Oxucuların sualları
Süleymanın məsəlləri 24:27 ayəsində hansı ibrət dərsi var?
«Süleymanın məsəlləri»ni yazan adam bir gəncə məsləhət verərək deyir: «Əvvəlcə çöldəki işini qurtar, zəmi sal, sonra evini tik». Bir çox tərcümələrdə bu ayənin sonuncu hissəsi belə səslənir: «Sonra ailə üzvlərini möhkəmləndir». Bu ilhamlanmış məsəldə hansı fikir vurğulanır?
Əvvəllər bu ayə belə izah olunurdu: ailə başçısı təkcə işləməklə yox, həmçinin ailəsini möhkəmləndirməklə, yəni ruhlandırmaqla onun qayğısına qalmalıdır. O, bunu ruhani təlim verməklə edə bilər. Bu fikir Müqəddəs Kitaba əsaslanan həqiqət olsa da, görünür, ayədə əsas fikir başqadır. Bəs bunu nəyə görə belə demək olar? İki səbəbi nəzərdən keçirək.
Birincisi, ayənin orijinal mətninə əsasən, burada artıq mövcud olan ailənin möhkəmləndirilməsi yox, əslində, evin tikilməsi nəzərdə tutulur. Burada istifadə olunan ‘tikmək’ və ya ‘möhkəmləndirmək’ sözlərini eyni zamanda ailə qurmağa, yəni evlənib oğul-uşaq sahibi olmağa da aid etmək olar.
İkincisi, ayədə işlərin hansı ardıcıllıqla görülməli olduğu göstərilərək, sanki, deyilir: «Əvvəl bu işi gör, sonra isə o birisini». Demək olarmı ki, yazıçı burada dünyəvi işlərin ruhani işlərdən daha vacib olduğunu vurğulayır? Əlbəttə, yox!
Qədimdə ‘ev tikmək’, yəni evlənib ailə qurmaq istəyən kəs özündən soruşmalı idi: «Həyat yoldaşımın və gələcək uşaqlarımın qayğısına qalmağa və onları dolandırmağa hazırammı?» Ailə qurmazdan öncə, o, tarladakı işlərini görməli idi. Buna görə də, tərcümələrin birində bu ayə belə səslənir: «Tarladakı işlərini görüb qurtarmamış və qazancının olduğuna əmin olmamış nə evini tik, nə də ailə qur» («Today’s English Version»). Bu prinsipi bu gün də tətbiq etmək mümkündürmü?
Bəli. Evlənmək istəyən kəs əvvəlcə ailə məsuliyyətlərinə hazır olmalıdır. Əgər sağlamlığı yol verirsə, o, mütləq işləməlidir. Əlbəttə, ailənin qayğısına qalmaq fiziki tələbatları ödəməklə bitməməlidir. Allahın Kəlamı göstərir ki, ailəsinin fiziki, emosional və ruhani tələbatlarını ödəməyən insan imansızdan betərdir! (1 Tim. 5:8). Buna görə də, ailə həyatı qurmağa hazırlaşan gənc özündən soruşmalıdır: «Ailəmi maddi cəhətdən təmin etmək üçün özümü hazır hiss edirəmmi? Ruhani işlərdə rəhbəliyi öz üzərimə götürməyə hazırammı? Həyat yoldaşım və uşaqlarımla müntəzəm Müqəddəs Kitab öyrənməsi keçirmək məsuliyyətinin öhdəsindən gələ biləcəyəmmi?» Allahın Kəlamı bu məsuliyyətlərin vacibliyini vurğulayır (Qanun. t. 6:6-8; Efes. 6:4).
Beləliklə, özünə həyat yoldaşı axtaran kişi Süleymanın məsəlləri 24:27 ayəsindəki prinsipin üzərində ciddi düşünməlidir. Eynilə, yaxşı olardı ki, gənc qadın da həyat yoldaşı və ana olmağa hazır olub-olmadığını özündən soruşsun. Uşaq istəyən gənc cütlük də bu kimi sualların üzərində düşünməlidir (Luka 14:28). Allahın rəhbərliyinə uyğun yaşamaq Onun xalqına ürək ağrısından qaçınmağa və ailə həyatından zövq almağa kömək edəcək.
[12-ci səhifədəki şəkil]
Evlənmək istəyən gənc özünə hansı sualları verməlidir?