Bazar günləri xidmət edə bilərsənmi?
1. Pavel və onun əməkdaşlarının nümunəsindən nə öyrənə bilərik?
1 Şənbə günü — adətən, Filipidəki yəhudilərin əksəriyyətinin istirahət etdiyi gün idi. Pavel və əməkdaşları birinci missioner xidməti zamanı bu şəhərə gəlmişdilər. İstirahət günü olduğundan həmin gün xidmətə getməyib istirahət etdiklərinə görə onları mühakimə edən olmayacaqdı. Ancaq onlar bilirdilər ki, yəhudilər şəhərdən kənarda dua etmək üçün yığılırlar və bunu təbliğ etmək üçün əla fürsət kimi dəyərləndirdilər. Həmin gün Lidiya adlı qadının xoş xəbəri qəbul edib ailə üzvləri ilə birlikdə vəftiz olunması Pavel və əməkdaşlarının böyük sevincinə səbəb oldu! (Həv. iş. 16:13—15). Bazar günü çoxlarının istirahət günü olduğundan nəyə görə həmin gün xidmətə vaxt ayırmayasan?
2. Bazar günləri maneəsiz təbliğ edilsin deyə Yehovanın xalqı hansı maneələrin öhdəsindən gəlmişdir?
2 Bazar günləri təbliğ etmək uğrunda mübarizə. 1927-ci ildə Yehovanın xalqı hər bazar günü xidmətə vaxt ayırmağa təşviq olunurdu. Tez bir zamanda bu, təqiblərə səbəb oldu. Birləşmiş Ştatlarda bir çoxlarını Şənbə qanununu pozduqlarına (bazar günü təbliğ etməklə), həmçinin narahatçılıq yaratdıqlarına və lisenziyasız satışla məşğul olduqlarına görə həbs etmişdilər. Ancaq Yehovanın xalqı təslim olmadı. Onlar 1930-cu illərdə bir ərazini tez bir zamanda işləyib qurtarmaq üçün ətraf yığıncaqlardan olan təbliğçilərdən ibarət «qrup kampaniyaları» təşkil etməyə başladılar. Təbliğçilərin sayı o qədər çox idi ki, hətta bəzilərinin həbs olunmasına baxmayaraq, hakim dairələri onların qarşısını ala bilmirdi. Siz bu qardaşların göstərdikləri fədakarlığı, həqiqətən də, qiymətləndirirsinizmi?
3. Nəyə görə bazar günü xidmət üçün əlverişli gündür?
3 Təbliğ etmək üçün əla bir gün. İşləyən insanların çoxu bazar günləri evdə olur. Onlar, adətən, daha sərbəst olurlar. Bazar günü yığıncaq görüşü olanlar artıq xidmət üçün münasib geyimdə olurlar, bu səbəbdən nəyə görə görüşdən əvvəl və ya sonra xidmətə getməyi planlaşdırmayaq? Ehtiyac varsa, özümüzlə yeməyə yüngülvarı nəsə götürə bilərik.
4. Bazar günləri xidmətə vaxt sərf etmək bizə hansı sevinci gətirə bilər?
4 Bazar günləri xidmətdə müəyyən qədər iştirak etsək də, yenə də istirahətə kifayət qədər vaxtımız qalacaq. Müqəddəs xidmətdən əldə etdiyimiz sevinc sayəsində isə istirahətimiz bizə daha çox məmnunluq gətirəcək (Sül. məs. 19:23). Ola bilsin, biz Lidiya kimi, bir nəfər səmimi insana rast gələcəyik və bu zaman sevincimizin həddi-hüdudu olmayacaq!