İKİNCİ İŞMUİL
1 Talut öldü. Əmaliqələri məğlub edib qayıdan Davud iki gün Sığlaqda+ qaldı. 2 Üçüncü gün Talutun ordugahından bir adam gəldi. O, yaxasını cırmış, başına torpaq tökmüşdü. Bu adam Davudun yanına gəldikdə üzüqoylu yerə döşəndi.
3 Davud ondan soruşdu: «Haradan gəlirsən?» O cavab verdi: «İsrail ordugahından qaçmışam». 4 Davud soruşdu: «Danış görüm vəziyyət nə yerdədir?» O dedi: «Döyüşçülər meydandan qaçdı, xeyli adam qırıldı. Talutla oğlu Yonatan da həlak oldu».+ 5 Davud ona xəbər gətirən cavandan soruşdu: «Bəs sən haradan bildin ki, Talutla oğlu Yonatan ölüb?» 6 O cavab verdi: «Təsadüfən Gilbu dağında idim.+ Talut da orada idi, nizəsinə söykənmişdi. Cəng arabaları və atlılar artıq onu haqlayırdı.+ 7 O boylanıb məni gördü və çağırdı. Mən: “Buyur, ağa”, — dedim. 8 O, mənim kim olduğumu soruşdu, mən də dedim ki, əmaliqəyəm+. 9 Sonra o, mənə dedi: “Yaxın gəl, məni öldür, çünki can verirəm”. 10 Mən də yaxınlaşıb onu öldürdüm.+ Bilirdim ki, belə ağır yaralardan sağ qalmayacaq. Sonra onun başındakı tacı, qolundakı qolbağı götürüb buraya, ağama gətirdim».
11 Onda Davud əl atıb yaxasını cırdı, yanındakı adamlar da elə etdilər. 12 Onlar Talut üçün, oğlu Yonatan üçün, Yehovanın xalqı və İsrail evi üçün nalə çəkib ağladılar və axşama qədər oruc tutdular.+ Çünki hamısı qılıncdan keçirilmişdi.
13 Davud xəbər gətirəndən soruşdu: «Haralısan?» O: «Mən qərib oğluyam, əmaliqəyəm», — dedi. 14 Onda Davud dedi: «Nə cürətlə Yehovanın məsh edilmişinə əl qaldırıb onu öldürdün?»+ 15 Bunu deyib Davud döyüşçülərindən birini səslədi: «Bunu vur öldür». Döyüşçü vurub əmaliqəni öldürdü.+ 16 Davud əmaliqəyə dedi: «Qoy qanın öz boynunda qalsın, çünki: “Mən Yehovanın məsh edilmişini öldürdüm”, — deyərək dilinlə öz əleyhinə şəhadət verdin».+
17 Davud Talutla oğlu Yonatan üçün ağı deyib mərsiyə oxudu.+ 18 Sonra tapşırdı ki, «Kaman» adlandırdığı bu mərsiyəni Yəhuda camaatına öyrətsinlər. Bu mərsiyə Yaşar kitabında yazılmışdır:+
19 «Ey İsrail, gözəlliyin uca yerlərdə məhv oldu,+
İgidlərin yerə sərildi!
20 Bunu Catda danışmayın,+
Aşkelonun küçələrində car çəkməyin,
Qoy Filişt qızları sevinməsin,
Sünnətsizlərin qızları bayram etməsin.
21 Ey Gilbu dağları,+
Üstünüzə şeh düşməsin, yağış yağmasın.
Qoy zəmilərin müqəddəs təqdimə yetişdirməsin.+
Çünki igidlərin qalxanı orada ləyaqətdən düşdü,
Talutun qalxanına artıq yağ çəkilmir.
22 Düşməni qanına qəltan etməmiş, igidlərin bədənini deşməmiş
Yonatanın kamanı yerinə dönməzdi,+
Talutun qılıncı boş qayıtmazdı.+
24 Ey İsrail qızları, Talut üçün ağlayın.
O, sizə al-qırmızı, bərli-bəzəkli libaslar geyindirirdi,
Libasınızı qızıllarla bəzəyirdi.
25 Ah, igidlər döyüşdə tələf oldu!
Yonatan uca yerlərdə həlak oldu!+
26 Qardaşım Yonatan, sənin üçün ürəyim yanır,
Sən mənə çox əziz idin.+
Sənin məhəbbətin mənim üçün qadın məhəbbətindən üstün idi.+
27 İgidlər yerə sərildi!
Silahlar məhv oldu!»
2 Sonra Davud Yehovadan soruşdu:+ «Yəhudaya gedim?» Yehova dedi: «Get». Davud yenə soruşdu: «Hansı şəhərinə gedim?» O cavab verdi: «Həbruna+». 2 Davud hər iki arvadını, yizrailli Ahnaamı+ və karmelli Nabalın dul qalmış arvadı Abiqayili+ götürüb Həbruna qalxdı. 3 Davudun yanındakı adamlar+ da öz külfətləri ilə birlikdə onunla getdi. Onlar Həbrunətrafı şəhərlərdə məskunlaşdılar. 4 Yəhudalılar gəlib Davudu Yəhuda əhli üzərində padşah olmaq üçün məsh etdilər.+
Davuda xəbər verdilər: «Talutu yabeş-giladlılar dəfn etdi». 5 Davud Yabeş-Gilada qasidlər göndərib dedi: «Yehova sizdən razı olsun. Siz hökmdarınız Taluta sədaqət göstərib onu dəfn etmisiniz.+ 6 Qoy Yehova da sizə məhəbbət və sədaqət göstərsin. Bu işinizin əvəzində mən də sizə yaxşılıq edəcəyəm.+ 7 Cəsur olun, qolunuza qüvvət gəlsin. Hökmdarınız Talut həlak olub. Yəhuda əhli məni məsh edib öz üzərində padşah qoyub».
8 Talutun ordu başçısı Nur oğlu Abnur+ Talutun oğlu İşboşeti+ götürüb Mahanayimə+ keçmişdi. 9 Onu Gilad+, aşurlular, Yizrail+, Əfraim+, Binyamin və bütün İsrailin üzərində padşah qoymuşdu. 10 Talut oğlu İşboşet İsrailin padşahı olanda qırx yaşında idi. O, iki il hakimiyyət sürdü. Lakin Yəhuda əhli Davudun tərəfində idi.+ 11 Davud Həbrunda Yəhuda əhli üzərində yeddi il altı ay padşah oldu.+
12 Bir dəfə Nur oğlu Abnur və Talut oğlu İşboşetin əyanları Mahanayimdən+ Gibyona+ getdilər. 13 Sərya+ oğlu Yuab+ da Davudun əyanları ilə gedib Gibyondakı çarhovuzun yanında onlarla qarşı-qarşıya gəldi. Bir dəstə çarhovuzun bu tərəfində, o biri dəstə isə digər tərəfində əyləşdi. 14 Axırda Abnur Yuaba dedi: «Qoy cavanlar qalxıb qabağımızda vuruşsunlar». Yuab dedi: «Qoy vuruşsunlar». 15 Binyamindən, Talut oğlu İşboşetin tərəfindən on iki nəfər və Davudun adamlarından on iki nəfər qalxdı və qarşı-qarşıya düzüldü. 16 Onlar bir-birinin başından yapışdı, hər biri qılıncını qarşısındakının böyrünə sapladı, hamısı yerə sərildi. Gibyondakı bu yer Həlkət-Hassurim* adlandı.
17 O gün çox şiddətli döyüş oldu. Sonda Abnur və israillilər Davudun adamlarına məğlub oldular. 18 Səryanın+ üç oğlu Yuab+, Abşay+ və Asail+ də orada idi. Asail cüyür kimi ayaqdan iti idi. 19 Asail Abnuru qovmağa başladı. O, sağa-sola dönmədən düz onun ardınca qaçırdı. 20 Abnur arxaya boylanıb soruşdu: «Asail, sənsən?» O: «Mənəm», — dedi. 21 Abnur ona dedi: «Mənim dalımca düşmə. Bu cavanlardan birini tut, nəyi varsa, özünə götür». Lakin Asail əl çəkmədi. 22 Abnur yenə Asailə dedi: «Bəsdir məni təqib etdin. Vadar eləmə ki, səni öldürüm. Sonra qardaşın Yuabın üzünə necə baxaram?» 23 Lakin o əl çəkmədi. Onda Abnur nizəsinin arxa ucunu onun qarnına elə sapladı+ ki, nizə belindən çıxdı. O yıxılıb yerindəcə keçindi. Asailin yıxılıb öldüyü yerə gələnlər orada ayaq saxlayırdılar.
24 Yuabla Abşay Abnurun dalınca düşdülər. Gün batanda onlar Gibyon çölü yolunda, Giahla üzbəüz olan Əmmah təpəsinə çatdılar. 25 Binyaminlilər Abnurun ətrafında toplanıb dəstə ilə təpənin başında durdular. 26 Abnur Yuabı səslədi: «Bu qılınc nə qədər qanlar axıdacaq? Məgər bilmirsən ki, bunun axırı pis qurtaracaq? Nə vaxt bu xalqa deyəcəksən ki, qardaşlarından əl çəksinlər?» 27 Yuab dedi: «Allaha and olsun, əgər sən dillənməsəydin, səhərə qədər heç kim qardaşlarını qovmaqdan əl çəkməyəcəkdi». 28 Yuab şeypur çaldı, onun adamları təqibi dayandırdı və döyüş bitdi.
29 Abnur adamları ilə bütün gecəni Ərəbə+ boyunca irəlilədi, İordan çayını keçdi və yarğanı* ötərək gəlib Mahanayimə+ çatdı. 30 Yuab Abnurun təqibini dayandırandan sonra xalqı bir yerə topladı. Davudun xidmətçilərindən, Asaili çıxmaq şərtilə, on doqquz nəfər əskik idi. 31 Davudun xidmətçiləri binyaminliləri və Abnurun adamlarını məğlub etmişdilər. Onlardan 360 nəfər ölmüşdü. 32 Asaili+ götürüb Beytləhmdə+, atasının qəbrində dəfn etdilər. Yuab adamları ilə durub bütün gecəni yol getdi və gün doğanda Həbruna+ çatdı.
3 Talut evi ilə Davud evi arasında müharibə uzandı. Davud getdikcə güclənir,+ Talut evi isə zəifləyirdi.+
2 Bu aralarda, Davudun Həbrunda oğulları doğuldu.+ İlkini yizrailli Ahnaamdan+ doğulan Əmnun+ idi. 3 İkincisi karmelli Nabalın dul qalmış arvadı Abiqayildən+ doğulan Kilab*, üçüncüsü Qəşur padşahı Talmayın+ qızı Məkahdan doğulan Absalam+, 4 dördüncüsü Haqqitdən doğulan Əduniyyə+, beşincisi Abitaldan doğulan Şəfətay, 5 altıncısı Davudun arvadı İqlədən doğulan İsram. Bunlar Davudun Həbrunda doğulan oğulları idi.
6 Talut evi ilə Davud evi arasında çəkişmə davam edirdi. Bu arada Abnur+ Talut evində öz mövqeyini möhkəmləndirirdi. 7 Talutun Rispa+ adında cariyəsi var idi, o, Ayahın qızı idi. Bir dəfə İşboşet+ Abnura dedi: «Niyə atamın cariyəsi ilə yaxınlıq etmisən?»+ 8 Abnur İşboşetin bu sözündən bərk qəzəbləndi. O dedi: «Məgər mən Yəhuda köpəyiyəm? Bu günə kimi atan Talutun evinə, onun qardaşlarına və dostlarına sadiq olmuşam, səni Davuda satmamışam. Sən isə bu gün mənimlə bir qadının söhbətini edirsən. 9 Əgər Yehovanın Davuda and içdiyi kimi+ etməsəm, 10 padşahlığı Talut evindən alıb Davudun taxtını Dandan tutmuş Biir-Səbaya qədər İsrail və Yəhuda üzərində bərqərar etməsəm, qoy onda Allah məni cəzalandırsın».+ 11 İşboşet qorxusundan Abnura cavab vermədi.+
12 Abnur dərhal Davudun yanına qasidlər göndərib dedi: «Bu məmləkət kimindir? Gəl mənimlə əhd bağla, onda mən əlimdən gələni edib İsraili sənin tərəfinə döndərəcəyəm».+ 13 Davud cavab verdi: «Lap yaxşı. Səninlə əhd bağlayaram. Amma bir şərtim var: mənimlə görüşə gələndə Talutun qızı Məkyalı+ gətirməlisən, yoxsa mənim üzümü görməyəcəksən». 14 Davud Talutun oğlu İşboşetin+ yanına qasidlər göndərib dedi: «Yüz filiştlinin* sünnət əti bahasına nişanlandığım arvadım Məkyalı mənə ver».+ 15 İşboşet adam göndərib Məkyalı əri Layiş oğlu Fəltaildən*+ aldı. 16 Əri ağlaya-ağlaya Bahurimə+ qədər onun dalınca getdi. Sonra Abnur ona dedi: «Qayıt dala!» O qayıtdı.
17 Bu arada, Abnur İsrail ağsaqqallarına xəbər göndərib müraciət etdi: «Xeyli vaxtdır siz istəyirdiniz ki, Davud üzərinizdə padşah olsun. 18 İndi durun, çünki Yehova Davuda demişdi: “Mən qulum Davudun+ əli ilə xalqım İsraili filiştlilərin və bütün düşmənlərinin əlindən qurtaracağam”». 19 Sonra Abnur binyaminlilərə+ müraciət etdi. Həmçinin Davudla gizlində söhbət etmək, İsrailin və bütün Binyamin əhlinin razılaşdığını ona danışmaq üçün Həbruna gəldi.
20 Abnur iyirmi nəfərlə Həbruna Davudun yanına gələndə Davud onlar üçün ziyafət qurdu. 21 Abnur Davuda dedi: «İcazə ver gedim, bütün İsraili hökmdarım üçün toplayım, onlar səninlə əhd bağlasınlar, sən də bütün İsrail üzərində padşah olarsan». Davud Abnuru buraxdı, o da çıxıb sağ-salamat yola düşdü.
22 Bu vaxt Davudun adamları ilə Yuab yürüşdən qayıtdılar. Onlar özlərilə çoxlu miqdarda qənimət gətirmişdilər. Abnur isə Həbrunda Davudun yanında deyildi, çünki Davud onu sağ-salamat yola salmışdı. 23 Yuab+ qoşunu ilə gəlib çatanda ona xəbər verdilər: «Nur+ oğlu Abnur+ padşahın yanına gəlmişdi. Padşah onu buraxdı, o da sağ-salamat çıxıb getdi». 24 Yuab padşahın yanına gəlib dedi: «Sən nə etdin?! Abnur öz ayağı ilə bura gəlmişdi. Niyə onu sağ-salamat buraxdın? 25 Məgər sən Nur oğlu Abnuru tanımırsan? O, bura səni aldatmağa, sənin hər addımını, hər bir işini öyrənməyə gəlmişdi».
26 Yuab Davudun yanından çıxdı və Abnurun dalınca qasidlər göndərdi. Onu Sirah hovuzunun yanından geri qaytardılar. Davudun bunlardan xəbəri yox idi. 27 Abnur Həbruna qayıdarkən+ Yuab gizlində söhbət etmək bəhanəsilə onu darvazanın içinə çəkdi və qardaşı Asailin qanına görə+ qılıncı onun qarnına soxub öldürdü.+ 28 Davud sonradan bunu eşidəndə dedi: «Mən və padşahlığım Nur oğlu Abnurun qanına görə+ Yehovanın önündə əbədi olaraq günahsızıq. 29 Qoy bu günah Yuabla atasının evi üzərində olsun.+ Qoy Yuabın evindən heç vaxt ifrazatdan+ və cüzamdan+ əzab çəkən, iplik əyirən kişi*, qılıncdan ölən, çörəyə möhtac olan əskik olmasın!»+ 30 Beləcə, Yuabla qardaşı Abşay+ Abnuru+ qətlə yetirdilər, çünki o, Gibyondakı döyüşdə onların qardaşı Asaili öldürmüşdü.+
31 Davud Yuaba və onunla olan camaata dedi: «Yaxanızı cırın, çula bürünün və Abnur üçün ağlaşın». Davud padşah mafənin ardınca gedirdi. 32 Abnuru Həbrunda dəfn etdilər. Padşah qəbir üstündə ucadan ağladı, bütün xalq da ona qoşulub ağladı. 33 Padşah Abnur üçün mərsiyə dedi:
«Məgər Abnur axmaq adamtək ölməli idi?
34 Əllərin bağlanmamışdı,
Ayaqlarına qandal vurulmamışdı,
Cinayətkarlar önündə yıxılan adamtək həlak oldun».+
Onda xalq yenidən ağladı.
35 Gün hələ batmamışdı. Camaat gəlib Davuda çörək təklif etdi ki, bir az toxtasın. Amma Davud and içdi: «Əgər günəş batmazdan öncə dilimə çörək və ya başqa bir şey vursam, qoy Allah məni cəzalandırsın!»+ 36 Xalq bunu gördü. Padşahın bütün işləri kimi, bu iş də hamının xoşuna gəldi. 37 O gün bütün xalq və bütün İsrail başa düşdü ki, padşah Nur oğlu Abnurun qətlində günahkar deyil.+ 38 Padşah xidmətçilərinə dedi: «Bilin, bu gün İsraildə sərdar və böyük insan həlak olub.+ 39 Bu gün mən padşah olaraq məsh edilsəm də,+ gücsüzəm. Bu adamlarsa, Səryanın oğulları+ çox qəddardır.+ Qoy Yehova pis adamın pisliyinin əvəzini versin».+
4 Talut oğlu İşboşet+ Abnurun Həbrunda öldüyünü+ eşidəndə qolları sustaldı. Bütün İsraili qorxu bürüdü. 2 Talutun oğlunun basqınçı dəstələrində başçı olan iki adamı var idi. Onlardan birinin adı Bəənnah, digərinin adı Rəhab idi. Onlar Binyamin qəbiləsindən biirotlu Rimmunun oğulları idilər. (Biirot+ Binyaminin bir hissəsi sayılır. 3 Biirotlular Gitaimə+ qaçmışdılar və bu günədək onlar orada qərib kimi yaşayırlar.)
4 Talut oğlu Yonatanın+ bir çolaq oğlu var idi.+ Yizraildən+ Talutla Yonatanın qara xəbəri gələndə o, beş yaşında idi. Dayəsi onu qucağına alıb qaçmışdı. Təlaş içində qaçarkən uşaq əlindən düşüb şikəst olmuşdu. Uşağın adı Mefiboşet+ idi.
5 Biirotlu Rimmunun oğulları Rəhabla Bəənnah günün qızmar çağında İşboşetin evinə getdilər. Günorta olduğundan İşboşet dincəlirdi. 6 Rəhab və qardaşı Bəənnah+ buğda götürmək adıyla evə girib xəncəri onun qarnına soxdular və qaçıb getdilər. 7 Onlar içəri girəndə İşboşet yataq otağında, çarpayıda uzanmışdı. Onu vurub öldürdülər, başını kəsdilər və başını götürüb bütün gecəni Ərəbə yolu ilə getdilər. 8 İşboşetin+ başını Həbrunda Davuda gətirib dedilər: «Budur, canının qəsdinə duran+ düşmənin+ Talut oğlu İşboşetin başı. Bu gün Yehova Talutdan və onun övladlarından hökmdarımızın qisasını aldı».
9 Lakin Davud biirotlu Rimmunun oğulları Rəhabla qardaşı Bəənnaha belə dedi: «Canımı bəlalardan qurtaran+ Yehovaya and olsun, 10 gəlib mənə “Talut öldü” deyən adam,+ elə bilirdi ki, mənə muştuluq gətirib. Mən onu Sığlaqda öldürdüm.+ Qasidin məndən aldığı mükafat bu oldu. 11 İndi şər adamlar saleh insanı öz evində yatdığı yerdə öldürübsə, gör onların aqibəti necə olacaq! Mən onun qanının qisasını alıb+ sizi dünyadan yox edəcəyəm!» 12 Davud adamlarına onları öldürməyi əmr etdi.+ Onlar bu iki nəfərin əl-ayağını kəsib Həbrundakı çarhovuzun yanında asdılar.+ İşboşetin isə başını götürüb Həbrunda, Abnurun qəbrində dəfn etdilər.
5 Bir müddət sonra İsrailin bütün qəbilələri Həbruna+ Davudun yanına gəlib dedilər: «Ətimiz, qanımız birdir.+ 2 Əvvəllər Talut padşahımız olanda İsraili yürüşlərə sən aparıb-gətirirdin.+ Yehova da sənə demişdi: “Xalqım İsrailə sən çobanlıq edəcəksən* və bütün İsrailin başçısı sən olacaqsan”».+ 3 Beləcə, bütün İsrail ağsaqqalları Həbruna padşahın yanına gəldilər. Davud padşah Həbrunda Yehovanın önündə onlarla əhd bağladı.+ Sonra onlar Davudu məsh edib İsrailin padşahı etdilər.+
4 Davud padşah olanda otuz yaşında idi. O, qırx il hakimiyyət sürdü.+ 5 Yeddi il altı ay Həbrunda Yəhuda üzərində, otuz üç il də Yerusəlimdə+, bütün İsrail və Yəhuda üzərində padşah oldu. 6 Padşah və adamları Yerusəlimdə yaşayan yəbusilərin+ üstünə yürüşə getdilər. Yəbusilər rişxəndlə Davuda dedilər: «Heç vaxt bura girə bilməzsən. Adi korlarla çolaqlar səni qovacaqlar». Onlar elə fikirləşirdilər ki, Davud ora girə bilməyəcək.+ 7 Davud isə indi Davud şəhəri+ adlanan Sion qalasını ələ keçirdi. 8 Həmin gün Davud dedi: «Yəbusilərə hücum edənlər yeraltı su xəndəyindən keçib Davudun nifrət etdiyi o “çolaqları və korları” öldürməlidir!» Buna görə deyirlər: «Korlarla çolaqlar heç vaxt bu evə girməyəcək!» 9 Sonra Davud qalada məskən saldı və ora Davud şəhəri adlandı*. Davud Təpədən*+ içəriyə doğru olan sahəni tikməyə başladı.+ 10 Beləcə, Davud getdikcə gücləndi.+ Ordular Allahı Yehova onunla idi.+
11 Sur padşahı Hiram+ Davuda qasidlər, həmçinin sidr ağacları+, dülgərlər, bənnalar göndərdi. Onlar Davud üçün saray tikməyə başladılar.+ 12 Davud başa düşdü ki, Yehova onun taxt-tacını İsraildə möhkəmləndirib,+ xalqı İsrail naminə+ yüksəldib.+
13 Davud Həbrundan Yerusəlimə gələndən sonra da cariyələr+ və arvadlar aldı, onun başqa oğulları və qızları oldu.+ 14 Onun Yerusəlimdə doğulan uşaqları bunlardır: Şamu, Şobab, Natan+, Süleyman+, 15 İbhar, Əlişu, Nafiq, Yafya, 16 Əlşama, Əlyada, Əlfəlit.
17 Filiştlilər eşitdilər ki, Davud İsraildə padşah olub.+ Bütün filiştlilər onu axtarmağa çıxdılar.+ Davud bunu eşidəndə qalaya getdi.+ 18 Filiştlilər gəlib Rəfayim dərəsinə səpələndilər.+ 19 Davud Yehovadan soruşdu:+ «Filiştlilərin üstünə gedim? Onları mənə təslim edəcəksən?» Yehova Davuda cavab verdi: «Get, Mən filiştliləri mütləq sənə təslim edəcəyəm».+ 20 Davud Baal-Farisimə gəlib onları qırdı. O dedi: «Yehova sel kimi önümdə gedib düşmən səflərini yarıb keçdi».+ Buna görə də o, həmin yeri Baal-Farisim*+ adlandırdı. 21 Filiştlilər bütlərini orada atıb qaçmışdılar; Davud və adamları onları apardılar.
22 Filiştlilər yenə gəlib Rəfayim dərəsinə səpələndilər.+ 23 Davud Yehovaya müraciət etdi. Allah dedi: «Üstlərinə qarşıdan getmə, arxalarından dolanıb baka kollarının qabağında hücuma keç. 24 Baka kollarının baş tərəfində ayaq səsləri eşidəndə cəld hərəkətə keç. Bil ki, Yehova Filişt ordusunu qırmaq üçün önündə gedir». 25 Davud Yehovanın buyurduğu kimi etdi. Gibadan+ Cəzərə+ qədər olan bütün yol boyu filiştliləri qırıb yerə sərdi.+
6 Davud yenidən İsrailin bütün say-seçmə döyüşçülərini topladı, 30 000 nəfər toplandı. 2 Sonra Davud adamları ilə Allahın sandığını gətirmək üçün Baali-Yəhudaya yollandı.+ (Xalq sandığın önündə taxtını kərrublar üzərində* quran+ ordular Allahı Yehovanı+ çağırır.) 3 Onlar Allahın sandığını təzə arabaya qoyub+ Əbunədəbin təpədə olan evindən çıxartdılar.+ Əbunədəbin oğulları Üzzah və Əxyu arabanın qabağında gedirdi.
4 Beləcə, onlar Allahın sandığını Əbunədəbin təpədə olan evindən apardılar. Əxyu sandığın önündə gedirdi. 5 Davud və bütün İsrail əhli Yehovanın önündə şənlik edir, ardıc ağacından olan cürbəcür alətlərdə, çəngdə, başqa telli alətlərdə+, qavalda+, şax-şaxda və sincdə+ çalırdılar. 6 Gələ-gələ Naxonun xırmanına çatdılar. Orada heyvanlar az qalmışdı sandığı aşırsın. Üzzah tez əlini uzadıb Allahın sandığını tutdu.+ 7 Onda Yehova Üzzaha bərk qəzəbləndi, hörmətsizlik etdiyinə görə+ Allah onu vurdu.+ O, Allahın sandığının yanındaca öldü. 8 Davud Yehovanın Üzzaha qəzəbləndiyinə görə dilxor oldu*. Həmin yer bu günədək Farəs-Üzzah* adlanır. 9 O gün Davud Yehovadan qorxub+ dedi: «Yehovanın sandığı yanıma necə gətirilə bilər?»+ 10 O, Yehovanın sandığını özünün yaşadığı yerə, Davud şəhərinə+ gətirmək istəmədi. Onu catlı Abid-Ədumun evinə göndərdi.+
11 Yehovanın sandığı üç ay catlı Abid-Ədumun evində qaldı. Yehova Abid-Ədumun, onun külfətinin başına bərəkət yağdırdı.+ 12 Davud padşaha xəbər gəldi: «Yehova Öz sandığına görə Abid-Ədumun ev-eşiyinə bərəkət verib». Onda Davud Allahın sandığını Davud şəhərinə gətirmək üçün şənlik edə-edə Abid-Ədumun evinə getdi.+ 13 Yehovanın sandığını daşıyanlar+ altı addım atandan sonra Davud bir buğa və bir bəslənmiş heyvanı qurban kəsdi.
14 Davud əyninə kətan döşlük geyinib böyük bir coşqu ilə Yehovanın önündə rəqs edirdi.+ 15 Davud və bütün İsrail əhli Yehovanın sandığını+ şeypur səsi+ və sevinc harayları altında+ gətirirdilər. 16 Yehovanın sandığı Davud şəhərinə daxil olanda Talutun qızı Məkyal+ pəncərədən baxırdı. O, Davud padşahın Yehovanın önündə rəqs etdiyini, hoppanıb-düşdüyünü görəndə Davud onun gözündən düşdü.+ 17 Yehovanın sandığını gətirib Davudun ondan ötrü qurduğu çadırın içindəki yerinə qoydular.+ Sonra Davud Yehovanın hüzurunda yandırma+ və ünsiyyət qurbanları+ təqdim etdi.+ 18 Davud yandırma və ünsiyyət qurbanları gətirdikdən sonra ordular Allahı Yehovanın adı ilə xalqa xeyir-dua verdi. 19 Sonra bütün xalqa, bütün İsrail toplantısına, hər kişiyə və qadına bir halqavarı çörək, bir xurma lavaşanası və bir kişmiş lavaşanası verdi. Sonra camaat dağılışıb hərə öz evinə getdi.
20 Davud öz külfətinə də xeyir-dua vermək üçün evinə dönəndə Talutun qızı Məkyal+ onu qarşılamağa çıxdı. O dedi: «Gör bu gün İsrailin padşahı özünü necə ucaltdı! O, başıboş bir adam kimi, əyanlarının qarabaşları qabağında soyundu».+ 21 Onda Davud Məkyala dedi: «Mən Yehovanın önündə şənlənirdim. Yehova sənin atanın və onun evinin yerinə məni seçib Öz xalqı İsrailin üzərində hökmdar qoydu.+ Buna görə mən Yehovanın önündə şənlənəcəyəm. 22 Özümü bundan da aşağı tutacağam və öz gözümdə daha da kiçiləcəyəm. Amma dediyin o qul-qarabaşların gözündə ucalacağam». 23 Buna görə də Talutun qızı Məkyalın+ ölənə qədər uşağı olmadı.
7 Padşah artıq öz evində məskunlaşdı+ və Yehova ona ətrafındakı bütün düşmənlərin əlindən rahatlıq verdi. 2 Onda o, Natan+ peyğəmbərə dedi: «Mən burada sidr ağacından olan+ evdə yaşayıram, Allahın sandığı isə çadırda qalır».+ 3 Natan padşaha dedi: «Ürəyində nə niyyət tutmusan, onu da et. Yehova səninlədir».+
4 Həmin gecə Yehovanın sözü Natana nazil oldu: 5 «Get qulum Davuda söylə ki, Yehova belə deyir: “Sən Mənə ev tikəcəksən ki, orada yaşayım?+ 6 İsraili Misirdən çıxartdığım gündən bəri Mən heç bir evdə qalmamışam.+ Ancaq çadırda+, alaçıqda oraya-buraya köçmüşəm. 7 İsraillə getdiyim bütün bu vaxt ərzində xalqımın üzərində çobanlıq etməyə qoyduğum qəbilə başçılarından hansı birinə bir dəfə də olsun “niyə Mənə sidr ağacından ev tikməmisiniz?” demişəm?” 8 Qulum Davuda söylə ki, ordular Allahı Yehova belə deyir: “Səni sürüləri otardığın otlaqlardan+ götürüb xalqım İsrailin başçısı qoymuşam.+ 9 Hara getsən, səninlə olacağam,+ düşmənlərini önündən yox edəcəyəm,+ sənin adını dünyadakı böyük adamların adı kimi böyük edəcəyəm.+ 10 Xalqım İsrail üçün bir yer təyin edib onu orada məskunlaşdıracağam. Onlar orada yaşayacaq və daha heç vaxt onları narahat edən olmayacaq, keçmişdə olduğu kimi zalımlar daha onları sıxışdırmayacaq.+ 11 Xalqım İsrail üzərində hakimlər qoyduğum+ günlərdən bəri olduğu kimi, bədxahlar daha onlara zülm etməyəcək. Səni bütün düşmənlərin əlindən qurtaracağam.+
Yehova həmçinin sənə demişdi ki, Yehova sənin sülaləni davamlı edəcək.+ 12 Ömrün tamam olub+ əcdadlarına qovuşmaq vaxtın çatanda səndən sonra sənin övladını*, oğlunu ortaya çıxaracağam, onun taxt-tacını bərqərar edəcəyəm.+ 13 Mənim adıma o, ev tikəcək.+ Mən də onun padşah taxtını əbədi bərqərar edəcəyəm.+ 14 Mən ona ata olacağam, o da Mənə oğul olacaq.+ Səhv edəndə onu insan dəyənəyi ilə, bəşər* övladının kötəyi ilə tərbiyə edəcəyəm.+ 15 Sənin qarşından götürdüyüm Talutdan lütfümü kəsdiyim kimi,+ ondan kəsməyəcəyəm. 16 Evin və səltənətin əbədiyyən asayişdə olacaq. Taxtın əbədi duracaq”».+
17 Natan bütün bu sözləri və vəhyi Davuda nəql etdi.+
18 Onda padşah Davud içəri girib Yehovanın önündə oturdu. O dedi: «Ey Külli-İxtiyar Yehova! Mən kiməm, əsil-nəcabətim kimdir ki, məni bu yerə gətirib çıxartmısan?+ 19 Ey Külli-İxtiyar Yehova, hələ üstəlik, quluna onun evinin uzaq gələcəyi barədə danışırsan. Ya Külli-İxtiyar Yehova, dediyin bu sözlər bütün bəşəriyyət üçün bir qanundur. 20 Bu qulun Davud Sənə nə deyə bilər, Sən ki məni yaxşı tanıyırsan,+ ya Külli-İxtiyar Yehova! 21 Sən bütün bu möhtəşəm işləri sözün xatirinə və ürəyinin niyyətinə görə etmisən, sonra onları quluna açmısan.+ 22 Doğrudan, Sən əzəmətlisən,+ ey Külli-İxtiyar Yehova! Sənin mislin yoxdur,+ Səndən başqa Allah yoxdur.+ Bütün eşitdiklərimiz buna sübutdur. 23 Dünyada xalqın İsrailə bənzər başqa xalq varmı?+ Ey Allah, onları Öz xalqın bilib azad etdin,+ onlardan ötrü əzəmətli, möhtəşəm işlər gördün,+ adını ucaltdın.+ Misirdən azad etdiyin ümmətin uğrunda xalqları, onların allahlarını qovdun. 24 İsraili həmişəlik Özünə xalq etdin.+ Ey Yehova, Özün də onların Allahı oldun.+
25 Ey Yehova Allah! Vəd etdiyin kimi et, qoy bu qulun və onun evi barədə verdiyin vəd həmişə gerçək olsun.+ 26 Qoy adın əbədilik ucalsın!+ Qoy hamı: “Ordular Allahı Yehova İsrailin Allahıdır!” — desin. Qoy qulun Davudun evi Sənin önündə möhkəm dursun.+ 27 Çünki Sən, ey İsrailin Allahı, ey ordular Allahı Yehova, quluna əyan elədin: “Sənin sülaləni bərqərar edəcəyəm”.+ Ona görə qulun Sənə bu duanı etməyə cəsarət tapdı. 28 Ey Külli-İxtiyar Yehova, Sən haqq Allahsan, sözlərin haqdır.+ Sən bu gözəl şeyləri quluna vəd etdin. 29 Qulunun evini mübarək qıl! Qoy o, əbədiyyən Sənin önündə dursun.+ Külli-İxtiyar Yehova, bunu Sən vəd etdin və qoy bu qulunun evi Sənin bəxşişlərinlə əbədi mübarək olsun!»+
8 Bir müddət sonra Davud filiştliləri+ məğlub edib onları özünə tabe etdirdi.+ Davud Mətiq-Əmmahı filiştlilərin əlindən aldı.
2 O, muabiləri məğlub etdi.+ Onları sıra ilə yerə uzadıb ölçü ipi ilə ölçdü. İki ölçü ipi uzunluğundakı qismi öldürdü, bir ölçü ipi uzunluğundakı qismi sağ saxladı.+ Muabilər Davuda tabe olub ona xərac verdilər.+
3 Sobah+ padşahı Rəhubun oğlu Hədadzər Fərat çayı bölgəsində öz hakimiyyətini bərpa etməyə gedərkən Davud onu məğlub etdi.+ 4 Davud onun 1700 süvarisini və 20 000 piyada əsgərini əsir aldı. Sonra Davud 100 qoşqu atını saxlayıb qalanlarını şikəst etdi.+
5 Dəməşq+ aramiləri Sobah padşahı Hədadzərə köməyə gələndə Davud onların 22 000 döyüşçüsünü qırdı.+ 6 Davud Dəməşq Aramına keşikçi dəstələri yerləşdirdi və aramilər Davuda tabe olub ona xərac verdilər. Davud hara gedirdisə, Yehova ona qələbə verirdi.+ 7 Bundan əlavə, Davud Hədadzərin xidmətçilərinin qızıl qalxanlarını götürüb Yerusəlimə apardı.+ 8 Davud padşah Hədadzərin Betah və Berotay şəhərlərindən külli miqdarda mis götürdü.
9 Həməs+ padşahı Tuy eşitdi ki, Davud Hədadzərin bütün ordusunu məğlub edib.+ 10 Tuy Davuddan hal-əhval tutmaq, Hədadzərlə döyüşdə qalib gəlməsi münasibətilə onu təbrik etmək üçün oğlu Yuramı onun yanına yolladı. (Çünki Hədadzər tez-tez Tuyla döyüşürdü.) O, Davuda gümüşdən, qızıldan, misdən bəxşişlər gətirdi. 11 Davud padşah bu bəxşişləri digər qızıl və gümüşlə birgə Yehova üçün ayırdı. Bu qızıl-gümüşü özünə tabe etdiyi xalqlardan:+ 12 Aramdan, Muabdan+, əmunilərdən, filiştlilərdən+, əmaliqələrdən+ və Sobah padşahı Rəhub oğlu Hədadzərdən qənimət götürmüşdü.+ 13 Davud Duz vadisində 18 000 ədumini qırıb qayıdanda da şöhrətləndi.+ 14 O, Ədumda keşikçi dəstələri yerləşdirdi. Ədumun hər tərəfində keşikçi dəstələri yerləşdirdi və ədumilər Davuda qulluq etməyə başladılar.+ Davud hara gedirdisə, Yehova ona qələbə verirdi.+
15 Davud bütün İsrail üzərində hakimiyyət sürürdü.+ O, bütün xalqa haqq-ədalətlə+ rəhbərlik edirdi.+ 16 Sərya oğlu Yuab+ ordu başçısı idi. Əxilud oğlu Yəhuşafat+ salnaməçi idi. 17 Əxitub oğlu Sadıq+ və Əbyatar oğlu Əximəlik kahin idi, Sərəyah isə katib idi. 18 Yəhyaday oğlu Bənayi+ kəritilərin və fələslilərin+ başçısı idi. Davudun oğulları isə baş əyanlar idilər.
9 Davud dedi: «Talut evindən kimsə qalıb? Yonatanın xatirinə ona yaxşılıq edim».+ 2 Talut evindən Zibah adlı bir qulluqçu var idi.+ Onu Davudun yanına çağırdılar. Padşah ondan soruşdu: «Zibah sənsən?» O: «Bəli, qulluğunda hazıram», — deyə cavab verdi. 3 Padşah soruşdu: «Talut evindən kimsə qalıb, ona Allahın məhəbbətini göstərim?» Zibah cavab verdi: «Yonatanın bir oğlu qalıb; iki ayağından şikəstdir».+ 4 Padşah soruşdu: «O haradadır?» Zibah dedi: «Lə-Dibərdə, Əmail oğlu Mahirin+ evindədir».
5 Davud padşah dərhal adam göndərib onu Lə-Dibərdən, Əmail oğlu Mahirin evindən gətirtdi. 6 Talut oğlu Yonatanın oğlu Mefiboşet Davudun yanına gəldi və gələn kimi üzüstə yerə döşəndi. Davud dedi: «Mefiboşet!» O cavab verdi: «Bəli, ağam. Qulluğunda hazıram». 7 Davud ona dedi: «Qorxma. Atan Yonatanın xətrinə sənə lütf göstərəcəyəm,+ baban Talutun bütün torpaqlarını sənə qaytaracağam. Sən həmişə mənim süfrəmdə çörək yeyəcəksən».+
8 Mefiboşet təzim edib dedi: «Axı mən qulun kiməm ki, mənim kimi ölü bir köpəyə+ lütf göstərirsən?» 9 Padşah Talutun qulluqçusu Zibahı çağırtdırıb ona dedi: «Ağan Taluta və evinə məxsus hər şeyi ağanın nəvəsinə verirəm.+ 10 Sən, oğulların və qulların onun üçün torpağı becərəcəksiniz, məhsulu yığacaqsınız. Bu, ağanın ailəsi üçün azuqə olacaq. Ağanın nəvəsi Mefiboşet isə həmişə mənim süfrəmdə yeyəcək».+
Zibahın on beş oğlu və iyirmi qulluqçusu var idi.+ 11 Zibah padşaha dedi: «Hökmdarım bu quluna nə əmr edibsə, qulun hamısını yerinə yetirəcək». Beləcə, Mefiboşet şahzadə kimi Davudun süfrəsində* çörək yeyirdi. 12 Mefiboşetin balaca oğlu var idi. Onun adı Mikə idi.+ Zibahın evində yaşayanların hamısı Mefiboşetin qulluqçusu oldu. 13 Mefiboşet Yerusəlimdə yaşayıb həmişə padşahın süfrəsində çörək yeyirdi.+ O, iki ayağından şikəst idi.+
10 Əmunilərin+ padşahı öldü, onun yerinə oğlu Hanun taxta çıxdı.+ 2 Davud dedi: «Nahaş vaxtikən mənə yaxşılıq eləmişdi. İndi gərək mən də onun oğlu Hanuna yaxşılıq edim». Davud Hanuna başsağlığı vermək üçün bir neçə xidmətçisini onun yanına göndərdi. Lakin Davudun adamları əmunilərin məmləkətinə gələndə 3 əmunilərin əmirləri öz ağaları Hanuna dedilər: «Elə bilirsən ki, Davud sənin atana hörmət elədiyi üçün başsağlığı göndərib? Davud xidmətçilərini casusluq etmək, şəhəri gözdən keçirib yıxmaq üçün göndərib». 4 Hanun Davudun adamlarının saqqalının bir tərəfini qırxdı,+ paltarlarını qurşaqdan aşağı kəsib geri göndərdi. 5 Bunu Davuda xəbər verdilər. Davud onları qarşılamağa adam göndərdi, çünki onlar çox biabırçı halda idilər. Padşah onlara dedi: «Saqqalınız uzanana qədər Ərihada+ qalın, sonra gələrsiniz».
6 Əmunilər Davudu qəzəbləndirdiklərini anladılar. Onlar Beyt-Rəhub+ və Sobah+ aramilərindən 20 000 piyada döyüşçünü, Məkah+ padşahını 1000 adamı ilə və İştubdan 12 000 adamı muzdla tutdular.+ 7 Bu xəbər Davuda çatanda o, Yuabı, bütün ordunu və igidləri davaya göndərdi.+ 8 Əmunilər çıxıb şəhər darvazasının ağzında düzüldülər. Sobah və Rəhub aramiləri İştub və Məkahdan gələnlərlə birgə ayrıca düzənlikdə durmuşdular.
9 Yuab hücum qüvvələrinin qabaqdan və arxadan onun üstünə gəldiyini görəndə İsrailin seçmə qoşunlarını ayırıb aramilərə qarşı düzdü.+ 10 O, ordunun qalan hissəsini qardaşı Abşaya+ tapşırdı. Onlar əmunilərə+ qarşı düzülməli idilər. 11 Yuab qardaşına dedi: «Əgər aramilər məni üstələsələr, sən mənə köməyə gələrsən, əgər əmunilər səni üstələsələr, mən sənə köməyə gələrəm. 12 Biz xalqımız və Allahımızın şəhərləri naminə mətin, cəsur olmalıyıq.+ Yehova da necə məsləhət bilərsə, elə edər».+
13 Yuab qoşunu ilə aramilərin üstünə hücuma keçdi. Onlar onun önündən qaçdılar.+ 14 Əmunilər aramilərin qaçdığını görəndə Abşayın qabağından geri çəkilib şəhərə girdilər. Yuab əmunilərlə döyüşdən sonra Yerusəlimə qayıtdı.
15 İsrail tərəfindən basılan aramilər yenidən bir yerə toplaşdılar.+ 16 Hədadzər+ adam göndərib çay* bölgəsindəki+ aramiləri çağırdı. Onlar Hədadzərin ordu başçısı Şobaqın başçılığı altında Helama gəldilər.
17 Bunu Davuda xəbər verdilər. O, dərhal bütün İsraili topladı, İordanı keçib Helama gəldi. Aramilər Davuda qarşı düzülüb onunla döyüşdülər.+ 18 Ancaq aramilər İsrailin qabağından qaçdılar. Davud aramilərin 700 arabaçısını və 40 000 süvarisini qırdı, onların ordu başçısı Şobaqı vurub öldürdü.+ 19 Hədadzərin tabeliyində olan padşahlar İsrailə məğlub olduqlarını görəndə İsraillə sülh bağlayıb ona tabe oldular.+ Aramilər bir daha cürət edib əmunilərə köməyə gəlmədilər.
11 İlin əvvəlində*, padşahlar yürüşə çıxan vaxt Davud Yuabı, adamlarını və bütün İsrail ordusunu əmuniləri məhv etməyə göndərdi. Onlar Rabbahı mühasirəyə aldılar.+ Davud isə Yerusəlimdə qalmışdı.+
2 Bir axşam Davud yatağından qalxıb sarayın damında var-gəl edirdi. Damdan baxanda bir çimən qadın gördü. Qadın çox gözəl idi. 3 Davud adam göndərdi ki, qadının kim olduğunu öyrənsin. Ona xəbər gətirdilər: «Bu, het+ Uryayın+ arvadı, Əlyamın+ qızı Badsəbadır+». 4 Davud onun dalınca adam göndərdi.+ Qadın gəldi. Davud onunla yaxınlıq etdi.+ (Onda qadının murdarlıqdan* təmizlənmə vaxtı idi.)+ Sonra qadın evinə qayıtdı.
5 Qadın boylu qaldı, Davuda xəbər göndərib hamilə olduğunu bildirdi. 6 Davud adam yollayıb Yuaba: «Het Uryayı yanıma göndər», — dedi. Yuab Uryayı Davudun yanına göndərdi. 7 Uryay Davudun yanına gəldi. Davud ondan Yuabın, qoşunların vəziyyətini soruşdu, müharibənin gedişatı ilə maraqlandı. 8 Sonra Uryaya dedi: «Get evinə dincəl». Uryay padşahın evindən çıxdı. Padşah onun dalınca sovqat* göndərdi. 9 Amma Uryay padşahın qulluqçuları ilə sarayın girişində yatdı, evinə getmədi. 10 Uryayın evə getmədiyini Davuda bildirdilər. Onda Davud Uryaya dedi: «Yoldan gəlməmisən? Nə üçün evinə getmirsən?» 11 Uryay Davuda cavab verdi: «Sandıq+, İsrail, Yəhuda çardaqlarda qala-qala, ağam Yuab və hökmdarımın qulları çöl-biyabanda ordugah qurduqları bir vaxt mən necə evimə gedib yeyim, içim, arvadımla yatım?+ Padşah sağ olsun, canın haqqı, mən belə şey etmərəm!»
12 Davud Uryaya dedi: «Bu gün də burada qal. Sabah səni yola salaram». Uryay o gün də, o birisi gün də Yerusəlimdə qaldı. 13 Sonra Davud onu yanına çağırdı və onunla yeyib-içdi. Onu sərxoş olanacan içirtdi. Amma axşam o, ağasının qulluqçuları ilə bir yerdə, yatağında yatdı, evinə getmədi. 14 Səhər Davud Yuaba məktub yazıb Uryayla göndərdi. 15 Məktubda yazmışdı: «Uryayı ön xəttə, döyüşün ən şiddətli yerinə qoyun, özünüzsə yanından çəkilin. Qoy onu vurub öldürsünlər».+
16 Yuab şəhəri güclü nəzarət altında saxlayırdı. O, igid döyüşçülərin harada olduğunu bilirdi. Uryayı həmin yerə qoydu. 17 Şəhərin kişiləri çıxıb Yuabla döyüşdülər. Davudun adamlarından ölənlər oldu. Onların arasında het Uryay da var idi.+ 18 Yuab müharibənin gedişatı barədə Davuda yerli-yataqlı məlumat göndərdi. 19 O, qasidi öyrədib dedi: «Döyüş barədə padşaha hər şeyi danışandan sonra, 20 ola bilsin, padşah qəzəblənib desin: “Nə üçün şəhərə bu qədər yaxın gedib vuruşdunuz? Bilmirdiniz ki, onlar divarın üstündən sizə ox atacaqlar? 21 Yərubəşitin+ oğlu Əbuməliki kim vurmuşdu?+ Təbəzdə divarın üstündən dəyirman daşı atıb onu öldürən qadın deyildi? Nə üçün divara o qədər yaxın getdiniz?” Onda deyərsən: “Qulun het Uryay da öldü”».
22 Qasid gedib Yuabın tapşırdığı hər şeyi Davuda danışdı. 23 Qasid Davuda dedi: «Onların adamları bizə güc gəldilər, şəhərdən çıxıb üstümüzə həmlə etdilər. Amma biz onları darvazanın ağzına qədər geri qovduq. 24 Oxçular divarın üstündən qullarını oxa tutdular. Qullarından ölənlər oldu. Qulun het Uryay da öldü».+ 25 Davud qasidə dedi: «Yuaba deyərsən ki, ürəyini sıxmasın. Qılınc gah birini vurur, gah o birisini. Qoy şəhərə qarşı hücumu gücləndirib onu alsın.+ Bu sözlərlə onu ruhlandır».
26 Uryayın arvadı ərinin ölüm xəbərini alanda onun üçün yas tutdu. 27 Yas müddəti bitən kimi Davud adam göndərib onu evinə gətizdirdi. O, Davudun arvadı oldu+ və ona oğul doğdu. Amma Davudun bu əməli Yehovaya çox ağır getdi.+
12 Yehova Natanı+ Davudun yanına göndərdi. Natan Davudun yanına gəlib+ belə bir əhvalat danışdı: «Bir şəhərdə iki kişi var idi. Onlardan biri varlı, o birisi kasıb idi. 2 Varlı kişinin saysız-hesabsız sürüləri, naxırları var idi.+ 3 Kasıbın isə aldığı balaca quzudan savayı heç nəyi yox idi.+ Kişi bu quzunu bəsləyir, öz yanında böyüdür, oğullarından ayırmırdı. Quzuya öz tikəsindən yedizdirir, onu öz camından içizdirir, qoynunda yatızdırırdı. Quzu ona doğma qızı kimi idi. 4 Bir gün varlı kişinin qonağı gəldi. Ancaq kişi qonağına yemək hazırlamaq üçün öz sürüsündən, naxırından heyvan qıymadı, gedib kasıbın quzusunu kəsdi, qonağı üçün yemək hazırladı».+
5 Bunu eşitcək Davudun kişiyə qəzəbi alovlandı. O, Natana dedi: «Yehovaya and olsun,+ bu kişi ölümə layiqdir! 6 İnsafsızlıq etdiyinə görə quzunun əvəzini dörd qat ödəməlidir».+
7 Natan Davuda dedi: «Həmin adam sənsən! İsrailin Allahı Yehova belə deyir: “Mən səni məsh edib İsrailə padşah qoydum.+ Səni Talutun əlindən qurtardım.+ 8 Sənə ağanın evini verdim.+ Ağanın arvadlarını qoynuna saldım.+ İsrail və Yəhuda nəsillərini sənə verdim.+ Bu, az idisə, bundan artığını edərdim.+ 9 Nə üçün sən Yehovanın sözünü tapdalayıb Onun önündə pis iş tutdun? Het Uryayı qılıncın ağzına verdin!+ Onu əmunilərin qılıncı ilə öldürüb+ arvadını özünə arvad etdin.+ 10 Sən ki Mənə xor baxıb het Uryayın arvadını özünə arvad etdin, bundan sonra evindən qılınc əskik olmayacaq”.+ 11 Yehova belə deyir: “Öz evinin içindən başına bəla gətirəcəyəm.+ Gözün görə-görə arvadlarını götürüb başqasına verəcəyəm,+ o, günün günorta çağı arvadlarınla yatacaq.+ 12 Sən gizlində etdin,+ Mən isə bunu günün günorta çağı bütün İsrailin gözü qarşısında edəcəyəm”».
13 Davud Natana dedi: «Yehovaya qarşı günah etmişəm».+ Natan Davuda cavab verdi: «Yehova günahından keçir.+ Sən ölməyəcəksən.+ 14 Amma bu hərəkətinlə Yehovaya qarşı böyük hörmətsizlik göstərdiyin üçün doğulan oğlun öləcək».
15 Natan öz evinə getdi.
Yehova Davudun Uryayın arvadından doğulan uşağının canına azar saldı. 16 Davud uşağa görə Allaha yalvarmağa başladı. Oruc tutdu, otağına girib bütün gecəni yerdə sərili qaldı.+ 17 Evinin ağsaqqalları başına toplaşıb onu yerdən qaldırmaq istədilər. Ancaq o qalxmadı, onlarla çörək yemədi. 18 Yeddinci gün körpə öldü. Davudun xidmətçiləri uşağın öldüyünü ona deməyə qorxdular. Onlar deyirdilər: «Uşaq hələ sağ olanda onu dilə tutduq, amma o, bizə qulaq asmadı. İndi ona necə deyək ki, uşaq ölüb. Əlindən bir xəta çıxar».
19 Davud əyanlarının öz aralarında pıçıldaşdığını görəndə başa düşdü ki, uşaq ölüb. Onlardan soruşdu: «Uşaq ölüb?» Onlar: «Bəli», — deyə cavab verdilər. 20 Onda Davud yerdən qalxdı, yuyunub ətirli yağla yağlandı,+ paltarlarını dəyişdi və Yehovanın evinə gedib+ səcdə qıldı. Sonra evinə qayıdıb yemək istədi. Yemək gətirdilər və o yedi. 21 Əyanları dedilər: «Sən niyə belə edirsən? Uşaq sağ olanda oruc tutub ağlayırdın, öləndə isə qalxıb çörək yeyirsən». 22 O dedi: «Tifil sağ olanda oruc tutub+ ağlayırdım, fikirləşirdim, kim bilir, bəlkə, Yehova mənə rəhm edib onu sağ saxladı.+ 23 İndi isə uşaq ölüb, daha nə üçün oruc tutum? Məgər onu qaytara biləcəyəm?+ O daha mənim yanıma qayıdan deyil,+ mən onun yanına gedəcəyəm».+
24 Davud arvadı Badsəbanı+ ovundurdu. Onun otağına gedib onunla yaxınlıq etdi. Vədəsi tamam olanda qadın bir oğlan doğdu. Uşağın adını Süleyman*+ qoydular. Uşaq Yehovaya çox əziz oldu.+ 25 Allah Natan+ peyğəmbəri göndərib uşağın adını Yədidyə* qoydu. Çünki uşaq Yehovaya çox əziz idi.
26 Yuab əmunilərin+ Rabbah şəhərinə+ qarşı vuruşurdu. O, padşah şəhərini tutdu+ 27 və Davuda qasid göndərib dedi: «Rabbaha qarşı döyüşüb+ şəhərin su mənbələrini* ələ keçirmişəm. 28 İndi qalan qoşunları topla, gəl şəhərə qarşı ordugah qur. Yoxsa şəhəri mən alacağam, qələbə mənim adıma yazılacaq».
29 Davud qoşunu yığıb Rabbahın üstünə getdi və hücum edib şəhəri aldı. 30 O, Məlkumun başından qızıl tacı götürdü. Qızılın çəkisi bir talant* idi, tac daş-qaşla bəzədilmişdi. Tacı Davudun başına qoydular. O həm də şəhərdən çoxlu qənimət ələ keçirdi.+ 31 Şəhərin əhalisini köçürdü. Onları daş kəsən mişarlarla, kəsici dəmir alətlərlə, dəmir baltalarla görülən işlərə və kərpic hazırlama işinə təhkim etdi. O, əmunilərin bütün şəhərlərində belə etdi. Axırda Davud qoşunu ilə birlikdə Yerusəlimə qayıtdı.
13 Davudun oğlu Absalamın Tamar adında bir gözəl bacısı var idi.+ Davudun oğlu Əmnun+ ona aşiq olmuşdu. 2 Əmnun bacısı Tamarın dərdindən dəli-divanə idi. Qız bakirə olduğundan ona əl dəymək Əmnuna müşkül görünürdü. 3 Əmnunun Yəhunədab+ adında dostu var idi. Yəhunədab Davudun qardaşı Şimyahın+ oğlu idi, özü də yaman hiyləgər idi. 4 O, Əmnuna dedi: «Görəsən, şahzadə niyə günü-gündən saralıb solur? Bəlkə, dərdini açıb deyəsən?» Əmnun dedi: «Qardaşım Absalamın bacısı Tamara aşiq olmuşam».+ 5 Yəhunədab ona dedi: «Get yatağına uzan, özünü naxoşluğa vur. Atan sənə baş çəkməyə gələndə ona de: “Qoy bacım Tamar gəlib mənə yemək versin. Qoy o, gözümün qabağında naxoş yeməyi hazırlasın, mən də onun əlindən yeyim”».
6 Əmnun uzanıb özünü naxoşluğa vurdu. Padşah Əmnuna baş çəkməyə gələndə o dedi: «Qoy bacım Tamar gəlib gözümün qabağında iki kökə bişirsin, mən də onun əlindən yeyim». 7 Davud Tamara xəbər göndərdi: «Qardaşın Əmnunun evinə get, ona yemək bişir». 8 Tamar qardaşı Əmnunun evinə gəldi, o, yataqda idi. Qız xəmir yoğurdu, onun gözünün qabağında kökə bişirdi. 9 Kökələri tavadan götürüb onun qabağına gətirdi. Amma Əmnun yemədi. O dedi: «Hamı buradan çıxsın!» Hamı çıxdı.
10 Əmnun Tamara dedi: «Yeməyi mənim yataq otağıma apar. Orada sənin əlindən yeyim». Tamar bişirdiyi kökələri götürüb qardaşı Əmnunun yataq otağına apardı. 11 Yaxınlaşıb onu yedizdirmək istəyəndə Əmnun qızı tutub dedi: «Gəl yatağıma, bacım». 12 Amma qız ona dedi: «Yox, qardaş! Namusumu ləkələmə. İsraildə belə şey etmək olmaz.+ Bu cür binamusluq etmə.+ 13 Bu ləkəni üstümdən necə silərəm? Sənin özünə də İsraildə biqeyrət deyərlər. Məni padşahdan istə, o, yox deməz». 14 Amma Əmnun qızın sözünə məhəl qoymadı. O, qızı zorlayıb namusunu ləkələdi. 15 Sonra Əmnunun qızdan zəhləsi getdi. Belə ki, onun qıza nifrəti sevgisindən güclü oldu. Əmnun ona dedi: «Dur, rədd ol!» 16 Qız ona dedi: «Yox, qardaş. Məni qovmağın başıma gətirdiyin pislikdən də betər olar!» Lakin Əmnun qıza qulaq asmadı.
17 Əmnun nökəri çağırıb dedi: «Bunu buradan çıxar, qapını da dalınca bağla». 18 (Qız bakirə şah qızlarının geydiyi naxışlı* xələtdə idi.) Əmnunun nökəri qızı bayıra çıxarıb dalınca qapını bağladı. 19 Tamar başına kül ələdi,+ nəfis xələtinin yaxasını cırdı. Başına döyə-döyə, ağlaya-ağlaya çıxıb getdi.
20 Absalam+ bacısından soruşdu: «Sənə qardaşın Əmnun toxunub? Eybi yoxdur, bacı, sakitləş. O, sənin qardaşındır.+ Çox ürəyinə salma». Beləliklə, Tamar tənhalığa çəkilib qardaşı Absalamın evində yaşadı. 21 Bu hadisə Davud padşahın qulağına çatanda o, bərk qəzəbləndi.+ Amma o, Əmnunun xətrinə dəymədi. Çünki onu çox sevirdi. Əmnun onun ilk oğlu idi. 22 Absalam da Əmnuna bir kəlmə olsun, nə yaxşı, nə pis söz demədi. Amma bacısı Tamarın namusuna toxunduğu üçün+ Əmnuna kin saxlayırdı.+
23 Üstündən iki il keçdi. Absalam Əfraimin+ yaxınlığında, Baal-Həzurda qoyunlarını qırxdırırdı. Absalam şahzadələrin hamısını ora dəvət etmişdi.+ 24 O, padşahın yanına gəlib dedi: «Bu qulun qoyunlarını qırxır. Xahiş edirəm, qoy padşah əyanları ilə ora, yanıma təşrif buyursun». 25 Padşah isə Absalama dedi: «Yox, bala. Hamımız getsək, sənə yük olarıq». Absalam padşahı dilə tutsa da, o razılaşmadı, ancaq ona xeyir-dua verdi. 26 Onda Absalam dedi: «İndi ki sən getmirsən, heç olmasa qoy qardaşım Əmnun bizimlə getsin».+ Padşah ona dedi: «O, nə üçün sizinlə getsin?» 27 Lakin Absalamın təkidindən sonra padşah Əmnunu və bütün şahzadələri onunla göndərdi.
28 Absalam nökərlərinə əmr etdi: «Sərvaxt olun, elə ki Əmnun şərabdan meyxoş oldu, sizə “Əmnunu vurun” deyəcəyəm. Siz də onu vurub öldürərsiniz. Qorxmayın. Bu, mənim əmrimdir. Möhkəm, cəsur olun». 29 Nökərlər Absalamın tapşırdığı kimi, vurub Əmnunu öldürdülər. Onda o biri şahzadələr öz qatırlarına minib qaçdılar. 30 Onlar hələ yolda olanda Davuda xəbər gəldi: «Absalam bütün şahzadələri öldürüb, biri də sağ qalmayıb». 31 Bunu eşitcək padşah qalxıb yaxasını cırdı və yerə sərildi. Bütün əyanlar yaxalarını cırıb onun yanında durdular.
32 Davudun qardaşı Şimyahın+ oğlu Yəhunədab+ dedi: «Ağam bütün şahzadələrin öldüyünü zənn etməsin. Təkcə Əmnun ölüb.+ Bu, Absalamın əmri olub.+ Əmnun onun bacısı Tamarın namusunu ləkələdiyi gündən o, bu niyyətdə idi.+ 33 Ağam padşah, “bütün şahzadələr ölüb” sözünü ürəyinə salma, təkcə Əmnun ölüb».
34 Absalam isə qaçıb getmişdi.+ Gözətçi başını qaldırıb baxanda gördü ki, arxadakı yoldan, dağın yamacından böyük bir dəstə gəlir. 35 Yəhunədab+ padşaha dedi: «Budur, şahzadələr qayıdır. Bu qulunun dediyi düz çıxdı». 36 O, sözünü qurtarar-qurtarmaz şahzadələr hönkürə-hönkürə içəri daxil oldular. Padşah da, əyanları da hönkürürdülər. 37 Absalam qaçıb Qəşur padşahı Amihud oğlu Talmayın+ yanına getdi. Davud xeyli müddət oğlu üçün yas saxladı. 38 Qəşura+ qaçan Absalam üç il orada yaşadı.
39 Vaxt keçdi, Davud padşah Əmnunun ölümü ilə barışdı. O, Absalamı görmək istədi.
14 Sərya oğlu Yuab+ anladı ki, padşahın ürəyi Absalama tərəf meyillənib.+ 2 Yuab Təquha+ adam göndərib oradan ağıllı bir qadın gətirtdi və ona dedi: «Özünü yaslı kimi apar, yas paltarı geyin, özünə ətirli yağ vurma.+ Özünü elə göstər ki, guya uzun müddətdir kiminçünsə yas saxlayırsan. 3 Sonra padşahın yanına gedib belə-belə de». Yuab ona nə deməli olduğunu öyrətdi.
4 Təquhlu qadın padşahın yanına getdi, hüzurunda üzüqoylu yerə döşənib dedi: «Ya hökmdar, dadıma yetiş!» 5 Padşah ondan soruşdu: «Dərdin nədir?» Qadın cavab verdi: «Ərim vəfat edib, dul qalmışam. 6 Ey ağam, mənim iki oğlum var idi. Bir dəfə çöldə davaları düşdü. Orada heç kim yox idi ki, onları ayırsın. Biri vurub o birisini öldürdü. 7 İndi bütün nəsil üstümə qalxıb ki, bəs qardaş qatilini ver, ondan qardaşının intiqamını alaq.+ Onun vərəsə olub-olmamağının bizə heç bir dəxli yoxdur. Onlar ocağımın olan-qalan közünü də söndürəcəklər. Ərimin yer üzündə nə adı, nə də yadigarı qalacaq».
8 Padşah qadına dedi: «Evinə qayıt. Sənin işinə əncam çəkəcəyəm». 9 Təquhlu qadın padşaha dedi: «Ya hökmdar, qoy günah mənim və atamın evinin boynuna olsun. Padşah da, taxtı da təqsirsizdir». 10 Padşah dedi: «Kim sənə bir söz desə, onu yanıma gətir. Bir də hünər edib səni incidə bilməz». 11 Amma qadın dedi: «Ey padşah, Allahın Yehovanı yadından çıxarma. Qoyma qan intiqamçısı+ bundan da böyük fəlakət gətirsin, oğlumu məhv etsin». Padşah dedi: «Yehovaya and olsun,+ oğlunun başından bir tük də əskik olmayacaq». 12 Qadın dedi: «Ya hökmdar, izin ver, qarabaşın sənə bir söz söyləsin». Padşah: «Söylə!» dedi.
13 Qadın dedi: «Bəs nə üçün sən Allahın xalqına+ qarşı belə bir şey etmək fikrinə düşmüsən? Padşah, sən belə deməklə özünü müqəssir edirsən. Çünki qaçaq düşmüş oğlunu geri qaytarmırsan.+ 14 Hamımız torpağa töküləndən sonra yığmaq mümkün olmayan su kimi ölüb gedəcəyik. Ancaq Allah canı almır, O çarə edir ki, qovulmuş adam həmişəlik Ondan ayrı düşməsin. 15 Ey padşah, camaat məni qorxutduğu üçün mən gəlib dərdimi sənə ərz etdim. Bu qarabaşın fikirləşdi ki, “gedim, padşaha danışım. Yəqin o, qarabaşının xahişini yerə salmaz. 16 Padşah qulaq asar, ocağımı söndürüb məni və tək oğlumu Allahın verdiyi mirasdan məhrum etmək istəyənlərin əlindən bu qarabaşını qurtarar”.+ 17 Bu qarabaşın öz-özünə dedi: “Qoy ağam hökmdar məni arxayın etsin”. Çünki hökmdarım xeyirlə şəri ayırd etməkdə Allahın mələyi kimidir. Qoy Allahın Yehova sənə yar olsun».
18 Padşah qadına dedi: «Səndən bir şey soruşacağam, amma məndən heç nəyi gizlətmə». Qadın: «Soruş, hökmdar», — dedi. 19 Padşah soruşdu: «Bu, Yuabın işidir?»+ Qadın cavab verdi: «Padşah sağ olsun, elədir ki var. Qulun Yuab bütün bu sözləri mənə öyrədib. 20 O, belə etdi ki, sən məsələyə başqa tərəfdən baxasan. Ağam hökmdar Allahın mələyi kimi müdrikdir, məmləkətdə baş verən hər şeydən halidir».
21 Padşah Yuaba dedi: «Yaxşı. Mən bunu edəcəyəm.+ Get, o cavanı, Absalamı geri gətir».+ 22 Yuab üzüqoylu yerə döşəndi və padşaha alqış oxuyub dedi: «Bu gün quluna məlum oldu ki, o, sənin gözündə lütf tapıb, ey hökmdar. Çünki sən qulunun xahişini yerə salmadın». 23 Yuab qalxıb Qəşura+ getdi və Absalamı Yerusəlimə gətirdi. 24 Ancaq padşah dedi: «Qoy o, öz evinə getsin, gözümə görünməsin». Absalam öz evinə getdi və padşahın gözünə görünmədi.
25 Absalamın yaraşığı dillər əzbəri idi, bütün İsraildə onun kimisi yox idi. Təpədən dırnağa kimi onda bircə dənə də eyib yox idi. 26 Saçları ona ağırlıq etdiyindən hər ilin axırı saçını kəsirdi. Hər dəfə başını qırxanda saçı sarayın çəki daşıyla* iki yüz şekel* gəlirdi. 27 Absalamın üç oğlu+ və Tamar adında bir qızı var idi. O, çox gözəl qız idi.
28 Absalam iki il Yerusəlimdə yaşadı, amma padşahın gözünə görünmədi.+ 29 O, Yuabı padşahın yanına göndərmək üçün yanına çağırtdırdı. Lakin Yuab gəlmədi. İkinci dəfə də adam göndərib onu çağırtdırdı, Yuab yenə də gəlmədi. 30 Onda Absalam qulluqçularına dedi: «Yuabın sahəsi mənim sahəmin yanındadır. Orada arpa bitib. Gedin zəmiyə od vurun». Absalamın nökərləri gedib zəmini odladılar. 31 Yuab Absalamın evinə gəlib dedi: «Nə üçün nökərlərin zəmimi yandırıblar?» 32 Absalam Yuaba dedi: «Sənə xəbər göndərdim ki, durub gələsən, səni padşahın yanına göndərim. Sən də ona deyəsən: “Nə üçün mən Qəşurdan gəldim?+ Orada qalsaydım, bundan yaxşı olardı. Padşah, izin ver, hüzuruna gəlim. Əgər günahım varsa, məni öldür”».
33 Yuab padşahın yanına gedib onunla danışdı. Padşah Absalamı çağırdı. O, padşahın hüzuruna gəldi, önündə üzüqoylu yerə döşəndi. Padşah Absalamı öpdü.+
15 Bütün bunlardan sonra Absalam özü üçün cəng arabası və atlar hazırladı, həmçinin qabağında qaçmağa əlli adam qoydu.+ 2 Absalam səhər tezdən qalxıb şəhər darvazasına gedən yolun kənarında dururdu.+ İşini padşah divanına gətirən adam+ görən kimi, onu çağırıb soruşurdu: «Hansı şəhərdənsən?» O da: «Bu qulun İsrailin filan qəbiləsindəndir», — deyə cavab verirdi. 3 Absalam ona deyirdi: «Sən haqlısan. Amma padşahın adamları arasında sənin işinə baxacaq kəs yoxdur». 4 Sonra deyirdi: «Kaş məni bu ölkədə hakim qoyardılar. Onda kimin nə işi, nə şikayəti olardısa, yanıma gələrdi, mən də onun işinə ədalətlə baxardım».
5 Kimsə yaxınlaşıb ona təzim etmək istəyəndə Absalam əlini uzadıb onu tutur və öpürdü.+ 6 İşini padşah divanına gətirən bütün israillilərlə Absalam belə edirdi. Bu yolla Absalam israillilərin ürəyini ələ alırdı.+
7 Dörd ilin* sonunda Absalam padşahdan xahiş etdi: «İzin ver, Həbruna+ gedim, Yehovaya dediyim nəziri yerinə yetirim. 8 Mən Aram Qəşurunda yaşayanda+ nəzir edib demişdim:+ “Əgər Yehova məni Yerusəlimə qaytarsa, Yehovaya qurban kəsəcəyəm”». 9 Padşah ona dedi: «Get, yolun avand olsun». O durub Həbruna getdi.
10 Absalam bütün İsrail qəbilələrinə casuslar göndərib dedi: «Şeypur səsini eşidən kimi: “Absalam Həbrunda+ padşah oldu!” — deyə car çəkin». 11 Yerusəlimdən dəvət etdiyi 200 nəfər də Absalamla birlikdə ora getmişdi, amma onlar ora təmiz niyyətlə getmişdilər, heç nədən xəbərləri yox idi. 12 Absalam qurban təqdim edəndə Giloya+, Davudun məsləhətçisi+ gilolu Əxtufilin+ dalınca adam göndərdi. Sui-qəsd quranlar get-gedə güclənirdi. Absalamın tərəfdarlarının sayı çoxalırdı.+
13 Bir qasid Davudun yanına gəlib dedi: «İsraillilər Absalama meyil salıb». 14 Onda Davud Yerusəlimdə olan bütün əyan-əşrəfinə dedi: «Durun qaçaq,+ yoxsa heç birimiz Absalamın əlindən sağ çıxmayacağıq! Cəld olun, yoxsa o, qəfildən üstümüzü kəsdirib başımıza bəla açar, şəhəri qılıncdan keçirər!»+ 15 Onda əyanları dedilər: «Ey padşah, nə əmr etsən, qulluğunda hazırıq».+ 16 Padşah bütün ev əhli ilə çıxdı, təkcə on cariyəsini+ evə baxmaq üçün saxladı. 17 Padşah bütün adamları ilə birlikdə getdi. Onlar Beyt-Mərhaqda dayandılar.
18 Padşahla gedən bütün əyanlar, kəritilər, fələslilər,+ Catdan+ onunla birlikdə gəlmiş 600 catlı+ keçib gedirdi, padşah da onları nəzərdən keçirirdi. 19 Padşah catlı İttaya+ dedi: «Sən niyə bizimlə gedirsən? Qayıt təzə padşahın yanında qal. Sən yadellisən, onsuz da yurd-yuvandan didərgin düşmüsən. 20 Dünən gəlmisən, bu gün səni özümlə sərgərdan edim? Başımı götürüb gedəcəyim yerlərə özümlə sürükləyim? Soydaşlarını* da götür, qayıt. Qoy Yehova Öz məhəbbətini, vəfasını səndən əsirgəməsin!»+ 21 Amma İttay padşaha dedi: «Yehovaya and olsun, padşahın canı haqqı, ölmək də varsa, qalmaq da varsa, səninlə gedəcəyəm!»+ 22 Davud İttaya+ dedi: «Onda gəl keç». Catlı İttay bütün adamları və uşaqları ilə birlikdə o taya keçdi.
23 Camaat o taya keçərkən əhali hönkür-hönkür ağlayırdı. Padşah Qidron vadisinin+ yanında durmuşdu. Hamı o taya keçib səhra yoluna çıxdı. 24 Sadıq+ da orada idi, Allahın Əhd sandığını+ daşıyan lavililər+ onun yanında idi.+ Onlar Allahın sandığını yerə qoydular. Bütün camaat şəhərdən çıxıb vadini keçənədək Əbyatar+ orada durdu. 25 Padşah Sadığa dedi: «Allahın sandığını şəhərə qaytar.+ Əgər Yehovanın gözündə lütf tapsam, O, məni geri qaytarıb sandığı, onun məskənini görməyimə izin verəcək.+ 26 Yox əgər lütf tapmasam, qoy mənimlə necə istəyir, elə də rəftar eləsin». 27 Padşah kahin Sadığa dedi: «Sən ki görücüsən.+ Əbyatarla birlikdə şəhərə qayıdın, oğlun Əximası və Əbyatarın oğlu Yonatanı da özünüzlə götürün.+ Salamat gedin. 28 Sizdən bir xəbər gələnədək mən çöllüyün keçidlərində gözləyəcəyəm».+ 29 Sadıqla Əbyatar Allahın sandığını götürüb Yerusəlimə qayıtdılar və orada qaldılar.
30 Davud başıörtülü, ayaqyalın ağlaya-ağlaya Zeytun dağına+ qalxırdı. Onun yanındakılar da başlarını örtüb ağlaya-ağlaya gedirdilər. 31 Davuda xəbər gətirdilər: «Əxtufil Absalamın+ yanında, qiyamçıların arasındadır».+ Davud dedi: «Ey Yehova, Əxtufilin məsləhətini axmaqlığa çevir!»+
32 Davud Allaha səcdə edilən zirvəyə çatanda arklı+ Xuşay+ yaxası cırıq, başı toz-torpaq içində onun qabağına çıxdı. 33 Davud ona dedi: «Əgər mənimlə getsən, mənə yük olacaqsan. 34 Yaxşısı budur, şəhərə gedib Absalama belə deyəsən: “Ey padşah, mən sənin qulunam. Əvvəllər atanın qulu olmuşam, indi isə sənin qulunam”.+ Onda Əxtufilin məsləhətini pozub mənə kömək etmiş olarsan.+ 35 Kahinlər, Sadıqla Əbyatar da səninlə olacaq. Padşahın evindən nə eşitsən, kahinlərə, Sadıqla Əbyatara deyərsən.+ 36 Sadığın oğlu Əximas+ və Əbyatarın oğlu Yonatan+ da onlarladır. Nə eşitsəniz, onlarla mənə xəbər göndərərsiniz». 37 Absalam Yerusəlimə daxil olan zaman Davudun dostu Xuşay+ da şəhərə girdi.
16 Davud dağın zirvəsindən təzəcə aralanmışdı+ ki, Mefiboşetin+ nökəri Zibah+ iki yüz kömbə çörək, yüz kişmiş lavaşanası, yüz yay meyvəsi lavaşanası, bir küp şərab yüklənmiş bir cüt palanlı eşşəklə onu qarşıladı.+ 2 Padşah Zibaha dedi: «Bunları niyə gətirmisən?» Zibah cavab verdi: «Eşşəkləri padşahın külfətinin minməsi üçün, çörəklə yay meyvələrini cavanlar üçün, şərabı çöllükdə taqətdən düşənlər üçün gətirmişəm».+ 3 Padşah soruşdu: «Bəs ağanın oğlu hanı?»+ Zibah dedi: «O, Yerusəlimdə qaldı. Deyirdi ki, bu gün İsrail əhli atamın taxt-tacını mənə qaytaracaq».+ 4 Padşah dedi: «Mefiboşetin hər şeyi sənindir».+ Zibah dedi: «Hüzurunda baş əyirəm, ya hökmdar! Təki sənin gözündə lütf tapım».+
5 Davud padşah Bahurimə çatanda Talutun nəslindən olan Qirah oğlu Şimay+ lənət yağdıra-yağdıra ona yaxınlaşırdı.+ 6 O, Davudla əyanlarına, onun ətrafındakı camaata və yan-yörəsindəki igidlərə daş atırdı. 7 Şimay lənət oxuyaraq deyirdi: «Çıx get, rədd ol, əliqanlı adam! Yaramazın biri yaramaz! 8 Yehova səndən taxtına yiyələndiyin Talutun evində tökdüyün qanların qisasını alır. Budur, Yehova padşahlığı oğlun Absalama verir. İndi öz başın bəla çəkir, çünki əlin qanlıdır!»+
9 Sərya oğlu Abşay+ padşaha dedi: «Bu ölü köpək+ nə hədlə hökmdarımı lənətləyir?+ Qoy gedim, onun başını bədənindən ayırım».+ 10 Padşah dedi: «Ey Sərya oğulları, bundan sizə nə?+ Qoy lənətləsin,+ Yehova ona buyurub:+ “Davudu lənətlə!” Kim ona deyə bilər: “Niyə belə edirsən?”» 11 Sonra Davud Abşayla əyanlarına dedi: «Əgər öz belimdən gələn oğlum canımın qəsdinə durubsa,+ bu binyaminlidən+ nə gözləmək olar? Onunla işiniz olmasın, qoy lənətləsin, çünki ona Yehova buyurub. 12 Bəlkə, Yehova çəkdiyim əzabı görüb+ bu gün mənə oxunan lənətlərin müqabilində mənə yaxşılıq edər».+ 13 Davud bunu deyib adamları ilə birlikdə yoluna davam etdi. Şimay isə dağın yamacı ilə onun bərabərində gedib ona qarğış edir,+ üstünə daş, torpaq atırdı.
14 Padşahla adamları taqətdən düşmüş halda gəlib mənzilbaşına yetişdilər, orada dinclərini aldılar.
15 Bu arada, Absalamla bütün israillilər Yerusəlimə vardılar. Əxtufil+ də onlarla idi. 16 Davudun dostu arklı+ Xuşay+ Absalamın yanına gəlib dedi: «Yaşasın padşah!+ Yaşasın padşah!» 17 Absalam Xuşaya dedi: «Dostuna sədaqətin budur? Nə üçün dostunla getmədin?» 18 Xuşay Absalama dedi: «Xeyr, mən Yehovanın, bu camaatın və İsrailin seçdiyi adamın tərəfindəyəm, onun da yanında qalacağam! 19 Bir də ki, mən dostumun oğluna xidmət etməyib, kimə edəcəyəm? Necə ki atana xidmət edirdim, bundan sonra da sənə xidmət edəcəyəm».+
20 Absalam Əxtufildən soruşdu: «Nə məsləhət görürsən?+ Nə edim?» 21 Əxtufil Absalama dedi: «Evə baxmaq üçün atanın qoyub getdiyi cariyələrlə+ yat.+ Onda bütün İsrail eşidəcək ki, atanın nifrətini qazanmısan və sənin tərəfində olanların qoluna güc gələcək». 22 Beləliklə, Absalam üçün damda çadır qurdular+ və o, bütün İsrailin gözü qarşısında+ atasının cariyələri ilə yaxınlıq etdi.+
23 O günlərdə Əxtufilin məsləhəti+ Allahdan gələn sözə bərabər sayılırdı. Davud da, Absalam da, Əxtufilin bütün məsləhətlərinə bu cür baxırdı.
17 Əxtufil Absalama dedi: «İzin ver, 12 000 adam ayırıb bu gecə Davudu təqib edim. 2 O, yorğun, taqətsiz olan vaxt+ mən üstünə gəlib onu vahiməyə salaram. Yanındakı adamlar qaçar, mən təkcə padşahı öldürərəm.+ 3 Sonra bütün xalqı qaytarıb sənin yanına gətirərəm. Hamının qayıtması üçün axtardığın adamı aradan götürmək lazımdır. Onda bütün xalq sülhə qovuşar». 4 Bu təklif Absalamın və bütün İsrail ağsaqqallarının xoşuna gəldi.
5 Amma Absalam dedi: «Gəlin arklı Xuşayı+ da çağıraq, onun da fikrini öyrənək». 6 Xuşay Absalamın yanına gəldi. Absalam ona dedi: «Əxtufil belə məsləhət verib. Onun məsləhətinə qulaq asaq? Əgər münasib bilmirsənsə, onda sən təklifini elə». 7 Xuşay Absalama dedi: «Yox, bu dəfə Əxtufilin məsləhəti yaxşı deyil!»+
8 Xuşay sözünə davam elədi: «Sən öz atanı, onun adamlarını yaxşı tanıyırsan, bilirsən ki, onlar igid adamlardır.+ İndi onlar balasını itirmiş ayı kimi qəzəblidirlər.+ Üstəlik, atan cəngavərdir.+ O, gecəni camaatla birgə keçirməyəcək. 9 İndi o, hansısa bir mağarada, ya da başqa bir yerdə gizlənir.+ Əgər birinci o həmlə etsə, eşidən deyəcək ki, “Absalamın adamları məğlub oldu!” 10 Hətta şir ürəkli+ cəsurların belə, ürəyi qorxudan əriyəcək. Çünki atanın igidliyi, yanındakı adamların da şücaəti bütün İsrailə bəllidir.+ 11 Mənim məsləhətim budur: qoy Dandan Biir-Səbaya kimi bütün İsraildən dəniz qumu qədər+ adam yanına toplaşsın.+ Sən də onların başında döyüşə get. 12 Onu harada tapsaq, üstünə hücum edərik. Yerə düşən şeh kimi üstlərinə şığıyıb özünü də, yanındakıları da məhv edərik, bir nəfəri də sağ qoymarıq. 13 Əgər o, şəhərə çəkilsə, bütün israillilərlə gedib şəhərdə daşı daş üstdə qoymarıq, kəndirlə şəhəri çəkib çaya tökərik. Şəhərdə bir çınqıl da saxlamarıq».
14 Absalam və israillilər dedilər: «Arklı Xuşayın məsləhəti Əxtufilinkindən yaxşıdır!»+ Yehova Absalamın başına fəlakət gətirməyi qərara almışdı.+ Odur ki, Yehova Əxtufilin ağıllı məsləhətini heçə çıxartdı.+
15 Xuşay kahinlərə, Sadıqla Əbyatara dedi:+ «Əxtufil Absalama və İsrail ağsaqqallarına filan-filan məsləhəti verdi. Mən də belə-belə dedim. 16 İndi tez Davuda xəbər göndərin: “Bu gecə çöllükdəki keçidlərdə* qalma. O tərəfə keç, ey padşah, yoxsa sən də, yanındakılar da məhv olacaqsınız”».+
17 Yonatanla+ Əximas+ Eyn-Rogeldə+ qalırdılar, çünki şəhərdə görünə bilməzdilər. Bir qarabaş gedib hal-qəziyyəni onlara danışdı. Onlar xəbəri Davud padşaha çatdırmaq üçün yola düşdülər. 18 Lakin bir cavan onları görüb Absalama çuğulluq etdi. Yonatanla Əximas cəld bahurimli+ bir kişinin evinə girdilər. Onun həyətində quyu var idi. Onlar quyuda gizləndilər. 19 Kişinin arvadı quyunun ağzına örtük sərib üstünə yarma tökdü. Heç kim bundan xəbər tutmadı. 20 Absalamın nökərləri o evə gəlib qadından soruşdu: «Əximasla Yonatan haradadır?» Qadın dedi: «Onlar buradan keçib çay tərəfə getdilər».+ O adamlar onları axtardılar, amma tapmayıb Yerusəlimə qayıtdılar.
21 Adamlar gedəndən sonra Əximasla Yonatan quyudan çıxdılar və gedib Davud padşaha söylədilər: «Tez qalx, çayı keç. Əxtufil sənin əleyhinə belə-belə məsləhət verib».+ 22 Davud və yanındakı adamlar dərhal durub İordanı keçdilər. Səhər dan yeri söküləndə artıq İordanın bu tayında adam qalmamışdı.
23 Əxtufil görəndə ki, onun məsləhəti keçmədi, ulağını palanlayıb öz şəhərinə, evinə getdi.+ Evindəkilərə vəsiyyət edəndən+ sonra özünü asdı.+ Onu ata-babalarının qəbrində dəfn etdilər.
24 Davud isə Mahanayimə+ getdi. Absalam israillilərlə İordanı keçdi. 25 Absalam Amassanı+ Yuabın yerinə ordu başçısı qoymuşdu.+ Amassa israilli İtra adlı bir kişinin oğlu idi. İtra Nahaşın qızı, Yuabın anası Səryanın bacısı Abiqayillə+ yaxınlıq etmişdi. 26 Absalam və israillilər Giladda+ ordugah qurdular.
27 Davud Mahanayimə çatan kimi əmunilərin Rabbah+ şəhərindən Nahaş oğlu Şobi, Lə-Dibərdən Əmail oğlu Mahir+ və Rəclimdən giladlı Bərzillay+ 28 yorğan-döşək, teşt-ləyən, gil qab-qacaq, buğda, arpa, un, qovurğa, paxla, mərci, quru dən, 29 bal, yağ, qoyun, pendir gətirib gəldilər. Onlar bütün bunları Davudla adamları üçün gətirmişdilər.+ Düşünürdülər ki, camaat çöllükdə ac-susuz, yorğundur.+
18 Davud yanındakı adamları saydı və onların üzərinə yüzbaşılar, minbaşılar qoydu.+ 2 Onların üçdə birini Yuaba+, üçdə birini Yuabın qardaşı Sərya+ oğlu Abşaya+, o biri üçdə birini isə catlı İttaya+ tapşırdı. Padşah dedi: «Mən də sizinlə döyüşə gedəcəyəm». 3 Camaat isə dedi: «Yox, sən getmə.+ Döyüşçülər qaçsa, hətta qoşunun yarısı ölsə belə, onların vecinə olmayacaq. Çünki sən bizim on minimizə bərabərsən.+ Ona görə də yaxşı olar ki, sən şəhərdən bizə kömək göndərəsən». 4 Padşah onlara dedi: «Necə məsləhət bilirsiniz, elə də edərəm». Padşah şəhər darvazasının yanında durdu. Qoşun yüz-yüz, min-min şəhərdən çıxdı. 5 Padşah Yuaba, Abşaya və İttaya tapşırdı: «Mənim xətrimə o cavanla, Absalamla kobud davranmayın».+ Padşahın Absalamla əlaqədar başçılara verdiyi göstərişi hamı eşitdi.
6 Qoşun israillilərlə döyüşmək üçün irəlilədi. Döyüş Əfraim meşəsində baş tutdu.+ 7 İsraillilər+ Davudun adamları qarşısında basıldılar.+ Həmin gün çoxlu adam — 20 000 nəfər qırıldı. 8 Döyüş bütün bölgəni bürüdü. Üstəlik, həmin gün meşədə ölənlərin sayı qılıncdan ölənlərin sayından çox oldu.
9 Nəhayət, Absalam Davudun döyüşçüləri ilə üz-üzə gəldi. Absalam qatırın üstündə gedirdi. Qatır böyük bir ağacın altından keçəndə onun saçı ağacın sıx budaqlarına dolaşdı. Qatır getdi, o isə havada asılı qaldı. 10 Bir nəfər onu görüb Yuaba+ xəbər verdi: «Absalamı gördüm, ağacdan asılıb qalmışdı». 11 Yuab ona dedi: «Görmüsən, bəs niyə elə oradaca vurub yerə sərməmisən? Belə etsəydin, sənə on gümüş, üstündə də bir qurşaq peşkəş edərdim». 12 O adam isə Yuaba dedi: «Mənə min gümüş də versəydilər, yenə hökmdarın oğluna əl qaldırmazdım. Padşahın sənə, Abşaya və İttaya: “Hamınıza deyirəm, o cavandan, Absalamdan muğayat olun”, — tapşırdığını öz qulağımızla eşitdik.+ 13 Əgər padşahın əmrindən çıxıb onu öldürsəydim, bu, padşahdan gizli qalmazdı, heç sən də mənə qahmar çıxmazdın». 14 Onda Yuab ona dedi: «Səninlə söz güləşdirməyə vaxtım yoxdur!» O, üç mizraq* götürdü və ağacın budaqları arasında asılı qalan və hələ sağ olan Absalamın köksünə sapladı. 15 Yuabın on silahdarı gəldi və Absalamı vurub öldürdü.+ 16 Yuab şeypur çalıb təqibi dayandırdı. Döyüşçülər İsraili təqib etməkdən əl çəkib geri qayıtdılar. 17 Onlar Absalamın cəsədini meşədə böyük bir çuxura atdılar və üstünə böyük bir daş qalağı yığdılar.+ Bütün israillilər dağılışıb evlərinə qaçdılar.
18 Absalam sağlığında Padşah dərəsində+ özü üçün sütun ucaltmışdı. O, öz-özünə deyirdi: «Oğlum yoxdur ki, adımı yaşatsın».+ Ona görə də sütuna öz adını qoymuşdu. Sütun bu günədək Absalam abidəsi adlanır.
19 Sadığın oğlu Əximas+ dedi: «Xahiş edirəm, icazə ver, gedim padşaha xəbər çatdırım. Yehova onu düşmənlərindən qurtarıb, onun üçün haqq-ədaləti bərqərar edib».+ 20 Lakin Yuab ona dedi: «Sən bu gün xəbər aparma. Başqa gün apararsan, bu gün yox. Bu gün padşahın oğlu ölüb».+ 21 Yuab kuşlu+ bir adama dedi: «Get, nə görmüsən padşaha danış». Kuşlu Yuaba təzim edib qaçdı. 22 Sadığın oğlu Əximas bir də Yuabdan xahiş etdi: «Nə olur-olsun, qoy mən də kuşlunun dalınca qaçım». Yuab ona dedi: «Qaçıb nə deyəcəksən, oğlum? Axı sənin üçün aparmağa xəbər yoxdur». 23 O israr etdi: «Nə olur-olsun, qoy qaçım». Onda Yuab dedi: «Qaç!» Əximas İordan bölgəsi yolu ilə qaçıb kuşlunu ötdü.
24 Davud şəhərin iki darvazası arasında oturmuşdu.+ Gözətçi+ divardakı darvazanın damına çıxıb baxdı, bir nəfərin qaçdığını gördü. 25 Gözətçi qışqırıb bunu padşaha bildirdi. Padşah dedi: «Əgər o, təkdirsə, deməli, xəbər gətirir». O adam getdikcə yaxınlaşırdı. 26 Gözətçi başqa bir adamın da qaça-qaça gəldiyini gördü. Gözətçi darvaza keşikçisini haylayıb dedi: «Bir nəfər də qaça-qaça gəlir!» Padşah dedi: «O da xəbər gətirir». 27 Gözətçi dedi: «Birinci adam qaçmağından Sadıq oğlu Əximasa bənzəyir».+ Padşah dedi: «O, yaxşı adamdır, yaxşı xəbərlə gəlir». 28 Əximas padşahı səsləyib dedi: «Hər şey yaxşıdır!» Bunu deyib yerədək padşaha təzim etdi. Sonra əlavə etdi: «Ey hökmdarım, qiyamçıları sənə təslim edən Allahın Yehovaya alqış olsun!»+
29 Padşah soruşdu: «Absalam sağ-salamatdır?» Əximas dedi: «Ey hökmdar, Yuab sənin qulunu və məni göndərəndə gördüm ki, orada nəsə qarışıqlıq var, amma bilmədim nə olub».+ 30 Padşah dedi: «Keç, burada dur». Əximas keçib o tərəfdə durdu.
31 Kuşlu gəlib çatdı+ və dedi: «Ey hökmdarım padşah, sənə xəbərim var. Bu gün Yehova səni qiyamçıların əlindən qurtararaq haqq-ədaləti bərqərar etdi».+ 32 Padşah kuşludan soruşdu: «Absalam sağ-salamatdır?» Kuşlu dedi: «Qoy hökmdarımın bütün düşmənləri, ona qiyam qaldırıb xətər yetirmək istəyənlərin hamısı o cavanın gününə düşsün!»+
33 Bu xəbər padşahı sarsıtdı. O, ağlaya-ağlaya darvazanın üstündəki otağa qalxdı. Gedə-gedə deyirdi: «Oğlum, oğlum Absalam, oğlum Absalam! Kaş sənin yerinə mən öləydim, Absalam, oğlum, oğlum!»+
19 Yuaba dedilər: «Padşah ağlayır, Absalama görə yas tutur».+ 2 Həmin gün xalq üçün qələbə yasa çevrildi. Çünki hamı eşitdi ki, padşah oğlundan ötrü qəm içindədir. 3 Həmin gün xalq döyüş meydanından qaçan əsgərlər kimi xəcalət çəkə-çəkə səssiz-səmirsiz şəhərə qayıtdı+. 4 Padşah üzünü örtüb ucadan: «Oğlum Absalam, oğlum, oğlum Absalam!» — deyərək ağlayırdı.+
5 Yuab evə, padşahın yanına gəlib dedi: «Sən bu gün səni, oğullarını+, qızlarını+, arvadlarını, cariyələrini+ qurtaran bütün xidmətçilərini utandırdın. 6 Kim sənə nifrət edir, sən onları sevirsən, kim səni sevir, onlara nifrət edirsən. Bu gün açıq-aydın göstərdin ki, sərkərdələrinin, xidmətçilərinin sənin gözündə zərrə qədər dəyəri yoxdur. Əminəm ki, hamımız ölsəydik, təkcə Absalam sağ qalsaydı, sənin üçün daha yaxşı olardı. 7 Qalx, get xidmətçilərini ürəkləndir. Əgər getməsən, Yehovaya and olsun ki, bu gün sənin tərəfində bir nəfər də qalmayacaq. Bu, gəncliyindən bu günədək başına gələn müsibətlərin ən betəri olacaq». 8 Padşah qalxıb şəhər darvazasında oturdu. Camaata xəbər verildi ki, padşah darvazada oturub. Hamı axışıb padşahın hüzuruna gəldi.
Qalan israillilər qaçıb hərə öz evinə getmişdi.+ 9 İsrailin bütün qəbilələrində mübahisə gedirdi: «Padşah bizi düşmənlərdən xilas etmişdi,+ filiştlilərin əlindən qurtarmışdı. Amma indi özü Absalama görə ölkədən qaçıb.+ 10 Padşah olaraq məsh etdiyimiz Absalam+ döyüşdə ölüb.+ Bəs padşahı geri qaytarmaq üçün niyə heç nə eləmirsiniz?»
11 Davud padşah kahinlərə, Sadıqla+ Əbyatara+ xəbər göndərib dedi: «Yəhuda ağsaqqalları ilə danışıb+ belə deyin: “İsraildə gəzən söz-söhbət padşaha çatıb. Siz niyə padşahı saraya qaytarmaqda axıra qalırsınız? 12 Axı siz mənim qardaşlarımsınız. Ətim, qanım sizlərdəndir. Niyə siz padşahı geri qaytarmaqda axıra qalırsınız?” 13 Amassaya+ da deyərsiniz: “Ətin ətimdən, qanın qanımdandır. Əgər bundan sonra səni Yuabın yerinə ordu başçısı qoymasam,+ qoy Allah məni cəzalandırsın”».
14 Beləliklə, o, bütün Yəhudanın ürəyini ələ aldı. Onlar padşaha xəbər göndərdilər: «Xidmətçilərinlə birlikdə geri qayıt».
15 Padşah yola düşdü və gəlib İordana çatdı. Bütün Yəhuda xalqı padşahı qarşılamaq və onu İordandan keçirmək üçün Gilqala+ gəldi. 16 Bahurimdən olan binyaminli Qirah oğlu Şimay+ yəhudalılarla birgə Davud padşahı qarşılamağa tələsdi. 17 Onunla birlikdə min binyaminli də var idi. Talut evində nökər olan Zibah+ on beş oğlu və iyirmi qulluqçusu ilə tez-tələsik gedib özünü padşahdan qabaq İordana çatdırdı. 18 O*, padşahın ev əhlini bu taya keçirmək və padşahın qulluğunda hazır olmaq üçün keçiddən o taya keçdi. Padşah İordanı keçməyə hazırlaşanda Qirah oğlu Şimay onun önündə yerə döşənib 19 dedi: «Ya hökmdar, günahımdan keç, Yerusəlimdən çıxdığın gün bu qulunun sənin qarşında etdiyi təqsiri unut.+ Qoy hökmdarım bunu ürəyinə salmasın. 20 Bilirəm ki, böyük qələt eləmişəm, ona görə də hökmdarı qarşılamaq üçün Yusif evindən hamıdan qabaq gəlmişəm».
21 Onda Sərya+ oğlu Abşay+ dedi: «Şimay ölməli deyil? Axı o, Yehovanın məsh olunmuşuna lənət oxumuşdu».+ 22 Amma Davud dedi: «Axı sizin nə işinizə qalıb, ey Sərya oğulları?+ Niyə bu gün mənə asi çıxırsınız? Heç belə bir gündə İsraildə kimisə öldürmək olar? Məgər mən bilmirəm ki, İsraildə padşah mənəm?» 23 Sonra padşah and içib Şimaya dedi: «Sən ölməyəcəksən».+
24 Talutun nəvəsi Mefiboşet+ də padşahı qarşılamağa gəlmişdi. Padşahın çıxıb getdiyi gündən sağ-salamat qayıtdığı günə qədər o ayaqlarına baxmamış, bığlarını səliqəyə salmamış, paltarlarını yumamışdı. 25 O, padşahı qarşılamaq üçün Yerusəlimə* gələndə padşah ona dedi: «Mefiboşet, nə üçün mənimlə getmədin?» 26 O dedi: «Ey hökmdar, qulum+ mənə kələk gəldi. Mən dedim ki: “Eşşəyi palanlayım, minib padşahla gedim”. Axı bu qulun şikəstdir.+ 27 Amma o, hökmdarın yanında mənə böhtan atdı.+ İndi, ey hökmdar, sən Allahın mələyi kimisən. Sənə nə xoşdursa, onu da et. 28 Hökmdar atamın bütün nəslini ölümə məhkum edə bilərdi, lakin mənə süfrəsində oturanların arasında yer verdi.+ İndi padşaha şikayət etməyə mənim nə haqqım var?»
29 Padşah ona dedi: «Artıq danışmağa lüzum yoxdur. Mən qərarımı vermişəm, Zibahla torpağı yarı bölün».+ 30 Mefiboşet ona dedi: «İndi ki hökmdar sağ-salamat öz sarayına qayıdıb, qoy hamısı onun olsun».
31 Giladlı Bərzillay+ padşahı İordan çayına qədər ötürmək üçün Rəclimdən İordana gəlmişdi. 32 Bərzillay çox qoca idi, onun səksən yaşı var idi. O, varlı-hallı adam idi. Padşah Mahanayimdə qaldığı vaxt ərzində o, padşahı azuqə ilə təmin etmişdi.+ 33 Padşah Bərzillaya dedi: «Mənimlə birlikdə o taya keç. Yerusəlimdə mənim süfrəmdə oturarsan».+ 34 Amma Bərzillay padşaha dedi: «Nə ömrüm qalıb ki, padşahla Yerusəlimə gedim? 35 Səksən yaşım var,+ yaxşını pisdən ayırd edə bilmirəm, yediyimin-içdiyimin dadını bilmirəm. Xanəndələrin səsindən zövq almıram.+ Heç rəvadırmı ki, bu qulun padşaha yük olsun? 36 Qulunun padşahla İordana qədər gəlməsi bəsdir. Niyə padşah mənə belə mükafat verməlidir? 37 İzin ver qayıdım, öz şəhərimdə, ata-anamın qəbrinin yanında ömrümü başa vurum.+ Budur qulun Kimham.+ Qoy o, hökmdarla çayı keçsin. Sən də nə məsləhət bilərsən, onun üçün edərsən».
38 Onda padşah dedi: «Kimham mənimlə gedəcək. Sən nə istəsən, onun üçün edəcəyəm. Nə diləyin var, yerinə yetirəcəyəm». 39 Bütün camaat İordanı keçməyə başladı. Padşah İordanı keçəndə Bərzillayı öpüb+ ona alqış oxudu. Bərzillay evinə qayıtdı. 40 Padşah Gilqala+ tərəf keçəndə Kimham da onunla birlikdə keçdi. Bütün yəhudalılar və İsrail xalqının yarısı padşahı çaydan keçirdi.+
41 Sonra bütün israillilər padşaha yaxınlaşıb dedilər: «Nə üçün qardaşlarımız yəhudalılar səni oğurladılar, səni, ev əhlini və adamlarını özləri çaydan keçirtdilər?»+ 42 Yəhudalılar israillilərə dedilər: «Çünki padşah bizim qohumumuzdur.+ Niyə acığınıza gəlir? Bəyəm padşah bizi yedirib, yoxsa bizə hədiyyə verib?»
43 Amma israillilər yəhudalılara dedilər: «Səltənətdə bizim on payımız var. Odur ki, Davuda sizdən çox bizim haqqımız çatır. Nə üçün bizə xor baxdınız? Padşahımızı geri qaytarmağa biz birinci getməli deyildik?» Amma yəhudalıların sözü israillilərin sözündən daha kəsərli oldu.
20 Orada binyaminli Bixrinin oğlu, Səba adında bir mərdimazar var idi.+ O, şeypur çalıb+ dedi: «Bizim Davudda payımız, Yəssə oğlunda irsimiz yoxdur.+ Ey İsrail, haydı, hər kəs öz allahlarına* qayıtsın!»+ 2 Onda bütün israillilər Davudu atıb Bixri oğlu Səbanın dalınca getdilər.+ Yəhudalılar isə İordandan Yerusəlimə qədər padşahlarından ayrılmadılar.+
3 Davud Yerusəlimdəki sarayına+ gələndə evə baxmaq üçün qoyduğu on cariyəsini+ başqa bir evdə nəzarət altında saxladı. Davud onların yemək-içməyini verirdi, lakin onlarla yaxınlıq etmirdi.+ Onlar ərləri ola-ola ömürlərinin axırına qədər dul kimi yaşadılar.
4 Padşah Amassaya+ dedi: «Üç gün ərzində bütün yəhudalıları yanıma topla, özün də burada ol». 5 Amassa yəhudalıları toplamağa getdi, amma təyin olunan vaxtda gəlib çıxmadı. 6 Davud Abşaya+ dedi: «Bixri oğlu Səba+ bizə Absalamdan beşbetər xətər yetirə bilər.+ Ağanın adamlarını götür, onun izinə düş. Qoy o, qala-şəhərlər tapıb əlimizdən qurtulmasın». 7 Yuabın+ adamları, kəritilər, fələslilər+ və bütün igidlər onunla getdilər və Bixri oğlu Səbanı təqib etmək üçün Yerusəlimdən çıxdılar. 8 Onlar Gibyonda+ böyük daşın yanına çatanda Amassa+ onların qarşısına çıxdı. Yuab döyüş paltarı geymiş, qılıncı qınına taxıb belinə bağlamışdı. O, irəli addım atanda qılıncı qınından çıxıb yerə düşdü.
9 Yuab Amassaya dedi: «Necəsən, qardaşım?» Sonra Yuab sağ əlilə Amassanın saqqalından yapışdı, guya onu öpmək istəyirdi. 10 Amassa Yuabın əlindəki qılınca fikir vermədi. Yuab qılıncı Amassanın qarnına soxub+ bağırsaqlarını yerə tökdü. İkinci dəfə vurmağa ehtiyac olmadı, bir zərbə ilə onu öldürdü. Sonra Yuabla qardaşı Abşay Bixri oğlu Səbanın dalınca düşdü.
11 Yuabın adamlarından biri cəsədin yanında durub deyirdi: «Kim Yuabın tərəfindədir, kim Davuda sadiqdir, Yuabın dalınca gəlsin!» 12 Amassa isə yolun ortasında qan içində sərilib qalmışdı. Yuabın adamı hamının gəlib orada dayandığını görəndə Amassanın cəsədini sürüyüb çölə apardı və üstünə paltar atdı. Çünki hər kəs onun yanında dayanırdı. 13 Cəsədi yoldan çəkəndən sonra hamı Yuabla birlikdə Bixri oğlu Səbanı+ təqib etməyə getdi.
14 Səba İsrailin bütün qəbilələrindən keçib Beyt-Məkahdakı Abilə+ gəldi. Bixrilər bir yerə yığışıb onun ardınca getdilər.
15 Yuabla adamları gəlib Beyt-Məkahdakı Abili mühasirəyə aldılar və mühasirə bəndi ilə dövrələnmiş şəhərə qarşı mühasirə qurğusu qurdular. Yuab adamları ilə şəhər divarını uçurmaq üçün divarın altını qazırdı. 16 Bir ağıllı qadın şəhər divarının üstündən qışqırıb dedi: «Qulaq asın, qulaq asın! Yuaba deyin bura gəlsin, ona deyiləsi sözüm var». 17 Yuab ona yaxınlaşdı. Qadın ondan soruşdu: «Yuab sənsən?» O: «Mənəm», — deyə cavab verdi. Qadın dedi: «Qarabaşının sözünü dinlə». O: «Eşidirəm», — dedi. 18 Qadın sözünə davam etdi: «Qədimdə belə deyirdilər: “Abildə soruşun”. Beləcə, iş həll olunurdu. 19 Mən İsrailin sülhpərvər, sadiq adamlarının adından danışıram. Sən İsrailin ana şəhərini dağıtmaq istəyirsən. Axı nə üçün Yehovanın irsini məhv etmək istəyirsən?»+ 20 Yuab ona cavab verdi: «Şəhəri dağıtmaq, məhv etmək heç ağlımdan da keçməyib. 21 Məqsədim bu deyil. Əfraim dağlıq bölgəsindən+ Bixri oğlu Səba+ Davud padşaha qarşı qiyam qaldırıb. Təkcə onu mənə verin, şəhərdən çəkilim gedim». Qadın Yuaba dedi: «Onun başı divardan sənə atılacaq».
22 Qadın şəhər əhlinin yanına getdi. Onlar Bixri oğlu Səbanın başını kəsib Yuaba atdılar. Yuab şeypur çaldı, döyüşçülər şəhərin mühasirəsini götürdülər, hərə öz evinə getdi.+ Yuab isə Yerusəlimə, padşahın yanına qayıtdı.
23 Yuab bütün İsrail ordusunun başçısı idi.+ Yəhyaday+ oğlu Bənayi+ kəritilərin və fələslilərin başçısı idi.+ 24 Əduram+ əmək mükəlləfiyyətlilərin üzərində idi, Əxilud oğlu Yəhuşafat+ isə salnaməçi idi. 25 Şəvah katib, Sadıqla+ Əbyatar+ kahin idilər. 26 Yairli İrah Davudun baş vəziri idi.
21 Davudun dövründə ölkədə üç il dalbadal aclıq+ oldu. Davud Yehovaya müraciət etdi. Yehova ona dedi: «Talutla ev əhlinin əli qana batıb, o, gibyonluları öldürmüşdü».+ 2 Padşah gibyonluları+ çağırıb onlarla danışdı. (Gibyonlular israilli deyildilər, amorilərdən+ sağ qalanlar idilər. İsraillilər onları sağ saxlamağa and içmişdilər,+ amma Talut İsrail və Yəhudadan ötrü təəssübkeşliyinə görə onları qırmaq istəmişdi.) 3 Davud gibyonlulara dedi: «Sizin üçün nə edim? Bu günahı necə yuyum ki, Yehovanın irsinə alqış oxuyasınız?» 4 Gibyonlular ona dedilər: «Talutdan və nəslindən qızıl-gümüş istəmirik.+ İsraildə kimisə öldürməyə də haqqımız yoxdur». Onda padşah dedi: «Ürəyiniz nə istəsə, onu da edəcəyəm». 5 Onlar padşaha dedilər: «Bizi öldürən, bütün İsraildən kökümüzü kəsmək istəyən adama+ görə 6 onun oğullarının yeddisini bizə verin. Biz onların cəsədlərini Yehovanın seçilmişi+ Talutun şəhərində, Gibahda+ Yehovanın önündə asacağıq».+ Padşah dedi: «Onları sizə verəcəyəm».
7 Amma padşah Yehovanın önündə Talut oğlu Yonatana içdiyi anda+ görə Talut oğlu Yonatanın oğlu Mefiboşetə+ qıymadı. 8 Padşah Ayahın qızı Rispanın+ Talutdan doğulan iki oğlunu — Ərmunini və Mefiboşeti, həmçinin Talutun qızı Məkyalın*+ məhlalı Bərzillayın oğlu Ədraildən+ olan beş oğlunu götürüb 9 gibyonlulara verdi. Onlar da cəsədləri Yehovanın hüzurunda dağda asdılar.+ Yeddisi də bir yerdə ölmüşdü, onları biçinin birinci günündə, arpa biçininin əvvəlində öldürmüşdülər. 10 Ayahın qızı Rispa+ çul götürüb qayanın üstünə sərdi. O, biçinin əvvəlindən ta göydən cəsədlərin üstünə yağış yağan günə qədər orada qalıb meyitləri gündüzlər quşlardan, gecələr yırtıcı heyvanlardan qorudu.
11 Talutun cariyəsi Ayah qızı Rispanın nə etdiyini Davuda dedilər. 12 Davud Talutun və oğlu Yonatanın sümüklərini Yabeş-Gilad başçılarından* aldı.+ Filiştlilər Gilbuda Talutu öldürən gün onların cəsədlərini Beyt-Şən meydanında asmışdılar. Yabeş-giladlılar da onları gizlincə oradan aparmışdılar.+ 13 Davud Talutla oğlu Yonatanın sümüklərini oradan gətirdi, həmçinin edam olunanların da sümüklərini yığdılar.+ 14 Talutla oğlu Yonatanın sümüklərini Binyamindəki Sələdə+, Talutun atası Kişin+ qəbrində dəfn etdilər. Padşahın buyurduğu hər şey yerinə yetiriləndən sonra Allah onların ölkə üçün etdiyi yalvarışlara qulaq asdı.+
15 Yenə də filiştlilərlə israillilər arasında müharibə başladı.+ Davud adamları ilə gedib filiştlilərlə döyüşdü. Amma Davud taqətdən düşdü. 16 Rəfa övladlarından+ olan İşbibənöv adlı bir nəfər Davudu öldürmək istədi. Onun üç yüz şekel* ağırlığında nizəsi+ və təzə qılıncı var idi. 17 Sərya oğlu Abşay+ Davudun dadına çatıb+ filiştlini öldürdü. Onda Davudun adamları and içib dedilər: «Sən bir də bizimlə döyüşə getməyəcəksən!+ İsrailin çırağını söndürmə!»+
18 Sonra yenə filiştlilərlə Qovda müharibə oldu.+ O vaxt huşahlı Sibbikay+ Rəfa övladlarından+ olan Safı öldürdü.
19 Yenə Qovda filiştlilərlə müharibə qopdu.+ Beytləhmli Yaər-Ürqimin oğlu İlkənan catlı Calutu öldürdü. Catlının nizəsinin sapı toxucu ağacı boyda idi.+
20 Catda yenə müharibə oldu. Orada pəzəvəng bir adam var idi. Onun ayaqları və əlləri altı barmaqlı idi, iyirmi dörd barmağı var idi. O da Rəfa övladlarından idi.+ 21 O, İsrailə meydan oxuyurdu.+ Davudun qardaşı Şimayın+ oğlu Yonatan vurub onu öldürdü.
22 Bu dörd nəfər Catdakı Rəfa övladlarından idi. Davudla adamları onları öldürdülər.+
22 Yehova Davudu bütün düşmənlərinin və Talutun əlindən qurtaranda+ Davud Yehovaya bu nəğməni+ 2 oxudu:
«Yehova yalçın qayam, istehkamımdır,+ mənim nicatımdır.+
4 Yehova tərifə layiqdir, Onu çağırıram,
Düşmənlərimdən qurtularam.
7 Bu darlıqda Yehovanı çağırdım,+
İmdad üçün Allahıma yalvardım.
Eşitdi səsimi məbədindən,
Çatdı qulağına fəryadım.+
11 Kərruba minib+ uçaraq gəldi,
Mələyin+ qanadı* üzərində zühur etdi.
12 Ətrafını çadır+ kimi qaranlığa qərq etdi
Qara sularla, topa buludlarla.
13 Önündə parlayan şəfəqdən közlər alovlandı.
16 Yehovanın məzəmmətindən,
Burnundan çıxan nəfəsin şiddətindən
17 O, yüksəklərdən əlini uzadıb məni tutdu,
Dərin sulardan məni çəkib çıxartdı.+
18 Məni qoluzorlu düşmənimdən+,
Mənimlə ədavət aparanlardan qurtardı, onlar məndən güclü idi.
19 Dar günümdə onlar qarşımı kəsmişdi,+
Lakin Yehova mənə dayaq oldu.
22 Çünki mən Yehovanın yolunu tutmuşam,
Allahımı xaincəsinə tərk etməmişəm.
25 Yehova salehliyimin,
Önündə günahsız olmağımın əvəzini versin.+
26 Sadiq adamla sadiqsən,+
Pak, igid adama qarşı paksan.+
27 Saf adamla saf davranırsan,+
Hiyləgərə qarşı fənd işlədirsən.+
30 Sənin köməyinlə quldurların qabağına çıxaram,
Allahın gücü ilə sədlər aşaram.+
Xudavənd Ona sığınanların hamısına sipərdir.+
32 Məgər Yehovadan başqa Allah var?+
Allahımızdan savayı kim qaya ola bilər?+
34 Ayağımı maral ayağıtək çevik edir,
Məni zirvələrdə saxlayır.+
35 Əlimi döyüşə öyrədir,
Qolum mis kamanı gərir.
37 Addımlarıma yol açırsan,
Ayaqlarım sürüşməz.+
38 Düşmənlərimi qovub qıracağam,
Onları yox etməyincə geri qayıtmayacağam.
39 Onları qırıb-çatacağam, qalxa bilməyəcəklər,+
Ayaqlarımın altına səriləcəklər.
42 İmdad diləsələr də, onları qurtaran yoxdur,
Hətta Yehovaya yalvarırlar, lakin O hay vermir.+
43 Onları əzib toz kimi edəcəyəm,
Onları küçədəki palçıq kimi tapdalayacağam.
44 Sən məni elimin tənəsindən qurtaracaqsan,+
45 Yadellilər əsə-əsə önümə gələcək,+
Sorağımı eşidib mənə itaət edəcəklər.
46 O yadellilərin rəngi-ruhu qaçacaq,
Gizləndikləri qalalardan əsə-əsə çıxacaqlar.
47 Şükürlər olsun Qayama+, var olan Yehovaya!
Allahıma, məni xilas edən qayama eşq olsun!+
51 O, möhtəşəm işlərlə padşahını xilas edir,+
Məsh etdiyinə, Davuda və onun nəslinə
Əbədilik məhəbbət göstərir».+
23 Bu, Davudun son sözləridir:+
«Yəssə oğlu+ Davudun sözləri,
Yüksəklərə ucaldılmış,+
Yaqubun Allahının məsh etdiyi+ adamın,
İsrailin sevimli nəğməkarının+ sözləri.
4 Sanki, səhər açılır,
Buludsuz səmada günəş işıq saçır,+
Yağışdan sonra parlayan şəfəqlər
Yerdə ot bitirir”.+
5 Mənim evim Allahın hüzurunda bu cürdür!
Allah mənimlə əbədi əhd bağladı,+
Möhürlənmiş, mükəmməl bir əhd.
Bu, mənim qurtuluşum, zövq-səfamdır.
Allah onu yetişdirməzmi?+
6 Bədxahlar isə tikan kolu kimi atılır,+
Onları ələ götürmək olmur.
7 Onlara toxunmaq istəyən
Dəmirlə, nizə sapı ilə silahlanmalıdır.
Onları yerindəcə külə çevirmək lazımdır».
8 Davudun igidləri+ bunlar idi: üç igidin başçısı təkminli Yuşib-Bəssəbat.+ O, nizəsini qaldırıb bir dəfəyə 800 nəfəri yerə sərmişdi. 9 Ondan sonra Əxuhi oğlu Dodayın+ oğlu Əlyazar+ gəlirdi. O, Davudla birlikdə filiştlilərə meydan oxuyan üç igidin arasında idi. Onlar orada döyüşə toplaşmışdılar. İsraillilər geri çəkiləndə 10 o, yerində durub qolu yorulana qədər, qılınc tutmaqdan əli keyiyənə qədər filiştliləri qırmışdı.+ O gün Yehova böyük qələbə vermişdi.+ Xalq isə Əlyazarın ardınca qayıdıb cəsədləri qarət etmişdi.
11 Ondan sonra hərarlı Əqinin oğlu Şamah gəlirdi. Bir dəfə filiştlilər Lehidə, mərci tarlasında toplaşmışdılar. Camaat filiştlilərin qorxusundan qaçıb getmişdi. 12 O isə tarlanın ortasında durub oranı qorumuş və filiştliləri qırmışdı. Onda Yehova böyük qələbə vermişdi.+
13 Otuz başçıdan üçü biçin vaxtı Davudun yanına Ədullam mağarasına+ getmişdi. Filiştlilər Rəfayim dərəsində ordugah qurmuşdular.+ 14 Davud qalada idi.+ Filiştlilərin keşikçi dəstəsi isə Beytləhmdə idi. 15 Onda Davud həsrətlə demişdi: «Kaş Beytləhm darvazası yanındakı hovuzun suyundan olaydı, içəydim!» 16 Onda həmin o üç igid filiştlilərin ordugahına soxulmuş və Beytləhm darvazası yanındakı hovuzdan su çəkib Davuda gətirmişdi. Lakin Davud suyu içməmiş, Yehovanın önündə yerə töküb+ demişdi: 17 «Ya Yehova, heç mən bunu edərəmmi?! Su gətirmək üçün həyatlarını oda atan bu adamların qanını necə içim?+» Davud suyu içməmişdi. Bəli, o üç igid bu işləri görmüşdü.
18 Sərya+ oğlu Yuabın qardaşı Abşay+ başqa üç igidin başçısı idi. O, nizəsini qaldırıb 300 nəfəri öldürmüşdü. Abşay da birinci üç igid kimi ad qazanmışdı.+ 19 O, üç igidin arasında ən məşhuru idi və onların başçısı idi. Amma birinci üç igidə çatmırdı.
20 Yəhyaday oğlu Bənayi+ cəsur adam idi. O, Kəbzildə+ qəhrəmanlıqlar göstərmişdi. O, muabi Əryilin iki oğlunu öldürmüşdü. Qarlı gündə su quyusuna enib şir öldürmüşdü.+ 21 O həmçinin bir pəzəvəng misirlini vurub öldürmüşdü. Misirlinin əlində nizə vardı. Bənayi kəndirlə onun üstünə getmiş, nizəni misirlinin əlindən alıb onu öz nizəsilə gəbərtmişdi. 22 Yəhyaday oğlu Bənayi bunları etmişdi. O da üç igid kimi ad qazanmışdı. 23 Otuz igiddən də məşhur idi, amma üç igidə çatmırdı. Davud onu baş mühafizi qoymuşdu.
24 Yuabın qardaşı Asail+ otuz igidin arasında idi. Digər igidlər bunlar idi: beytləhmli Doday oğlu İlkənan,+ 25 xarudlu Şamah, xarudlu Əlqa, 26 fələtli Hələz+, təquhlu İqəş oğlu İrah+, 27 ənatutlu+ Əbusər+, huşahlı Məbunnay, 28 əxuhili Səlmun, nətufahlı Məharay+, 29 nətufahlı Bəənnah oğlu Hələb, binyaminlilərin Gibah şəhərindən Ribay oğlu İttay, 30 firətunlu Bənayi+, Caaş+ vadilərindən Hidday, 31 ərəbəli Əbu-Əlbun, barhumlu Əzmut, 32 şalbunlu İlyəhba, Yaşən oğulları, Yonatan, 33 hərarlı Şamah, hərarlı Şarar oğlu Əxyam, 34 məkati oğlu Əhəzbəyin oğlu Əlfəlit, gilolu Əxtufil+ oğlu Əlyam, 35 karmelli Hizru, ərəbli Fəray, 36 sobahlı Natan oğlu Yəqəl, cadlı Bənni, 37 əmuni Saliq, Sərya oğlu Yuabın silahdarı biirotlu Naharay, 38 itrili İrah, itrili Qarib+ və 39 het Uryay+. Cəmi otuz yeddi nəfər.
24 Yehova yenə İsrailə qəzəbləndi.+ Bir kəs: «Get İsraili və Yəhudanı say»,+ — deyib Davudu onlara qarşı təhrik etdi.+ 2 Padşah yanında olan ordu başçısı Yuaba+ dedi: «Dandan tutmuş Biir-Səbaya+ qədər bütün İsrail qəbilələrini gəzin, hamını siyahıya alın ki, xalqın sayını bilim». 3 Yuab padşaha dedi: «Qoy Allahın Yehova xalqı yüz qat artırsın, hökmdar da bunu görsün. Nə üçün hökmdarım belə şey etmək istəyir?»
4 Amma padşahın sözü Yuabla sərkərdələrin sözündən kəsərli oldu. Yuab və sərkərdələr padşahın hüzurundan çıxıb İsrail xalqını siyahıya almağa getdilər.+ 5 Onlar İordanı keçib vadinin ortasındakı şəhərdən sağda, Aruirdə+ düşərgə saldılar, sonra cadlılar tərəfə yollandılar, oradan isə Yazir+ tərəfə getdilər. 6 Daha sonra Gilada+ və Taxtım-Hüdsi torpağına üz tutdular, oradan da Dan-Yahana gedib Sidon+ ətrafını dolaşdılar. 7 Oradan Sur qalasına+ getdilər, hivilərin+ və kənanilərin bütün şəhərlərini gəzdilər, axırda Negevdə+, yəni Yəhudadakı Biir-Səbada+ dayandılar. 8 Beləliklə, onlar bütün ölkəni gəzdilər və doqquz ay iyirmi gündən sonra Yerusəlimə qayıtdılar. 9 Yuab siyahıya alınan xalqın sayını padşaha təqdim etdi. İsraildə əli qılınclı 800 000 döyüşçü, Yəhudada isə 500 000 adam var idi.+
10 Xalqı sayandan sonra Davudun ürəyi onu qınamağa başladı+. O, Yehovaya dedi: «Bu işi görməklə böyük günah etmişəm+. Yehova, axmaqlıq eləmişəm, yalvarıram, qulunu bağışla».+ 11 Davud səhər qalxanda onun görücüsü Cada+ Yehovanın sözü nazil oldu: 12 «Get Davuda söylə ki, Yehova belə deyir: “Qarşına üç seçim qoyuram. Birini seç. Səni o cür cəzalandıracağam”».+ 13 Cad da Davudun yanına gəlib dedi: «Hansını seçirsən: ölkədə yeddi il aclıq olsun,+ üç ay düşmənlərin səni təqib etsin,+ ya da üç gün ölkədə xəstəlik olsun?+ Yaxşı-yaxşı fikirləş, söylə, məni göndərənə nə cavab verim». 14 Davud Cada dedi: «Mənə çox çətindir. Qoyma insan əlinə düşüm.+ Qoy biz Yehovanın əlinə düşək,+ Onun mərhəməti böyükdür».+
15 Yehova səhər açılandan təyin olunmuş vaxta qədər İsrailə xəstəlik göndərdi.+ Dandan tutmuş Biir-Səbaya qədər+ 70 000 adam qırıldı.+ 16 Mələk əlini uzadıb Yerusəlimi tar-mar etmək istəyəndə Yehovanın xalqa yazığı gəldi+ və xalqı qıran mələyə dedi: «Bəsdir! Əl saxla!» Yehovanın mələyi yəbusi+ Arunahın xırmanının+ yanında idi.
17 Davud mələyin xalqı qırdığını görəndə Yehovaya dedi: «Günah edən mənəm, mən xəta etmişəm. Axı bu yazıq qoyunlar+ nə ediblər? Qoy əlin mənə, atamın evinə qarşı qalxsın».+
18 Cad həmin gün Davudun yanına gəlib dedi: «Qalx, get Yehova üçün yəbusi Arunahın xırmanında qurbangah tik».+ 19 Davud Yehovanın əmr etdiyi kimi, Cadın sözü ilə durub getdi. 20 Arunah padşahla əyanlarının ona tərəf gəldiyini görəndə tez bayıra çıxıb yerədək padşaha təzim etdi və dedi: 21 «Ağam padşahı bu qulunun yanına nə gətirib?» Davud dedi: «Gəlmişəm sənin xırmanını alıb Yehovaya qurbangah tikim və xalqın üzərinə gələn bəla dayansın».+ 22 Arunah Davuda dedi: «Qoy padşah xırmanı götürüb istədiyini təqdim etsin. Burada yandırma qurbanı üçün heyvan, yandırmaq üçün odun əvəzinə vəl və boyunduruqlar var. 23 Ya padşah, hamısı sənindir». Sonra Arunah əlavə etdi: «Qoy Allahın Yehova sənə yar olsun».
24 Padşah isə Arunaha dedi: «Bunu səndən pulla alacağam. Allahım Yehovaya yandırma qurbanını havayı götürüb təqdim etmərəm». Davud əlli şekel* verib xırmanı və heyvanları aldı.+ 25 Davud orada Yehovaya qurbangah tikdi,+ yandırma və ünsiyyət qurbanları təqdim etdi. Yehova onların ölkə üçün etdiyi yalvarışlarına cavab verdi+ və İsrailə gələn bəla sovuşdu.
Mənası: çaxmaqdaşı bıçaqları sahəsi.
Digər variant: Bitrunu.
1Sm 3:1 ayəsində Dənyal.
Bəzi mənbələrə əsasən, filistimlilər.
1İş 25:44 ayəsində Falti.
Görünür, söhbət qadın işi görməyə məcbur olan şikəst kişidən gedir.
Digər variant: ora Davud şəhəri adını qoydu.
İbr. Milloh. Ehtimal ki, qalayabənzər tikili.
Mənası: yarıqların ağası.
Digər variant: arasında.
Yaxud hirsləndi.
Mənası: Üzzahın başına tökülən qəzəb.
Hərfən: toxumunu.
Digər variant: Adəm.
Digər variant: mənim süfrəmdə.
Fərat çayı.
Yəni yazda.
Ehtimal ki, burada söhbət aybaşı murdarlığından gedir.
Yaxud padşah payı (ev sahibinin hörmətli qonağa göndərdiyi pay).
İbranicə sülh mənasını verən sözün kökündən əmələ gəlib.
Mənası: Yahın sevimlisi.
Hərfən: sular şəhərini.
Talant 34,2 kq-a bərabərdir. B14 əlavəsinə bax.
Yaxud xüsusi.
Ola bilsin, bu, ya sarayda işlədilən standart çəki daşı idi, ya da adi şekeldən fərqlənən saray şekeli idi.
Təx. 2,3 kq. 1 şekel 11,4 q-a bərabərdir. B14 əlavəsinə bax.
Digər variant: qırx ilin.
Hərfən: qardaşlarını.
Digər variant: düzənliklərdə.
Digər variant: ox, nizə. Hərfən: çubuq.
Digər variant: onlar.
Digər variant: Yerusəlimdən.
Digər variant: çadırlarına.
Digər variant: Merabın.
Digər variant: Yabeş-Giladın torpaq sahiblərindən.
Təx. 3,42 kq. B14 əlavəsinə bax.
Hərfən: xilas buynuzum.
Hərfən: seli.
İbr. şeol. Lüğətə bax.
Yaxud küləyin qanadı.
Hərfən: susduraram.
Şekel 11,4 q-a bərabərdir. B14 əlavəsinə bax.