İmanını müdafiə etməyə hazırsanmı?
HEÇ imanını müdafiə etməyin lazım gəldiyini hiss etdiyin vəziyyətlə üzləşmisənmi? Paraqvayda yaşayan 16 yaşlı bacımız Suzanna belə bir vəziyyətə düşmüşdü. Onların etika dərsində belə bir fikir səsləndi ki, Yehovanın Şahidləri nə «Əhdi-Ətiq»i, nə İsa Məsihi, nə də Məryəmi qəbul edirlər. Həmçinin iddia edildi ki, Yehovanın Şahidləri fanatikdirlər, onlar ölərlər, ancaq tibbi müalicə qəbul etməzlər. Belə vəziyyətdə sən nə edərdin?
Suzanna Yehovaya dua edib, əlini qaldırdı. Dərsin axırı olduğundan o, müəllimədən icazə aldı ki, bir Yehovanın Şahidi kimi, öz etiqadı haqqında məlumat hazırlasın. Müəllimə məmnuniyyətlə razı oldu. Növbəti iki həftə ərzində Suzanna «Yehovanın Şahidləri. Onlar kimdirlər? Nəyə inanırlar?» (rus.) adlı broşüradan istifadə edərək məlumat hazırladı.
Nəhayət, həmin gün gəlib çatdı. Suzanna bizim nə üçün Yehovanın Şahidləri adını daşıdığımızı izah etdi. O, həm də gələcəyə bəslədiyimiz ümid haqda və qanköçürmədən imtina etməyimizin səbəbi barədə danışdı. Sonra sinfi suallar verməyə dəvət etdi. Şagirdlərin əksəriyyətinin sualı var idi. Gənc qızın suallara Müqəddəs Yazılardan cavab verməsi müəlliməsinə güclü təsir bağışladı.
Şagirdlərdən biri dedi: «Mən bir dəfə Padşahlıq Zalında olmuşam, ancaq orada bir dənə də olsun şəkil yox idi». Müəllimə bunun səbəbini bilmək istədi. Suzanna Məzmur 115:4-8 və Çıxış 20:4 ayələrini oxudu. Müəllimə heyrət içində dedi: «Axı necə olur ki, Müqəddəs Kitab mühakimə etdiyi halda, bizim kilsələrimiz surətlərlə doludur?»
Müzakirə 40 dəqiqə çəkdi. Suzanna sinifdən «Qansız müalicə. Əldə edilən nailiyyətlər» (rus.) adlı videofilmə baxmaq istəyib-istəmədiklərini soruşanda, hamı bir ağızdan istədiyini dedi. Buna görə də, müəllimə qərara gəldi ki, müzakirəni növbəti gün də davam etdirsinlər. Suzanna filmdən sonra Yehovanın Şahidlərindən bəzilərinin qəbul etdiyi alternativ müalicə üsulları haqda məlumat verdi. Buna dair müəllimə belə dedi: «Heç bilməzdim ki, bu qədər alternativ müalicə üsulları var və qansız müalicə belə faydalıdır. Bu müalicə üsulları ancaq Yehovanın Şahidləri üçündür?» Eşidəndə ki, bu müalicə üsullarından hamı istifadə edə bilər, müəllimə dedi: «Gələn dəfə Yehovanın Şahidləri bizə gələndə, onlarla mütləq söhbət edəcəyəm».
Suzannanın hazırladığı 20 dəqiqəlik müzakirə 3 saat çəkdi. Kilsə üzvləri olan başqa şagirdlər bir həftə sonra öz etiqadları haqqında məlumat hazırladılar. Axırda çoxlu suallar meydana çıxdı, ancaq həmin şagirdlər öz etiqadlarını müdafiə edə bilmədilər. Müəllimə onlardan soruşdu: «Nə üçün Yehovanın Şahidi olan yoldaşınız öz imanını müdafiə edə bildiyi halda, siz bunu bacarmadınız?»
Şagirdlərin cavabı belə oldu: «Onlar həqiqətən də Müqəddəs Kitabı öyrənirlər, biz isə yox».
Müəllimə dönüb Suzannaya dedi: «Sən həqiqətən də Müqəddəs Kitabı öyrənirsən və orada deyilənləri yerinə yetirməyə çalışırsan. Afərin sənə».
Suzanna dinməyə bilərdi. Ancaq susmamaqla o, suriyalıların əsir apardıqları adı çəkilməyən kiçik israilli qızın gözəl nümunəsini izlədi. Həmin qız üzücü dəri xəstəliyindən əziyyət çəkən Suriyanın ordu başçısı Naamanın evində qalırdı. İsrailli qız susmayıb öz xanımına dedi: «Kaş ki ağam Samariyada peyğəmbərin yanında olaydı. O zaman peyğəmbər onun cüzamına şəfa verərdi». Qız həqiqi Allah haqqında şahidlik vermək istəyini boğa bilmədi. Bunun sayəsində, ağası Naaman Yehovaya ibadət etməyə başladı (2 Pad. 5:3, 17).
Buna bənzər tərzdə, Suzanna özünü saxlaya bilməyib, Yehova və Onun xalqı haqqında şahidlik etdi. Etiqadı şübhə altına alınan zaman təşəbbüs göstərib imanını müdafiə etməklə Suzanna Müqəddəs Yazıların: «Rəbb Allahı ürəklərinizdə təqdis edin. Malik olduğunuz ümid barəsində sizdən hesabat istəyən hər kəsə həmişə mülayimliklə və ehtiramla cavab vermək üçün hazır olun» əmrinə tabe oldu (1 Pet. 3:15). Sən də imanını müdafiə etməyə və imkan yarananda təşəbbüsü öz üzərinə götürməyə hazırsanmı?
[17-ci səhifədəki şəkil]
Bu vəsaitlər imanını müdafiə etməkdə sənə kömək edəcək