Bu dünya mövcudluğuna davam edəcəkmi?
Heç bir nəsil dünyamızın sonu haqqında bu qədər çox söhbətlər eşitməmişdir. Çoxları nüvə fəlakəti nəticəsində dünyanın məhv olacağından qorxur. Digərləri elə düşünürlər ki, dünyanın məhvinə ətraf mühitin çirklənməsi səbəb ola bilər. Daha başqaları isə xalq kütlələrinin iqtisadi qarışıqlıq nəticəsində bir–birinə qarşı qalxmasından narahat olurlar.
Dünya doğrudan da məhv ola bilərmi? Belə isə, onda bu nə mə’na kəsb edir? Keçmişdə nə vaxtsa dünya məhv olmuşdurmu?
Bir dünya sona yetir — digəri onu əvəz edir
Bəli, vaxtilə bir dünya məhv olmuşdur. Nuhun günlərində mövcud olan zalım dünyaya nəzər salın. Müqəddəs Kitab izah edir: “O zamankı dünya da həmin sularla boğulub məhv oldu”. Həmçinin orada deyilir: “O, [Allah] qədim dünyaya da rəhm etmədi. Lakin allahsızlar dünyası üzərinə tufanı gətirərkən, salehlik təbliğçisi olan Nuh da daxil olmaqla, səkkiz nəfərin canını saxladı” (2 Peter 2:5; 3:6).
Məhv olmağın, həmin dünya üçün hansı mə’na verib, verməməsinə diqqət yetirin. O bəşəriyyətin məhvi demək deyildi. Nuh və onun ailəsi ümumdünya tufanında sağ qaldılar. Həmçinin Yer kürəsi və gözəl ulduzlu səma da məhvə uğramadı. Məhv olan “allahsızlar dünyası” idi.
Vaxtilə Nuhun nəsli çoxaldıqca, yeni dünya yarandı. Həmin ikinci dünya bu günə qədər mövcud olmaqdadır. Onun tarixi müharibələr, cinayət və zorakılıqla doludur. Bu dünyanı nə gözləyir? O mövcudluğuna davam edəcəkmi?
Dünyanın gələcəyi
Nuhun günlərində dünyanın məhvə uğradığını bildirdikdən sonra, Müqəddəs Kitab davam edir: “İndiki göylər və yer isə oda verilmək üçün eyni kəlam ilə saxlanıb... həlak gününə qədər hifz olunurlar” (2 Peter 3:7). Doğrudan da, Müqəddəs Kitabın digər yazıçısının izah etdiyi kimi: “[Bu gün mövcud olan] dünya... keçib gedir” (1 Yəhya 2:17).
Müqəddəs Kitab yerin və ulduzlu səmanın həqiqi mə’nada keçib gedəcəyini nəzərdə tutmur. Çünki Nuhun günlərində yer və göy məhv olmamışdı (Məzmur 104:5). Əksinə, bu dünya “göyləri”, yə’ni Şeytanın tə’siri altında olan dövlət rəhbərləri və “yeri”, yə’ni insan cəmiyyəti ilə birlikdə, sanki atəşə atılıb məhv ediləcək (Yəhya 14:30; 2 Korinflilərə 4:4). Bu dünya sistemi, Tufandan öncə mövcud olan dünya kimi müəyyən dərəcədə məhv olacaq. Hətta İsa Məsih, bu dünyanın sonu gəlməzdən əvvəl baş verəcək hadisələri göstərmək üçün, “Nuhun günlərində” mövcud olan vəziyyəti əyani misal kimi istifadə etmişdi (Matta 24:37–39).
Diqqətəlayiq olan odur ki, İsa, həvarilərin “sənin gəlişinə və dövrün sonuna əlamət nə olacaq?” sualına cavab verərkən Nuhun günlərindən bəhs etdi (Matta 24:3). İsanın davamçıları bilirdilər ki, dünyanın sonu gələcək. Bəs gələcəkdə baş verəcək bu hadisələr onları qorxuzdumu?
Əksinə, İsa, bu dünyanın sonuna yaxın baş verəcək hadisələri təsvir edərkən, onları sevinməyə təşviq etdi, çünki “qurtuluşları” yaxınlaşırdı (Luka 21:28). Bəli, bu o demək idi ki, onlar Şeytan və onun pis sistemindən xilas olub, sülhlə dolu yeni dünyada yaşayacaqlar! (2 Peter 3:13).
Bəs bu dünyanın sonu nə zaman gələcək? İsa “gəlişinə və dövrün sonuna” aid hansı “əlaməti” verdi?
“Əlamət”
Burada “gəlmək” kimi tərcümə olunan yunan sözü parusiya “iştirak etmək”, yə’ni mövcud olmaq mə’nasını verir. Buna görə də “əlamətin” görünməsi, Məsihin tezliklə gələcəyinə deyil, onun artıq qayıtmasına işarə edir. Bu, onun göylər padşahı kimi gözəgörünməz tərzdə idarə etdiyini və tezliklə düşmənlərini məhv edəcəyini bildirməli idi (Vəhy 12:7–12; Məzmur 110:1, 2).
İsa, son günlərin “əlaməti” olaraq yalnız bir hadisəni xatırlatmadı. O, dünyada baş verəçək bir çox hadisələri təsvir etdi. Bütün bu hadisələr Müqəddəs Kitabın “axır günlər” adlandırdığı dövrdə baş verməli idi (2 Timoteyə 3:1–5; 2 Peter 3:3, 4). İsanın qabaqcadan dediyinə görə “axır günləri” səciyyələndirən bə’zi hadisələri nəzərdən keçirək.
“Xalq xalqa, dövlət dövlətə qarşı qalxacaq” (Matta 24:7). Müasir dövrümüzün müharibələri, əvvəlki müharibələrdən olduqca geniş həcmlidir. Bir tarixçi qeyd edir: “[1914–cü ildə başlayan] Birinci Dünya müharibəsi ilk “ümumi” müharibə idi”. Lakin İkinci Dünya müharibəsi daha məhvedici oldu. Müharibələr indiyədək Yer kürəsini məhv etməkdə davam edir. Bəli, İsanın sözləri faciəli surətdə yerinə yetdi!
“Yer–yer qıtlıqlar... olacaq” (Matta 24:7). Birinci Dünya müharibəsindən sonra yer üzündə, demək olar ki, tarix boyu görünməmiş aclıq baş verdi. Həmçinin İkinci Dünya müharibəsindən sonra da dəhşətli aclıq yarandı. Aclıq fəlakəti bəşəriyyətin beşdə bir hissəsinə öz tə’sirini göstərir və hər il 14 milyon uşağın ölümünə səbəb olur. “Qıtlıqlar” həqiqətən də mövcuddur!
“Yer–yer güclü zəlzələlər... olacaq” (Luka 21:11). 1914–cü ildən başlayaraq, hər il zəlzələlərdən orta hesabla əvvəlki əsrlərdə olduğundan on dəfə artıq insan məhv olur. Böyük zəlzələlərdən yalnız bir neçəsinə nəzər salın: 1920–ci il, Çin, 200 000 nəfər tələf oldu; 1923–cü il, Yaponiya, 140 000 insan həlak oldu; 1939–cu il, Türkiyə, 32 700 nəfər insan həlak oldu; 1970–ci il, Peru, 66 800 nəfər həyatından məhrum oldu; və 1976–cı il, Çin, 240 000–ə yaxın (bə’zi mənbələrə görə isə 800 000) adam həlak olmüşdür. Doğrudan da, “güclü zəlzələlərdir”!
“Yer–yer... qırğınlar [epidemiyalar]... olacaq” (Luka 21:11). Birinci Dünya müharibəsindən dərhal sonra, “ispanka” adlanan qripdən təxminən 21 milyon insan həlak oldu. “Science Digest” jurnalında qeyd olunur: “Bütün tarix ərzində ölümün belə amansız və sür’ətli hücumu baş verməmişdir”. O vaxtdan bəri, ürək xəstəlikləri, xərçəng, QİÇS və başqa fəlakətlər yüz milyonlarla insanların ölümünə səbəb olmuşdur.
“Qanunsuzluq artacaq” (Matta 24:12). 1914–cü ildən bəri dünyamız cinayət və zorakılıq dünyası kimi tanınmağa başlamışdır. Bir çox yerlərdə insanlar, hətta gündüzlər belə özünü təhlükəsiz hiss edə bilmir. Gecələr isə küçələrə çıxmağa qorxaraq, kilidlənmiş və səngərlənmiş qapılar arxasında otururlar.
Son günlər ərzində vaqe olacaq daha bir çox şeylər əvvəlcədən xəbər verilmişdi, bunların hamısı indi yerinə yetməkdədir. Bu, dünyanın sonunun yaxın olduğuna əlamətdir. Amma xoşbəxtlikdən sağ qalanlar da olacaq. “Dünya... keçib gedir” sözlərindən sonra, Müqəddəs Kitab və’d edir: “Allahın iradəsini yerinə yetirən əbədi yaşayır” (1 Yəhya 2:17).
Buna görə də biz, Allahın iradəsini öyrənib, onu yerinə yetirməliyik. O zaman biz bu dünyanın sonunda sağ qalar və Allahın yeni dünyasının gətirdiyi xeyir–dualardan əbədiyyən zövq ala bilərik. Müqəddəs Kitab və’d edir ki, o zaman “Allah onların gözlərindən bütün yaşları siləcəkdir. Artıq ölüm mövcüd olmayacaq; artıq nə kədər, nə fəryad, nə də ağrı olacaqdır” (Vəhy 21:3, 4).
Gətirilən bütün sitatlar türkcə “Kitabı Mukaddes” və azərbaycanca “İncil” kitablarından alınmışdır.
[3–5–ci səhifədə olsn şəkillər]
Təyyarə: USAF photo. Uşaq: WHO photo by W. Cutting. Zəlzələ: Y. Ishiyama, Hokkaido University, Japan.