Yadınızdadırmı?
«Gözətçi Qülləsi»nin son sayları xoşunuza gəldimi? Elə isə aşağıdakı suallara cavab verməyə çalışın.
• Nəyə görə qızıl dana düzəltdiyi üçün Allah Harunu cəzalandırmadı?
Harun Allahın bütpərəstliyə qadağa qoyan qanununu pozmuşdu (Çıx. 20:3—5). Lakin saleh insan Musanın Harun üçün dua etməsinin böyük təsiri oldu (Yaq. 5:16). Harun o vaxta qədər Allaha sədaqətlə xidmət edirdi. O, təzyiq altına düşərək dana düzəltməsinə baxmayaraq, Levi oğulları ilə birlikdə qətiyyətlə Yehovanın tərəfini tutmaqla sonrakı hərəkətlərilə ürəyində bütpərəstliyi dəstəkləmədiyini göstərdi (Çıx. 32:25—29) (15.5, səhifə 21).
• Məsihçi həyat yoldaşının xəyanətinin öhdəsindən necə gələ bilər?
Əgər günahsız tərəf Müqəddəs Kitab prinsiplərinə uyğun yaşamağa davam edirsə, o, yoldaşının xəyanətinə və günahına görə vicdan əzabı çəkməməlidir. Unutma, Allah bilir ki, sən təsəlli və dəstəyə ehtiyac duyursan. O, bu təsəllini sənə həmimanlıların vasitəsilə verə bilər (15.6, səhifələr 30, 31).
• Xəstə dostunuza kömək etmək üçün nə edə bilərsiniz?
Diqqətlə dinləyin (Vaiz 3:1, 7). Şəfqətli və diqqətcil olun (Rom. 12:15). Ürək-dirək verin və köməyinizi əsirgəməyin (Kolos. 4:6; 1 Yəh. 3:18). Həmçinin əlaqənizi kəsməyin (Sül. məs. 17:17) (iyul—sent., səhifələr 20—23).
• Haradan bilirik ki, Allahın başlanğıcı yoxdur?
Bu, Musanın Məzmur 90:2 ayəsindəki sözlərindən görünür. Bu səbəbdən, Yehova «əbədiyyət Padşahı» titulunu daşıyır (1 Tim. 1:17, YD) (iyul—sent., səhifə 13).
• Övladınızın oxumağı sevməsi üçün nə edə bilərsiniz?
Xoş ab-hava və valideynlərin göstərdiyi nümunə uşaqlara oxumağa sevgi aşılamaqda kömək edir. Həmçinin, çalışın ki, onların öz kitabı olsun. Ucadan oxuyun. Oxuduqlarınızı müzakirə etməklə onları iştirak etməyə təşviq edin. Qoy onlar sizin üçün oxusunlar və suallar versinlər (15.7, səhifə 26).
• Nəyin əsasında İsa günahkar kimi tanınan qadının günahlarını bağışladı?
İlk insanların üsyanından sonra Yehovanın söylədiyi ilk peyğəmbərliyə əsasən, övlad və ya Məsih peyda olacaqdı. Yaradılış 3:15 ayəsindəki peyğəmbərlik deyilən zaman fidyə Yehovanın gözündə artıq ödənilmiş kimi idi, çünki Allahın niyyətinin yerinə yetməsinə heç nə mane ola bilməzdi. Fidyə qurbanı hələ ödənilməsə də, onun dəyərini artıq bu günahlı qadın kimi insanlara tətbiq etmək mümkün idi, çünki onun təqdim olunacağına heç bir şübhə yox idi (15.8, səhifə 6).