Fəsil 1
Göydən gələn xəbərlər
MÜQƏDDƏS KİTAB bütövlüklə göydən gəlmişdir və Allah-Taala onun vasitəsilə bizə rəhbərlik verir. Təxminən 2000 il bundan əvvəl «Allahın hüzurunda duran» Cəbrayıl mələk iki dəfə yer üzünə göndərildi. O, iki vacib xəbər gətirmişdi. Gəlin bu iki səfərlə bağlı hadisələrə nəzər salaq.
Bizim eradan əvvəl 3-cü il idi. Yəhudeyanın dağlıq bölgəsində, ehtimal ki, Yerusəlimə yaxın bir yerdə Yehova Allaha kahin kimi xidmət edən Zəkəriyyə adlı bir kişi yaşayırdı. Zəkəriyyə və onun arvadı Elizabet qocalıb yaşa dolmuşdular, amma uşaqları yox idi. Allahın məbədində xidmət etmək növbəsi yetişəndə Zəkəriyyə Yerusəlimə gedir. O, məbəddə kahinlik xidmətini icra edərkən qəflətən Cəbrayıl buxur qurbangahının sağ tərəfində peyda olur.
Zəkəriyyə bərk qorxur. Amma Cəbrayıl onu sakitləşdirib deyir: «Zəkəriyyə, qorxma, çünki Allah sənin yalvarışını eşitdi. Arvadın Elizabet sənə bir oğul doğacaq və onun adını Yəhya qoyacaqsan». Cəbrayıl sonra deyir ki, «o, Yehovanın gözündə böyük olacaq» və «xalqı Yehovaya hazırlayacaq».
Lakin Zəkəriyyənin buna inanmağı gəlmir. O inana bilmir ki, onun və Elizabetin bu yaşda uşağı ola bilər. Onda Cəbrayıl ona deyir: «Bunlar baş verənə qədər dilin tutulacaq və danışa bilməyəcəksən, ona görə ki,.. sözlərimə inanmadın».
Bu arada çöldəki camaat Zəkəriyyənin məbəddə bir belə ləngidiyinə təəccüblənir. Nəhayət, çölə çıxanda dili tutulur və yalnız əl-qolu ilə danışır, onda camaat başa düşür ki, o, məbəddə qeyri-adi bir şey görüb.
Zəkəriyyə məbəddə xidməti başa vurub evinə qayıdır. Bir qədər sonra mələyin sözləri gerçəkləşir, Elizabet hamilə qalır. O, hamiləlik dövründə beş ay heç yana çıxmır.
Cəbrayıl yenidən peyda olur. Bəs bu səfər o, kiminlə danışır? Nazaret şəhərində yaşayan Məryəm adlı cavan bir qızla. Görəsən, Cəbrayıl Məryəmə hansı xəbəri gətirib? O deyir: «Sən Allahın gözündə lütf tapmısan. Sən hamilə qalıb oğul doğacaqsan və adını İsa qoyacaqsan». Amma Məryəm hələ ərdə deyil. Cəbrayıl sözünə davam edir: «O, böyük olacaq və Allah-Taalanın Oğlu adlanacaq... O, Yaqubun evi üzərində əbədiyyən hökmranlıq edəcək, onun padşahlığının sonu olmayacaq».
Sözsüz ki, Cəbrayıl bu xəbərləri çatdırmağı özünə böyük şərəf hesab edir. Yəhya peyğəmbər və İsa Məsih haqqında daha çox öyrəndikcə bu xəbərlərin nə qədər vacib olduğunu dərk edəcəyik. 2 Timoteyə 3:16; Luka 1:5—33.
▪ Allah hansı iki vacib xəbəri göndərir?
▪ Bu xəbərləri kim və kimlərə gətirir?
▪ Nəyə görə bu xəbərlərə inanmaq asan deyil?