Oxucuların sualları
Yehova bütpərəstliyi qadağan etdiyi halda, nəyə görə qızıl dana düzəltdiyi üçün Harunu cəzalandırmadı?
«Çıxış» kitabının 32-ci fəslində yazıldığı kimi, Harun qızıl dana düzəltməklə Allahın bütpərəstliyə qadağa qoyan qanununu pozdu (Çıx. 20:3—5). Bunun nəticəsində, ‘Rəbb Haruna hiddətlənmişdi. Onu da yox etmək istəyirdi. O an [Musa] Harun üçün yalvardı’ (Qanun. t. 9:19, 20). Saleh insan Musanın Harun üçün dua etməsinin ‘təsiri’ oldumu? (Yaq. 5:16). Bəli, görünür, Yehova Musanın duasına cavab verdi və Harunu bu və ən azı başqa iki səbəbə görə cəzalandırmadı.
Ehtimal ki, səbəblərdən biri Harunun o vaxta qədər Allaha sədaqətlə xidmət etməsi idi. Allah Musaya fironun hüzuruna getməyi və israilliləri Misirdən çıxarmağı tapşıranda əmr etmişdi ki, Harun Musanı müşayiət etsin və onun adından danışsın (Çıx. 4:10—16). Onlar itaətkarlıq göstərərək dəfələrlə Misir padşahının hüzuruna getdilər və onun inadkarlığı ilə üzləşdilər. Gördüyümüz kimi, Harun hələ Misirdə ikən Yehovanın qarşısında sədaqətli və mətanətli xidmətçi adını qazanmışdı (Çıx. 4:21).
Gəlin görək, Harunu qızıl dana düzəltməyə nə təhrik etmişdi? Musa 40 gün idi ki, Sina dağında idi. «Xalq Musanın dağdan enməkdə gecikdiyini görərək» Harunu dilə tutdu ki, onlar üçün büt düzəltsin. Harun onlarla razılaşıb qızıl dana düzəltdi (Çıx. 32:1—6). Lakin Harunun sonrakı hərəkətləri ürəyində bütpərəstliyi dəstəkləmədiyini göstərdi. Belə qənaətə gəlmək olar ki, o, təzyiq altına düşmüşdü. Musa bütpərəstlik məsələsini həll etmək üçün qəti tədbirlər görəndə bütün Levi oğulları, o cümlədən Harun qətiyyətlə Yehovanın tərəfini tutdular. Bütpərəstliyə görə əsas məsuliyyəti daşıyan 3 000 insan həlak oldu (Çıx. 32:25—29).
Bundan sonra Musa xalqa dedi: «Siz böyük günaha batdınız» (Çıx. 32:30). Beləliklə, bu günaha görə başqalarının da üzərinə müəyyən dərəcədə məsuliyyət düşürdü. Yehova həm Haruna, həm də xalqa böyük mərhəmət göstərdi.
Bu hadisədən sonra Yehova əmr etdi ki, Harun baş kahin təyin olunsun. O, Musaya dedi: «Haruna müqəddəs geyimlər geyindir. Onu məsh edib təqdis et ki, Mənə kahinlik etsin» (Çıx. 40:12, 13). Görünür, Yehova Harunun zəifliyini bağışladı. Ürəyində Harun üsyankar bütpərəst deyil, həqiqi ibadətin sadiq tərəfdarı idi.