Davudun məzmuru.
103 Yehovaya alqış et, ey varlığım,
Ey vücudum, Onun müqəddəs adına alqış et!
 2 Yehovaya alqış et, ey varlığım,
Onun yaxşılıqlarını unutma.+
 3 Odur günahlarını bağışlayan,+
Dərdlərinə şəfa verən,+
 4 Odur sənin həyatını qəbirdən qurtaran,+
Başına məhəbbət, mərhəmət tacı qoyan.+
 5 O, səni ömrün boyu yaxşı nemətlərlə doyurur,+
Sən də qartal kimi təzələnirsən, cavanlaşırsan.+
 6 Yehova bütün məzlumlara
Haqq və ədalət göstərir.+
 7 O, yolunu Musaya,
İşlərini İsrail oğullarına əyan etdi.+
 8 Yehova mərhəmət, şəfqət sahibidir,+
Səbirlidir, məhəbbəti boldur.+
 9 Daim nöqsan axtarmaz,+
Əbədiyyən acıqlı qalmaz.+
10 Bizimlə günahlarımıza görə rəftar etmir,+
Təqsirlərimizə görə payımıza düşən cəzanı vermir.+
11 Çünki göylər yerdən nə qədər ucadırsa,
Məhəbbəti də Ondan qorxanlara o qədər böyükdür.+
12 Şərq qərbdən nə qədər uzaqdırsa,
Günahlarımızı bizdən o qədər uzaqlaşdırdı.+
13 Ata övladlarına necə rəhm edirsə,
Yehova Ondan qorxanlara elə rəhm edir.+
14 Çünki necə yarandığımızı yaxşı bilir,+
Torpaq olduğumuzu unutmur.+
15 Fani insanın ömrü ot ömrü kimi qısadır,+
Çəmən gülləri kimi çiçək açar,+
16 Üstündən yel əsən kimi yox olar,
Elə bil, heç vaxt o yerdə bitməyib.
17 Yehovanın məhəbbəti isə əbədiyyən
Ondan qorxanlarladır.+
Ədalətini onların nəvələrinə,+
18 Əhdinə bağlı qalanlara,+
Əmrlərini unutmayıb əməl edənlərə göstərir.
19 Yehova taxtını göylərdə bərqərar edib,+
O, hər şeyin üzərində hökmranlıq edir.+
20 Yehovaya alqış edin, ey Onun sözünü eşidib əməl edən+ qüdrətli mələkləri!
21 Yehovaya alqış edin, ey Onun bütün orduları,+
Ey Onun iradəsinə xidmət edənlər!+
22 Yehovaya alqış et, ey xilqət,
Onun hökmranlıq etdiyi hər yerdə!
Yehovaya alqış et, ey varlığım!