İsa Məsih. Onun çatdırdığı xəbər və siz
‘Mən gəldim ki, qoyunlarımda həyat, bol həyat olsun’ (YƏHYA 10:10).
İSA MƏSİHİN yer üzünə gəlməkdə başlıca məqsədi almaq yox, vermək idi. Xidməti ilə o, bəşəriyyətə misli-bərabəri olmayan bir hədiyyə, Allah və Onun niyyəti haqqında həqiqəti çatdıran xəbər vermişdi. Həmin xəbərə hay verən insanların həyatı artıq indidən yaxşılaşır. Milyonlarla həqiqi məsihçi bunu təsdiq edə biləra. Lakin bəşəriyyət üçün ən dəyərli hədiyyə İsanın çatdırdığı xəbərin ən vacib hissəsi — uğrumuzda qurban verdiyi kamil həyatıdır. Bizim əbədi rifahımız həmin xəbərin bu ən vacib hissəsinə necə münasibət bəsləməyimizdən asılıdır.
Allahın və Məsihin bəşəriyyətə hədiyyəsi. İsa bilirdi ki, düşmənlərinin əli ilə qəddarcasına öldürüləcək (Matta 20:17—19). Lakin Yəhya 3:16 ayəsində yazıldığı kimi, o demişdi: «Allah dünyanı elə sevdi ki, vahid Oğlunu ona verdi; bunu ona görə etdi ki, Ona iman edənlərin heç biri həlak olmasın, hamısının əbədi həyatı olsun». İsa həmçinin demişdi ki, «bir çoxları üçün canını [və ya həyatını] fidyə olaraq verməyə gəlmişdir» (Matta 20:28). Nə üçün o, həyatının alınacağını yox, onu verəcəyini demişdi?
Tükənməz məhəbbətdən irəli gələrək Allah insanları miras aldıqları günah və onun nəticələrindən — qeyri-kamillik və ölümdən azad etmək üçün tədbir gördü. Allah vahid Oğlunu yer üzünə göndərdi ki, o, öz həyatını qurban versin. İsa könüllü olaraq Ona tabe olub kamil həyatını bizim uğrumuzda verdi. Fidyə adlanan bu tədbir Allahın bəşəriyyətə olan ən böyük hədiyyəsidirb. Bu hədiyyə insanlar üçün əbədi həyata yol açır.
Siz nə etməlisiniz? Fidyə şəxsən sizə verilən hədiyyə ola bilərmi? Bu, sizdən asılıdır. Misal üçün, tutaq ki, kimsə sizə hədiyyə vermək istəyir. Nə qədər ki, əlinizi uzadıb almırsınız, hədiyyə sizin deyil. Eyni tərzdə Yehova fidyəni sizə təklif edir, lakin siz bu hədiyyəni qəbul etməyincə o, sizin deyil. Necə yəni?
İsa demişdi ki, əbədi həyatı ‘ona iman edənlər’ alacaq. İman özünə həyat tərzini daxil edir (Yaqub 2:26). İsaya iman etmək onun dediklərinə və etdiklərinə uyğun yaşamaq deməkdir. Bunun üçün siz İsanı və onun Atasını yaxşı tanımalısınız. İsa demişdir: «Əbədi həyat o deməkdir ki, Səni, vahid həqiqi Allahı və göndərdiyin İsa Məsihi tanısınlar» (Yəhya 17:3).
Təxminən 2 000 il bundan əvvəl İsa Məsih bütün dünyada yaşayan milyonlarla insanın həyatını dəyişən bir xəbəri bölüşmüşdü. Həmin xəbər haqqında, eləcə də sizin və sevdiyiniz insanların təkcə indi yox, əbədiyyən ondan necə fayda əldə edə biləcəyi barədə daha çox öyrənmək istəyərdinizmi? Yehovanın Şahidləri məmnuniyyətlə bu işdə sizə kömək edərlər.
Növbəti məqalələrdə sizin həyatınızı həmişəlik dəyişə biləcək xəbəri təbliğ edən insanla, İsa Məsihlə bir az da yaxından tanış olacaqsınız.
[Haşiyələr]
a Məsihçi olduğunu iddia edən hər kəs Məsihin həqiqi davamçısı deyildir. Həqiqi məsihçilər İsanın Allah və Onun iradəsi haqqında öyrətdiklərinə uyğun yaşayanlardır (Matta 7:21—23).
b Müqəddəs Yazılara əsaslanan fidyə təlimi haqqında daha çox məlumat almaq üçün Yehovanın Şahidləri tərəfindən nəşr olunan «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabının «Fidyə Allahın ən böyük hədiyyəsidir» adlı 5-ci fəslinə baxın.