MƏLAKİ
1 Hökm:
Yehovanın Məlaki* peyğəmbər vasitəsilə İsrail barədə dediyi söz.
2 Yehova deyir: «Mən sizə məhəbbət göstərdim».+
Siz isə deyirsiniz: «Bizə məhəbbətini necə göstərdin?»
«Məgər Eys Yaqubun qardaşı deyil?+ — bəyan edir Yehova. — Ancaq Mən Yaqubu sevdim, 3 Eysə isə nifrət etdim.+ Onun dağlarını viran etdim,+ mirasını çöldəki çaqqallara verdim».+
4 «Ədum* deyir: “Biz əzildik, lakin qayıdıb viran qalmış yerlərimizi bərpa edəcəyik”. Buna görə ordular Allahı Yehova deyir: “Onlar tikəcəklər, Mən yıxacağam. Oraya “pislik diyarı”, onlara da “Yehovanın həmişəlik məhkum etdiyi xalq” deyəcəklər.+ 5 Bunu öz gözünüzlə görüb deyəcəksiniz: “Qoy Yehova bütün İsrail diyarı üzərində uca olsun!”»
6 «Ey adıma həqarət edən kahinlər, ordular Allahı Yehova sizə deyir: “Oğul atasına hörmət göstərir,+ nökər də ağasına. Əgər Mən atayamsa,+ hanı Mənə hörmət?+ Əgər Mən ağayamsa, hanı Mənə ehtiram?”+
“Siz isə: “Biz Sənin adına necə həqarət etmişik ki?” — deyirsiniz”.
7 “Qurbangahımda murdar çörək təqdim etməklə”.
“Siz soruşursunuz: “Səni necə ləkələmişik ki?”
“Yehovanın süfrəsi+ hörmətə layiq deyil”, — deməklə. 8 Siz kor heyvanı qurban gətirib deyirsiniz: “Burada pis nə var ki!” Həmçinin axsaq və xəstə heyvanı təqdim edib deyirsiniz: “Burada pis nə var ki!”».+
«Onu öz hökmdarına apar, gör səndən razı qalar? Gör sənə xoş üz göstərər?» — deyir ordular Allahı Yehova.
9 «Allaha yalvarın ki, O, bizə lütf göstərsin. Heç bu cür təqdimələrlə O, sizə xoş üz göstərər?» — deyir ordular Allahı Yehova.
10 «Siz qapılarımı bağlamaq istəmirsiniz*.+ Heç qurbangahımı da havayı qalamırsınız.+ Mən sizdən narazıyam, — deyir ordular Allahı Yehova, — gətirdiyiniz bəxşişlər Mənə xoş deyil».+
11 «Gündoğandan günbatanadək xalqlar arasında Mənim adım uca olacaq.+ Hər yerdə adıma pak bəxşiş kimi qurban tüstüsü qaldırılacaq və təqdimələr gətiriləcək, çünki xalqlar arasında Mənim adım uca olacaq»,+ — deyir ordular Allahı Yehova.
12 «Siz isə: “Yehovanın süfrəsi murdardır, onun üstündəki meyvələr də, yeməklər də hörmətə layiq deyil”,+ — deyərək onu* ləkələyirsiniz.+ 13 Üstəlik: “Lap bezmişik!” — deyib nifrətinizi göstərirsiniz», — deyir ordular Allahı Yehova. «Siz oğurluq, axsaq və xəstə heyvanları gətirirsiniz. Siz bu cür heyvanları bəxşiş gətirirsiniz! Bunu sizdən necə qəbul edim?»+ — deyir Yehova.
14 «Sürüsündə sağlam erkək heyvanı ola-ola, nəzir deyib qüsurlu heyvanı Yehovaya qurban gətirən hiyləgər adama lənət olsun! Axı Mən əzəmətli Padşaham,+ — deyir ordular Allahı Yehova, — Mənim adım xalqlar arasında vahimə doğuracaq».+
2 «Ey kahinlər, bu əmr sizin üçündür.+ 2 Əgər siz qulaq asmasanız, adımı ucaltmağı ürəyinizdə qət etməsəniz, üzərinizə lənət yağdıracağam,+ — deyir ordular Allahı Yehova, — xeyir-duanızı lənətə döndərəcəyəm.+ Artıq xeyir-duanızı lənətə döndərmişəm, çünki əmrimə laqeydlik göstərirsiniz».
3 «Baxın, sizin ucbatınızdan səpdiyiniz toxumu tələf edəcəyəm,+ bayramlarınızda gətirdiyiniz qurbanların peyinini sifətinizə çırpacağam. Siz peyin içinə atılacaqsınız. 4 Onda biləcəksiniz ki, Lavi ilə bağladığım əhd qüvvədə qalsın deyə, Mən bu əmri sizə vermişəm»,+ — deyir ordular Allahı Yehova.
5 «Onunla həyat və sülh əhdi bağladım. Bunları ona verdim ki, Mənə ehtiram bəsləsin. O da Mənə həmişə ehtiram bəsləyirdi. Bəli, adım onu vahiməyə salırdı. 6 Həqiqət qanunu dilində idi,+ ağzından yamanlıq çıxmazdı. O, sülh və salehlik içində yolumla gedirdi*+ və çoxlarını səhv yoldan qaytarmışdı. 7 Kahinin ağzı elmi qorumalıdır, camaat qanunu onun dilində axtarmalıdır.+ Axı o, ordular Allahı Yehovanın elçisidir.
8 Lakin siz yoldan çıxdınız. Sizə görə qanun çoxlarını büdrətdi*.+ Lavi əhdini pozdunuz,+ — deyir ordular Allahı Yehova, — 9 madam ki siz yollarımla getmədiniz və qanunla bağlı məsələlərdə ayrı-seçkilik etdiniz+, Mən də sizi bütün xalqın qarşısında alçaldıb rəzil edəcəyəm».
10 «Məgər hamımızın atası bir deyil?+ Bizi bir Allah yaratmayıb? Onda niyə bir-birimizə xəyanət edib+ ata-babalarımızın əhdinə ləkə vururuq? 11 Yəhuda xainlik edir, İsraildə və Yerusəlimdə mənfur işlər görülür. Yəhuda Yehovanın əziz tutduğu müqəddəsliyinə* ləkə vurdu,+ yad allahın qızını aldı.+ 12 Yehova kimliyindən asılı olmayaraq, belə edən hər kəsi, o cümlədən ordular Allahı Yehovaya bəxşiş təqdim edəni Yaqubun çadırlarından yox edəcək».+
13 «Siz bir şey də edirsiniz, buna görə Yehovanın qurbangahından ah-zar əskilmir, ora göz yaşlarından islanıb. Odur ki, daha bəxşişlərinizə fikir vermirəm, əlinizdən nəsə almaq Mənə xoş deyil.+ 14 Soruşursunuz: “Niyə?” Ona görə ki, cavanlıqda evləndiyin arvadınla sənin aranda Yehova Özü şahiddir. O qadın sənin yoldaşın, əhd kəsdiyin arvadındır, sən isə ona xəyanət etdin.+ 15 Aranızda belə etməyən bir kəs var idi, onda bir az Allahın ruhu qalmışdı. O nə istəyirdi? Allahdan övlad istəyirdi. Siz də ruhunuzu qoruyun və cavanlıqda evləndiyiniz arvadınıza xəyanət etməyin. 16 Çünki Mən boşanmaya nifrət edirəm,+ — deyir İsrailin Allahı Yehova, — zorakı adama* nifrət edirəm, — deyir ordular Allahı Yehova, — ruhunuzu qoruyun və xəyanət etməyin.+
17 Siz sözlərinizlə Yehovanı təngə gətirmisiniz+ və soruşursunuz: “Nə etdik ki, O təngə gəldi?” “Pislik edən hər kəs Yehovanın gözündə yaxşıdır, Allah belələrini xoşlayır”,+ yaxud “hanı ədalət Allahı?” — deməklə Onu təngə gətirmisiniz».
3 Ordular Allahı Yehova deyir: «Budur, elçimi göndərirəm, o, önümdə yol hazırlayacaq.+ Axtardığınız Rəbb qəflətən məbədinə gələcək.+ Yolunu sevinclə gözlədiyiniz əhd elçisi də gələcək. O, mütləq gələcək!»
2 «Onun gələcəyi günə kim tab gətirər? Zühur edəndə kim davam gətirər? Çünki o, əridicinin odu, camaşırçının gilabısı*+ kimi olacaq. 3 O, gümüşü əridib təmizləyən adam kimi oturub+ Lavi oğullarını təmizləyəcək. Onları qızıltək, gümüştək saflaşdıracaq və onlar Yehovaya salehliklə bəxşişlər təqdim edən xalq olacaq. 4 Əvvəlki dövrlərdə, keçmiş illərdə olduğu kimi, Yəhudanın və Yerusəlimin bəxşişi Yehovaya xoş olacaq.+
5 Sizi mühakimə etmək üçün yanınıza gələcəyəm. Cadugəri,+ zinakarı, yalandan and içəni,+ muzdura fırıldaq gələni,+ dula, yetimə zülm edəni+ və qəribdən köməyini əsirgəyəni* dərhal məhkum edəcəyəm.+ Bu adamlar Məndən qorxmurlar», — deyir ordular Allahı Yehova.
6 «Mən Yehovayam. Mən dəyişmirəm*.+ Buna görə siz məhv olmadınız, ey Yaqub oğulları. 7 Ata-babalarınızın dövründən bəri qanunlarımı pozursunuz, onlara əməl etmirsiniz.+ Dönün, Mənə tərəf dönün, Mən də sizə tərəf dönərəm»,+ — deyir ordular Allahı Yehova.
Siz deyirsiniz: «Necə dönək?»
8 «Heç bəndə Allahı talayar? Amma siz Məni çapıb-talayırsınız».
Siz deyirsiniz: «Səni necə talayırıq ki?»
«Ondabirləri, ianələri vermirsiniz. 9 Sizə lənət olsun*, çünki hamınız, bütün xalq Məni talayır. 10 Bütün ondabirləri anbara gətirin ki,+ evimdə azuqə olsun.+ Buyurun, Məni bununla sınayın, — deyir ordular Allahı Yehova, — görün göylərin bəndlərini sizin üçün açıram,+ ya yox, başınızdan bərəkət tökürəm, ya yox».+
11 «Qoymaram ziyanverici torpağınızın məhsulunu tələf etsin, bağlarda meynəniz üzümsüz qalsın»,+ — deyir ordular Allahı Yehova.
12 «Bütün xalqlar sizə bəxtəvər deyəcək,+ çünki ölkəniz zövq-səfa diyarı olacaq», — deyir ordular Allahı Yehova.
13 «Mənə qarşı ağır sözlər dediniz», — deyir Yehova.
Siz isə soruşursunuz: «Sənə qarşı nə demişik ki?»+
14 «Siz dediniz: “Allaha qulluq etmək əbəs imiş.+ Onun önündə borcumuzu yerinə yetirdik, ordular Allahı Yehovanın qarşısında qəmli-qəmli gəzdik, amma nə xeyri? 15 Budur, qürurlu adamları bəxtəvər sayırıq. Şər iş görənlər də firavan yaşayır,+ Allahı sınayır, amma cəzasız qalırlar”».
16 O vaxt Yehovadan qorxanlar bir-birilə danışırdı, hər kəs yoldaşı ilə danışırdı. Yehova da diqqətlə qulaq asırdı. Yehovadan qorxanlar və Onun adını düşünənlər*+ haqqında Onun önündə xatirə kitabı yazıldı.+
17 Ordular Allahı Yehova deyir: «Hərəkətə keçdiyim gün onlar Mənim məxsusi mülküm olacaqlar.+ İtaətkar oğluna şəfqət göstərən ata kimi, onlara şəfqət göstərəcəyəm.+ 18 Siz yenə saleh adamla şər adam arasında,+ Allaha qulluq edənlə etməyən arasında fərqi görəcəksiniz».
4 Ordular Allahı Yehova deyir: «Budur, kürətək yanan o gün gəlir.+ Bütün qürrəlilər və şər əməl sahibləri saman kimi olacaq. Qarşıdan gələn o gün onları yandırıb məhv edəcək, onlardan nə kök, nə budaq qalacaq. 2 Adıma ehtiram bəsləyən sizlərin üzərinə isə haqq günəşi doğacaq, onun şəfəqləri şəfalı olacaq. Siz bəslənmiş buzovlar kimi atılıb-düşəcəksiniz».
3 «Siz pisləri tapdalayacaqsınız. Bu işləri gördüyüm gün onlar ayaqlarınız altında toz kimi olacaqlar», — deyir ordular Allahı Yehova.
4 «Qulum Musaya Huribdə bütün İsrail üçün verdiyim Qanunu, hökmləri və əmrləri xatırlayın.+
5 Yehovanın möhtəşəm və müdhiş günü+ gəlməzdən qabaq İlyas peyğəmbəri+ yanınıza göndərəcəyəm. 6 O, ataların ürəyini oğullara,+ oğulların ürəyini atalarına tərəf yönəldəcək ki, Mən gəlib dünyanı vurmayım və dünya darmadağın olmasın».
Mənası: elçim.
Yr 25:30 və 36:1 ayələrinə əsasən, Eysin digər adı.
Görünür, söhbət məbədin qapısında növbətçilik etməkdən gedir.
Digər variant: Məni.
Hərfən: Mənimlə yeriyirdi.
Digər variant: təliminizlə çoxlarını büdrətdiniz.
Digər variant: müqəddəs məkana.
Yaxud paltarının üstündən zorakılıq geyinən adama.
Yaxud sabunu.
Yaxud qəribin haqqını tapdalayanı.
Yaxud Mən dəyişməmişəm.
Digər variant: Mənə lənət edirsiniz.
Digər variant: əziz tutanlar.