Valideynlər, uşaqlarınızın ehtiyacını tə’min edin!
UŞAQLAR, xüsusilə valideynlər tərəfindən verilən rəhbərliyə və qayğıkeşliklə edilən islaha ehtiyac duyurlar. Bu haqda braziliyalı pedaqoq Tanya Zaquri demişdir: “Uşaqlar ancaq öz xoşlarına gələni etməyə meyllidirlər. Bu səbəbdən, onların davranış tərzi müəyyən çərçivədən çıxmasın deyə, nəzarət etmək vacibdir. Bunun üçün ilk növbədə valideynlər cavabdehdirlər. Əgər valideynlər öz vəzifələrini icra etməzlərsə, uşaqlar nəzarətdən çıxarlar”.
Lakin cəmiyyətdə özbaşınalıq və sərbəstlik hökm sürdüyü üçün, bir çox ölkələrdə yuxarıda verilən məsləhətə riayət etmək çətindir. Valideynlər köməyi harada axtara bilərlər? Allah qorxusuna malik olan valideynlər e’tiraf edirlər ki, “uşaqlar Rəbdən mirasdır” (Məzmur 127:3). Buna görə də onlar, uşaqların tərbiyəsi üçün rəhbərliyi Allahın Kəlamı olan Müqəddəs Kitabda axtarırlar. Məsələn, Süleymanın məsəlləri 13:24 (MKŞ) ayəsində deyilir: “Oğlundan kötəyi əsirgəyən sanki ona nifrət edər, oğlunu sevən ona düzgün tərbiyə verər”.
Müqəddəs Kitabın burada istifadə etdiyi “kötək” sözü yalnız fiziki cəza mə’nasını vermir; daha doğrusu, bu söz - növündən asılı olmayaraq müəyyən islahı nəzərdə tutur. Əslində inadcıl uşağı çox vaxt sözlə də islah etmək mümkündür. Süleymanın məsəlləri 29:17 (MKŞ) ayəsində deyilir: “Oğluna tərbiyə ver ki, canın dinc olsun, könlün bundan ləzzət alsın”.
Uşaqlarda mənfi xüsusiyyətlərin inkişaf etməməsi üçün, onları məhəbbətlə islah etmək zəruridir. Uşaqları ardıcıl və mehribancasına islah etməklə, siz, valideynlik qayğısı göstərmiş olacaqsınız (Süleymanın məsəlləri 22:6). Valideynlər, ruhdan düşməyin! Siz, Müqəddəs Kitabın sağlam, faydalı məsləhətlərinə riayət etməklə, Yehova Allahın lütfünü əldə edəcək və övladlarınızın hörmətini qazanacaqsınız.