Müqəddəs Kitab Böyük Qırmızı adaya çatır
AFRİKANIN cənub-şərq sahillərindən 400 kilometr uzaqlıqda yerləşən Madaqaskar adası böyüklüyünə görə dünyada dördüncü yeri tutur. Malaqasilər «Yehova» adı ilə çoxdan tanışdırlar, çünki 170 ildən çoxdur ki, onlar öz dillərində Allahın adı olan Müqəddəs Kitabı oxuya bilirlər. Malaqasi dilində bu tərcümənin ərsəyə gəlməsi dözüm və fədakarlıq nümunəsidir.
İlk dəfə Müqəddəs Kitabı malaqasi dilinə tərcümə etməyə yaxınlıqda yerləşən Mavriki adasında cəhd edilmişdir. 1813-cü ildə Mavriki adasının qubernatoru Ser Robert Farquhar Müjdələri malaqasi dilinə tərcümə etmək qərarına gəldi. Bir qədər sonra o, Madaqaskarın kralı I Radamanı təşviq etdi ki, Böyük Qırmızı adaya (çox vaxt Madaqaskar belə adlanır) London missioner cəmiyyətindən (LMC) müəllimlər dəvət etsin.
1818-ci il avqustun 18-i uelsli iki missioner, Devid Cons və Tomas Bevan, Mavrikidən liman şəhəri Tuamasinaya gəldi. Onlar gördülər ki, yerli əhali çox dindardır, həmçinin əcdadlara ibadət və nəsildən-nəslə ötürülən adət-ənənələr və rəvayətlər onların həyatında əsas yeri tutur. Malaqasilər əsasən Malayya-Polineziya mənşəli olan zəngin və gözəl dildə danışırlar.
Devid Cons və Tomas Bevan kiçik bir məktəb açdıqdan sonra öz ailələrini də Mavrikidən Tuamasinaya gətirdilər. Əfsuslar olsun ki, onların hamısı malyariya xəstəliyinə tutuldu və 1818-ci ilin dekabrında Devid Cons həyat yoldaşını və qızını itirdi. İki aydan sonra bu xəstəlik Bevanlar ailəsinin də axırına çıxdı. Yeganə sağ qalan Devid Cons oldu.
Lakin Cons yol vermədi ki, faciə onu Allahın Kəlamını Madaqaskar əhalisinin dilinə tərcümə etmək əzmindən döndərsin. Sağlamlığını bərpa etmək üçün Mavrikiyə qayıdanda o, malaqasi dilini öyrənmək kimi çətin bir işə girişdi. Bir müddətdən sonra o, «Yəhyanın Müjdəsi»ni tərcümə etmək üçün hazırlıq işləri görməyə başladı.
1820-ci ilin oktyabrında Cons Madaqaskara qayıtdı. O, paytaxt şəhəri Antananarivuya gəlib, tezliklə yeni missioner məktəbi açdı. Şərait heç də yaxşı deyildi: nə dərslik, nə yazı taxtası, nə də ki parta vardı. Amma tədris planı çox gözəl tərtib olunmuşdu və uşaqlar böyük həvəslə oxuyurdular.
Təxminən yeddi ay tək işlədikdən sonra Bevanın yerinə missioner Devid Qriffitsi göndərdilər. Yorulmaq bilməyən bu iki missioner özlərini Müqəddəs Kitabı malaqasi dilinə tərcümə işinə həsr etdilər.
Tərcümə işi
1820-ci ilin əvvəllərində malaqasilərin yeganə yazı qrafikası surabe olub. Surabe malaqasi sözlərinin ərəb hərfləri ilə yazı üslubudur. Ancaq onu çox az adam oxuya bilirdi. Buna görə də missionerlər kral I Radama ilə məsləhətləşdikdən sonra o, surabeni latın əlifbası ilə əvəz etməyə icazə verdi.
Tərcümə işi 1823-cü il sentyabrın 10-da başlandı. Cons «Yaradılış» və «Mattanın Müjdəsi», Qriffits isə «Çıxış» və «Lukanın Müjdəsi» kitabları üzərində işləyirdi. Onlar yorulub-usanmadan çalışırdılar. Baxmayaraq ki tərcümənin çox hissəsini özləri görürdülər, üstəlik, səhər və günortadan sonra məktəbdə dərs də deyirdilər. Onlar həmçinin üç dildə kilsə xidmətlərinə hazırlaşır və onu icra edirdilər. Lakin tərcümə işi onlar üçün hər şeydən öndə idi.
Bu iki missioner 12 şagirdin köməyi ilə, İbranicə Müqəddəs Yazıların bəzi kitablarını çıxmaq şərtilə, cəmi 18 aya bütün Müqəddəs Kitabı tərcümə etdi. Növbəti ildə bütöv Müqəddəs Kitabın ilkin tərcüməsi tamamlandı. Əlbəttə, tərcümənin üzərində işləmək və düzəlişlər etmək lazım gəlirdi. Bu iş üçün İngiltərədən iki dilşünas — Devid Cons və Cozef Friman göndərildi.
Missionerlər maneələri aşır
Müqəddəs Kitab malaqasi dilinə tərcümə edildikdən sonra LMC Çarlz Hovendeni göndərdi ki, Madaqaskarda ilk çap maşınını quraşdırsın. Hovenden 1826-cı il noyabrın 21-də Madaqaskara gəldi. Lakin o, gələn kimi malyariyaya yoluxdu və bir ayın içində vəfat etdi. Ondan başqa çap maşının dilini bilən yox idi. Təxminən bir il sonra şotlandiyalı bacarıqlı bir usta — Ceyms Kameron maşının detalları arasında tapılan kitabçanın köməyilə onu quraşdırmağa müvəffəq oldu. Çoxlu cəhd və səhvlərdən sonra o, 1827-ci il dekabrın 4-də «Yaradılış» kitabının birinci fəslinin bir hissəsini çap etdia.
1828-ci il iyulun 27-də kral I Radamanın ölümündən sonra başqa bir əngəl ortaya çıxdı. I Radama tərcümə işinə hər cür dəstək olurdu. Devid Cons onun haqqında demişdi: «Kral I Radama olduqca xeyirxah və mehriban insandır. O, təhsilə çox böyük önəm verir və öz xalqının incəsənətdə savadlı olmasını Gümüş və Qızıldan daha üstün tutur». Amma hakimiyyətə onun arvadı I Ranavaluna gələndən sonra tezliklə aydın oldu ki, o, bu işi əri kimi dəstəkləməyəcək.
I Ranavaluna taxta çıxandan tez sonra İngiltərədən gələn bir nəfər tərcümə işini müzakirə etmək üçün onun qəbuluna düşmək istədi, amma ona rədd cavabı verildi. Başqa bir vaxt isə missionerlər insanlara çox şey, o cümlədən yunan və ibrani dillərini öyrətməli olduqlarını deyəndə kraliça cavab verdi: «Yunan və ibrani dilləri məni bir o qədər maraqlandırmır. Deyin görüm, xalqıma daha faydalı şeyləri, məsələn, sabun düzəltməyi öyrədə bilərsinizmi?» Malaqasi dilində Müqəddəs Kitabı bitirməmiş adanı tərk etmək məcburiyyətində qalacaqlarını başa düşüb Kameron kraliçanın sözlərini götür-qoy etmək üçün bir həftə möhlət istədi.
Növbəti həftə Kameron kraliçanın elçilərinə yerli xammaldan hazırlanmış iki balaca sabun parçası təqdim etdi. Məharətli missionerlərin həyata keçirdiyi bu kimi ictimai işlər kraliçanın ürəyincə idi. Bunun sayəsində onların qazandıqları vaxt, İbranicə Müqəddəs Yazıların bir neçə kitabını çıxmaq şərtilə, bütün Müqəddəs Kitabı çap etmək üçün kifayət idi.
Əvvəlcə təəccüb, sonra məyusluq
Başlanğıcda missionerlərə rədd cavabı verməsinə baxmayaraq, kraliça 1831-ci ilin mayında təəccüblü bir fərman çıxardı. Bununla o, təbəələrinə xristian kimi vəftiz olunmağa icazə verdi! Lakin bu, uzun çəkmədi. «Madaqaskarın tarixi» kitabında deyilir: «Vəftiz olunanların sayı saraydakı mühafizəkar baxışlı adamları narahat etməyə başladı və onlar kraliçanı inandırdılar ki, liturgiya [xristianlıqda ən əsas ibadət ayini] Britaniya hökumətinə sadiqliyə and içməkdən başqa bir şey deyil». Beləliklə, vəftiz barədə fərman çıxandan cəmi altı ay sonra, 1831-ci ilin sonunda ləğv olundu.
Kraliçanın dəyişkənliyi və hökumətdə ənənəvi baxışlara malik olan insanların təsirinin artması missionerləri Müqəddəs Kitabı daha tez çap edib bitirməyə vadar etdi. Yunanca Müqəddəs Yazılar artıq başa çatdırılmışdı və onun minlərlə surəti xalq arasında yayılmışdı. Amma 1835-ci il martın 1-də daha bir əngəl ortaya çıxdı: I Ranavaluna xristianlığı qadağan etdi və bütün xristian kitablarını hakimiyyətə təhvil verməyi əmr etdi.
Kraliçanın əmri həm də o demək idi ki, artıq yerli əhalidən heç kim çap işi ilə məşğul ola bilməz. Buna görə də cəmi bir neçə missioner işi sona çatdırmaq üçün gecələrini gündüzə qatıb işlədilər. Və nəhayət, 1835-ci ilin iyun ayında malaqasi dilində tam Müqəddəs Kitab işıq üzü gördü.
Qadağa qüvvədə olduğu üçün çapdan çıxan Müqəddəs Kitabları tez bir zamanda payladılar və hər ehtimala qarşı 70 nüsxəsini yerə basdırdılar. Onlar vaxtında tərpənmişdilər, çünki bir ilin içində iki nəfərdən savayı, missionerlərin hamısı adanı tərk etdi. Amma Allahın kəlamı Böyük Qırmızı adada yayılmağa davam edirdi.
Malaqasilərin Müqəddəs Kitaba məhəbbəti
Allahın Kəlamını doğma dillərində oxumaq imkanları olduğu üçün malaqasilərin nə qədər sevindiklərini bir təsəvvür edin! Amma qeyd edək ki, bu tərcümədə səhvlər var, dili isə artıq köhnəlib. Buna baxmayaraq, evlərində Müqəddəs Kitabı olmayan insanlara çox nadir hallarda rast gəlmək olar, özü də çoxları Allahın Kəlamını müntəzəm oxuyur. Bu tərcümənin səciyyəvi cəhətlərindən biri odur ki, İbranicə Müqəddəs Yazılar boyunca Allahın adı, yəni «Yehova» istifadə olunur. Bu tərcümənin orijinal nüsxələrində Allahın adına Yunanca Müqəddəs Yazılarda da rast gəlmək olar. Buna görə də Allahın adı bir çox malaqasilərə tanışdır.
Yunanca Müqəddəs Yazıların ilk nüsxələri hazır olanda çap dəzgahında işləyən cənab Beyker malaqasilərin sevincini görüb ürəkdolusu dedi: «Peyğəmbərlik etmək istəmirəm, amma inanmıram ki, nə vaxtsa bu ölkədə Allahın kəlamının kökü kəsilsin». O, haqlı çıxdı. Nə malyariya, nə dil öyrənmək qarşısında çətinlik, nə də ki kraliçanın sərt fərmanları Allahın Kəlamının Madaqaskarda yayılmasının qarşısını ala bilmədi.
Ancaq indi vəziyyət həmişəkindən yaxşıdır. Nəyə görə belə demək olar? Çünki 2008-ci ildə malaqasi dilində «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi»nin tam versiyası işıq üzü gördü. Bu tərcümə müasir və asan dildə olduğu üçün böyük nailiyyətlərdən xəbər verir. Bəli, hal-hazırda Allahın Kəlamı Böyük Qırmızı adada daha dərin kök salıb (Yeşaya 40:8).
[Haşiyə]
a Malaqasi dilində çıxan ilk Müqəddəs Kitab parçaları 1826-cı ilin aprel-may aylarında Mavriki adasında çap olunmuş On əmr və İsanın nümunəvi duası olmuşdur. Lakin nüsxələr yalnız kral I Radamanın ailə üzvlərinə və bir neçə dövlət məmurlarına paylanmışdı.
[31-ci səhifədəki şəkil]
Malaqasi dilində çıxan «Yeni Dünya Tərcüməsi»ndə Yehova Allahın adı izzətləndirilir