Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • T-20 s. 2—6
  • Depressiyada olanlara təsəlli

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Depressiyada olanlara təsəlli
  • Depressiyada olanlara təsəlli
  • Başlıqlar
  • Oxşar material
  • Onların ehtiyac duyduqları kömək
  • Heç kəsin depressiyadan əzab çəkməyəcəyi bir vaxt
  • Depressiyadayamsa, Müqəddəs Kitabın mənə köməyi dəyə bilərmi?
    Müqəddəs Kitaba aid suallara cavab
  • Depressiya
    Oyanın! 2013
Depressiyada olanlara təsəlli
T-20 s. 2—6

Depressiyada olanlara təsəlli

“Bütün xilqət indiyə kimi birlikdə fəryad edib doğum ağrısı çəkir” (Romalılara 8:22). Bu sözlərin yazıldığı vaxt — təxminən 1 900 il bundan əvvəl — insanlar çoxlu iztirab çəkirdilər. Bir çoxları mə’yusluq içində idilər. Buna görə də məsihçilər təşviq olunurdular: “Cəsarətsizləri [“kədərli olanları”, YD] ruhlandırın” (1 Saloniklilərə 5:14).

Bizim zəmanəmizdə bəşəriyyət daha acınacaqlı vəziyyətdədir. Hələ bu qədər insan ruh düşkünlüyündən əzab çəkməmişdir. Lakin bu bizdə təəccüb oyatmalıdırmı? Xeyr, çünki Müqəddəs Kitab bizim zəmanəmizi “axır günlər” və “çətin anlar” adlandırır (2 Timoteyə 3:1-5). İsa Məsih qabaqcadan xəbər vermişdi ki, axır günlərdə “böyük əlamətlər” olacaqdır (Luka 21:7-11; Matta 24:3-14).

İnsanlar uzun müddət həyəcan, qorxu, kədər və buna bənzər mənfi emosiyalar keçirdikdə, çox vaxt depressiyadan əzab çəkməyə başlayırlar. Depressiyaya, yə’ni ruh düşkünlüyünə yaxın adamın ölümü, boşanma, işin itirilməsi və ya arası kəsilməyən xəstəliklər səbəb ola bilər. İnsanlar özlərinin gərəksiz, uğursuz və heç kimin ümidini doğrultmayan olduqlarını düşünməklə də depressiyaya düşə bilərlər. Bədbəxtlik hər bir kəsdə sıxıcı hisslər yaradır, lakin əgər insan ümidsizlik duyur və yaranan vəziyyətdən çıxış yolu görmürsə, həmin adamda ağır depressiya yarana bilər.

Bu kimi hissləri insanlar qədimdə də keçirmişlər. Eyub xəstələnmiş və bədbəxtliyə düçar olmuşdu. O, Allahın onu tərk etdiyini düşünürdü və bu səbəbdən həyata qarşı nifrət hissi ifadə etdi (Eyub 10:1; 29:2, 4, 5). Yaqub oğlunun öldüyünü düşünərək, çox kədərlənir və təsəllidən imtina edərək ölmək istəyirdi (Təkvin 37:33-35). Davud padşah ağır günah işlətdiyini anlayaraq, kədərini bildirdi: “Bütün gün yaslı gəzməkdəyəm. Taqətim kəsildi” (Məzmur 38:6, 8; 2 Korinflilərə 7:5, 6).

Bizim zəmanəmizdə bir çoxları nə əqli, nə də fiziki cəhətdən tab gətirmək iqtidarında olmadıqları qrafikə əsasən yaşamağa çalışaraq, həddindən artıq gərginlik keçirdikləri üçün depressiyadan əziyyət çəkməyə başlamışlar. Şübhəsiz, mənfi fikir və emosiyalarla bağlı olan stress orqanizmə tə’sir edər və beyində kimyəvi tarazlığı poza bilər ki, bu da depressiyaya gətirib çıxarır. (Süleymanın məsəlləri 14:30 ayəsi ilə müqayisə edin.)

Onların ehtiyac duyduqları kömək

I əsrdə Filipi şəhərində yaşayan məsihçi Epafrodit ‘[dostlarının] onun xəstə olduğunu eşitdiklərinə görə çox narahat idi’. Dostları onu maddi yardımla Romaya həvari Pavelin yanına göndərdikdən sonra xəstələnən Epafrodit, yəqin onların ümidini doğrultmadığını və onların onu uğursuz adam hesab etdiklərini düşünürdü (Filipililərə 2:25-27; 4:18). Həvari Pavel ona necə kömək etdi?

O, Epafroditə məktub verərək, onu evə filipili dostlarının yanına yola saldı. Məktubda deyilirdi: “Onu [Epafroditi] Rəbbə aid biri kimi, tam sevinclə qəbul edin və belələrinə hörmət edin” (Filipililərə 2:28-30). Pavelin onun haqqında çox gözəl fikir söyləməsi, filipili məsihçilərin isə onu mehribanlıqla və gülərüzlə qarşılamaları, şübhəsiz ki, Epofraditə təskinlik verdi və o, özündə yüngüllük hiss etdi.

Müqəddəs Kitabın “cəsarətsizləri [“kədərli olanları”, YD] ruhlandırın” məsləhətinin ən yaxşı məsləhət olduğuna şübhə yoxdur. Depressiyadan əzab çəkən bir qadın demişdir: “Bir insan kimi başqalarını maraqlandırdığını bilmək zəruridir. “Səni başa düşürəm, sən yaxşı olacaqsan” sözlərini eşitməyə ehtiyac duyursan”.

Çox vaxt depressiya keçirən adamın özü sə’y göstərməlidir ki, e’tibar edəcəyi mərhəmətli bir adam tapsın. Həmin adam dinləməyi bacarmalı və çox səbirli olmalıdır. O, xəstəyə öyüd verməməli və “Sən belə fikirləşməli deyilsən”, yaxud “Bu düzgün fikir deyil” kimi sözlərlə onu tənbeh etməməlidir. Depressiyadan əzab çəkən adamın psixikası zəif olur və bu cür tənqidi fikirlər yalnız onu özü haqda daha pis düşünməyə vadar edəcəkdir.

Depressiyada olan insan adətən özünü gərəksiz hiss edir (Yunus 4:3). Lakin insan yadda saxlamalıdır ki, ən vacibi Allahın bizi nə dərəcədə qiymətləndirməsidir. İnsanlar Məsihi “xor gördülər”, lakin bu o demək deyil ki, Allah onu qiymətləndirmirdi (İşaya 53:3). Əmin olun ki, Allah öz əziz Oğlunu sevdiyi kimi sizi də sevir (Yəhya 3:16).

İsa əzab çəkənlərə acıyırdı və onların hər birinin nə qədər dəyərli olduğunu görməkdə onlara kömək edirdi (Matta 9:36; 11:28-30;14:14). O izah etdi ki, Allah hətta balaca, nəzərə çarpmayan sərçələri də qiymətləndirir. İsa dedi: “Allahın yanında onlardan heç biri unudulmamışdır”. Allah Onun iradəsini yerinə yetirməyə çalışan insanları gör nə qədər çox qiymətləndirir! İsa bu insanlar haqqında demişdir: “Sizin başınızdakı saçların hamısı da belə sayılmışdır” (Luka 12:6, 7).

Ağır depressiya keçirən və çatışmazlıqlar üzündən əzab çəkən insanın Allahın onu yüksək qiymətləndirməsinə inanması çətin ola bilər. Ehtimal ki, belə adam özünü Allahın məhəbbət və qayğısına layiq olmayan sanır. Müqəddəs Kitab e’tiraf edir: “Ürəyimiz bizi... məhkum edir”. Lakin bu əsas amildirmi? Xeyr. Allah bilir ki, günahlı insanların mənfi fikirləri olur və onlara özlərini məhkum etmək xüsusiyyəti xasdır. Buna görə də Allahın Kəlamı onlara təsəlli verir: “Allah ürəyimizdən üstündür və hər şeyi bilir” (1 Yəhya 3:19, 20).

Bəli, bizim məhəbbətlə dolu səmavi Atamız təkcə günahları və səhvləri görmür. O, təqsiri yüngülləşdirən vəziyyətləri, həyat yolumuzu, niyyət və məqsədlərimizi də bilir. Allah bizim günahı, xəstəlikləri və ölümü miras aldığımızı və buna görə də imkanlarımızın çox məhdud olduğunu bilir. Kədərlənməyimiz və özümüzdən narazı olmağımız artıq sübut edir ki, biz günah etmək istəmirik və həddimizi aşmamışıq. Müqəddəs Kitab deyir ki, biz öz iradəmizə zidd olaraq “vurnuxmaya” tabe olunmuşuq. Buna görə də Allah, bizim necə acınacaqlı vəziyyətdə olduğumuzu bilir və şəfqətlə zəifliklərimizi nəzərə alır (Romalılara 5:12; 8:20).

Müqəddəs Kitab əmin edir: “Rəbb rəhmlidir və mərhəmətlidir... Şərq qərbdən nə qədər uzaqdırsa, üsyanlarımızı bizdən o qədər uzaqlaşdırdı. Çünki yaradılışımızı bilir; xatırlayır ki, biz torpağıq” (Məzmur 103:8, 12, 14). Doğrudan da, Yehova “hər cür təsəlli verən Allahdır... hər sıxıntımızda təsəlli verir” (2 Korinflilərə 1:3, 4).

Depressiyadan əziyyət çəkənlərə hər şeydən öncə mərhəmətli Allaha yaxınlaşmaq və “yükünü Rəbbə burax” çağırışına hay vermək lazımdır. Allah həqiqətən də ‘əzilmişlərin ürəyini dirildir’ (Məzmur 55:22; İşaya 57:15). Buna görə də Allahın Kəlamı dua etməyə təşviq edərək deyir: “Bütün qayğınızı Onun [Yehovanın] üzərinə qoyun, çünki sizin qayğınıza qalan Odur” (1 Peter 5:7). Bəli, dua və yalvarış vasitəsilə Allaha yaxınlaşmaq və “Allahın hər cür ağıldan üstün olan” sülhünə malik olmaq mümkündür (Filipililərə 4:6, 7; Məzmur 16:8, 9).

Depressiyanın öhdəsindən gəlməyə həyat tərzimizi dəyişmək də kömək edər. Bədən tərbiyəsi, sağlam qida, təmiz hava, kifayət qədər istirahət və televiziya verilişlərinə baxmaqda tarazlığı qorumaq çox vacibdir. Bir qadın, depressiyadan əzab çəkənlərə kömək etmək üçün onları iti addımlarla gəzintiyə çıxmağa təşviq edirdi. Onun qəyyumluğunda olan qadın gəzintiyə getmək istəmədiyini bildirdikdə, o, nəzakətlə, lakin qətiyyətlə cavab verdi: “Yox, gedəcəyik”. Qəyyumluq edən qadın xatırlayır: “Biz beş-altı kilometr gəzdik. Gəzintidən qayıdarkən o, çox yorulmuşdu, lakin özünü yaxşı hiss edirdi. Əgər özünüz sınamasanız, belə gəzintilərin necə faydalı olduğunu təsəvvür etmək mümkün deyil”.

Lakin hərdən, tibbi müalicə də daxil olmaqla, hər bir üsul sınaqdan keçirilsə də, depressiyaya tam üstün gəlmək mümkün olmur. Orta yaşlı bir qadın deyir: “Mən hər bir üsulu sınadım, ancaq depressiya keçmədi”. Eynilə bu gün də çox vaxt koru, karı və topalı sağaltmaq mümkün olmur. Hər necə olsa da, depressiyadan əzab çəkənlər, insanların xəstəliklərdən və bədbəxtliklərdən birdəfəlik azad olacaqlarına ümid etməyə tam əsas verən Allahın Kəlamını müntəzəm oxumaqla təsəlli tapa bilərlər (Romalılara 12:12; 15:4).

Heç kəsin depressiyadan əzab çəkməyəcəyi bir vaxt

İsa, axır günlərdə yer üzündə baş verəcək dəhşətli hadisələri təsvir edərək, dedi: “Bu işlər yerinə yetməyə başladıqda yuxarı baxın və başınızı qaldırın, çünki qurtuluşunuz yaxınlaşır” (Luka 21:28). İsa, Allahın ədalətli yeni dünyasının gətirəcəyi qurtuluş haqqında danışırdı; orada “xilqət özü də çürüklüyə olan köləliyindən azad olunub Allahın övladlarının izzətli azadlığına qovuşacaqdır” (Romalılara 8:21).

İnsanlar əvvəllər onlara ağırlıq verən şeylərdən yaxa qurtardıqları zaman necə də yüngüllük hiss edəcəklər və hər səhər aydın düşüncə, gündəlik işləri görmək istəyi ilə oyanacaqlar! Depressiya bir daha heç kimin həyatını kədərləndirməyəcək. Müqəddəs Kitab bizi əmin edir: “Allah onların gözlərindən bütün yaşları siləcəkdir. Artıq ölüm mövcud olmayacaq; artıq nə kədər, nə fəryad, nə də ağrı olacaqdır, çünki əvvəlki şeylər keçib getdi” (Vəhy 21:3, 4).

İbranicə Müqəddəs Yazılardan gətirilən sitatlar türkcə “Kitabı Mukaddes” (KM) kitabından, Yunanca Müqəddəs Yazılardan gətirilən sitatlar isə 1996-cı ildə nəşr olunan azərbaycanca “İncil” kitabından alınıb. Digər mənbələr: YD — sitat ingiliscə “Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi”ndən tərcümə olunub.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş