Rəhbərlik Şurası necə təşkil olunub?
YEHOVANIN ŞAHİDLƏRİNİN Rəhbərlik Şurası Allaha həsr olunmuş və məsh edilmiş kişilərdən ibarətdir. Onlar sadiq və ağıllı qulu təmsil edirlər. Sadiq və ağıllı qulun Allahın xalqını ruhani qida ilə təmin etmək, ona rəhbərlik təqdim etmək və Padşahlıq haqda təbliğ işinin bütün dünyada yayılmasının qeydinə qalmaq kimi məsuliyyəti var (Mat. 24:14, 45-47).
Rəhbərlik Şurasının iclasları hər həftə, adətən çərşənbə günləri keçirilir. Bunun sayəsində bu qardaşlar birgə əməkdaşlıq edə bilirlər (Məz. 133:1). Rəhbərlik Şurasının üzvləri həm də müxtəlif komitələrdə xidmət edirlər. Aşağıda qısaca göstərildiyi kimi, hər komitə Padşahlıq haqqında təbliğ işi ilə bağlı öz sahəsinə nəzarət edir.
◼ KOORDİNATORLAR KOMİTƏSİ. Bu komitə Rəhbərlik Şurasının digər komitələrinin koordinatorlarından və Rəhbərlik Şurasının üzvü olan katibdən ibarətdir. Bu komitə bütün komitələrin nizamlı və effektiv şəkildə fəaliyyət göstərməsinin qeydinə qalır. Bundan başqa, bütün dünyada Yehovanın Şahidlərinə təsir göstərən fövqəladə hallar, təqiblər, fəlakətlər və digər təxirəsalınmaz hallar baş verəndə Şahidlərin qayğısına qalır.
◼ KADRLAR KOMİTƏSİ. Bu komitədə çalışan qardaşlara bütün dünyadakı Bet-El ailəsinin üzvlərinin fiziki və ruhani firavanlığının qayğısına qalmaq həvalə edilib. Bu komitənin nəzarətçiləri Bet-Ellərin yeni ailə üzvlərini təyin və dəvət edir, həmçinin onların Bet-El xidmətləri ilə əlaqədar digər məsələləri həll edir.
◼ NƏŞRİYYAT KOMİTƏSİ. Bu komitə bütün dünyada Müqəddəs Kitab ədəbiyyatlarının çap edilməsinə və göndərilməsinə, həmçinin Yehovanın Şahidlərinin istifadə etdikləri müxtəlif hüquqi şəxslərə məxsus olan və onlar tərəfindən idarə edilən mətbəələrə və digər əmlaklara nəzarət edir. Nəşriyyat komitəsi Padşahlığın ümumdünya işinə ianə edilən vəsaitlərin daha səmərəli istifadə edilməsinin qeydinə qalır.
◼ XİDMƏTİ KOMİTƏ. Bu komitədə xidmət edən qardaşlar təbliğ işinə, yığıncaqların, pionerlərin, ağsaqqalların və səyyar nəzarətçilərin fəaliyyətinə və «Bizim Padşahlıq Xidmətimiz»in hazırlanmasına nəzarət edirlər. Bundan savayı, bu komitə Gilead və Xidməti Təkmilləşdirmə Məktəblərinə şagirdlər dəvət edir, sonra məzunlara təyinat verir.
◼ TƏLİM KOMİTƏSİ. Bu komitə konqreslərdə və yığıncaq görüşlərində təqdim olunan materialın hazırlanmasına nəzarət edir. Bet-El ailəsinin üzvləri üçün ruhani proqram hazırlayır, həmçinin Gilead və Pioner Xidməti Məktəbləri kimi müxtəlif məktəblərə və audio/video proqramlarının hazırlanmasına nəzarət edir.
◼ YAZI KOMİTƏSİ. Bu komitə ruhani qidanın nəşr üçün hazırlanmasına, onun bacı-qardaşlara və digər oxuculara çatdırılmasına rəhbərlik edir. Bu komitə Müqəddəs Kitab suallarına cavab verir və dram ssenarilərini və məruzələrin planları kimi materialları təsdiq edir. Bütün dünyada icra edilən tərcümə işinə də nəzarət edir.
Həvari Pavel məsh olunmuş məsihçilərin yığıncağını insan bədəninə bənzətdi və hər üzvün vacibliyini, bir-birindən asılı olduğunu, göstərdikləri məhəbbəti və Allahın işində etdikləri əməkdaşlığı vurğuladı (Rom. 12:4, 5; 1 Kor. 12:12-31). Baş olan İsa Məsih bədən üzvləri arasında həmahənglik və əməkdaşlıq olması, ruhən qidalanması üçün lazım olan hər şeylə təmin edir (Efes. 4:15, 16; Kolos. 2:19). Gördüyümüz kimi, Rəhbərlik Şurası belə təşkil olunmağın sayəsində Yehovanın müqəddəs ruhunun rəhbərliyinə riayət edərək Onun xalqının fəaliyyətinə müvəffəqiyyətlə nəzarət edir.