Fəsil 38
Vəftizçi Yəhyanı narahat edən sual
VƏFTİZÇİ YƏHYA təxminən bir ildir ki, həbsxanadadır. Şagirdləri Nain şəhərində dul qadının oğlunun dirilməsi hadisəsini gəlib ona danışırlar. Yəhya hər şeyi İsanın özündən eşidib öyrənmək üçün şagirdlərindən ikisini onun yanına göndərir. O soruşur: «Gəlişini gözlədiyimiz Məsih sənsən, yoxsa başqasını gözləyək?»
Bu sual bir az qəribə görünə bilər. Axı Yəhya iki il bundan əvvəl, İsa vəftiz olarkən Allahın müqəddəs ruhunun İsanın üzərinə qonduğunun və Allahın ona Öz rəğbətini bildirdiyinin şahidi olmuşdu. Bəziləri düşünə bilər ki, Yəhyanın imanı zəifləyib. Amma bu belə deyil. Əgər belə olsaydı, onda İsa həmin vaxt Yəhyanı tərifləməzdi. Bəs nəyə görə Yəhya İsaya belə sual verir?
Ola bilsin, Yəhya istəyir ki, İsa özünün Məsih olduğunu şəxsən təsdiq etsin. Bu, zindanda əzab çəkən Yəhyaya qüvvət verə bilər. Amma Yəhyanın sualının arxasında yalnız bu məqsəd dayanmır. Görünür, Yəhya Məsihin həyata keçirəcəyi bütün peyğəmbərlikləri tamamlamaq üçün İsadan sonra da kiminsə, yəni onun xələfinin gəlib-gəlməyəcəyini bilmək istəyir.
Yəhyanın yaxşı bildiyi Müqəddəs Yazılardakı peyğəmbərliklərə əsasən, Allahın məsh edilmişi padşah, xilaskar olmalı idi. İsanın vəftiz olduğu vaxtdan xeyli ötüb, Yəhya isə hələ də həbsxanadadır. Buna görə də demək olar ki, Yəhyanın sualının məğzi bu idi: «Allahın qüdrətli Padşahlığını quracaq şəxs sənsən, yoxsa Məsihlə bağlı peyğəmbərlikləri həyata keçirəcək başqa birini gözləyək?»
İsa Yəhyanın şagirdlərinə: «Əlbəttə, gözlədiyiniz Məsih mənəm», — demir, o, onların gözü qarşısında adamları cürbəcür xəstəliklərdən sağaldaraq möcüzələr göstərir. Sonra onlara deyir: «Gedin, eşitdiklərinizi və gördüklərinizi Yəhyaya çatdırın. Korların gözləri açılır, axsaqlar düz gəzir, cüzamlılar təmizlənir, karlar eşidir, ölülər dirilir, yoxsullara xoş xəbər bəyan edilir».
Başqa sözlə desək, Yəhya ümid edir ki, İsa etdiklərindən daha çox işlər görəcək və yəqin, onu da zindandan azad edəcək. Amma İsa bildirir ki, Yəhya bunlardan artıq möcüzə gözləməməlidir.
Yəhyanın şagirdləri gedəndən sonra İsa camaata deyir ki, Yəhya Malaki peyğəmbərin xəbər verdiyi Yehovanın «elçisi» və «İlyas peyğəmbərdir» (Malaki 3:1; 4:5, 6). Beləcə, İsa Yəhyanı ucaldır və onu keçmişdə yaşamış peyğəmbərlərlə bir cərgəyə qoyur. İsa deyir: «İnanın ki, bəşər övladları arasında Vəftizçi Yəhyadan böyüyü olmayıb, amma səmavi padşahlıqda ən kiçiyi ondan böyükdür. Vəftizçi Yəhyanın günlərindən bu yana insanlar səmavi padşahlığa can atırlar».
«Padşahlıqda ən kiçiyi ondan böyükdür» deməklə İsa göstərir ki, Yəhya Padşahlığa girməyəcək. Hərçənd Yəhya İsa üçün yol hazırlamışdı, amma o, Məsihin öz həvariləri ilə padşahlıq haqqında bağladığı əhddən qabaq ölür. Bu əhdə görə, həvarilər İsa ilə birlikdə səmavi Padşahlıqda oturmalıdırlar. Buna görə İsa deyir ki, Yəhya səmavi Padşahlığa girməyəcək. Yəhya yer üzündə yaşayacaq və Allahın Padşahlığının təbəəsi olacaq. Luka 7:18—30; Matta 11:2—15.
▪ Nəyə görə Yəhya İsaya «gəlişini gözlədiyimiz Məsih sənsən, yoxsa başqasını gözləyək» sualını verir?
▪ İsanın sözlərinə görə, Yəhya hansı peyğəmbərlikləri icra etdi?
▪ Nəyə görə Vəftizçi Yəhya səmavi Padşahlıqda olmayacaq?