Rəhbərlik Şurasının iki yeni üzvü
5 OKTYABR 2024-CÜ İLDƏ keçirilən illik görüşdə xüsusi bir elan səsləndi. Codi Ceydli və Ceykob Ramf Yehovanın Şahidlərinin Rəhbərlik Şurasının üzvü təyin olundu. Hər iki qardaş uzun illər Yehovaya sədaqətlə xidmət edib.
Codi Ceydli və həyat yoldaşı Damaris
Codi qardaş ABŞ-nin Missuri ştatında anadan olub və həqiqətdə böyüyüb. Onların yaşadığı ərazidə Yehovanın Şahidləri çox az idi. Buna görə də müjdənin təbliğinə kömək etmək üçün ora müxtəlif millətlərdən olan çoxlu bacı-qardaşlar gəlirdi. Codinin onlarla tanış olmaq imkanı olurdu. Onların arasındakı məhəbbət və birlik ona dərin təsir bağışlamışdı. O, 15 oktyabr 1983-cü ildə yeniyetməliyinin ilkin çağlarında vəftiz olundu. Codi təbliğ işindən böyük zövq alırdı. Ona görə də məktəbi bitirəndən sonra 1989-cu ilin sentyabrında öncül kimi xidmət etməyə başladı.
Codi qardaş gənc olanda valideynləri onu və bacısını Beytelə ziyarətə aparırdı. Bu ziyarətlərin sayəsində uşaqlarda Beyteldə xidmət etmək həvəsi oyanmışdı. Onlar qarşılarına belə bir məqsəd qoydular və hər ikisi də bu məqsədə çatdılar. Codi qardaş 1990-cı ilin sentyabrında Volkil Beytelində xidmət etməyə başladı. O, əvvəlcə Təmizlik şöbəsində, sonra isə Tibb şöbəsində çalışıb.
Həmin ərəfədə yaxınlıqdakı ispandilli yığıncaqlarda təbliğçilərin sayı artırdı və qardaşlara ehtiyac var idi. Ona görə də Codi qardaş həmin yığıncaqlardan birinə getməyə və ispan dilini öyrənməyə başladı. Qısa müddət sonra o, eyni teokratik rayonda öncül kimi xidmət edən Damarislə tanış oldu. Onlar evləndilər və bacı da Beyteldə xidmət etməyə başladı.
2005-ci ildə onlar məsihi valideynlərinin qayğısına qalmaq üçün Beytel xidmətini dayandırdılar. Həmin müddət ərzində onlar öncül kimi xidmət etdilər. Codi qardaş Öncül məktəblərində müəllim kimi də xidmət göstərib. Həmçinin o, Xəstəxanalarla əlaqə komitəsində və Regional tikinti komitəsində xidmət edib.
2013-cü ildə Codi və Damaris Vorvik tikinti layihəsinə dəvət aldılar və yenidən Beytelə qayıtdılar. Sonra onlar Paterson və Volkildə xidmət etdilər. Həmçinin Codi qardaş Yerli layihə-inşaat şöbəsində və Xəstəxana məlumat xidmətində çalışıb. 2023-cü ilin mart ayında isə o, Xidmət komitəsinin köməkçisi təyin olundu. Geriyə boylananda Codi qardaş təyinatları ilə bağlı belə deyir: «Yeni təyinat alanda bəzən adam narahatlıq keçirir. Amma həmin vaxt Yehovaya güvənməli olduğumuzu xatırlamalıyıq, çünki bizi həmin işi görməyə qabil edən Odur».
Ceykob Ramf və həyat yoldaşı İnqa
Ceykob qardaş ABŞ-nin Kaliforniya ştatında anadan olub. O, uşaq olanda anası qeyri-fəal təbliğçi idi. Amma çalışırdı ki, Ceykoba Müqəddəs Kitab həqiqətlərini öyrətsin. Ceykobun nənəsi isə Yehovaya sədaqətlə xidmət edirdi. Qardaş hər il nənəsinin yanına gedirdi. Nənəsi onda həqiqətə maraq oyatdı və bunun sayəsində o, 13 yaşında olanda Müqəddəs Kitabı öyrənməyə başladı. Ceykob 1992-ci il sentyabrın 27-də hələ yeniyetmə ikən vəftiz olundu. Çox sevindiricidir ki, anası da yenidən fəal təbliğçi oldu və bütün ailəsi ruhani cəhətdən inkişaf edib vəftiz olundu.
Gənc yaşlarında Ceykob öncüllərin xidmətdən necə böyük sevinc duyduğunu görürdü. Məktəbi bitirdikdən sonra o, 1995-ci ilin sentyabr ayından öncül kimi xidmət etməyə başladı. 2000-ci ildə o, təbliğçilərə böyük tələbat olan Ekvadora köçdü. Orada Kanadadan gələn İnqa adlı bir öncüllə tanış oldu. Daha sonra onlar evləndilər. Bu yeni ailə Ekvadorda az təbliğçisi olan kiçik bir qrupda xidmətlərinə davam etdilər. Bu gün həmin qrup çox möhkəm bir yığıncaq olub.
Bir müddət Ceykob və İnqa xüsusi öncül kimi də xidmət ediblər, daha sonra isə səyyar xidmətdə olublar. 2011-ci ildə Gilad məktəbinin 132-ci sinfinə dəvət olundular. Gilad məktəbindən sonra müxtəlif ölkələrdə fərqli təyinatlarda, məsələn, Beytel xidmətində, xüsusi təyinatlı müjdəçi və səyyar xidmətdə olublar. Ceykob qardaş həmçinin Padşahlıq müjdəçiləri məktəbinin müəllimi olub.
COVID-19 pandemiyası ucbatından onlar Birləşmiş Ştatlara qayıtdılar və Volkil Beytelinə dəvət olundular. Ceykob qardaş orada Xidmət şöbəsində təlim aldı. Sonra onları yenidən Ekvador filialına təyin etdilər. Ceykob qardaş orada filial komitəsinin üzvü kimi xidmət etdi. 2023-cü ildə onlar Vorvik Beytelinə dəvət aldılar. 2024-cü ilin yanvar ayında Ceykob qardaş Xidmət komitəsinin köməkçisi təyin olundu. Təyinatları barədə o belə deyir: «Təyinatımızı xüsusi edən xidmət etdiyimiz yer yox, çiyin-çiyinə xidmət etdiyimiz bacı-qardaşlardır».
Bu qardaşlara çəkdikləri böyük zəhmətə görə minnətdarıq, gəlin «belə adamların qədrini» bilək (Filip. 2:29).