Əqidə məhbusları. Krım
Rusiya hökuməti indi Krımda da Yehovanın Şahidlərini amansızcasına təqib edir. Dövlət Yehovanın Şahidlərinin hüquqi şəxslərini qadağa etməklə kifayətlənməyib: onun dinc ibadəti məhv etmək niyyəti göz qabağındadır. 2017-ci ilin aprel ayından etibarən Rusiya dövləti Yehovanın Şahidlərinin ibadət görüşlərinə saysız-hesabsız reydlər keçirib, xeyli sayda insanı həbs edib və azadlıqdan məhrum edib. İndi həmin amansız üsullar Krımda yaşayan Yehovanın Şahidlərinə qarşı tətbiq edilir.
İlk kütləvi reydlər 15 noyabr 2018-ci il tarixində təxminən 200 polis əməkdaşı və xüsusi təyinatlının iştirakı ilə Cankoyda (Krım) Yehovanın Şahidlərinin yaşadığı səkkiz evə keçirilmişdi. Dindarlar həmin evlərdə kiçik qruplarla yığışaraq Müqəddəs Kitabı oxuyub müzakirə edirdilər. Ən azı 35 maskalı zabit altı Yehovanın Şahidinin toplaşdığı Sergey Filatovun evinə silahlı basqın etdi. Dindarlara qarşı zor tətbiq olundu. Basqınçılar 78 yaşlı kişini divara dirədilər, sonra yerə yıxıb əllərini qandalladılar və o qədər bərk döydülər ki, onu təcili xəstəxanaya aparmaq lazım gəldi. Digər iki yaşlı kişi ciddi xəsarət aldığından onları yüksək qan təzyiqi ilə xəstəxanaya apardılar. Əfsuslar olsun ki, evinə reyd keçirilmiş gənc hamilə qadın körpəsini itirdi.
Reyddən sonra Sergey Filatov Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 282.2(1) maddəsində nəzərdə tutulan «ekstremist təşkilatın» fəaliyyətini təşkil etməkdə ittiham edildi. 5 mart 2020-ci il tarixində Krımda rayon məhkəməsi Sergey Filatovu ümumi rejimli cəzaçəkmə müəssisəsində altı il müddətinə həbsə məhkum etdi. Məhkəmədən dərhal sonra onu həbsxanaya apardılar.
Cankoydakı 2018-ci il reydindən sonra xüsusi təyinatlılar ekstremist fəaliyyətdə şübhəli bildikləri Yehovanın Şahidlərinin evlərinə reydlər keçirməyə davam etdilər. Axırıncı reyd 7 avqust 2024-cü ildə baş tutub. Bir neçə əli silahlı və maskalı hüquq-mühafizə orqanlarının əməkdaşları Razdolnoye kəndində 68 yaşlı Tamara Brattseva da daxil olmaqla, beş Yehovanın Şahidinin evində axtarış aparıb. Tamara xanım ekstremist təşkilatın fəaliyyətini təşkil etməkdə ittiham olunub. Onun işi məhkəmənin icraatındadır. 2024-cü ilin oktyabr ayında iki Yehovanın Şahidi, Yuri Geraşşenko və Serqey Parfenoviç altı il müddətinə həbsə məhkum olundu. Onlar əvvəldə şərti həbs cəzasına məhkum olunmuşdular. Lakin prokuror onlar üçün daha ağır cəza tələb etdi və məhkəmə prokurorun tələbini təmin etdi. Onlar məhkəmə zalında həbs olunub cəzaçəkmə müəssisəsinə aparıldılar.
Evlərdə keçirilən bu reydlər və sonrakı məhkəmə icraatları və məhkumluq nəticəsində hal-hazırda on iki Yehovanın Şahidi altı il yarım müddətinədək həbs cəzası çəkir. Onların hamısı ekstremist təşkilatın fəaliyyətini təbliğ etməkdə ittiham olunub.
Hadisələrin gedişatı
18 dekabr 2024-cü il
Hal-hazırda Krımda on iki Yehovanın Şahidi həbsdədir.
3 oktyabr 2024-cü il
Yuri Geraşşenko və Serqey Parfenoviç altı il müddətinə həbə məhkum olunur.
7 avqust 2024-cü il
Hüquq-mühafizə orqanlarının nümayəndələri Aluşta, Razdolnoye və Senokosnoyedə beş Yehovanın Şahidinin evinə reyd keçirir. Tamara Brattsevaya qarşı cinayət işi açılır.
5 avqust 2021-ci il
Yehovanın Şahidlərinə məxsus səkkiz evdə axtarış aparılır. Aleksandr Dubovenko və Aleksandr Litvinyuk həbs olunur.
1 oktyabr 2020-ci il
Sevastopolda doqquz evə reyd keçirilir. İqor Şmidt tutulur və məhkəməyədək həbsə salınır.
4 iyun 2019-cu il
Xüsusi təyinatlı dəstə Sevastopolda Yehovanın Şahidlərinin yaşadığı on evə reyd keçirir. Bir müddət sonra Viktor Staşevski ekstremist təşkilatın fəaliyyətini təşkil etməkdə ittiham edilir.
20 mart 2019-cu il
Xüsusi təyinatlılar Alupka və Yalta şəhərlərində səkkiz evə reyd keçirir. Artyom Gerasimov sorğu-sual edilir və ekstremist fəaliyyəti təşkil etməkdə ittiham edilir.
15 noyabr 2018-ci il
200-dən çox polis əməkdaşı və xüsusi təyinatlı, Sergey Filatovun evi də daxil olmaqla, Yehovanın Şahidlərinin yaşadığı səkkiz evə reydlər keçirir.