Yaradılış
35 Bütün bunlardan sonra Allah Yaquba dedi: «Qalx, Beytelə+ get, orada yaşa. Qardaşın Eysdən qaçanda sənə görünən Allaha orada qurbangah düzəlt».+
2 Onda Yaqub ailəsinə və onunla olanların hamısına dedi: «Sizdə olan yad allahların bütlərini atın,+ paklanın, paltarlarınızı dəyişin. 3 Yığışıb Beytelə köçürük. Orada dar günümdə mənə hay verən, ta bu günədək mənə dayaq olan Allaha qurbangah düzəldəcəyəm».+ 4 Onlar özlərində olan bütün bütləri və qulaqlarındakı sırğaları Yaquba verdilər, Yaqub da onları Sihamın yaxınlığında bitən böyük ağacın altında basdırdı.
5 Bundan sonra onlar yola düşdülər. Ətraf şəhərləri Allahın vəhmi başmışdı, buna görə də onlar Yaqubun oğullarını təqib etmədilər. 6 Axırda Yaqubgil gəlib Kənan torpağındakı Luz+ şəhərinə, yəni Beytelə çıxdılar. 7 Yaqub orada qurbangah düzəltdi və həmin yerin adını İl-Beytel* qoydu, çünki qardaşından qaçanda Allah orada ona görünmüşdü.+ 8 Bir müddət sonra Rəfəqənin dayəsi Dəburə+ öldü. Onu Beytelin yaxınlığında, bir palıdın altında dəfn etdilər. Bu səbəbdən Yaqub ağacın adını Allun-Bakut* qoydu.
9 Yaqub Fəddan-Aramdan köç edən vaxt Allah yenə də ona göründü. Ona xeyir-dua verib 10 dedi: «Sənin adın Yaqubdur+, amma bundan sonra adın Yaqub yox, İsrail olacaq». Beləliklə, Allah ona İsrail adını verdi.+ 11 Allah sözünə davam edib dedi: «Mən Qadir Allaham.+ Sənin nəslini çoxaltdıqca çoxaldacağam. Səndən xalqlar, çoxlu xalqlar törəyəcək.+ Nəslindən padşahlar çıxacaq*.+ 12 İbrahimə və İshaqa verdiyim torpağa gəlincə, onu sənə, səndən sonra isə övladlarına verəcəyəm».+ 13 Bundan sonra Allah Yaqubla danışdığı yerdən getdi.
14 Yaqub Allahın onunla danışdığı yerdə dikinə bir daş qoydu, üstünə şərab təqdiməsi* və yağ tökdü.+ 15 O, Allahın onunla danışdığı həmin bu yerin adını yenə də Beytel deyib çağırdı.+
16 Sonra Yaqubgil Beyteldən çıxıb yola düşdülər. Əfrata hələ xeyli qalmış Rəhiləni doğuş sancısı tutdu. Doğuş çox ağır keçirdi. 17 Uşaq gələndə mamaça ona dedi: «Qorxma, bu da oğlandır».+ 18 Rəhilə can üstə olanda oğlunun adını Bənuni* qoydu. Atası isə ona Binyamin*+ adını verdi. 19 Rəhilə öldü və Əfrata (Beytləhm)+ gedən yolda dəfn edildi. 20 Yaqub onun qəbrinin üstünə bir daş qoydu. Bu başdaşı bu günə kimi Rəhilənin qəbri üstündədir.
21 İsrail yola davam edib Ədər qülləsinin o biri tərəfində çadır qurdu. 22 Bir gün, İsrail hələ o diyarda yaşayan vaxt, Rubən atasının kənizi Bəlhə ilə yaxınlıq etdi.+ Bu, İsrailin qulağına çatdı.
Yaqubun on iki oğlu var idi. 23 Ləyadan doğulan oğulları: ilki Rubən,+ Şəmun, Lavi, Yəhuda, Yəsakir, Zəbulun; 24 Rəhilədən doğulan oğulları: Yusif və Binyamin; 25 Rəhilənin kənizi Bəlhədən doğulan oğulları: Dan və Niftalı; 26 Ləyanın kənizi Zülfədən doğulan oğulları: Cad və Aşir. Bunlar Yaqubun Fəddan-Aramda doğulan oğulları idi.
27 Yaqub İbrahimlə İshaqın qərib+ kimi yaşadığı Kiryat-Arba (Həbrun) yaxınlığındakı Mamreyə+, atası İshaqın yanına gəldi. 28 İshaq yüz səksən il yaşadı.+ 29 O, uzun ömür sürdükdən sonra həyatdan məmnun halda dünyadan köçdü və ata-babalarına qovuşdu*. Oğlanları Eyslə Yaqub onu dəfn etdilər.+