Hissə 5
Çox gözəl hədiyyə olan iradə azadlığı
ALLAHIN iztirablara nə üçün yol verdiyini və bu iztirabları aradan qaldırmaq üçün nə etmək niyyətində olduğunu anlamaq üçün, Onun bizi necə yaratdığını bilməliyik. O, bizə sadəcə bədən və beyin verməklə kifayətlənməyib. O, bizi həmçinin xüsusi əqli və emosional keyfiyyətlərlə yaradıb.
2 Əqli və emosional mahiyyətimizin əsas hissəsini iradə azadlığı təşkil edir. Bəli, Allah daxilimizə azad seçmək hüququ qoyub. Bu, doğrudan da çox gözəl hədiyyədir.
Biz necə yaradılmışıq?
3 Gəlin görək, Allahın iztirablara yol verməsinin iradə azadlığı ilə nə əlaqəsi var. Əvvəlcə bu haqda düşünün: Siz, nə edəcəyinizi və danışacağınızı, nə yeyəcəyinizi və geyəcəyinizi, hansı işlə məşğul olacağınızı, harada və necə yaşayacağınızı seçməkdə azad olmağı qiymətləndirirsinizmi? Yoxsa, həyatınız boyu hər bir sözdə və hərəkətdə kiminsə sizə diktə etməsini daha üstün tutursunuz?
4 Heç bir normal insan istəməz ki, onun həyatı tamamilə nəzarət altında olsun. Nə üçün? Çünki Allah bizi belə yaradıb. Müqəddəs Kitab deyir ki, Allah insanı öz ‘surətinə və bənzərinə görə’ yaradıb və Allahın xüsusiyyətlərindən biri də seçmək azadlığıdır (Yaradılış 1:26, MKŞ; Təsniyə 7:6). Allah insanları yaradanda Özünün sahib olduğu iradə azadlığı kimi bu gözəl qabiliyyəti onlara da bəxş etdi. İstismarçı rəhbərlərin əsarəti altına düşdükdə özümüzü məzlum hiss etməyimizin səbəblərindən biri də budur.
5 Buna görə də, azadlıq arzusu təsadüfi deyil, çünki Allah — azadlıq Allahıdır. Müqəddəs Kitab deyir: “Rəbbin Ruhu harada isə, azadlıq da oradadır” (2 Korinflilərə 3:17). Deməli, Allah bizə iradə azadlığını varlığımızın bir hissəsi kimi verib. O, bizim ağlımızın və emosiyalarımızın necə işləyəcəyini bildiyi üçün, iradə azadlığı ilə daha çox xoşbəxt olacağımızı da bilirdi.
6 Allah bizə iradə azadlığı ilə bərabər düşünmək, müqayisə etmək, qərar qəbul etmək, pisi yaxşıdan ayırd etmək qabiliyyəti də verib (İbranilərə 5:14). Beləliklə, iradə azadlığı şüurlu şəkildə edilmiş seçimə əsaslanmalı idi. Biz, şəxsi iradəsi olmayan şüursuz robotlar kimi yaradılmamışıq. Həmçinin, instinktlə hərəkət edən heyvanlar kimi də yaradılmamışıq. Əksinə, təəccüb doğuran beynimiz seçmə azadlığı ilə qarşılıqlı surətdə işləyəcək tərzdə yaradılmışdır.
Ən yaxşı başlanğıc
7 Allahın qayğıkeş olması, ulu valideynlərimiz Adəm və Həvvaya bəxş etdiyi iradə azadlığı ilə bərabər, onlara şüurlu tərzdə arzu edə biləcəkləri bütün şeyləri verməsindən də görünür. Adəmlə Həvva böyük parka bənzər Cənnətdə yerləşdirildilər və maddi bolluq içində yaşayırdılar. Onların beynləri və bədənləri kamil idi, buna görə də onlar qocalmalı, xəstələnməli və ya ölməli deyildilər — onlar əbədi yaşaya bilərdilər. Adəmlə Həvva eynilə xoşbəxt və əbədi gələcəyə malik olan uşaqlara sahib olmalı idilər. Artan əhali bütün yer üzünü Cənnətə çevirərək, məmnunedici işlə məşğul olmalı idi (Təkvin 1:26-30; 2:15).
8 Müqəddəs Kitab insana təqdim edilən şeylər haqqında deyir: “Allah yaratdığı hər şeyi gördü və budur, çox yaxşı idi” (Təkvin 1:31). Eyni zamanda Müqəddəs Kitab Allah haqqında deyir: “Onun işi tamdır” (Təsniyə 32:4). Bəli, Yaradan insan ailəsinə kamil başlanğıc verdi. Bundan yaxşı başlanğıc ola bilməzdi. O, özünün necə qayğıkeş Allah olduğunu təsdiq etdi!
Məhdud azadlıq
9 Bununla belə Allahın məqsədi, iradə azadlığının qeyri-məhdud olması idimi? Yol hərəkəti qaydaları olmayan, nəqliyyatla dolu bir şəhəri təsəvvür edin: burada hər kəs maşınını istədiyi istiqamətdə və istədiyi sür’ətlə sürür. Siz belə bir şəraitdə maşın sürmək istəyərdinizmi? Xeyr, çünki bu, nəticədə çoxlu qəza törədəcək nəqliyyat qarışıqlığı olardı.
10 Allahın hədiyyəsi olan iradə azadlığı ilə də vəziyyət belədir. Qeyri-məhdud azadlıq cəmiyyətdə qarışıqlıq yaradardı. İnsanların hərəkətlərinə istiqamət verən qanunlar olmalıdır. Allahın Kəlamında deyilir: “Azadlar kimi davranın və heç zaman azadlığınızdan pisliyə bəraət qazandırmaq üçün istifadə etməyin” (1 Peter 2:16, “Yerusəlim Müqəddəs Kitabı”, YMK). Allah iradə azadlığının nəzarət altında olmasını hamının faydası üçün istəyir. Allahın niyyəti, bizim tam deyil, qayda-qanunlara tabe olan nisbi azadlığa sahib olmağımızdır.
Kimin qanunlarına?
11 Biz kimin qanunlarına tabe olmalıyıq? 1 Peter 2:16 (YMK) ayəsinin növbəti hissəsində deyilir: “Siz, Allahdan başqa heç kimin qulu deyilsiniz”. Bu, istismaredici köləlik demək deyil. Əksinə, biz elə yaradılmışıq ki, Allahın qanunlarına tabe olarkən daha xoşbəxt olaq (Matta 22:35-40). Allahın qanunları, insanlar tərəfindən icad edilmiş müxtəlif qanunlardan daha yaxşı rəhbərlik təqdim edir. “Faydalı olanı sənə öyrədən, yeriyəcəyin yolda səni güdən, Allahın Rəbb mənəm” (İşaya 48:17).
12 Eyni zamanda, Allahın qanunları öz çərçivəsi daxilində böyük seçki azadlığına imkan verir. Bu, müxtəlifliyə gətirib çıxarır və insan ailəsinə gözəllik verir. Bütün dünyada nə qədər müxtəlif qida, geyim, musiqi, incəsənət və evlər olduğu haqda düşünün. Bu məsələlərdə, kiminsə bizim yerimizə qərar verməsinə yol verməkdənsə, əlbəttə, öz seçimimizi üstün tutacağıq.
13 Beləliklə, biz elə tərzdə yaradılmışıq ki, Allahın insan davranışlarına istiqamət verən qanunlarına tabe olarkən daha çox xoşbəxt olaq. Bu, Allahın fiziki qanunlarına tabe olmağa bənzəyir. Məsələn, əgər biz cazibə qanununa fikir verməyib hündürlükdən tullansaq, yaralanar və ya ölərik. Əgər bədənimizin daxili qanunlarına əhəmiyyət verməyib, yemək yeməyi, su içməyi və ya nəfəs almağı dayandırsaq, ölərik.
14 Şübhəsiz ki, biz, Allahın fiziki qanunlarına tabe olmaq tələbatı ilə yaradıldığımız kimi, Onun əxlaq və ictimai qanunlarına tabe olmaq tələbatı ilə də yaradılmışıq (Matta 4:4). İnsan Yaradanından asılı olmadan müvəffəqiyyətli olacaq tərzdə yaradılmamışdır. Yeremya peyğəmbər demişdir: “Addımlarını doğrultmaq yeriyən insanın əlində deyildir. Ya Rəbb, məni... məzəmmət et” (Yeremya 10:23, 24). Beləliklə, insanlar elə tərzdə yaradılmışlar ki, hər bir cəhətdən özlərinin deyil, Allahın rəhbərliyi altında yaşasınlar.
15 Allahın qanunlarına tabe olmaq, ulu valideynlərimiz üçün ağır yük olmalı deyildi. Əksinə, belə tabeçilik onların və bütün insan ailəsinin xoş güzaranına səbəb olmalı idi. Əgər ilk insan cütü Allahın qanunlarının çərçivəsi daxilində qalsaydı, hər şey yaxşı olardı. Biz indi məhəbbətlə birləşmiş insan ailəsi olaraq çox gözəl, zövq verən bir Cənnətdə yaşayardıq! Pislik, iztirab və ölüm olmazdı.
[Oyrənilmə üçün olan suallar]
1, 2. Hansı gözəl hədiyyə varlığımızın bir hissəsidir?
3-5. İradə azadlığını biz nə üçün qiymətləndiririk?
6. Beynimizin iradə azadlığı ilə qarşılıqlı surətdə işləməsi üçün, Allah onu necə yaradıb?
7, 8. Allah ulu valideynlərimizə hansı gözəl başlanğıcı verdi?
9, 10. İradə azadlığının istifadə edilməsi nəyə görə düzgün nizamlanmalıdır?
11. Biz kimin qanunlarına tabe olmalıyıq?
12. Allahın qanunları daxilində biz hansı seçmə azadlığına sahibik?
13. Öz xeyrimiz üçün biz hansı fiziki qanunlara tabe olmalıyıq?
14. Biz haradan bilirik ki, insanlar Allahdan sərbəst olaraq yaşayacaq tərzdə yaradılmayıblar?
15. Allahın qanunları Adəm və Həvva üçün bir yük olmalı idimi?
[11-ci səhifədə olan şəkil]
Yaradan bəşəriyyətə kamil başlanğıc verdi.
[12-ci səhifədə olan şəkil]
Yol hərəkəti qaydaları olmayan, nəqliyyatla dolu bir yolda maşın sürmək istəyərdinizmi?