Cümə axşamı, 11 sentyabr
Məhəbbətinizi onlara sübut edin (2 Kor. 8:24).
Bacı-qardaşlara sevgimizi onları dostlarımızın sırasına qəbul etməklə göstərə bilərik (2 Kor. 6:11—13). Çoxumuzun getdiyi yığıncaqlarda bacı-qardaşların xasiyyəti, milliyyəti və mədəniyyəti bir-birindən fərqlənir. Fikrimizi onların müsbət cəhətlərinə cəmləsək, onlara sevgimizi artıra biləcəyik. Böyük müsibət zamanı məhəbbət vacib rol oynayacaq. Həmin vaxt Yehova bizi necə qoruyacaq? Qədim Babil hücuma məruz qalan zaman Yehova Öz xalqına belə bir göstəriş vermişdi: «Ey xalqım, içəri otaqlarınıza girin, arxanızca qapıları bağlayın. Qəzəb keçənəcən, qısa müddətə gizlənin» (Əşy. 26:20). Yəqin, biz də böyük müsibət zamanı bu göstərişə əməl etməli olacağıq. w23.07 s. 6—7, abz. 14—16
Cümə, 12 sentyabr
Bu dünyanın səhnəsi dəyişir (1 Kor. 7:31).
Qoy sizi dərrakəli insan kimi tanısınlar. Düşünün: «İnsanlar məni necə tanıyır? Dərrakəli, güzəştə gedən, başqasının fikrinə hörmətlə yanaşan insan kimi, yoxsa sərt, kobud və inadkar insan kimi? Başqalarını dinləyirəm və mümkündürsə, onların dediyi kimi edirəm?» Bizim nə dərəcədə dərrakəli olduğumuz Yehovaya və İsaya nə dərəcədə bənzədiyimizi göstərəcək. Dərrakəli olmaq bizə kömək edir ki, vəziyyətimiz dəyişəndə ona uyğunlaşmağı bacaraq. Bu dəyişikliklər gözləmədiyimiz çətinliklər yarada bilər. Məsələn, ola bilər ki, sağlamlığımızda qəfil ciddi problem yaransın, yaxud yaşadığımız ölkədə baş verən siyasi və iqtisadi dəyişikliklər ucbatından həyatımız alt-üst olsun (Vaiz 9:11). Hətta təşkilatın təyinatımızı dəyişməsi bizim üçün böyük dərd ola bilər. Növbəti dörd addım yeni vəziyyətə uyğunlaşmağa kömək edəcək: 1) reallığı qəbul etmək, 2) diqqətimizi gələcəyə cəmləmək, 3) fikrimizi müsbət şeylərə kökləmək və 4) başqaları üçün nəsə etmək. w23.07 s. 21—22, abz. 7, 8
Şənbə, 13 sentyabr
Sən çox istəkli bəndəsən (Dən. 9:23).
Babillilər Dənyalı yurd-yuvasından didərgin edib əsir aparanda o, çox gənc idi. Amma görünür, o, işğalçıların diqqətini çəkmişdi. Onlar «zahiri» amillərə — Dənyalın «eyibsiz, yaraşıqlı» və zadəgan ailədən olmasına fikir vermişdilər (1 İşm. 16:7). Elə buna görə də babillilər Dənyala təlim keçdilər ki, onların elit təbəqəsinə mənsub olsun (Dən. 1:3, 4, 6). Yehova isə Dənyalı Ona sadiq olduğuna görə sevirdi. Dənyalın haradasa 20 yaşı olanda Yehova onun adını Nuh və Əyyub kimi Ona uzun illər sədaqətlə xidmət etmiş insanlarla bir çəkmişdi (Yar. 5:32; 6:9, 10; Əyy. 42:16, 17; Hizq. 14:14). Dənyal sürdüyü uzun və gözəl ömrü boyu Yehova tərəfindən sevildi (Dən. 10:11, 19). w23.08 s. 2, abz. 1, 2