ƏLAVƏLƏR
1914-cü il — Müqəddəs Kitab peyğəmbərliklərində mühüm tarix
MÜQƏDDƏS KİTAB tədqiqatçıları 1914-cü ildə vacib hadisələrin olacağını təxminən 40 il əvvəl xəbər verməyə başladılar. Həmin vaxt hansı vacib hadisələr baş verdi və nəyə görə 1914-cü ili tarixdə həqiqətən də mühüm dövr hesab etmək olar?
Luka 21:24 ayəsində yazıldığı kimi, İsa demişdir: «Digər xalqların [«bütpərəstlərin», İ–93] vaxtı tamam oluncaya qədər, Yerusəlim xalqlar tərəfindən tapdalanacaqdır». Yerusəlim Yəhudeyanın paytaxtı və Davud padşahın nəslindən olan padşahların idarəetmə mərkəzi idi (Məzmur 48:1, 2). Bu padşahlar digər xalqların hökmdarlarından fərqlənirdilər. Onlar Allahın təmsilçiləri kimi, «Rəbbin taxtında» otururdular (1 Salnamələr 29:23). Buna görə də, Yerusəlim Yehovanın hakimiyyətini təmsil edirdi.
Allahın hakimiyyətinin ‘xalqlar tərəfindən tapdalanması’ necə və nə vaxt başlamalı idi? Bu, b. e. ə. 607-ci ildə babillilərin Yerusəlimi ələ keçirdikləri vaxt başladı. Davudun nəsil xəttindən olan padşahların hökmranlığı dayandı və artıq «Rəbbin taxtında» heç kim oturmadı (2 Padşahlar 25:1-26). ‘Tapdalanma’ dövrü sonsuzadəkmi davam etməli idi? Xeyr, çünki Yezekelin peyğəmbərliyində Yerusəlimin axırıncı padşahı Sidqiya haqqında deyilmişdi: «Çalmanı və tacı götür... Haqq sahibi gələnə qədər bərpa olunmayacaq. Mən şəhəri ona verəcəyəm» (Yezekel 21:26, 27). Davudun tacını taxmağa ‘haqqı’ olan şəxs, İsa Məsihdir (Luka 1:32, 33). Buna görə də, İsa padşah olan zaman ‘tapdalanma’ dövrü sona çatmalı idi.
Bu vacib hadisə nə vaxt baş verməli idi? İsa, bütpərəstlərin müəyyən dövr ərzində hökmranlıq edəcəyini demişdi. Bu dövrün nə qədər sürdüyünü isə, «Daniel» kitabının 4-cü fəslindən öyrənmək olar. Orada Babil padşahı Navuxodonosorun peyğəmbərlik yuxusundan bəhs edilir. Padşah yuxusunda nəhəng bir ağacın kəsildiyini görür. Ağacın kötüyü böyüməsin deyə, onu dəmir və tuncla çənbərləyirlər. Mələk bəyan edir: «Yeddi il [«vaxt», KM] keçənə qədər belə qalsın» (Daniel 4:10-16).
Müqəddəs Kitabda ağac bə’zən padşahlıq hakimiyyətini təmsil edir (Yezekel 17:22-24; 31:2-5). Simvolik ağacın kəsilməsi, Yerusəlimdəki padşahların təmsil etdiyi Allahın hakimiyyətinin dayandırılmasını bildirirdi. Ancaq, yuxudan göründüyü kimi, Yerusəlimin xalqlar tərəfindən tapdalanması daimi olmayacaqdı, bu yalnız «yeddi vaxt» davam edəcəkdi. Bəs «yeddi vaxt» nə qədər dövrü əhatə etməli idi?
Vəhy 12:6, 14 ayələrindən, üç yarım vaxtın «min iki yüz altmış» günə bərabər olduğunu öyrənirik. Deməli, «yeddi vaxt» (iki dəfə çox davam edən müddət) 2 520 günə bərabərdir. Ancaq Yerusəlimin zəbt edilməsindən hərfi mə’nada 2 520 gün keçdikdən sonra, bütpərəstlər Allahın hakimiyyətini tapdalamağı dayandırmadılar. Göründüyü kimi, bu peyğəmbərlik daha uzun bir vaxt müddətini əhatə edir. Yezekel 4:6 və Saylar 14:34 ayələrindəki «hər gün üçün bir il» prinsipinə əsasən, «yeddi vaxt» 2 520 ilə bərabərdir.
2 520 il, b. e. ə. 607-ci ilin oktyabr ayında, babillilərin Yerusəlimi ələ keçirib, Davudun nəslindən olan padşahı taxtdan devirdikləri vaxt başladı. Bu dövr b. e. 1914-cü ilinin oktyabr ayında başa çatdı. Məhz bu zaman «digər xalqların vaxtı» sona çatdı və İsa Məsih göydə Padşah oldua (Məzmur 2:1-6; Daniel 7:13, 14).
İsanın əvvəlcədən xəbər verdiyi kimi, onun səmavi Padşah kimi ‘iştirakı’ (YD) görünməmiş fəlakətlərlə müşayiət olunacaq. Bunlara müharibələr, qıtlıqlar, zəlzələlər, qırğınlar daxildir (Matta 24:3-8; Luka 21:11). Bu hadisələr inandırıcı şəkildə sübut edir ki, 1914-cü ildə Allahın səmavi Padşahlığı qurulmuş və həmin vaxtdan e’tibarən bu pis sistemin ‘axır günləri’ başlamışdır (2 Timoteyə 3:1-5).
a B. e. ə. 607-ci ilin oktyabr ayından b. e. ə. 1-ci ilin oktyabr ayına kimi 606 il keçmişdir. Sıfırıncı il olmadığı üçün, b. e. ə. 1-ci ilin oktyabr ayından b. e. 1914-cü ilinin oktyabr ayına kimi 1914 il keçmişdir. 606 ilin üzərinə 1914 il gəldikdə cəmi 2 520 il edir. Yerusəlimin b. e. ə. 607-ci ildə işğal edildiyinə dair daha artıq mə’lumatı «Hər Müqəddəs Yazı Allahdan ilham almış və faydalıdır» broşürasının 3-cü dərsinin 5, 6-cı abzaslarından, həmçinin «Müqəddəs Yazıların dərk edilməsi» ensiklopediyasının «Xronologiya» bölməsindən (ing.) əldə etmək olar. Bu nəşrlər Yehovanın Şahidləri tərəfindən dərc edilmişdir.