Quşlardan nə öyrənə bilərik?
“GÖYÜN quşlarına baxın, onlar nə əkir, nə biçir, nə də ambarlarda toplayırlar; və səmavi Atanız onları yedizdirir. Siz onlardan daha dəyərli deyilsinizmi?” (Matta 6:26). İsa bu sözləri Qalileya dənizi yaxınlığında məşhur Dağüstü təbliğində demişdir. Həmin vaxt İsanı, onun davamçılarından savayı, ölkənin müxtəlif yerlərindən gələn və vaxt keçdikcə onun şagirdi olmaq imkanına malik olan böyük izdiham da dinləyirdi. Bu insanların əksəriyyəti kasıblar idi və İsa xəstələri sağaltsın deyə, onları onun yanına gətirirdilər (Matta 4:23–5:2; Luka 6:17-20).
Xəstələrin hamısını sağaltdıqdan sonra, İsa diqqəti daha vacib olan ruhani ehtiyaclara yönəltdi. Onun verdiyi tə’limlərə yuxarıda quşlar haqqında xatırlanan sözlər də daxil idi.
Göyün quşları artıq çoxdan mövcuddur. Onların bə’ziləri həşəratlarla, digərləri isə meyvə və toxumlarla qidalanırlar. Əgər Allah quşları belə bolluq içində qidalandırırsa, sözsüz ki, xidmətçilərinin gündəlik çörəyi olsun deyə, onlara da kömək edə bilər. O, çörək pulu qazanmaq üçün iş tapmaqda onlara xeyir-dua verə, yaxud bol məhsul yetişdirməyə kömək edə bilər. Fəlakət zamanı Allah xeyirxah insanları və dostları öz ərzaqlarını ehtiyacı olanlarla bölüşməyə təşviq edə bilər.
Quşların həyatını diqqətlə müşahidə edərək, biz onlardan daha çox şey öyrənə bilərik. Allah quşları valehedici instinktlə yaradıb, belə ki, onlar balalarını böyütmək üçün yuva qururlar. İki müxtəlif yuvaya diqqət yetirin. Solda — afrikanın qaya qaranquşunun yuvası göstərilir. Bu quş dik qayalarda və ya evin divarlarında özünə yuva qurur. Qayanın və ya şəkildə göründüyü kimi, evin damının çıxıntısı bu yuva üçün örtük kimi xidmət edir. Piyaləyə bənzər bu yuva palçıqdan qurulub. Həm erkək, həm də dişi quş torpaq hissəciklərini toplayaraq birlikdə sə’ylə çalışırlar və onlar buna bir aydan çox vaxt sərf edirlər. Daha sonra yuvanı ot və lələklərlə örtürlər. Hər ikisi balalarını yedizdirir. Aşağıda qaraalınlı toxucunun yuvası göstərilir. Bu əməksevər afrika quşu otlardan və başqa bitkilərin liflərindən yuva qurur. Bu quş yuvanı bir günə qura bilir və bir mövsüm içində bunun kimi 30 yuva hörə bilər.
Biz buradan nə öyrənə bilərik? Əgər Allah quşları bu cür bacarıqla yaradıb və yuva qurmaq üçün onlara bu qədər material veribsə, onda, əlbəttə ki, öz xidmətçilərinə də yaşamaq üçün lazımi mənzilləri olsun deyə kömək edə bilər. Lakin İsa göstərdi ki, əgər biz maddi cəhətdən zəruri şeylərə malik olmaq üçün Allahın köməyini istəyiriksə, bunun üçün daha nə isə lazımdır. İsa və’d etdi: “Əvvəlcə Onun Padşahlığını və Onun salehliyini axtarın; və bütün bu şeylər sizə artırılacaqdır” (Matta 6:33, İ–93). “Əvvəlcə Allahın Padşahlığını axtarmaq nə deməkdir?” deyə, siz özünüzdən soruşa bilərsiniz? Bu jurnalı paylayan Yehovanın Şahidləri sizin bu sualınıza məmnuniyyətlə cavab verərlər.