Ərəmya
38 Mattan oğlu Şəfətay, Fəşhur oğlu Qədali, Şələmya oğlu Yuqal+ və Məlkiyyə oğlu Fəşhur+ Ərəmyanın xalqa dediyi bu sözləri eşitdi: 2 «Yehova belə deyir: “Bu şəhərdə qalanlar qılıncdan, aclıqdan və azardan öləcək.+ Amma kim kəldanilərə təslim olsa, sağ qalacaq, canı onun üçün qənimət olacaq”.+ 3 Yehova belə deyir: “Bu şəhər Babil padşahının ordusuna təslim olacaq. O, şəhəri istila edəcək”».+
4 Əyanlar padşaha dedilər: «Qoy bu adam öldürülsün.+ O, bu sözlərlə şəhərdə qalan döyüşçüləri, habelə xalqı ruhdan salır. O, xalqa əmin-amanlıq yox, bəla arzulayır». 5 Sidqiyyə padşah dedi: «O sizin ixtiyarınızdadır. Padşah sizə mane ola bilməz».
6 Onda onlar Ərəmyanı şahzadə Məlkiyyənin Keşikçi həyətindəki quyusuna atdılar.+ Ərəmyanı ora kəndirlə salladılar. Quyuda su yox idi, quyu lil idi. Ərəmya lilə batmağa başladı.
7 Sarayda məmur olan həbəş Əbədməlik+ Ərəmyanın quyuya atılmasından xəbər tutdu. Bu vaxt padşah Binyamin darvazasında oturmuşdu.+ 8 Əbədməlik saraya gedib padşaha dedi: 9 «Ey ağam padşah, bu adamlar Ərəmya peyğəmbərə yamanlıq ediblər. Onu quyuya atıblar, o, orada acından öləcək, çünki şəhərdə çörək qalmayıb».+
10 Onda padşah həbəş Əbədməlikə əmr edib dedi: «Özünlə buradan otuz nəfər götür, nə qədər ki ölməyib, Ərəmya peyğəmbəri quyudan çıxart». 11 Əbədməlik özü ilə adamlar götürüb saraya, xəzinənin+ altındakı otağa girib oradan cır-cındır, əsgi götürdü və kəndirlə quyuya, Ərəmyanın yanına salladı. 12 Həbəş Əbədməlik Ərəmyaya dedi: «Cır-cındırı, əsgiləri kəndirin üstünə qoyub qoltuqlarının altına keçir». Ərəmya belə də etdi. 13 Onu kəndirlə çəkib quyudan çıxardılar. Ərəmya Keşikçi həyətində qaldı.+
14 Sidqiyyə padşah Ərəmya peyğəmbəri yanına, Yehovanın evindəki üçüncü girişə çağırtdırdı. Padşah Ərəmyaya dedi: «Səndən bir söz soruşmaq istəyirəm. Məndən heç nə gizlətmə». 15 Ərəmya Sidqiyyəyə dedi: «Desəm, məni öldürəcəksən. Məsləhət versəm, qulaq asmayacaqsan». 16 Onda Sidqiyyə padşah gizlicə Ərəmyaya and içib dedi: «Bu canı bizə verən Yehovaya and olsun, səni öldürməyəcəyəm, canının qəsdinə duran bu adamların əlinə verməyəcəyəm».
17 Onda Ərəmya Sidqiyyəyə dedi: «İsrailin Allahı, ordular Allahı Yehova belə deyir: “Əgər Babil padşahının əyanlarına təslim olsan, canını qurtaracaqsan və bu şəhərə od vurulmayacaq. Sən də, sənin ev əhlin də sağ qalacaq.+ 18 Yox əgər Babil padşahının əyanlarına təslim olmasan, bu şəhər kəldanilərin əlinə keçəcək, onlar şəhərə od vuracaq.+ Sən özün də onların əlindən qurtula bilməyəcəksən”».+
19 Onda Sidqiyyə padşah Ərəmyaya dedi: «Kəldanilərin tərəfinə keçən yəhudilərdən qorxuram. Birdən məni onların ixtiyarına verərlər, onlar da mənə divan tutarlar». 20 Amma Ərəmya dedi: «Səni onların ixtiyarına verməyəcəklər. Nə olar, dediyimə qulaq as, Yehovanın sözlərinə tabe ol. Onda xeyir taparsan, sağ qalarsan. 21 Təslim olmasan, gör başına nə gələcək. Yehova mənə bunu əyan edib: 22 Budur, Yəhuda padşahının sarayında qalan qadınları götürüb Babil padşahının əyanlarının+ yanına aparırlar. Qadınlar belə deyir:
“Dost bildiyin adamlar səni aldatdı, səni məğlub etdi.+
Onlar səni bataqlığa saldılar,
Özləri isə geri çəkilib qaçdılar”.
23 Bütün arvadların, oğulların kəldanilərə təslim ediləcək, sən özün də onların əlindən qurtula bilməyəcəksən. Babil padşahı səni tutacaq.+ Sənə görə bu şəhərə od vurub yandıracaqlar».+
24 Sidqiyyə Ərəmyaya dedi: «Heç kimin bu söhbətdən xəbəri olmasın, yoxsa ölərsən. 25 İşdir, əyanlar səninlə danışdığımdan xəbər tutub yanına gəlsələr, sənə: “Söylə bizə, padşaha nə dedin? Padşah sənə nə dedi? Heç nəyi gizlətmə, yoxsa səni öldürərik”,+ — desə, 26 onlara söyləyərsən: “Padşaha yalvarırdım ki, məni Yəhunatanın evinə qaytarmasın, orada ölməyim”».+
27 Üstündən bir qədər keçəndən sonra əyanlar Ərəmyanın yanına gəlib onu sorğu-suala tutdular. O, onlara padşahın əmr etdiyi kimi cavab verdi. Onlar daha Ərəmyaya heç nə demədilər, çünki o söhbəti heç kim eşitməmişdi. 28 Yerusəlimin zəbt olunduğu günədək Ərəmya Keşikçi həyətində qaldı.+ Yerusəlim zəbt olunan vaxt+ o, hələ də orada idi.