Oxucuların sualları
İsa sadiq qulunun «ağıllı» olacağını deyəndə nəyi nəzərdə tuturdu?
İsa belə bir sual qaldırdı: «Vaxtlı-vaxtında onlara yemək vermək üçün, ağasının öz nökərlərı üzərinə qoyduğu sadiq və ağıllı qul kimdir?» (Matta 24:45). Ruhani «yemək» verən «qul», müqəddəs ruhla məsh olunmuş məsihçilərin yığıncağıdır. Bəs nəyə görə İsa onları ağıllı adlandırdı?a
İsanın «ağıllı» deməklə nəyi nəzərdə tutduğunu, onun tə’limindən daha aydın başa düşə bilərik. Məsələn, İsa «sadiq və ağıllı qul» haqqında danışanda, adaxlısının gəlişini gözləyən on qız haqqında məsəl də çəkmişdi. Bu qızlar bizə, böyük Adaxlı olan İsa Məsihi 1914-cü ildən əvvəl səbirsizliklə gözləyən məsh olunmuş məsihçiləri xatırladır. Həmin on qızdan beşi, adaxlı gələnə kimi kifayət qədər yağ götürmədikləri üçün toy ziyafətinə buraxılmadılar. Digər beş qız isə ağıllı davrandı. Onlar adaxlı gələnə kimi yandırmaq üçün kifayət qədər yağ götürmüşdülər və toy ziyafətinə buraxıldılar (Matta 25:10-12).
İsa 1914-cü ildə Padşahlıq hakimiyyətinə gələndə, məsh olunmuşlardan bir çoxu dərhal göydə onunla birləşməyi gözləyirdi. Lakin onların yer üzündə görəcəkləri çox iş vardı və bə’ziləri buna hazır deyildilər. Məsəldəki ağılsız qızlar kimi, onlar da özlərini qabaqcadan ruhən möhkəmləndirmədikləri üçün işıq kimi saçmağa hazır deyildilər. Ancaq çoxları ağılla, yə’ni müdrik və ehtiyatla davranmış və ruhən möhkəmlənmişdilər. Onlar qabaqda çox iş olduğunu bildikdə, işi sevinclə yerinə yetirməyə başladılar və bununla da «sadiq və ağıllı qul» kimi tanındılar.
Gəlin görək İsa Matta 7:24 ayəsində «ağıllı» sözünü necə istifadə edir. O demişdi: «Mənim bu sözlərimi kim eşidib onları həyata keçirərsə, onu öz evini daş üzərində quran ağıllı adama bənzədirəm». Ağıllı adam tufanı nəzərə alaraq, evini möhkəm tikir. Ağılsız isə evini qum üzərində tikdiyindən o uçur. Deməli, İsanın ardınca gedən ağıllı adam insan müdrikliyinin ardınca getməyin fəlakətli nəticəsini qabaqcadan görən şəxsdir. Belə insanın bəsirəti və dərrakəsi onu öz imanını, hərəkət və tə’limlərini büsbütün İsanın öyrətdiklərinə əsaslandırmağa yönəldir. «Sadiq və ağıllı qul» da eynilə davranır.
Həmçinin qeyd edək ki, «ağıllı» kimi tərcümə olunan söz İbranicə Müqəddəs Yazıların bir çox ayələrində istifadə olunur. Məsələn, fir’on Misirdə azuqə ehtiyatına rəhbərlik etməyə Yusifi tə’yin etmişdi. Bu, Yehovanın Öz xalqını qida ilə tə’min etmək tədbirinin bir hissəsi idi. Bəs nə üçün Yusif seçilmişdi? Fir’on ona dedi: «Sənin kimi ağıllı və müdrik adam yoxdur» (Yaradılış 41:33-39; 45:5). Buna bənzər tərzdə, Müqəddəs Kitabda deyilir ki, Aviqail «ağıllı» qadın idi. O, Yehovanın məsh olunmuşunu — Davudu və onun adamlarını qida ilə tə’min etdi (1 Samuel 25:3, 11, 18). Yehovanın iradəsini anladıqları, ehtiyatla və dərrakə ilə davrandıqları üçün həm Yusifi, həm də Aviqaili ağıllı adlandırmaq olar.
Beləliklə, İsa sadiq qulu ağıllı adlandıranda bildirdi ki, sadiq qulu təmsil edənlər bəsirət, uzaqgörənlik və dərrakə kimi xüsusiyyətləri təzahür etdirəcəklər, çünki onların imanının, hərəkət və tə’limlərinin əsasını Allahın həqiqət Kəlamı təşkil edir.
[Haşiyə]
a «Ağıllı» sözü yunanca fronimos sözündən tərcümə olunur. Marvin R. Vinsent özünün «Əhdi-Cədiddə sözlərin tədqiqi» əsərində şərh edir ki, bu söz əksər vaxt praktiki müdrikliyə və ehtiyatla hərəkət etməyə aid edilir («Word Studies in the New Testament»).