BÖLMƏ 12
Həqiqi iman sahibi olduğunuzu göstərin!
ALLAH Öz xidmətçilərini xəbərdar etmişdi ki, iman sınağına məruz qalacaqlar. Onun Kəlamında deyilir: «Ayıq durun, sərvaxt olun. Düşməniniz İblis nərildəyən şir kimi gəzib udmağa adam axtarır» (1 Butrus 5:8). Bəs Şeytan imanınızı necə məhv etməyə çalışır?
Siz də belə müqavimətlərlə qarşılaşmısınız?
Şeytan başqaları, hətta əzizləriniz vasitəsilə sizə təsir göstərə bilər ki, Müqəddəs Kitabı araşdırmayasınız. Bu barədə İsa Məsih demişdi: «İnsanın düşmənləri öz evindəkilər olacaq» (Mətta 10:36). Xoşniyyətli ailə üzvləriniz və dostlarınız Allahın Kəlamında yazılan gözəl həqiqətlərdən xəbərsiz ola bilərlər. Yaxud onlar başqalarının nə düşünəcəyindən ehtiyat edə bilərlər. Bununla belə, Müqəddəs Kitabda deyilir: «İnsan qorxusu tələdir, amma Yehovaya güvənən hifz olar» (Məsəllər 29:25). Necə düşünürsünüz, siz insanları razı salmaq üçün Müqəddəs Kitabı öyrənməyi dayandırsanız, Allah sizdən razı qalar? Əlbəttə, yox! Digər tərəfdən, imanla davrananda Allah bizə kömək edir. «Biz isə geri çəkilib məhv olanlardan deyilik, iman edib həyatını qoruyanlardanıq» (İbranilərə 10:39).
Əvvəlki bölmələrdən birində adı çəkilən Həbibin hadisəsini yadınıza salın. Əvvəlcə həyat yoldaşı imanına görə ona istehza edirdi. Lakin sonradan özü də Allahın Kəlamını öyrənməyə başladı. Əgər siz də düzgün olanı etməyə davam etsəniz, dostlarınız və yaxınlarınız Müqəddəs Kitabı öyrənmək istəyə bilərlər. Çox vaxt əsl iman göstərənlərin ailə üzvləri onların ismətli yaşayışını və dərin hörmətini görüb sözsüz fəth edilirlər (1 Butrus 3:1, 2).
Həmçinin Şeytan insanlarda belə bir fikir yaratmağa çalışır: guya onlar o qədər məşğuldur ki, Müqəddəs Kitabı öyrənməyə vaxtları yoxdur. Bundan savayı, o istəyir ki, həyatın qayğıları — şəxsi narahatçılıqlar və maddi çətinliklər Allahın sözünü boğsun, yəni sizin imanınız bar gətirməsin (Mark 4:19). Çalışın, uzaqgörən olasınız! Müqəddəs Kitabda deyilir: «Əbədi həyat odur ki, Səni, tək gerçək Allahı və göndərdiyin İsa Məsihi tanısınlar» (Yəhya 17:3). Bəli, Allah və İsa Məsih haqqında bilik almağa davam etmək Cənnətdə əbədi həyata nail olmaq üçün vacibdir!
Dua edib Allahdan kömək diləyin
Misirdə padşah sarayında yaşayan Musa haqqında düşünün. O, var-dövlət, şan-şöhrət və hakimiyyət sahib ola bilərdi. Ancaq Musa «günahdan müvəqqəti həzz almaqdansa, Allahın xalqı ilə birlikdə əziyyətə qatlaşmağı üstün tutdu». Nəyə görə? «Çünki Gözəgörünməzi görürmüş kimi mətin idi» (İbranilərə 11:24, 25, 27). Bəli, Musanın Allaha güclü imanı vardı. O öz xudbin arzularını yox, Allahın istəyini birinci yerə qoyurdu, Allah da ona bol-bol nemətlər nəsib edirdi. Əgər siz də Allahın işini birinci yerə qoysanız, Allah sizə də nemətlər verəcək.
Şeytan sizə müxtəlif üsullarla hücum etməyə çalışa bilər. Ehtiyatlı olun ki, onun qurbanına çevrilməyəsiniz. Allahın Kəlamı bizi təşviq edir: «İblisə müqavimət göstərin və o, sizdən qaçacaq» (Yaqub 4:7). Bəs ona qarşı durmaq üçün nə edə bilərik?
Müqəddəs Kitabı araşdırmağa davam edin. Allahın Kəlamını hər gün oxuyun. Onun təlimlərini araşdırın və məsləhətlərini tətbiq edin. Belə etməklə siz «Allahın verdiyi bütün yaraqları» götürmüş olacaqsınız (Efeslilərə 6:13).
Həqiqi imana sahib olan insanlarla oturub-durun. Müqəddəs Kitabı oxuyan, araşdıran və onun məsləhətlərinə əməl edən insanları axtarıb tapın. Onlar bir-birlərini məhəbbətə və yaxşı işlərə təşviq edir və ruhlandırırlar. Onlar sizə də imanınızı möhkəmləndirməyə kömək edəcəklər (İbranilərə 10:24, 25).
Həqiqi imana sahib olan insanlarla oturub-durun
Yehova Allaha yaxınlaşın. Allahdan kömək diləyin və Ona etibar edin. Heç vaxt unutmayın ki, Allah sizə kömək edəcək. «Bütün qayğılarınızı Onun [Allahın] üzərinə qoyun» (1 Butrus 5:6, 7). «Üzləşdiyiniz sınaqlarda qeyri-adi bir şey yoxdur, hamı belə sınaqlarla üzləşir. Ancaq Allah vəfalı Allahdır, O qoymaz ki, siz gücünüz çatmayan sınaqlara məruz qalasınız. Sınaq vaxtı dözə biləsiniz deyə, sizə çıxış yolu da göstərəcək» (1 Korinflilərə 10:13).
Şeytan iddia edir ki, ağır sınaqlarla üzləşənlərdən heç kim Allaha xidmət etməyəcək; bununla da o, Allaha istehza edir. Amma siz Şeytanın yalançı olduğunu sübut edə bilərsiniz! Allah deyir: «Oğlum, hikmətli ol, qəlbim sevinsin, Mənə meydan oxuyana cavab verə bilim» (Məsəllər 27:11). Bəli, əsl imana sahib olduğunuzu göstərməyə qəti qərarlı olun!