki çay barədə eşidən yəhudi əsirlər hansı nemətləri alacaqlarına ümid edə bilərdilər? b) Müqəddəs Kitabda çay və su sözlərinin daşıdığı məna bizi Yehovanın Öz xalqına nemətlər verəcəyinə necə əmin edir? («Nemətlər gətirən çaylar» adlı çərçivəyə baxın.)
4 Nemətlər gətirən çay. Müqəddəs Kitabda çay və su, adətən, Yehovanın həyat verən nemətlərini təmsil edir. Hizqiyal çayın məbəddən axdığını görmüşdü. Deməli, Allahın xalqı bu görüntüdən vacib bir həqiqəti başa düşməli idi: nə qədər ki, onlar pak şəkildə ibadət edirlər Yehova həyat verən ruhani nemətləri onların başından tökəcək. Bəs söhbət hansı nemətlərdən gedir? Onlar yenə də kahinlərdən ruhani nəsihətlər alacaqdılar. Məbəddə qurbanlar gətiriləcəkdi və beləcə, arxayın olacaqdılar ki, günahları üçün kəffarə verilib (Hizq. 44:15, 23; 45:17). Beləliklə, onlar yenidən təmiz olacaqdılar, sanki, məbəddən axan pak suda yuyunub təmizlənəcəkdilər.
5. Görüntüdəki çay nemətlər haqda nə deyir?
5 Bəs Yehovanın nemətləri hamıya çatacaq? Əgər kimdəsə bununla bağlı şübhələr olmuşdursa, görüntü bu şübhələri aradan qaldırmışdı. Belə ki, görüntüdə çay möcüzəvi surətdə get-gedə enlənir və haradasa bir kilometr yarımdan sonra gur çaya çevrilir (Hizq. 47:3—5). Vətənə dönən yəhudilərin sayı artdıqca Yehova onların tələbatını ödəmək üçün nemətlərini də artıracaqdı. Beləliklə, çay bolluq rəmzi idi.
6. a) Bu peyğəmbərlik səhnəsində nə vəd edilir? b) Görüntüdə həmçinin hansı xəbərdarlıq yer alır? (Haşiyəyə baxın.)
6 Həyat verən sular. Hizqiyalın gördüyü görüntüdə çay Ölü dənizə axıb onun böyük hissəsini canlandırırdı. Bu suların töküldüyü yerdə o qədər zəngin balıq növü var idi ki, onlar Böyük dənizdə, yəni Aralıq dənizində olan balıqlarla müqayisə edilirdi. Ölü dəniz sahilində, bir-birindən xeyli aralı yerləşən iki şəhər arasında hətta balıqçılıq sənayesi də fəaliyyət göstərirdi. Mələk dedi: «Çay axdığı hər yerə həyat gətirəcək». Ancaq Yehovanın evindən axan su Ölü dənizin hər tərəfinə gedib çatmırdı. Mələk dedi ki, bəzi bataqlıq sahələr şəfa tapmayacaq, su ora gedib çıxmayacaq. Həmin yerlər şoranlıq olacaqb (Hizq. 47:8—11). Bu peyğəmbərlik səhnəsi vəd verir ki, pak ibadət insanları canlandıracaq, dirçəldəcək. Lakin burada bir xəbərdarlıq da var: heç də hamı Yehovanın nemətlərini qəbul etməyəcək, hamı şəfa tapmayacaq.
7. Çayın sahilindəki ağaclar yəhudiləri nəyə əmin edirdi?
7 Bar gətirən şəfalı ağaclar. Bəs çay kənarındakı ağaclar barədə nə demək olar? Onlar bu gözəl səhnəni həm zənginləşdirir, həm də ona məna qatır. Hizqiyal və onun soydaşları bu ağacların hər ay bar gətirdiyini, onların dadlı meyvələrini düşünəndə, sözsüz ki, ləzzət duyurdular. Bu səhnə onları bir daha əmin edirdi ki, Yehova onları ruhani cəhətdən qidalandıracaq. Üstəlik, ağacların yarpaqları şəfalı idi (Hizq. 47:12). Yehova bilirdi ki, əsirlikdən qayıdan yəhudilərə ruhani cəhətdən şəfa vermək lazım gələcək. O, məhz bunu onlara vəd edirdi. Yehovanın onlara necə şəfa verdiyi dirçəlişlə bağlı digər peyğəmbərliklərdə göstərilir. Bu barədə bu nəşrin 9-cu fəslində danışılıb.
8. Nədən görünür ki, Hizqiyalın gördüyü görüntü gələcəkdə tam mənada yerinə yetəcəkdi?
8 Doqquzuncu fəsildə həm də araşdırılmışdı ki, sürgündən gələn yəhudilərin dövründə bu peyğəmbərliklər qismən yerinə yetdi. Buna səbəbkar xalqın özü oldu. Onlar tez-tez əyri yola düşür, Allaha asi çıxır və pak ibadətə biganə yanaşırdılar. Belə olan halda Yehova necə onlara nemətlər verə bilərdi?! Mömin insanlar bu cür soydaşlarının hərəkətlərindən əzab çəkir, məyus olurdular. Lakin onlar bilirdilər ki, Yehovanın vədləri heç vaxt boşa çıxmır. Onlar həmişə yerinə yetir. (Yuşə 23:14 ayəsini oxuyun.) Beləliklə, Hizqiyalın gördüyü görüntü geniş mənada yerinə yetməli idi. Bəs bu nə vaxt olacaqdı?
Çayın indiki dövrdə mənası
9. Hizqiyalın məbədlə bağlı gördüyü görüntü nə vaxt geniş miqyasda yerinə yetməli idi?
9 Bu nəşrin 14-cü fəslində deyildiyi kimi, Hizqiyalın məbədlə bağlı gördüyü görüntü «zamanın sonunda», pak ibadətin misli görünməmiş şəkildə ucaldığı bir vaxtda daha geniş miqyasda yerinə yetir (Əşy. 2:2). Hizqiyalın gördüyü görüntünün bu hissəsi hazırda hansı mənada yerinə yetir?
10, 11. a) Bu gün hansı nemətləri alırıq? b) Axırzamanda Yehova həqiqətin pak sularını necə artırıb?
10 Nemətlər gətirən çay. Yehovanın evindən axan su bu gün aldığımız hansı nemətləri bizə xatırladır? Bizi ruhani cəhətdən sağlam edən və qidalandıran bütün nemətləri. Bu nemətlərdən ən önəmlisi insanı təmizləmək qüvvəsinə malik olan fidyə qurbanlığıdır. Bu qurbanlığın sayəsində günahlarımız bağışlanır. Allahın Kəlamındakı pak həqiqətlər də həyat verən, təmizləyən suya bənzəyir (Efes. 5:25—27). Bəs bu nemətləri necə alırıq?
11 1919-cu ildə cəmi bir neçə min adam Yehovaya ibadət edirdi. Onlar lazımi ruhani qidanı vaxtlı-vaxtında alırdılar. Sonrakı onilliklər ərzində onların sayı artdı. Bu gün Allahın xalqının üzvlərinin sayı səkkiz milyonu keçib. Bəs həqiqətin pak suları bu qədər insana bəs edir? Bəli! Onlara Müqəddəs Kitabdakı çoxlu sayda həqiqətin mənası izah olunub. Allahın xalqı ötən əsrdə milyardlarla Müqəddəs Kitab, jurnal, broşür, kitab və buklet alıb. Hizqiyalın görüntüdə gördüyü çayın suyu kimi, pak həqiqət suları da bütün dünyada Allahı axtaran insanların tələbatını ödəmək üçün sürətlə artıb. Uzun müddətdir ki, Müqəddəs Kitaba əsaslanan nəşrlərin çap versiyası çıxır. İndi isə jw.org saytında bu nəşrlərin 900-dən çox dildə elektron versiyası var. Bu həqiqət suları səmimi insanlara necə təsir edir?
12. a) Həqiqət xəbəri insanlara necə fayda gətirir? b) Görüntüdə bizim üçün hansı xəbərdarlıq var? (Həmçinin haşiyəyə baxın.)
12 Həyat verən sular. Mələk Hizqiyala dedi: «Çay axdığı hər yerə həyat gətirəcək». Həqiqət xəbərinin bərpa edilmiş ruhani ölkəyə gələn hər kəsə necə çatdığı barədə bir düşünün. Müqəddəs Kitabdakı həqiqətlər milyonlarla insana həyat və ruhani şəfa verir. Lakin görüntüdə bir xəbərdarlıq var. Hər kəs bu həqiqəti qoruyub saxlamayacaq. Görüntüdə Ölü dənizin bəzi yerləri bataqlıq olduğu kimi, bəzilərinin də ürəyi müəyyən bir məqamda kütləşir və onlar həqiqətə uyğun yaşamaqdan imtina edirlərc. Qoy bu bəla bizdən iraq olsun. (Qanunun təkrarı 10:16—18 ayələrini oxuyun.)
13. Görüntüdəki ağaclar bizə hansı ruhlandırıcı fikri çatdırır?
13 Bar gətirən şəfalı ağaclar. Çayın kənarındakı ağaclar bizə də ruhlandırıcı xəbər çatdırır. Yadınızdadırsa, həmin ağaclar hər ay dadlı meyvə gətirirdi, yarpaqları isə şəfalı idi (Hizq. 47:12). Beləliklə, onlar bizə xatırladır ki, ibadət etdiyimiz Yehova Allah səxavətlə bizi ruhani cəhətdən yedizdirir və şəfa verir. Ruhani cəhətdən şəfa tapmaq isə hazırda ən vacib məsələdir. Bu gün dünya ruhani mənada xəstə və ac-yalavacdır. Amma Yehova bizə bol-bol nemətlər bəxş edir. Heç elə olmayıbmı ki, jurnallarımızın birində hansısa məqaləni oxuyub qurtaranda, toplantıda sonuncu nəğməni oxuyanda, hansısa videoya və ya aylıq proqrama baxıb qurtaranda bu ruhani qidaya görə ürəyiniz minnətdarlıqla dolub-daşsın? Bəli, Yehova bizi yaxşı bəsləyir (Əşy. 65:13, 14). Bəs aldığımız ruhani qida ruhani sağlamlığımıza necə fayda gətirir? Müqəddəs Kitab əsasında aldığımız məsləhətlər bizə əxlaqsızlıq, tamahkarlıq, imansızlıq kimi düşmənləri məğlub etməyə kömək edir. Yehova məsihilərin ciddi günahın törətdiyi ruhani xəstəlikdən şəfa tapması üçün bir quruluş da təşkil edib. (Yaqub 5:14 ayəsini oxuyun.) Doğrudan da, Yehova görüntüdəki ağacların təmsil etdiyi nemətləri başımızdan tökür.
14, 15. a) Görüntüdəki şəfa tapmamış bataqlıq yerlərdən hansı ibrət dərsini götürürük? b) Görüntüdəki çay bizə hansı faydanı gətirir?
14 Bu görüntüdən, daha konkret desək, şəfa tapmayan bataqlıq yerlərdən özümüzə ibrət dərsi də götürməliyik. Biz heç vaxt istəmərik ki, həyatımıza axan nemətlərin qarşısını kəsək. Ruhani xəstəliyə tutulmuş bu dünyadakı insanlar kimi olmaq, şəfa tapmaqdan imtina etmək əsl faciə olardı (Mət. 13:15). Bunun əksinə olaraq, biz çayın nemətlərindən sevə-sevə faydalanmalıyıq. Biz Allahın Kəlamındakı pak həqiqət sularını ləzzətlə içəndə, təbliğ edib bu həqiqəti insanlara çatdıranda, sadiq nökərin təlim verdiyi ağsaqqallardan göstəriş, təsəlli və kömək alanda Hizqiyalın görüntüdə gördüyü çayı yadımıza sala bilərik. Bu çay axdığı hər yerə həyat və şəfa gətirir!
15 Bəs görüntünün çayla bağlı hissəsi gələcəkdə necə yerinə yetəcək? Nemətlər gətirən bu çay ən enli və ən dərin səviyyəyə Cənnətdə çatacaq.
Görüntünün Cənnətdə yerinə yetməsi
16, 17. a) Cənnətdə çay hansı mənada böyük olacaq? b) Görüntüdəki çay Cənnətdə bizə hansı nemətləri bəxş edəcək?
16 Təsəvvür edin, Cənnətdəsiniz. Dostlarınızın, ailənizin əhatəsində həyatı dolu-dolu yaşayırsınız. Görüntüdəki çayın mənasını araşdırdıqca həmin həyatı təsəvvürünüzdə daha aydın canlandıra biləcəksiniz. Gəlin bir daha bu görüntüdəki üç məqamı nəzərdən keçirək.
17 Nemətlər gətirən çay. Görüntüdəki çay Cənnətdə qat-qat böyük olacaq, çünki o, təkcə ruhani yox, həm də fiziki fayda gətirəcək. İsanın minillik hakimiyyəti dövründə Allahın Padşahlığı sadiq insanlara fidyədən daha çox faydalanmağa kömək edəcək. Onlar tədricən kamilliyə yetişəcəklər. Artıq xəstəlik olmayacaq, həkimlərə, ümumiyyətlə tibb işçilərinə, xəstəxanalara ehtiyac qalmayacaq. Həyat suyu Armageddonda sağ qalan, böyük müsibətdən çıxan böyük izdiham üçün axacaq (Vəhy 7:9, 14). Bu su çox möhtəşəm olacaq, ancaq sonra o qədər əzəmətli olacaq ki, ilkin halı bunun yanında kiçik bir çeşməyə bənzəyəcək. Hizqiyalın gördüyü görüntüdəki kimi, çay artan tələbatı ödəmək üçün genişlənəcək.
Nemətlər verən çay Cənnətdə hər kəsi cavanlaşdıracaq və sağlam edəcək (17-ci abzasa baxın)
18. Məsihin minillik hakimiyyəti dövründə «həyat suyu» axan çay hansı mənada selə çevriləcək?
18 Həyat verən sular. Məsihin minillik hakimiyyəti dövründə «həyat suyu» axan çay selə çevriləcək (Vəhy 22:1). Milyonlarla, hətta milyardlarla insan diriləcək. Onlara Cənnətdə əbədi yaşamaq imkanı veriləcək. Yehovanın Padşahlıq vasitəsilə verdiyi nemətlərdən biri də ölümün dustağı olan sonsuz sayda insanın həyata qayıtması olacaq (Əşy. 26:19). Bəs dirilənlərin hamısı əbədi yaşayacaq?
19. a) Cənnətdə yeni həqiqət sularının olacağını nə göstərir? b) Bəzi insanlar hansı mənada şoran sahəyə bənzəyəcək?
19 Hər kəs özü seçim etməli olacaq. Həmin vaxt yeni tumarlar açılacaq. Deməli, Yehovanın verdiyi təravətləndirici sulara yeni həqiqətlər, yeni ruhani göstərişlər daxil olacaq. Bu barədə düşünəndə adamın ürəyi vəcdə gəlir. Bununla belə, həmin nemətləri rədd edən, Yehovanın itaətindən çıxan insanlar da olacaq. Ola bilsin, bəzi adamlar bu min il ərzində üsyan edəcək, amma onlara Cənnətdəki asayişi pozmağa izin verilməyəcək (Əşy. 65:20). Yəqin həmin vaxt yadımıza Hizqiyalın gördüyü görüntü, bataqlıq, şoran sahələr düşəcək. İnad edib həyat suyundan içməmək çox böyük axmaqlıqdır. Minillik hakimiyyətdən sonra isə üsyankar insanlar Şeytanın tərəfini tutacaq. Yehovanın adil hakimiyyətini rədd edənlərin hamısını eyni aqibət gözləyir. Onlar əbədilik məhv ediləcək (Vəhy 20:7—12).
20. Min il ərzində fəaliyyət göstərəcək hansı quruluş bizə Hizqiyalın gördüyü ağacları xatırladır?
20 Bar gətirən şəfalı ağaclar. Yehova istəmir ki, bizlərdən kimsə əbədi həyat ənamını itirsin. Bu gözəl imkanı əldən verməyək deyə, O, yenə də Hizqiyalın gördüyü ağaclara bənzər bir tədbir təşkil edəcək. Cənnətdə Yehova bizə həm fiziki, həm də ruhani nemətlər bəxş edəcək. İsa Məsih və onun 144 000 həmvarisi min il ərzində göydə padşahlıq edəcək. 144 000 nəfər həmçinin kahin xidmətini icra edəcək və Məsihin verdiyi fidyəni tətbiq edərək sadiq insanları kamilliyə çatdıracaq (Vəhy 20:6). Həm fiziki, həm də ruhani şəfa verən bu quruluş bizə Hizqiyalın çay kənarında gördüyü, faydalı meyvələri və şəfalı yarpaqları olan ağacları xatırladır. Hizqiyalın gördüyü görüntü həvari Yəhyanın yazdığı peyğəmbərliklə həmahəngdir. (Vəhy 22:1, 2 ayələrini oxuyun.) Yəhyanın gördüyü ağacların yarpaqları «xalqların şəfa tapması üçündür». 144 000 nəfərin kahin kimi icra etdiyi xidmətdən milyonlarla sadiq insan yararlanacaq.
21. Görüntüdəki çay barədə düşünəndə sizdə hansı hisslər yaranır və növbəti fəsildə hansı mövzu araşdırılır? («Bulaq çaya çevrilir» adlı çərçivəyə baxın.)
21 Hizqiyalın görüntüdə gördüyü çay barədə düşünəndə, yəqin qəlbiniz rahatlaşır, ürəyiniz ümidlə dolur. Bizi qarşıda möhtəşəm gələcək gözləyir. Bir düşünün, Cənnəti təsəvvür edə bilək deyə Yehova min illər bundan əvvəl peyğəmbərliklər yazdırıb. O, vədlərinin gerçəkləşəcəyi dövranı görməyimiz üçün səbirlə bizi orada olmağa səsləyir. Bəs siz orada olacaqsınız? Bəlkə, sizdə sual yaranır ki, görəsən, Cənnətdə sizin üçün yer olacaq. Gəlin görək Hizqiyalın peyğəmbərliyinin son hissəsi bizi buna necə əmin edir.
a Çox ehtimal ki, vətənlərinin relyefinə yaxşı bələd olan əsir yəhudilər başa düşürdü ki, burada söhbət həqiqi çaydan getmir. Çünki çay çox hündür dağda olan məbəddən axırdı, amma əslində belə bir dağ mövcud deyildi. Bundan əlavə, görüntüdən belə qənaətə gəlmək olardı ki, çay istiqamətini dəyişmədən dümdüz axıb, Ölü dənizə tökülürdü. Həmin ərazinin relyefi isə buna yol vermirdi.
b Bəzi şərhçilər bunun müsbət məna daşıdığını düşünür, onlar qeyd edir ki, Ölü dəniz bölgəsində uzun müddət duz sənayesi də mövcud olmuşdur. Qoruyucu xassəsinə görə duzdan geniş istifadə olunurdu. Lakin diqqət yetirin ki, görüntüdə həmin bataqlıq yerlərin şəfa tapmayacağı vurğulanır. Onlar cansız qalacaq, şəfa tapmayacaqlar, çünki Yehovanın evindən axan həyat suları onlara çatmayacaq. Deməli, bu halda bataqlıqların şoran olması mənfi məna daşıyır (Zəb. 107:33, 34; Ərm. 17:6).
c İsanın tor məsəli də eyni mənanı daşıyır: tora çoxlu balıq düşür. Ancaq onların hamısı yaxşı balıq deyil. Yararsız balıqları atırlar. Beləliklə, İsa xəbərdar etmişdi ki, Yehovanın təşkilatına gələn insanların içindən xeyli adam vaxt keçdikcə bu yoldan dönəcək (Mət. 13:47—50; 2 Tim. 2:20, 21).
-
-
Ölkə irs olaraq bölüşdürülürPak ibadət dirçəlir!
-
-
FƏSİL 20
Ölkə irs olaraq bölüşdürülür
MƏZMUN: Ölkənin bölüşdürülməsinin mənası
1, 2. a) Yehova Hizqiyala nə buyurdu? b) Bu fəsildə hansı suallar araşdırılır?
HİZQİYALIN indicə gördüyü görüntü onu xəyalən haradasa 900 il əvvələ, Musa peyğəmbərlə Yuşənin dövrünə apardı. O vaxt Yehova Musaya Vəd edilmiş diyarın sərhədlərini təsvir etmişdi, Yuşəyə isə ölkənin İsrail qəbilələri arasında necə bölüşdürməli olduğunu başa salmışdı (Say. 34:1—15; Yuş. 13:7; 22:4, 9). İndi isə, e. ə. 593-cü ildə, Yehova Hizqiyala və əsirlikdə olanlara Vəd edilmiş diyarı İsrail qəbilələri arasında bir də bölüşdürməyi buyurur (Hizq. 45:1; 47:14; 48:29).
2 Bu görüntü Hizqiyala və əsirlikdə olan yəhudilərə hansı xəbəri çatdırırdı? Nəyə görə bu görüntü bu gün Allahın xalqını ruhlandırır? Görüntü gələcəkdə daha böyük miqyasda yerinə yetəcəkmi?
Xalqa əminlik verən dörd vəd
3, 4. a) Hizqiyalın gördüyü sonuncu görüntü xalqa hansı dörd vədi verirdi? b) Bu fəsildə hansı vəddən danışılır?
3 Hizqiyalın gördüyü son görüntü onun adını daşıyan kitabın doqquz fəslini əhatə edir (Hizq. 40:1—48:35). Bu görüntü əsirlikdə olanlara gələcəkdə bərpa olunacaq İsrail xalqı ilə bağlı dörd vəd verirdi. Birincisi, Allahın məbədində pak ibadət bərpa olacaqdı. İkincisi, dirçəlmiş xalqa mömin kahinlər və çobanlar başçılıq edəcəkdi. Üçüncüsü, İsrailə qayıdan hər kəs irs olaraq torpaq payı alacaqdı. Dördüncüsü, Yehova onlarla olacaq, yenə onların arasında yaşayacaqdı.
4 Bu nəşrin 13 və 14-cü fəsillərində ilk iki vədin necə gerçəkləşdiyi haqqında danışılıb. Bu fəsildə isə üçüncü vəddən, irs olaraq torpaq payı almaqdan danışılır. Növbəti fəsildə Yehovanın xalqla olacağı vədindən söhbət açılır (Hizq. 47:13—21; 48:1—7, 23—29).
«Torpaq... irs olaraq sizə verilir»
5, 6. a) Hizqiyalın gördüyü görüntüdə hansı torpaq bölünməli idi? (Fəslin əvvəlindəki şəklə baxın.) b) Torpaq bölgüsü ilə bağlı görüntünün mənası nə idi?
5 Hizqiyal 47:14 ayəsini oxuyun. Yehova Hizqiyalın diqqətini tezliklə Ədən bağına çevriləcək bir diyara yönəltdi (Hizq. 36:35). Sonra dedi: «İsrailin on iki qəbiləsi arasında irs olaraq bu torpağı bölüşdürəcəksiniz» (Hizq. 47:13). Bölüşdürülməli olan torpaq İsrail diyarı idi. İsraillilər əsirlikdən çıxıb bu diyara qayıdacaqdı. Sonra Yehova ölkənin sərhədlərini dəqiq və ətraflı təsvir etdi (Hizq. 47:15—21).
6 Bəs bu görüntünün mənası nədir? Sərhədlərin dəqiq təsvir olunması Hizqiyalı və onun soydaşlarını əmin edirdi ki, onların vətəni mütləq bərpa olacaq. Sözsüz ki, Yehovanın bu cür ətraflı danışması əsirlikdə olan yəhudiləri bu vədin gerçəkləşəcəyinə əmin etmiş, onlara qol-qanad vermişdi. Necə ki vəd olunmuşdu, Allahın qədimdə yaşayan xalqına ölkədə irs olaraq torpaq payı verildi.
7. a) Eramızdan əvvəl 537-ci ildən başlayaraq hansı hadisələr baş verdi və bu bizə nəyi xatırladır? b) Əvvəlcə hansı sualı nəzərdən keçirmək lazımdır?
7 Hizqiyalın bu görüntünü almasından təxminən 56 il sonra, e. ə. 537-ci ildən başlayaraq minlərlə yəhudi İsrail torpağına qayıdıb oraya sahib oldu. Qədimdə baş vermiş bu əlamətdar hadisələr bizə müasir dövrdə Allahın xalqı arasında baş verənləri xatırladır. Bu xalq da müəyyən mənada torpaq payı alıb. Yehova xidmətçilərinə ruhani ölkəyə daxil olaraq oraya sahib olmağa izin verib. Beləliklə, qədimdə Vəd edilmiş diyarın bərpa olması müasir dövrdə ruhani ölkənin bərpa olması barədə bizə çox şey öyrədə bilər. Lakin bu mövzuya keçməzdən əvvəl gəlin bir suala cavab tapaq. Nəyə görə bu gün ruhani ölkənin mövcud olduğunu düşünürük?
8. a) Yehova İsrail xalqını hansı xalqla əvəz etdi? b) Ruhani ölkə, yaxud cənnət nədir? c) Ruhani ölkə nə vaxt meydana çıxdı və orada kimlər məskən salır?
8 Hizqiyala verdiyi əvvəlki görüntüdə Yehova bildirmişdi ki, İsrailin bərpası ilə bağlı peyğəmbərliklər «qulum Davud» adlandırdığı İsa Məsih padşah taxtına çıxandan sonra daha geniş miqyasda yerinə yetəcək (Hizq. 37:24). İsa Məsih eramızın 1914-cü ilində Padşah oldu. Həmin vaxt İsrail artıq uzun illər idi ki, Allahın xalqı deyildi. Onların yerini ruhani israillilərdən, yəni ruhla məsh olunmuş məsihilərdən ibarət xalq tutmuşdu. (Mətta 21:43; 1 Butrus 2:9 ayələrini oxuyun.) Bundan başqa, Yehova İsrail ölkəsini də ruhani ölkə ilə, yəni ruhani cənnətlə əvəz etdi (Əşy. 66:8). Bu nəşrin 17-ci fəslindən göründüyü kimi, ruhani ölkə təhlükəsizliyin hökm sürdüyü, məsh olunmuş məsihilərin 1919-cu ildən bəri Yehovaya ibadət etdiyi ruhani mühitdir. («Nəyə görə məhz 1919-cu il?» adlı 9B çərçivəsinə baxın.) Vaxt keçdikcə yer üzündə yaşamağa ümid edən «başqa qoyunlar» da bu ruhani ölkədə məskən salmağa başladı (Yəh. 10:16). Ruhani cənnət bu gün inkişaf etməyə və genişlənməyə davam etsə də, onun nemətlərini tam şəkildə Armageddondan sonra dadacağıq.
Torpağın bərabər və dəqiq bölgüsü
9. Yehova ölkənin bölünməsi ilə bağlı hansı göstərişi verdi?
9 Hizqiyal 48:1, 28 ayələrini oxuyun. Ölkənin sərhədlərini təyin edəndən sonra Yehova ölkəni necə bölüşdürməyi təfərrüatı ilə izah etdi. Buyurdu ki, ölkə şimaldan cənuba 12 bərabər hissəyə bölünüb qəbilələrin hər birinə irs verilsin. Ölkənin şimal sərhədində Dan qəbiləsinin irsi, cənub sərhədində isə Cad qəbiləsinin irsi yerləşməli idi. 12 irsin hər biri şərqdən qərbə, Böyük dənizə (Aralıq dənizi) doğru uzanan üfüqi zolaqdan ibarət idi (Hizq. 47:20).
10. Görüntünün bu hissəsi əsirlikdə olan yəhudiləri nəyə əmin edirdi?
10 Görüntünün bu hissəsi əsirlikdə olan yəhudiləri nəyə əmin edirdi? Torpaq bölgüsünü ətraflı təsvir edən məlumatı eşidəndə, yəqin yəhudilər bölgünün qayda-qanunla icra olunacağına əmin olmuşdular. Üstəlik, ölkənin 12 qəbilə arasında bərabər hissələrə bölünməsi vurğulayırdı ki, sürgündən qayıdan əsirlərin hər biri bərpa olunmuş diyarda mütləq irs alacaq. Qayıdanlardan heç biri torpaqsız, yaxud evsiz-eşiksiz qalmayacaqdı.
11. Görüntüdə ölkənin bölünməsindən nə öyrənirik? («Ölkənin bölünməsi» adlı çərçivəyə baxın.)
11 Bəs bu görüntü bizi necə ruhlandırır? Vəd edilmiş diyarda təkcə kahinlər, lavililər, başçılar üçün yox, 12 qəbilənin yerdə qalan üzvləri üçün də yer var idi (Hizq. 45:4, 5, 7, 8). Bu gün də ruhani cənnətdə təkcə məsh olunmuşlar üçün və böyük izdihamın arasından seçilib xalqa rəhbərlik edən məsihilər üçün yox, böyük izdihamın qalan üzvləri üçün də yer vara (Vəhy 7:9). Təşkilatda gördüyümüz iş nə qədər kiçik olur-olsun, ruhani ölkədə sabit yerimiz və dəyərli təyinatımız var. Bu, bizi çox ruhlandırır.
Yehovanın təşkilatında hansı məsuliyyəti icra etməyimizdən asılı olmayaraq, Yehova hər birimizin əməyini qiymətləndirir (11-ci abzasa baxın)
İki böyük fərq
12, 13. Yehova qəbilələrə verilən payla bağlı hansı göstərişi verdi?
12 Yehovanın torpaq bölgüsü ilə bağlı bəzi göstərişləri yəqin Hizqiyalı çaşbaş qoymuşdu, çünki onlar Musaya verilən göstərişlərdən fərqlənirdi. Gəlin iki fərqə nəzər salaq. Onlardan biri torpaqla, o birisi sakinlərlə bağlıdır.
13 Birinci fərq — torpaq. Musaya buyurulmuşdu ki, böyük qəbilələrə kiçik qəbilələrə nisbətən böyük torpaq payı verilsin (Say. 26:52—54). Hizqiyalın gördüyü görüntüdə isə Yehova buyurmuşdu ki, bütün qəbilələrə «eyni pay» verilsin (Hizq. 47:14). Beləliklə, 12 payın hər birində şimal sərhədi ilə cənub sərhədi arasındakı məsafə eyni idi. Hansı qəbiləyə aid olmasından asılı olmayaraq, bütün israillilərin bol suvarılan Vəd edilmiş diyarın təbii sərvətlərindən eyni dərəcədə yararlanmaq imkanı olacaqdı.
14. Yehovanın yadellilərlə bağlı verdiyi göstəriş Musanın Qanunundakı göstərişdən nədə fərqlənirdi?
14 İkinci fərq — sakinlər. Musanın Qanunu yadelliləri müdafiə edirdi və onlara israillilərlə birgə Yehovaya ibadət etməyə izin verirdi. Amma onların ölkədə torpaq payı yox idi (Lav. 19:33, 34). Yehovanın Hizqiyala verdiyi göstəriş isə vaxtilə Qanunda verdiyi bu göstərişdən tamamilə fərqlənirdi. Yehova ona dedi: «Yadelliyə yaşadığı qəbilənin ərazisində irs verməlisiniz». Bu əmrlə Yehova yerli israillilərlə ölkədəki yadellilər arasındakı ən böyük fərqi aradan götürdü (Hizq. 47:22, 23). Hizqiyalın görüntüdə gördüyü bərpa olunmuş ölkədə sakinlər arasında bərabərlik və ibadətdə birlik hökm sürürdü (Lav. 25:23).
15. Yehovanın torpaq və əhali barədə verdiyi göstərişlər hansı dəyişməz həqiqəti təsdiq edir?
15 Hizqiyalın torpaqla və onun əhalisi ilə bağlı aldığı bu iki göstəriş, yəqin ki, əsirlikdə olanların ürəyində əminlik yaratdı. Onlar öyrəndi ki, istər israilli olsun, istərsə də Yehovaya ibadət edən yadelli, Yehova onların hamısına bərabər pay verəcək (Üzr. 8:20; Nəh. 3:26; 7:6, 25; Əşy. 56:3, 8). Bu göstərişlər həmçinin dəyişməz bir həqiqəti təsdiq edir: Yehova üçün bütün xidmətçiləri eyni dərəcədə dəyərlidir. (Həqqay 2:7 ayəsini oxuyun.) Bu gün istər göydə yaşamağa ümid edək, istərsə də yerdə, bu həqiqət hər birimizə şamil olunur. Sözsüz ki, bu, bizi çox ruhlandırır.
16, 17. a) Ölkə və əhali ilə bağlı məqamları araşdırmağın bizə hansı faydası var? b) Növbəti fəsildə hansı sual araşdırılır?
16 Ölkə və əhali ilə bağlı bu məqamları araşdırmağın bizə hansı faydası var? Bu, bizə xatırladır ki, bərabərlik və birlik ümumdünya qardaşlığımızın səciyyəvi xüsusiyyəti olmalıdır. Yehova ayrı-seçkilik etmir. Biz də özümüzə sual verməliyik: Bəs mən ayrı-seçkilik etməməkdə Yehovadan nümunə götürürəm? Milliyyətindən və vəziyyətindən asılı olmayaraq, dindaşlarımın hər birinə səmimi-qəlbdən hörmət edirəm? (Rom. 12:10). Biz çox xoşbəxtik ki, ruhani cənnətdə olmağa hamımızın eyni dərəcədə hüququ çatır. Bu cənnətdə biz səmavi Atamıza can-dildən xidmət edir və Onun verdiyi nemətləri sevə-sevə dadırıq (Qal. 3:26—29; Vəhy 7:9).
Ayrı-seçkilik etməyən və hamının ləyaqətinə hörmət edən Yehova Allahdan nümunə götürürük? (15 və 16-cı abzaslara baxın)
17 Növbə çatdı Hizqiyalın aldığı axırıncı görüntüdə verilən dördüncü vədə — Yehovanın əsir yəhudilərlə olacağı vədinə. Bəs bu vəd bizə nə öyrədir? Bu suala növbəti fəsildə cavab verilir.
a Yehovanın ruhani ölkədə kahinlərə və rəhbərlərə ayırdığı xüsusi yer və verdiyi təyinatla bağlı əlavə məlumat üçün bu nəşrin 14-cü fəslinə baxın.
-
-
«Şəhər “Yehova oradadır” adlanacaq»Pak ibadət dirçəlir!
-
-
FƏSİL 21
«Şəhər “Yehova oradadır” adlanacaq»
MƏZMUN: Şəhərin və payın mənası
1, 2. a) Hansı xüsusi məqsəd üçün torpaq ayrılmalı idi? (Kitabın üz qabığındakı şəklə baxın.) b) Görüntü əsirlikdəki israilliləri nəyə əmin edir?
HİZQİYAL görüntünün sonunda xüsusi məqsəd üçün ayrılmalı olan torpaq haqqında öyrənir. Bu torpaq İsrailin hansısa qəbiləsinə irs vermək üçün ayrılmayıb, Yehova üçün pay olaraq ayrılıb. Hizqiyal həmçinin görüntüdə maraqlı adı olan əzəmətli bir şəhər haqqında da öyrənir. Görüntünün bu hissəsi israillilərə əminlik verir: onlar doğma vətənə qayıdanda Yehova onlarla olacaq.
2 Hizqiyal həmin pay torpağı təfərrüatı ilə təsvir etmişdi. Gəlin onun yazdıqlarını ətraflı təhlil edək, çünki bunlar Yehovaya pak şəkildə ibadət edən bizlər üçün dərin məna kəsb edir.
«Şəhərin torpağı ilə bərabər müqəddəs pay»
3. Yehovanın ayırdığı torpaq hansı beş sahəyə bölünmüşdü və bu sahələr hansı məqsəd üçün ayrılmışdı? («Pay ayırın» adlı çərçivəyə baxın.)
3 Bu xüsusi torpaq parçası həm şimaldan cənuba 25 000 qulac (13 km.), həm də şərqdən qərbə 25 000 qulac ölçüsündə idi. «Payın ümumi sahəsi» haqqında danışılan ayədə məhz bu torpaq parçası nəzərdə tutulur. Bu sahə üfüqi xətt üzrə üç hissəyə bölünmüşdü. Yuxarıdakı hissə lavililər üçün, ortadakı hissə isə məbəd və kahinlər üçün ayrılmışdı. Bu iki hissə «müqəddəs payı» təşkil edirdi. «Qalan ərazi», yəni aşağıdakı kiçik hissə müqəddəs deyildi. Bu hissə şəhər üçün nəzərdə tutulmuşdu (Hizq. 48:15, 20).
4. Yehova üçün ayrılmış paydan nə öyrənirik?
4 Torpaqdan Yehova üçün payın ayrılmasından nə öyrənirik? Əvvəlcə bu xüsusi pay üçün, sonra isə qəbilələr üçün torpaq ayırmaqla Yehova göstərdi ki, əsas diqqət ölkənin ruhani mərkəzi olan bu torpaq parçasına verilməlidir (Hizq. 45:1). Şübhəsiz sürgündə olanlar torpaq bölgüsündə vacibliyinə görə ardıcıllığın bu cür qurulmasından çox şey öyrənirdilər. Onların həyatında Yehovaya ibadət hər şeydən üstün olmalı idi. Bu gün biz də ruhani işlərə, məsələn, Allahın Kəlamının mütaliəsinə, yığıncaq görüşlərinə və təbliğə ən vacib iş kimi baxırıq. Əgər Yehovadan nümunə götürüb həyatda doğru şeylərə önəm veririksə, həyatımız ibadətin ətrafında dövr edəcək.
«Şəhər ortada yerləşəcək»
5, 6. a) Görüntüdəki şəhər kimə məxsus idi? b) Şəhər nəyin timsalı ola bilməz və nə üçün?
5 Hizqiyal 48:15 ayəsini oxuyun. Görüntüdəki şəhər və onu əhatə edən ərazi hansı mənanı daşıyırdı? (Hizq. 48:16—18). Görüntüdə Yehova Hizqiyala deyir ki, şəhər üçün ayrılmış sahə «bütün İsrail evinə məxsus olacaq» (Hizq. 45:6, 7). Deməli, şəhər və ətrafındakı sahə Yehova üçün ayrılmış müqəddəs paya daxil deyildi (Hizq. 48:9). Bu fərqi yadda saxlayaraq gəlin görək görüntüdəki şəhərdən nə öyrənə bilərik.
6 Bunun üçün əvvəlcə müəyyən etməliyik ki, şəhər nəyi təmsil etmir. O, içində məbədin yerləşdiyi bərpa olunmuş Yerusəlim şəhərini təmsil edə bilməz. Çünki Hizqiyalın görüntüdə gördüyü şəhərin içində məbəd yox idi. Həmçinin şəhər bərpa olunmuş İsrail ölkəsindəki digər şəhərləri də təmsil edə bilməz. Çünki nə əsirlikdən dönən israillilər, nə də onların övladları görüntüdəkinə bənzər şəhər tikməmişdilər. Həmçinin Hizqiyalın gördüyü şəhər səmavi şəhəri də təmsil edə bilməz. Çünki o, müqəddəs ibadət üçün ayrılmış ərazidəki tikililərdən fərqli olaraq, «adi [müqəddəs olmayan] yerdə» tikilmişdi (Hizq. 42:20).
7. Hizqiyalın gördüyü şəhər hansı mənanı daşıyır və nəyi təmsil edir? (Fəslin əvvəlindəki şəklə baxın.)
7 Belə isə Hizqiyalın gördüyü şəhər nəyi təmsil edirdi? Yadınızdadırsa, Hizqiyal bu şəhəri ölkə ilə bağlı aldığı görüntüdə görmüşdü (Hizq. 40:2; 45:1, 6). Müqəddəs Kitaba əsasən, görüntüdəki ölkə məcazi məna daşıyır. Odur ki, şəhər də məcazi məna daşımalıdır. Ümumiyyətlə, «şəhər» dedikdə camaatın toplu halında yaşadığı, mütəşəkkil və nizamlı yaşayış məntəqəsi nəzərdə tutulur. Belə çıxır ki, nizam-intizamla qurulmuş, dördbucaqlı şəklində olan şəhər yaxşı təşkil olunmuş inzibati sistemi təmsil edir.
8. Bu idarəçilik sistemi haranı idarə edir və nə üçün belə qənaətə gəlirik?
8 Bəs bu idarəçilik sisteminin nüfuz dairəsi haranı əhatə edir? Hizqiyalın aldığı görüntüdən məlum olur ki, bu şəhər ruhani ölkənin daxilində fəaliyyət göstərir. Beləliklə, bu gün bu idarəçilik sistemi Allahın xalqının fəaliyyətini idarə edir. Şəhərin adi, yaxud müqəddəs olmayan yerdə yerləşməsi nəyi bildirir? Bu bizə xatırladır ki, şəhər səmavi yox, yerdəki idarəçiliyə aiddir. Bu idarəçilik ruhani cənnətdə məskunlaşan hər kəsə fayda gətirir.
9. a) Bu gün yer üzündəki idarəçilik sistemi kimlərdən təşkil olunub? b) İsa Məsih minillik hakimiyyəti zamanı nə edəcək?
9 Bəs yer üzündəki bu idarəçilik sistemi kimlərdən təşkil olunub? Hizqiyalın gördüyü görüntüdə şəhər hökumətinə sərdar başçılıq edirdi (Hizq. 45:7). O, Allahın xalqına nəzarət edirdi, amma nə kahin, nə də lavili deyildi. Bu bizə ruhla məsh olunmamış ağsaqqalları xatırladır. «Başqa qoyunlar»ın arasından seçilən bu ruhani çobanlar Məsihin səmavi hökumətinin yer üzündəki xidmətçiləridir (Yəh. 10:16). İsa Məsih minillik hakimiyyəti dövründə onlardan bəzilərini «bütün yer üzündə» ağsaqqal, yaxud «əmir» qoyacaq (Zəb. 45:16). Səmavi Padşahlığın rəhbərliyi altında onlar min il ərzində Allahın xalqının rifahı üçün çalışacaqlar.
«Yehova oradadır»
10. Şəhərin adı nədir və bu ad hansı əminliyi verir?
10 Hizqiyal 48:35 ayəsini oxuyun. Şəhər belə adlanır: «Yehova oradadır». Bu ad insanı əmin edir ki, bu şəhərdə Yehovanın hüzuru duyulur. Hizqiyala mərkəzdə yerləşən bu şəhəri göstərməklə Yehova əsirlikdə olanlara, sanki deyirdi: «Mən yenə sizinlə olacağam!» Sözsüz ki, bu fikir əsirlikdə olan yəhudilərə əminlik vermişdi.
11. Hizqiyalın görüntüdə gördüyü şəhərdən və onun adından nə öyrənirik?
11 Hizqiyalın peyğəmbərliyinin bu hissəsindən nə öyrənirik? Bu şəhərin adı bizi əmin edir ki, Yehova Allah hazırda yer üzündəki xidmətçiləri ilədir və bu həmişə belə olacaq. Məna dolu bu ad vacib bir həqiqəti vurğulayır: şəhər kimlərəsə səlahiyyət vermək üçün yox, Yehovanın məhəbbət dolu və adil hökmlərini həyata keçirmək üçün mövcuddur. Məsələn, Yehova bu idarəçilik sistemini təşkil edənlərə, məcazi mənada desək, ölkəni öz bildikləri kimi bölməyə icazə verməyib. Əksinə, onlardan tələb edir ki, Özünün bütün xidmətçilərinə, o cümlədən «fağırlara» verdiyi paya, yəni məsuliyyətə hörmətlə yanaşsınlar (Məs. 19:17; Hizq. 46:18; 48:29).
12. a) Şəhərin gözəl cəhətlərindən biri hansıdır və bu nəyi göstərir? b) Görüntünün bu hissəsi ağsaqqallara hansı vacib fikri xatırladır?
12 «Yehova oradadır» şəhərinin başqa hansı səciyyəvi cəhəti var? Qədimdə şəhəri qoruyan qala divarında mümkün qədər az darvaza qoyulurdu, bu şəhərin isə 12 darvazası var idi (Hizq. 48:30—34). Bu qədər darvaza (dördbucaq şəklində olan şəhərin hər tərəfində 3 darvaza) göstərir ki, Allahın bütün xidmətçiləri şəhəri idarə edən adamlara sərbəst yaxınlaşıb dərdlərini deyə bilərlər. Şəhərin 12 darvazasının olması, həmçinin vurğulayır ki, şəhər «bütün İsrail evinə», yəni hər kəsin üzünə açıqdır (Hizq. 45:6). Şəhərə girişin belə asan olması məsihi ağsaqqallara vacib bir fikri xatırladır: Yehova istəyir ki, onlar mehriban olsunlar, ruhani cənnətdə yaşayan hər kəs onlara asanlıqla yaxınlaşa bilsin.
Məsihi ağsaqqallar mehribandır və onlara çəkinmədən yaxınlaşmaq olur (12-ci abzasa baxın)
Allahın xalqı «ibadət etməyə» gəlir və «şəhərə qulluq» edir
13. Yehova camaatın hansı işləri icra edəcəyini deyir?
13 Gəlin xəyalən Hizqiyal peyğəmbərin dövrünə qayıdaq və görək peyğəmbər ölkənin bölünməsi ilə bağlı aldığı bu böyük görüntüdə daha nə görür. Görüntüdə Yehova camaatın müxtəlif xidmətləri icra edəcəyini deyir. Kahinlər, yəni müqəddəs məkan xidmətçiləri Yehovaya xidmət etmək üçün qurbanlar gətirəcəkdilər və xidmət etmək üçün Ona yaxınlaşacaqdılar. Məbəd xidmətçiləri olan lavililər «orada icra olunan xidməti və bütün görülməli işləri» icra edəcəkdilər (Hizq. 44:14—16; 45:4, 5). Bundan başqa, şəhərin yaxınlığında da işçilər çalışacaqdı. Bu işçilər kimlərdir?
14. Şəhərin yaxınlığındakı işçilər bizə nəyi xatırladır?
14 Şəhərin yaxınlığındakı işçilər İsrailin bütün qəbilələrindəndirlər. Onlar köməkçi rolunu oynayırlar. Onların işi şəhərə qulluq edən adamlar üçün məhsul yetişdirməkdir (Hizq. 48:18, 19). Bu bizə bu gün qarşımızda açılan imkanı xatırladır. Bu gün ruhani cənnətin bütün sakinlərinin qarşısında belə bir gözəl imkan açılıb: hər kəs Məsihin məsh olunmuş qardaşlarına, o cümlədən Yehovanın böyük izdihamın arasından xalqına rəhbərlik etmək üçün təyin etdiyi qardaşlara gördükləri işdə dəstək ola bilər (Vəhy 7:9, 10). Bu qardaşları dəstəkləməyin ən əsas yolu sadiq nökərin rəhbərliyinə can-dildən tabe olmaqdır.
15, 16. a) Hizqiyalın görüntüsündən daha hansı maraqlı fikirlər tapırıq? b) Bu gün bizim hansı işləri görmək imkanımız var?
15 Hizqiyalın aldığı görüntüdəki başqa bir məqamdan da xidmətimizlə bağlı özümüzə dərs götürə bilərik. Yehova deyir ki, Lavi qəbiləsi istisna olmaqla qalan 12 qəbilənin üzvləri iki yerdə fəaliyyət göstərəcəklər: məbədin həyətində və şəhərin örüşlərində. Bəs bu yerlərdə onlar hansı işlə məşğul olurlar? Məbədin həyətində bütün qəbilələr Yehovaya qurban gətirərək ibadət edir (Hizq. 46:9, 24). Şəhərin torpağında isə bütün qəbilələrin üzvləri torpağı əkib-becərərək şəhərə kömək edirlər. Bu işçilərdən nə öyrənirik?
16 Bu gün böyük izdihamın üzvlərinin bu görüntüdəkinə bənzər işləri icra etmək imkanı var. Onlar Yehovaya mədh qurbanları gətirərək Onun məbədində ibadət edirlər (Vəhy 7:9—15). Onlar təbliğ etməklə və məsihi yığıncağında imanlarını ifadə etməklə mədh qurbanları təqdim edirlər. Yehovaya bu cür ibadət etmək onların həyatda ən ümdə amalıdır (1 Saln. 16:29). Bundan başqa, Allahın xalqı arasında bir çoxları Onun təşkilatını müxtəlif üsullarla dəstəkləyir. Məsələn, onlar ibadət evlərinin və filial binalarının tikintisində və təmirində iştirak edir, Yehovanın təşkilatının başladığı digər layihələrdə köməklik göstərirlər. Digərləri isə bu layihələri ianələrlə dəstəkləyir. Onlar Allahın şərəflənməsi üçün məcazi mənada torpağı əkib-becərirlər (1 Kor. 10:31). Onlar bütün işləri can-dildən, sevə-sevə edirlər, çünki bilirlər ki, bu cür qurbanlar Yehovaya xoşdur (İbr. 13:16). Bəs siz bu imkanlardan tam istifadə edirsiniz?
Görüntüdə şəhərdə və şəhər darvazalarının ətrafında müxtəlif işlərin görülməsindən nə öyrənirik? (14—16 abzaslara baxın)
«Yeni bir göy və yeni yer gözləyirik»
17. a) Hizqiyalın gördüyü görüntü gələcəkdə daha geniş miqyasda necə yerinə yetəcək? b) Məsihin minillik hakimiyyəti zamanı şəhərə bənzəyən idarəçilik sistemi kimlərə fayda gətirəcək?
17 Bəs görəsən, Hizqiyalın pay torpaqla bağlı gördüyü görüntü gələcəkdə daha geniş miqyasda yerinə yetəcək? Bəli! Hizqiyal «müqəddəs pay» adlanan torpağın ölkənin ortasında olduğunu görmüşdü (Hizq. 48:10). Buna bənzər tərzdə Armageddondan sonra harada yaşamağımızdan asılı olmayaraq, Yehova bizimlə məskən salacaq (Vəhy 21:3). Məsihin minillik hakimiyyəti zamanı şəhərlə təmsil olunan idarəçilik sisteminin, yəni yer üzündə Allahın xalqının qeydinə qalmaq üçün təyin olunan insanların fəaliyyəti bütün yer kürəsini əhatə edəcək. Onlar «yeni yer»i, yəni yeni cəmiyyəti təşkil edən bütün insanlara məhəbbətlə rəhbərlik edib yol göstərəcək (2 But. 3:13).
18. a) Nəyə görə əmin ola bilərik ki, şəhərlə təmsil olunan idarəçilik sistemi həmişə Allahın hakimiyyəti ilə tam ahəngdarlıq təşkil edəcək? b) Şəhərin adı bizi nəyə əmin edir?
18 Nəyə görə əmin ola bilərik ki, şəhərlə təmsil olunan idarəçilik sistemi həmişə Allahın hakimiyyəti ilə tam ahəngdarlıq təşkil edəcək? Allahın Kəlamından aydın olur ki, yer üzündəki 12 darvazalı şəhər 12 darvazalı səmavi şəhəri, yəni Məsihin 144 000 həmvarisindən təşkil olunmuş yeni Yerusəlimi əks etdirir (Vəhy 21:2, 12, 21—27). Bu göstərir ki, yer üzündəki idarəçilik sistemi Allahın Padşahlığının göydə verdiyi bütün qərarları dəqiqliklə əks etdirəcək və bu qərarları mükəmməl şəkildə yerinə yetirəcək. Bəli, şəhərin adının «Yehova oradadır» olması bizi əmin edir ki, pak ibadət cənnətdə həmişə mövcud olacaq və əbədiyyən çiçəklənəcək. Bizi necə də gözəl gələcək gözləyir!
-