Ağıllı çıxış yolu
MƏRKƏZİ Afrikada yaşayan üç gənc onlara ən yaxın ərazidə keçirilən vilayət konqresinə getmək istəyirdilər. Bəs onlar necə gedəcəkdilər? Bunun üçün kələ-kötür, tozlu-torpaqlı yollarla 90 km məsafəni qət etmək lazım idi, ancaq heç bir nəqliyyatları yox idi. Onlar bir neçə günlüyə üç velosiped tapmaq qərarına gəlsələr də, münasib gələnini tapa bilmirdilər.
Yığıncağın ağsaqqalı onların vəziyyətini görüb öz velosipedini təklif etdi. Velosiped köhnə olsa da, işlək vəziyyətdə idi. Ağsaqqal onlara əvvəllər özünün, eləcə də başqalarının konqresə necə gedib çıxdıqlarını başa saldı. O məsləhət gördü ki, üçü bir velosipeddən istifadə etsin. Bu sadə çıxış yolu kimi görünsə də, baş sındırmaq lazım idi. Görəsən, üç nəfər bir velosipeddən necə istifadə edəcəkdi?
Günün qızmar vaxtına düşməmək üçün qardaşlar sübh tezdən görüşüb əşyalarını velosipedə yüklədilər. Biri velosipedi sürür, digər iki nəfər isə iti addımlarla onun arxasınca gedirdi. Təxminən 500 metrdən sonra velosipedi sürən dayanıb yüklənmiş velosipedi ağaca söykəyirdi. O, arxadakı iki nəfərin gözündən itməməyə çalışırdı ki, yoldan ötən velosipedi oğurlamasın. Velosipedi birinci sürən qardaş yoluna piyada davam edirdi.
Digər iki nəfər velosipedə çatanda, biri velosipedə minir, o biri isə öz növbəsi çatana kimi 500 metr yolu piyada gedirdi. Beləliklə yaxşı planlaşdırdıqları və qətiyyətli olduqları üçün, bu üç nəfər 90 kilometr əvəzinə təxminən 60 kilometri piyada getdilər. Səy göstərməyə dəyərdi. Onlar konqresdə bacı-qardaşlarla görüşdülər və ruhani ziyafətdə iştirak etdilər (Qanun. t. 31:12). Bəs siz, bu il vilayət konqresində iştirak etmək üçün əlinizdən gələni edəcəksinizmi?