Romalılara
4 Elə isə, əcdadımız İbrahim haqqında nə deyək? O nə qazandı? 2 Əgər İbrahim əməllərinə görə saleh sayılsaydı, onun öyünməyə əsası olardı, ancaq Allahın qarşısında yox. 3 Müqəddəs Yazılar nə deyir? «İbrahim Yehovaya iman gətirdi və buna görə saleh sayıldı».+ 4 İşçiyə verilən maaş lütf yox, zəhmət haqqıdır. 5 Ancaq insan əməllərə arxalanmırsa, günahkarı saleh sayana iman gətirirsə, imanına görə saleh sayılır.+ 6 Davud da əməllərdən asılı olmayaraq, Allah tərəfindən saleh sayılan adamı xoşbəxt adlandırır: 7 «Xoşbəxtdir o kəs ki, təqsirləri bağışlanıb, günahları əfv edilib. 8 Xoşbəxtdir o kəs ki, Yehova onun günahlarını hesaba almır».+
9 Bəs bu xoşbəxtlik yalnız sünnətlilər üçündür, yoxsa sünnətsizlərə də aiddir?+ Axı biz deyirik ki, «İbrahim imanına görə saleh sayıldı».+ 10 O, nə vaxt saleh sayıldı? Sünnət olunandan sonra, yoxsa əvvəl? Sünnət olunandan sonra yox, əvvəl saleh sayıldı. 11 İbrahim hələ sünnət edilməmişdən əvvəl imanı ilə qazandığı salehliyin möhürü kimi* bir nişan aldı.+ Bu nişan sünnətdir. Beləcə, o, sünnətsiz halda iman gətirənlərin atası oldu+ ki, onlar da saleh sayılsınlar. 12 O həmçinin sünnət edilmiş nəslin: həm sünnətə sadiq qalmış, həm də özünün hələ sünnət edilməmişdən əvvəl sahib olduğu imanın yolunda yeriyənlərin atası oldu.+
13 Çünki dünyanın varisi olmaq vədi+ İbrahimə və onun övladlarına qanun vasitəsilə yox, imandan doğan salehlik vasitəsilə vəd edilmişdi.+ 14 Əgər qanuna riayət edənlər varis olsaydılar, onda iman mənasını itirər, vəd də ləğv olunardı. 15 Əslində, Qanun insanı Allahın qəzəbinə düçar edir,+ qanun olmayan yerdə cinayət də yoxdur.+
16 Buna görə də vəd imana görə lütf ilə verilmişdi+ ki, İbrahimin bütün övladları üçün:+ həm Qanuna riayət edənlər, həm də hamımızın atası olan İbrahim+ kimi iman gətirənlər üçün dəyişməz olsun. 17 (Axı yazılıb: «Mən səni seçdim ki, çoxlu xalqların atası olasan».)+ Bütün bunlar onun inandığı, ölülərə həyat verən, var olmayanı varmış kimi adlandıran* Allahın qarşısında baş verdi. 18 Vəziyyət ümidsiz görünsə də, o, ümidini üzmədi, iman etdi ki, çoxlu xalqların atası olacaq. O, bu sözlərə inanırdı: «Övladların o qədər olacaq».+ 19 İmanı zəifləməsə də, həm öz bədəninin ölü olduğunu (çünki təxminən yüz yaşında idi),+ həm də Saranın bətninin ölü olduğunu hesab edirdi.+ 20 Amma Allahdan vəd aldığına görə şəkk-şübhə etmədi, iman etdi. İmanı ona güc verdi və o, Allaha alqış etdi. 21 İbrahim tam əmin idi ki, Allah verdiyi vədi yerinə yetirməyə qadirdir.+ 22 Buna görə də «o, saleh sayıldı».+
23 «Saleh sayıldı» sözləri yalnız İbrahim üçün yazılmayıb,+ 24 bu sözlər həm də saleh sayılacaq bizlərdən ötrü yazılıb, çünki biz Ağamız İsanı dirildən Allaha inanırıq.+ 25 O, bizim günahlarımızdan ötrü ölümə təslim edildi+ və Allah onu bizim saleh bilinməyimiz üçün diriltdi.+